Tükənmişlik sindromunun öhdəsindən gəlmək üçün təşkilatlanın!

Tükənmişlik sindromu terminini ilk istifadə edən şəxs sənəd işlərinin öhdəsindən gələ bilməyən ilkin səhiyyə (ailə) həkimi və ya istifadəsiz elektron sağlamlıq qeydlərindən bezmiş təcili yardım həkimi deyildi. 1974-cü ildə özəl klinikada işləyən Herbert Freudenberger adlı psixoloq idi. Tükənmişlik sindromu riskini artıran amilləri araşdırarkən şəxsi xüsusiyyətlərə (məsələn, həddindən artıq yardımsevər olmaq) və artıq rutinə çevrilmiş işin monotonluğuna əhəmiyyət vermişdi. Bunlardan əlavə, müəyyən mühitlərdə çalışan işçilərə diqqət edərək kənarlaşdırılmış icmalara xidmət etməklə tükənmişlik sindromu arasında əlaqə qurdu (xüsusilə özəl klinikalarda, terapiya icmalarında, yardım xətlərində, böhrana müdaxilə mərkəzlərində, qadın klinikalarında, homoseksual mərkəzlərdə və sosial xidmət evlərində işləyənlər).
Son illərdə tükənmişlik sindromu həkimlər və digər səhiyyə işçiləri üçün böyük narahatlığa çevrildi. Lakin zamanla bu sindromun başlanğıc nöqtəsinin əslində xüsusi qayğıya ehtiyacı olanların müalicə aldığı klinik mühitlər olduğu unuduldu.
Dördüncü kurs tibb tələbəsi kimi tükənmişlik sindromuna səbəb olan vəziyyətlər haqqında çox məlumat eşitdim - məsələn, elektron sağlamlıq məlumatlarının müayinələrdə çox vaxt alması, iş saatlarının həddindən artıq uzun olması, xəstəxananın böyük sistemində yalnız əhəmiyyətsiz hissə kimi hiss etmək və bürokratik işlərlə çox məşğul olmaq kimi yorucu hadisələr. Tibbə yeni daxil olmuş biri kimi bunlardan qorxuram, lakin həm tibb fakültəsində, həm də əvvəl işlədiyim dövlət xəstəxanasında gördüklərimə görə Freudenergerin qeyd etdiyi özəl klinika mühiti tükənmişlik sindromunda kifayət qədər diqqət görməmiş başqa səbəbə də işarə edir. Bu, xəstələrə baxarkən onların içində olduqları sosial və iqtisadi vəziyyətlərdən gördükləri zərərə heç bir dərmanın kömək etməyəcəyinin fərqində olmaqdır!
Tibb tələbələri kimi həm sağlamlığa təsir edən sosial amillər, həm də tükənmişlik sindromu haqqında təhsil alırıq, lakin birincinin ikinciyə töhfəsi çox danışılmır. Həkimlər xəstələrin qarşılaşdıqları yoxsulluq və əziyyətə şahid olaraq yorulurlar, xəstələri kirayələrini ödəyə bilməyəndə onlara kömək edə bilmədikdə özlərini gücsüz və yetərsiz hiss edirlər, kifayət qədər yeməyi olmayan xəstələrin «bu dərmanı acqarına qəbul etməyin» təlimatlı dərmanları müntəzəm qəbul edə bilmədiklərini görəndə ruhdan düşürlər. Bunlar tükənmişlik sindromuna səbəb ola bilən vəziyyətlərdən yalnız bir neçəsidir.
Tükənmişlik sindromuna səbəb olan başqa amil də var; bu, həkimlərə məxsus deyil, lakin tibb fakültəsində vəziyyəti pisləşdirən başqa hal da gördüm: biz fərd olaraq əslində özümüzü malik olduğumuz gücdən daha qüvvətli sayırıq, bu isə həm özümüzdən, həm də ətrafımızdakılardan qaynaqlanan çox yanlış inancdır. Artıq daha çox komanda şəklində işləsək də, tibb mədəniyyətində həkimlər hələ də fərdi qəhrəmanlar və xilaskarlar kimi qəbul edilir. Bir çox insan üçün həkimlərin ağ xalatları və tibb kitabları mümkün olan ən yüksək fərdi qüvvəni və sosial gücü əks etdirir. Lakin yoxsulluq və kənarlaşdırılmadan qaynaqlanan sağlamlıq problemləri olan xəstə ilə hər həkim qarşılaşacaq və bu halda ən ağıllı, mükəmməl həkim belə özünü yetərsiz hiss edə bilər.
Həkim kimi xəstələrin çətin sosial və pis iqtisadi vəziyyətləri ilə fərdi şəkildə qarşılaşmaq əslində bir aydınlanmaya gətirir - öz güclərini çox önə çəkən həkimlər birdən özlərini tamamilə gücsüz görürlər. Artıq qüvvətli fərd kimi deyil, özlərini tənha və yetərsiz biri kimi hiss edirlər.
