UV şüaları ilə xərçəngin əlaqəsi

Dəri xərçəngi ən çox rast gəlinən xərçəng növüdür. Melanoma və melanoma olmayan dəri xərçəngləri kimi 2 başlıqda araşdırılır. Melanoma dəri xərçənginin nadir (təxminən %5) növü olsa da, ən aqressiv gedişli xərçəng növlərindən biridir və xüsusilə son illərdə rastgəlmə tezliyi getdikcə artır.
Yaxşı xəbər budur ki, bu xərçəngdən qorunmaq üçün tədbirlər var və ya erkən mərhələdə diaqnoz qoyularaq effektiv müalicə tətbiq edilə bilər. Dəri xərçənglərinin çoxu həddindən artıq UV şüalanmasından yaranır. Bu şüaların çoxu günəşdən gəlir. Lakin bəzən solarium kimi insan istehsalı UV mənbələri də dəri xərçənginə səbəb ola bilər. Günəşi tam əngəlləmək lazım deyil. Qapalı yerdə hərəkətsiz həyat sürmək ağıllı olmaz, çünki gündəlik fiziki fəaliyyət sağlam həyat üçün vacibdir. Amma artıq günəş işığı zərərli ola bilər. Bəzi addımlarla UV şüalarının təsirini məhdudlaşdıra bilərsiniz.
Kölgədə qalaraq UV təsirini məhdudlaşdıra bilərsiniz. Mümkün qədər qapalı geyinmək də həddindən artıq UV şüasına məruz qalmanın qarşısını alır. Şüaların daha dik gəldiyi 11:00-16:00 arasında çölə çıxmalısınızsa, şapka və UV-dən qoruyan günəş eynəyi taxmaq lazımdır. Bununla baş və göz ətrafındakı həssas nahiyəni qoruyursunuz. Mövsümdən asılı olmayaraq günəşli havada açıq nahiyələrə (üz, qol, ayaq və s.) +30 UV qoruma faktorlu günəş kremi sürtmək dəri xərçəngindən qorunmağa kömək edən digər tədbirdir.
Bir çox insan solariumun UV şüalarının zərərsiz olduğuna inanır. Bu doğru deyil. Ultrabənövşəyi lampalar UVA və UVB şüaları yayır. Hər ikisi dəridə uzunmüddətli zədə yaradır və dəri xərçənginin inkişafına töhfə verir. Xüsusilə 30 yaşdan əvvəl solarium istifadəsinə başlamaq melanoma riskinin artması ilə əlaqəlidir. Dermatoloqların və səhiyyə təşkilatlarının çoxu solarium və ultrabənövşəyi lampa istifadəsini tövsiyə etmir. Qaralmış görünmək istəyirsinizsə, qaraldıcı losyonla təhlükəsiz üsulla buna nail olmaq mümkündür.
Dəri xərçəngi uşaqlarda diqqət edilməli digər xərçəng növüdür. Dəri xərçənginin inkişafının %90-ında rol oynayan günəşin zərərli ultrabənövşəyi şüalarından uşaqları qorumaq üçün sadə tədbirlər kifayətdir. Uşaqlar xüsusi diqqət istəyir. Dəniz kənarında və ya açıq havada oynayaraq çox vaxt keçirənlərdə günəş yanığı ehtimalı yüksəkdir və onlar yaxınlaşan təhlükədən xəbərsizdirlər. Valideynlər və baxıcılar, uşaqları günəşdən qorumaq üçün çölə çıxarkən mümkün qədər qapalı geyindirməyi, şapka taxmağı və günəş kremi sürtməyi vərdiş edin. Bir qədər böyüdükdə onlara günəşin zərərli şüaları barədə məlumat verin. Uşağınız asan günəş yanığı alırsa, daha diqqətli olmalı, qapalı geyindirməli, ən azı +30 qoruma faktorlu krem sürtməli, günəşdə çox qalmamasına (xüsusilə şüaların dik gəldiyi 10:00-16:00 arasında) diqqət etməlisiniz. Həmçinin UV-dən qoruyan günəş eynəyi həm gözləri, həm ətrafdakı həssas dərini qoruyacaq. Bununla yanaşı 6 aydan kiçik körpələr birbaşa günəş işığına məruz qoyulmamalı, qoruyucu şapka və geyim geyindirilməli, günəş görən nahiyələrə günəş kremi sürtülməlidir.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.