Süd vəzi xərçəngi əməliyyatından əvvəl şiş ətrafına lidokain inyeksiyası nəticələri yaxşılaşdırır

Bu məqalədə
Süd vəzi xərçəngi hər il 2 milyondan çox yeni hal ilə dünyada ən çox rast gəlinən xərçəng növüdür. Erkən diaqnoz və təsirli müalicə üsulları xəstələrin ömür müddətini və həyat keyfiyyətini əhəmiyyətli artıra bilər. Yeni araşdırma əməliyyatdan əvvəl şiş ətrafına (peritumoral) lidokain inyeksiyasının süd vəzi xərçəngi xəstələrinin ümumi və xəstəliksiz sağqalımını yaxşılaşdırdığını göstərib. Bu yazıda həmin tədqiqatın təfərrüatları və nəticələri nəzərdən keçirilir.
Süd vəzi xərçənginin mərhələsi xəstəliyin yayılma dərəcəsinə görə müəyyənləşir və müalicə seçimlərinə təsir edir. Əməliyyat oluna bilən mərhələlər erkən süd vəzi xərçəngi sayılan 1-ci və 2-ci mərhələlərdir. 3-cü və 4-cü mərhələdə xəstələr adətən əvvəlcə sistemli müalicə alır, sonra cərrahi müdaxilə nəzərdən keçirilir. Dünyada süd vəzi xərçəngi hallarının təxminən 60-70%-inin erkən dövrdə (1-ci və 2-ci mərhələlərdə) aşkarlandığı təxmin edilir.
6 aprel 2023-cü ildə Journal of Clinical Oncology jurnalında dərc edilmiş araşdırmada neoadyuvant (əməliyyatdan əvvəl) müalicə almadan diaqnozdan dərhal sonra əməliyyat olunan süd vəzi xərçəngi xəstələrində əməliyyatdan az əvvəl şiş ətrafına lidokain inyeksiyası ilə xəstəliksiz və ümumi sağqalımın (overall survival= OS) əhəmiyyətli artdığı göstərildi.
Lidokain və xərçəng
Lidokain amidlərə aid, yerli keyləşdirici təsirinə görə geniş istifadə olunan dərmandır. İlk dəfə 1943-cü ildə isveçli alim Nils Löfgren tərəfindən sintez edilib və əsasən ağrını müvəqqəti azaltmaq üçün istifadə olunur. Stomatologiyada, kiçik cərrahi əməliyyatlarda və bəzi tibbi müdaxilələrdə yerli keyləşdirmə üçün inyeksiya edilə və ya krem, sprey şəklində istifadə oluna bilər. Aritmiyaların (nizamsız ürək döyüntülərinin) müalicəsində antiaritmik kimi də tətbiq oluna bilər.
Son dövrlərdə aparılan tədqiqatlarla lidokainin xərçəng araşdırmalarında istifadəsi artıb. Şişəleyhinə təsirləri barədə tədqiqatlar bu dərmanın xərçəng hüceyrələrinin böyüməsi və yayılmasının qarşısını almağa kömək edə biləcəyini göstərir. Süd vəzi və ağciyər xərçəngi hüceyrələrindəki araşdırmalar proqramlaşdırılmış hüceyrə ölümünü (apoptozu) aktivləşdirmək və hüceyrələri azaltmaqla lidokainin şişəleyhinə təsirini göstərib.
Lakin lidokainin xərçəng tədqiqatlarında istifadəsi hələ nisbətən yenidir və əlavə araşdırmalara ehtiyac var. Xərçəng xəstələrində əməliyyatdan əvvəl və sonrakı lidokain istifadəsinin təsirini daha yaxşı anlamaq üçün klinik tədqiqatlar davam edir. Bunlar lidokainin xərçəng müalicəsində mümkün faydaları və effektivliyi barədə əlavə məlumat verəcək.
1500 xəstəni əhatə edən tədqiqat
Açıq etiketli, randomizə edilmiş 3-cü faza klinik tədqiqatda erkən süd vəzi xərçəngi əməliyyatı zamanı şiş çıxarılmadan 7-10 dəqiqə əvvəl yeridilən yerli keyləşdirici inyeksiyaların mümkün antimetastatik təsirləri araşdırıldı.
Hindistanda 11 mərkəzdə aparılan tədqiqata qiymətləndirilə bilən 1583 süd vəzi xərçəngi xəstəsi daxil edildi və iki qrupa ayrıldı: əməliyyatdan əvvəl şiş ətrafına 0,5% lidokain inyeksiyası alanlar (786 xəstə) və almayanlar (797 xəstə). Başlanğıc xüsusiyyətləri iki qrupda balanslı idi.
- Orta izləmə müddəti 69 ay idi və əsas sonlanma meyarı xəstəliksiz sağqalım (disease free survival= DFS) idi. Lidokain alan xəstələrin 5 illik DFS göstəricisi 86,6% və lidokain almayanların göstəricisi 82,6% idi (hazard nisbəti [HR], 0,74; 95% CI, 0,58-0,95; P =0,017).

- 5 illik yerli və regional təkrarlanma göstəricisi lidokain alanlarda 3,2%, nəzarət qrupunda isə 4,1% idi (subdistribution HR [SHR], 0,69; 95% CI, 0,42-1,13).

- 5 illik uzaq təkrarlanma göstəricisi müvafiq olaraq 8,1% və 10,9% idi (SHR, 0,74; 95% CI, 0,54-1,01).
- 5 illik ümumi sağqalım göstəricisi lidokain alanlarda 90,1%, almayanlarda isə 86,4% idi (HR, 0,71; 95% CI, 0,53-0,94; P =0,019).
Lidokainlə əlaqəli yan təsir müşahidə edilmədi.
Nəticə etibarilə süd vəzi xərçəngi əməliyyatından əvvəl şiş ətrafına lidokain inyeksiyasının xəstəliksiz və ümumi sağqalıma müsbət təsiri göstərilib. Tədqiqat əməliyyat zamanı və sonrasında tətbiq olunan müalicələrin xərçəng xəstələrinin ömür müddətinə və həyat keyfiyyətinə əhəmiyyətli təsir edə biləcəyini göstərir. Buna görə gələcək tədqiqatlar erkən süd vəzi xərçəngi xəstələrində oxşar müdaxilələrin tapılmasına və effektivliyinin qiymətləndirilməsinə yönəlməlidir. Belə yanaşmalar xəstələrin ömür müddətini və həyat keyfiyyətini daha da artırmağa doğru mühüm addımlar sayıla bilər.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.