Yaşıl yarpaqlı tərəvəzlər qaraciyər piylənməsini necə azaldır?

PNAS (Proceedings of the National Academy of Sciences) adlı jurnalda dekabr 2018-ci ildə dərc olunan yeni araşdırma yaşıl yarpaqlı tərəvəzlərin siçanlarda alkoqolla əlaqəli olmayan qaraciyər piylənməsi xəstəliyindən qoruduğunu göstərdi. Alkoqolla əlaqəli olmayan qaraciyər piylənməsi qaraciyərdə yağların yığılması ilə yaranan vəziyyətdir. Amerikadakı gənclərin %30-40-ında alkoqolla əlaqəli olmayan qaraciyər piylənməsi var. Bu vəziyyət eyni zamanda Qərb ölkələrində qaraciyər xəstəliklərinin ən geniş yayılmış səbəbidir. Mütəxəssislər bu vəziyyəti piylənmə, ürək-damar xəstəlikləri və metabolik risk amilləri ilə də əlaqələndirmişlər.

Qaraciyərdəki yağı azaltmaq üçün bilinən üsullar çəki vermək, fiziki fəaliyyəti artırmaq və sağlam pəhriz seçməkdir.
Araşdırma yaşıl yarpaqlı tərəvəzlərdə təbii şəkildə olan qeyri-üzvi nitratın qaraciyərdəki yağı azaltdığını göstərir. Araşdırmanı aparan Carlström və həmkarları yüksək yağ və karbohidrat alan siçanların pəhrizlərinə qeyri-üzvi nitrat əlavə edildikdə qaraciyər piylənmə səviyyələrində nəzərəçarpacaq azalma olduğunu deyirlər. Həmçinin pəhrizinə əlavə nitrat alan qrupda nitrat almayan qrupa nisbətən qan təzyiqində azalma və daha yaxşı insulin həssaslığı görüldü. Əvvəlki araşdırmalar da yaşıl yarpaqlı tərəvəzlərin tip 2 diabet kimi metabolik xəstəliklərdən qoruduğunu göstərdi.
Carlström həmçinin yaşıl yarpaqlı tərəvəzləri bu qədər sağlam edən səbəbin hələ izah olunmadığını, lakin daha əvvəl heç kimin araşdırmadığı nitratın açar ola biləcəyini bildirdi. İndi qaraciyər piylənməsi riskini azaltmaq üçün nitrat əlavəsinin terapevtik (müalicəvi) dəyərini araşdırmaq məqsədilə insanlarda klinik tədqiqatlar aparmaq lazımdır. Nəticələr yeni farmakoloji və qidalanma yanaşmalarının inkişafına yol aça bilər. İnsanların daha çox yaşıl yarpaqlı tərəvəz yeməsində fayda var. Ən çox nitrat ehtiva edən yaşıl tərəvəzlər kərəviz, ispanaq, kahı və rukoladır. Yaşıl yarpaqlı tərəvəzlərin qoruyucu təsirindən faydalanmaq üçün çox böyük miqdar deyil, gündəlik 200 qram yemək kifayətdir.
Üzvi və qeyri-üzvi nitrat / nitritin fərqləri hansılardır?
Yazını oxuyanların çoxu nitratları indiyədək həmişə «sağlam olmayan» molekullar kimi eşitmiş olmalıdır. Nitratlar və nitritlər insanlar üçün ehtimalən / böyük ehtimalla kanserogen kimi təsnif edilən 58 amildən biridir. Lakin bu yazıda qeyd olunan qeyri-üzvi nitratlar kanserogen (xərçəng törədən) kimi araşdırılan üzvi nitratlardan fərqli quruluşa və xüsusiyyətlərə malikdir.
Həm üzvi, həm də qeyri-üzvi nitratlar / nitritlər əsas təsirlərini azot monoksid (NO) adlandırılan, orqanizmdə xüsusilə damar sistemində xüsusi təsirlərə malik molekul vasitəsilə göstərirlər, lakin bir çox mühüm fərqləri var. Qeyri-üzvi nitrat və nitrit sadə ion quruluşlarına malikdir, endogen (bədənin daxilində) istehsal olunur və ya pəhrizlə alınır (yaşıl yarpaqlı tərəvəzlərdə boldur). Üzvi qarşılıqları isə daha mürəkkəbdir və ətdəki nitrit istisna olmaqla hamısı tibbi olaraq sintez edilmiş məhsullardır. Üzvi nitratlar vazodilatasiyaya (damar genişlənməsinə) gətirən güclü kəskin təsirlərə malik olduğu halda, qeyri-üzvi nitritin təsirləri daha yüngül və müəyyən şərtlərdən asılıdır. Bununla yanaşı, xroniki istifadədə üzvi nitratların tolerantlıq və endotel disfunksiyasının inkişafı səbəbindən mənfi tərəfləri olduğu halda, qeyri-üzvi nitrat / nitrit azalan endotel funksiyasını kompensasiya edə bilər və tolerantlıq bildirilməmişdir. *
Maraqlananlar üçün əlavə məlumat:
Aşağıda qeyri-üzvi nitratların yağ yığılmasını və piylənməni necə azaltdığının metabolik prosesi görünür.
İzah
Şəkil qaraciyər piylənməsini yüngülləşdirmək üçün pəhrizlə alınan nitratın təsir etdiyi bəzi mühüm metabolik yolları göstərən sadələşdirilmiş sxemdir. Yüksək yağlı pəhriz (high fatty diet, HFD) AMPK aktivliyini ən azı iki şəkildə basqılayır. Birincisi, yüksək yağlı pəhrizlə alınan artıq enerji hüceyrənin enerji vəziyyətindəki (AMP / ADP / ATP nisbətində) dəyişiklikləri ehtiva edən birbaşa mexanizmlər vasitəsilə AMPK-nı aşağı tənzimləyəcək. Həmçinin yüksək enerjili pəhriz NADPH oksidaza (NOX) aktivliyinin aktivləşməsinə gətirir və yaranan oksidativ stress AMPK aktivləşməsini basqılaya bilər. Pəhrizlə alınan nitrat nitrit, azot monoksid (NO) və digər bioaktiv azot oksidi növlərinin yaranması ilə bu prosesin qarşısını ala bilər. Nitratın bioloji aktivləşdirilməsi müvafiq olaraq bakteriya və nitrit reduktaza aktivliyindən [məsələn, ksantin oksidoreduktaza (XOR)] asılıdır. NO ən azı qismən p67phox ekspressiyasını azaltmaqla NOX aktivliyinin aşağı tənzimlənməsinə xidmət edir və AMPK-nı cGMP-dən asılı şəkildə aktivləşdirə bilər. Yüksək enerjili pəhrizin tətiklədiyi AMPK basqılanmasının nitratla geri çevrilməsi nəticədə lipid yığılmasını və steatozu azaltmaq üçün bir sıra aşağı istiqamətli yollara (yəni SREBP1c inhibisiyası, ACC fosforlaşmasının stimullaşdırılması və ACADM ilə PGC1a-nın bərpası vasitəsilə) təsir edir.
Mənbələr
AMP-activated protein kinase activation and NADPH oxidase inhibition by inorganic nitrate and nitrite prevent liver steatosis.
PNAS, 17 December 2018.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.