Sağlamlığa təsir edən sosial amillərlə tükənmişlik sindromu arasındakı bu əlaqədə mütləq problem görürəm, lakin eyni zamanda həll də var. Fərdi gücsüzlük bu sindromun düyün nöqtəsidirsə, deməli kollektiv hərəkətlə düzgün yanaşma həllin bir hissəsi olmalıdır. Biz həkimlər fərdi olaraq evsiz xəstələrimizin dövlət mənzillərinə yerləşdirilməsi üçün çalışa bilərik; lakin evsiz xəstələri olan bütün həkimlər bir araya gəlib daha sərfəli mənzillər üçün birgə səy göstərsələr, nələr ola bilər?
Birgə hərəkət etmək həm strateji, həm də terapevtikdir (müalicəvidir). Birlikdə əməyimiz və səslərimiz daha güclü olur və beləliklə daha strateji davranırıq. Özümüzü müayinə otağında tək qalmış fərd deyil, ortaq məqsədə çatmağı hədəfləyən cəmiyyətin hissəsi kimi gördükdə tənhalıq hissimiz azalır.
Bəzi tədqiqatçılar həkimlərin xəstələri üçün səy göstərməsinin məsuliyyət, yoxsa ortaq, ümidli hədəf olduğu sualını verən araşdırmalar aparıblar. Məncə, tükənmişlik sindromu ilə xəstələrin çətin həyat şəraiti arasındakı əlaqə bu müzakirəni mənasızlaşdırır. Məsələ xəstələrimiz üçün çalışmağa məcbur olub-olmamağımızdan çox, xalqı təsir edən sosial ədalətsizliklərə birgə qarşı çıxmağımızın əslində əhvalımızı yüksəldərək bizə də faydalı olmasıdır; beləliklə həm xəstələrimizə, həm də özümüzə qayğı göstəririk.
Daha əvvəl eşitmiş ola biləcəyiniz qısa hekayə danışmaq istəyirəm: Bir neçə dost güclü axını olan çaya gedir və çaya çatanda bir neçə insanın boğulmaq üzrə olduğunu görürlər. Hamısı onları xilas etmək üçün dərhal çaya atılır, lakin hər birini xilas etdikdə başqa birinin də çaya düşdüyünü görürlər. Bir müddət sonra dostlardan biri çayın mənbəyinə doğru üzməyə başlayır və artıq yorğunluqdan taqətsiz digər dostu arxasınca «hara gedirsən» deyə qışqırır. Dostu «bu insanları çaya atan nədirsə, onu tapmağa gedirəm» deyə cavab verir.
Bu hekayədən alınacaq ən əsas dərs qarşısını almağın müalicə etməkdən daha təsirli olmasıdır, lakin eyni zamanda tükənmişlik sindromuna töhfə verən bəzi amillərin ümumi sosial vəziyyətlərdən qaynaqlandığını da göstərir. Mənə görə çayın mənbəyinə üzən dost ən təsirli qərarı verdi. Dostlarına doğru fasiləsiz gələn boğulan insanları gördü və bu insanları görünməyən qüvvənin göndərdiyini anladı. Özünün və yanındakı dostlarının bitməyən səylərini və nə qədər yorulduqlarını gördü, tükənmişliyə çox yaxınlaşdıqlarını hiss etdi. Bunun qarşısını almaq üçün özünü və dostlarını boğulan insanları çaya atan qüvvəyə yönəltdi - bu həm onlar, həm də boğulan insanlar üçün ən məntiqli qərar idi.
Sağlamlığa təsir edən sosial amillər və onlarla qarşılaşarkən həkimlərin hiss etdiyi yetərsizlik tükənmişlik sindromu mövzusunun yalnız bir hissəsidir. Bu cür tükənmişlik boğulan insanları xilas etməyə çalışarkən daha çox insanın təhlükəyə düşməsinə bənzər hissdir. İki təcili vəziyyətin - hazırda təhlükədə olan insanları xilas etməklə bu insanları təhlükəyə atan görünməyən qüvvəni tapıb ona qarşı çıxmağın - arasında qalmaq... Tibb tələbələri çox fərdi düşünməyə öyrədilir və bu düşüncə tərzində ilişib qalırlar. «Mən nə edə bilərəm?» sualı xoş niyyətli və iddialı yerdən qaynaqlanır, lakin təəssüf ki, çox vaxt bezgin və vaz keçən nöqtəyə çatır. Tibb fakültələri və xəstəxanadakı təlim proqramları tükənmişlik sindromunun qarşısını almağı çox istəyirsə, bizə cəmiyyət olaraq düşünməyi öyrətməlidirlər - yəni bizi «Biz nə edə bilərik?» sualını verməyə öyrətməlidirlər. Tükənmişlik sindromunun qarşısını almaq üçün sağlamlığa təsir edən bu sosial amillərlə fərdi olaraq mübarizə aparmamalıyıq. Tükənmişlik sindromunun qarşısını almaq üçün cəmiyyət olmalıyıq.
Yuxarıdakı yazı Leo Eisenstein adlı Harvard Tibb Fakültəsi 4-cü kurs tələbəsinin NEJM adlı tibbi jurnalda dərc olunan məqaləsinin tərcüməsidir.
Mənbələr
To Fight Burnout, Organize.
NEJM - 20 June 2018
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.