Tibb elminə görə normal çəkili obez olmaq mümkündür!

Piylənmə adətən bədən kütlə indeksinin(BKİ) 30-dan yuxarı olması ilə müəyyən edilən, yəni artıq çəki kimi tanınan vəziyyətin tibbi adıdır. Lakin metabolik piylənmə adlanan və ümumi piylənmə kimi artmış insulin müqaviməti, anormal qan lipid profili və yüksək qan təzyiqi ilə gedən, lakin kök insanlardan fərqli olaraq normal çəkililərdə görülən bir vəziyyətdən danışmaq istəyirik.

Amerikada 20 yaş və yuxarı hər 4 yetkindən 1-inin normal çəkili metabolik obez və ya daha çox üstünlük verilən ifadə ilə normal çəkili obez olduğu hesablanır. Dünyada isə bu göstərici güman ediləndən daha yüksəkdir. Məsələn, Hindistanda bədən kütlə indeksi (BKİ) ölçümünə görə normal çəkili insanların təxminən yarısına yaxınında (%40) qanda şəkər və triqliserid yüksəkliyi kimi metabolik funksiya pozğunluqları var.
Bir çox tədqiqatda sağlam görünən bu normal çəkili metabolik obez şəxslərin (NÇMO) əslində diabet, yüksək təzyiq və koronar arteriya xəstəliyi kimi kardiometabolik xəstəlik risklərinin yüksək olduğundan bəhs edilir.
Mayo Klinik həkimlərinin yaxın vaxtda dərc etdiyi məqalədə bədən kütlə indeksi normal ölçülsə də, bədən yağı faizi yüksək olan kişilərin nisbətinin %25, qadınların isə %33 olduğu müəyyən edilib. Eyni zamanda bu şəxslərdə metabolik sindromun (yüksək təzyiq, yüksək şəkər və yüksək triqliserid) 4 dəfə çox olduğu açıqlanıb.
Tədqiqatda həmçinin bədən kütlə indeksinin deyil, daha yüksək bədən yağı faizinin ürək-damar xəstəlikləri baxımından daha böyük risk yaratdığı bildirilib.
Yenə başqa bir tədqiqatda bədən kütlə indeksinin ölçülməsi bədən yağının paylanma hesabını göstərmədiyi üçün piylənmənimüəyyən etməkdə ən yaxşı üsul olmadığı qeyd edilib. Xüsusilə göbək ətrafındakı yağlanmanın və qaraciyər yağlanmasınınsağlamlıq üçün təhlükə yaratdığı, ayaqlar kimi qarından uzaq nahiyələrdə yığılan yağların isə insulin müqavimətinə qarşı müsbət təsir göstərə biləcəyi bildirilir.
-Əlaqəli mövzu: Bel-bud nisbəti necə ölçülür? Yüksək olmasının sağlamlıq riskləri nələrdir?
Metabolik funksiya pozğunluğu olan artıq çəkili və ya obez şəxslərə həkimlər daha az yeyib daha çox hərəkət etməklə arıqlamağı tövsiyə edirlər. Bəs bədən kütlə indeksi normal aralığa düşən, lakin metabolik funksiya pozğunluğu olan xəstələr üçün də vəziyyət həqiqətən belədirmi? Yəni əlavə çəki itirməyin normal çəkili metabolik obez şəxslərə faydası varmı?
Nə qədər arıqlamaq lazımdır?
Bu suala cavab vermək üçün Sinqapurda aparılan bir tədqiqatda normal çəkili metabolik piylənməsi olan (BKİ 22.7 ± 0.4 kg / m 2) 11 Asiya mənşəli şəxsdə təxminən %5 çəki itirmənin bədən yağ kütləsinə, qaraciyər yağlanmasına və insulinin təsirlərinə təsiri arıqlamadan əvvəl və sonra ölçülüb.
Nəticədə %5 çəki itkisi ilə ümumi yağ kütləsinin təxminən %9, qarındaxili və dərialtı qarın yağ toxumasının müvafiq olaraq % 11 və % 17, qaraciyər yağlanmasının isə təxminən % 50 azaldığı müşahidə edilib. Acqarına qan insulini, triqliserid, HDL və LDL xolesterin konsentrasiyalarının da azaldığı, insulinə həssaslığın isə təxminən % 26 artdığı görülüb. Beləliklə, normal çəkili metabolik obez asiyalılarda kardiometabolik riskin azaldığı irəli sürülüb. Tədqiqatda qarındaxili yağ toxumasının həcmi ilə insulinə həssaslıqdakı dəyişikliklər arasında əhəmiyyətli tərs mütənasib əlaqə müşahidə edilib. Yəni qarındaxili yağ toxuması azaldıqca insulin müqaviməti də azalır.
Yenə Mayo Clinic tərəfindən yaşları 30 ilə 90 arasında olan və Aralıq dənizi pəhrizi kimi yüksək keyfiyyətli pəhriz tətbiq edən 2100 iştirakçı arasında aparılan, təxminən 19 il davam edən tədqiqatda normal çəkili metabolik obez şəxslərdə ürək-damar xəstəlikləri və xərçənglər kimi bütün səbəblərə bağlı ölüm göstəricilərində artım görülüb, metabolik baxımdan sağlam normal çəkili yetkinlərdə isə bu xəstəliklərin riskinin daha aşağı olduğu müşahidə olunub.
Bu tədqiqatların nəticələri qiymətləndirildikdə ümumilikdə bədən kütlə indeksi normal olsa da, metabolik baxımdan sağlam və metabolik baxımdan sağlam olmayan vəziyyətlərin yaratdığı xəstəliklər baxımından ciddi fərqlər olduğu görünür. Uyğun pəhriz və fiziki fəaliyyət kimi sadə həyat tərzi dəyişiklikləri sayəsində normal çəkili metabolik obez, yəni çəkisi normal olub abdominal (qarın ətrafında) piylənməsi olan şəxslərin metabolik sağlamlığını yaxşılaşdırmağın mümkün ola biləcəyini söyləmək olar.
-Əlaqəli mövzu: Gənc yetkinlərdə xərçəngin rastgəlmə tezliyinin artmasının səbəbi piylənmə ilə əlaqələndirildi
Mənbələr
What’s the Best Way to Treat Normal-Weight People With Metabolic Abnormalities?
JAMA, 27 June 2018.
2. Cardiovascular and Metabolic Heterogeneity of Obesity, Clinical Challenges and Implications for Management,
Circulation, 2018
3. Association Between Adiposity and Lean Mass With Long‐Term Cardiovascular Events in Patients With Coronary Artery Disease: No Paradox
Journal of the American Heart Association, 2018.
4. Moderate Weight Loss Improves Body Composition and Metabolic Function in Metabolically Unhealthy Lean Subjects
Obesity (Silver Spring). 2018.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.