Xərçəngin qarşısını almağın ən təbii və sağlam yolu: Fiziki hərəkət!

Bu günədək bir çox yazımızda sağlam həyat üçün müntəzəm idman etməyin əhəmiyyətini göstərən tədqiqatları sizinlə paylaşdıq. Bu tədqiqatlara Amerika Xərçəng Araşdırmaları Assosiasiyası tərəfindən yenisi əlavə edildi.
Müntəzəm qidalanmaq və idman etmək başda xərçəng olmaqla bir çox xəstəliyin qarşısının alınmasında mühüm rol oynayır. Dərc edilmiş bu tədqiqat gənc yaşlarda idman etməyin sonrakı yaşlarda insanlara necə təsir etdiyi haqqında kifayət qədər məlumat olmadığı və bunun heç araşdırılmadığı düşüncəsindən çıxış edilərək həyata keçirilmişdir. Gənclikdə idmanı həyatının bir hissəsinə çevirən insanların yetkinlik dövründə inkişaf edə bilən xərçəngdən və bütün digər xəstəliklərdən necə təsirləndiyi incələnmişdir. Çində aparılan genişmiqyaslı tədqiqata yaşları 40-70 arasında dəyişən təxminən 75.000 çinli qadın qatılmışdır. Gənclik və yetkinlik dövrlərindəki həyat tərzləri ilə bağlı bütün təsiredici amillər (qidalanma, alkoqol, siqaret və idman), menstruasiya (aybaşı dövrü) və övlad sahibi olma vəziyyəti, insanın tibbi keçmişi, sosial-iqtisadi vəziyyəti və yaşadığı yer qiymətləndirilmişdir. Sonra gənclik və yetkinlik dövrlərində idman edən iştirakçı qadınlarda ölüm göstəriciləri araşdırılmışdır. Tədqiqatın sonunda həm gənclikdə, həm də yetkinlik dövründə normal çəkidə olan, əsasən tərəvəz və meyvə ilə qidalanan, sosial-iqtisadi səviyyəsi yüksək olan və həm gənclikdə, həm də yetkinlik dövründə müntəzəm idman edən qadınların xərçəng və ürək xəstəlikləri riskinin az olduğu görülmüşdür. Həmçinin bu qadınlarda ahıl və orta yaşlarda başda xərçəng olmaqla bütün xəstəliklərə bağlı ölüm göstəricisinin daha aşağı olduğu qənaətinə gəlinmişdir.
Müntəzəm idman etmək immun funksiyalarını və lipid (yağ və yağa bənzər maddələr) profillərini yaxşılaşdırır, iltihaba (inflammasiyaya) səbəb olan amilləri azaldır, insulin və insulinəbənzər böyümə amillərini minimuma endirir və yüksək təzyiqi azaldır. Həmçinin gənclik dövründə edilən idman qan təzyiqini aşağı salır, xolesterini və sümük sıxlığını tənzimləyir. Bununla yanaşı, bir çox xərçəng növünün inkişafında risk amili kimi tanınan piylənməni də azaldır. Beləliklə, gənclik dövründən başlayaraq müntəzəm idman etməyin sonrakı yaşlarda ölüm göstəricisini niyə azaltdığı izah edilə bilər.
Əziz dostlarım, ömür boyu sağlam qalmaq üçün həyatınıza edəcəyiniz kiçik toxunuşlarla böyük dəyişikliklər yarada, sevdiklərinizlə uzun illər birlikdə ola bilərsiniz. Özünüzü sevin və özünüzə yaxşı davranın…
Mənbələr
Adolescent Exercise in Association with Mortality from All Causes, Cardiovascular Disease, and Cancer among Middle-Aged and Older Chinese Women.
Cancer Epidemiol Biomarkers Prev. 2015 Aug;24(8):1270-6. doi: 10.1158/1055-9965.EPI-15-0253
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.