Xərçəng xəstələrinə psixoloji dəstək məqsədli tədqiqatlar

Bu məqalədə
Aparılmış üç yeni tədqiqat xərçəng xəstələrinə psixoloji dəstək məqsədli müalicədə üç yeni yanaşma təqdim edir. Tədqiqatlar ASCO-nun builki konqresində dərc edilib.
Şəxslər xərçəngin müxtəlif mərhələlərində xəstəliyin gətirdiyi müxtəlif psixi dəyişikliklər yaşayırlar. Bu dəyişikliklər yetərli mənəvi və psixoloji dəstək verilmədikdə xəstənin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azalda və xəstənin xərçənglə mübarizəsini çətinləşdirə bilər.
Xərçəngin müalicəsində psixoloji dəstək, xərçəngin kimyaterapevtik müalicəsi qədər vacib amildir. Xərçəng xəstələrinin bu ehtiyacını qarşılamaq məqsədilə təxminən 50 il əvvəl xərçəng psixologiyası – psixoonkologiya adlı yeni elm sahəsi yaranıb. Bu elm xərçəng xəstələrinin və yaxınlarının diaqnostika və müalicə ilə bağlı yaşaya biləcəyi psixi problemləri müəyyənləşdirməyi və aradan qaldırmağı hədəfləyir.
Amerika Klinik Onkologiya Cəmiyyəti ASCO -nun builki toplantısında xərçəng psixologiyasına dair üç yeni yanaşma qiymətləndirilib. Bu yanaşmalar ardıcıllıqla belədir:
- Xərçəngin diaqnostika və müalicəsi mərhələsində STREAM tədqiqatı
- Xərçəngdən sonrakı sağqalım mərhələsində “Qorxunu yen” tədqiqatı
- Xərçəngin son mərhələsində CALM tədqiqatı
STREAM tədqiqatı
Bu tədqiqat internet dəstəkli stressin idarə edilməsi tədqiqatıdır. Yeni diaqnoz qoyulmuş 129 xəstə ilə aparılmış bu tədqiqatda “minimal təmas” əsas götürülüb. Bunun səbəbi xərçəngə yönəlmiş müalicələrin xəstələrin çox vaxtını almasıdır. Minimal təmas prinsipinə görə tətbiq boyu psixoloqlar xəstələrlə yalnız həftədə bir dəfə əlaqə qurublar.
8 həftə davam edən tətbiqdə xəstələrin bir hissəsinə koqnitiv/idrak terapiyası tətbiq edilib, digərləri isə müdaxiləsiz izlənib. Koqnitiv müalicə qrupundakı xəstələrə koqnitiv müalicə anlayışları barədə həftəlik onlayn məlumat verilib. Müalicənin təsirini anlamaq üçün hər həftəlik müalicənin sonunda xəstələrə sorğu keçirilib.
Sorğu nəticələrinə görə 8 həftənin sonunda koqnitiv müalicə qolunda mənfi duyğular azalıb, buna bağlı həyat keyfiyyətində yüksəlmə müşahidə edilib.
“Qorxunu yen” tədqiqatı
Bu tədqiqatda xərçəngi atlatmış xəstələrdə xərçəngin təkrarlanması narahatlığı hədəflənib. Aparılmış faza 2 klinik tədqiqata kolon xərçəngi, süd vəzi xərçəngi və dəri xərçəngi melanomanı atlatmış 222 xəstə qatılıb. Xəstələrin eksperimental qoluna “Qorxunu yen”, nəzarət qoluna isə “Rahat ol” adlı tətbiq aparılıb. Tədqiqatın “Qorxunu yen” qolunda xəstələrə xərçəngin qayıdıb-qayıtmayacağının qeyri-müəyyən olduğu və bu həqiqəti qəbul etməli olduqları öyrədilib.
Tədqiqatın “Rahat ol” adlı nəzarət qolunda isə xəstələrə rahatlama üsulları öyrədilib. Hər iki qolda xəstələrlə 10 həftə ərzində 60 və ya 90 dəqiqəlik üzbəüz görüşlər keçirilib.
Tədqiqatın sonunda xəstələrə aparılmış sorğunun nəticəsinə görə “Qorxunu yen” qolunun nəzarət qolu ilə müqayisədə xərçəngin təkrarlanması barədə daha az narahatlıq yaşadığı müşahidə edilib.
CALM tədqiqatı
Bu tədqiqatın tam adı Xərçəngin öhdəsindən gəlmək və mənalı həyat mənasına gəlir. Tədqiqat xərçəngin son mərhələsində olan şəxslərin psixoloji ehtiyaclarını qarşılamaq məqsədilə aparılıb. Tədqiqata 305 irəliləmiş mərhələli xərçəng xəstəsi qatılıb. Xəstələrin eksperimental qoluna CALM, nəzarət qoluna isə standart psixoloji müalicə tətbiq edilib.
Tədqiqatın CALM qolu dörd əsas başlığı əhatə edir:
- Şikayətlərin idarə edilməsi və səhiyyə işçiləri ilə ünsiyyət
- Xəstəliyin şəxsdə və yaxınlarla münasibətlərdə yaratdığı dəyişikliklər
- Məqsəd və məna hissi
- Gələcək və həyat itkisi
Tədqiqatda 3 ilə 6 aylıq müddətdə xəstələrə 3 ilə 6 seans terapiya tətbiq edilib. Tədqiqatın CALM qolunun 3 aylıq tətbiqində depressiv əlamətlərdə %52 azalma müşahidə edilib. Müalicənin 6 aylıq tətbiqində isə bu nisbət %65-ə yüksəlib. Hazırda dünyada 20 ölkədə səhiyyə işçilərinə CALM tətbiqinin təlimi verilir.
Nəticə
Xərçəng xəstələrinə veriləcək psixoloji dəstək xərçəng müalicəsinin özü qədər vacibdir. Sözügedən tədqiqatlar xərçəng psixologiyası sahəsində dəyərli tədqiqatlardır. Gələcəkdə bu sahədə aparılacaq tədqiqatlar həm xərçəng xəstələri, həm də yaxınları üçün ümid vəd edir.
Mənbələr
2017 ASCO Annual Meeting. Abstract No: LBA10002
2. Long-term results of a phase II randomized controlled trial (RCT) of a psychological intervention (Conquer Fear) to reduce clinical levels of fear of cancer recurrence in breast, colorectal, and melanoma cancer survivors.
2017 ASCO Annual Meeting. Abstract No: LBA10000
3. Managing cancer and living meaningfully (CALM): A randomized controlled trial of a psychological intervention for patients with advanced cancer.
2017 ASCO Annual Meeting. Abstract No: LBA10001
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.




Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.