Gənc yetkinlərdə xərçəng tezliyinin artmasının səbəbi piylənmə ilə əlaqələndirildi

Xərçənglərin ümumən yaşlılıq xəstəliyi olduğu məlumdur. Bununla yanaşı, son illərdə gənc yetkinlərdə bəzi xərçənglərin tezliyində artım vardır. Yeni tədqiqata görə bu artımın səbəbi piylənmə ola bilər.
23 Mart 2018 tarixində Obesity jurnalında nəşr edilmiş tədqiqatın müəlliflərindən Eksperimental Tibb professoru Nathan A. Bergerə görə, artıq çəki və piylənmənin dünyanın hər yerində ən böyük ictimai səhiyyə probleminə çevrilməsi səbəbindən, gənc yetkinlərdə xərçəng də artır.
Dünyadakı piylənmə epidemiyası ilə birlikdə 50 yaşdan gənc insanlarda piylənmə ilə əlaqəli xərçənglərdə ciddi artım ola biləcəyi proqnozlaşdırılır.
Piylənmənin yalnız müəyyən xərçənglərin rastgəlmə tezliyinin artması ilə deyil, həmçinin piylənməsi olan xərçəngli xəstələr üçün daha pis xəstəlik gedişi (proqnoz) ilə əlaqəli olduğu məlumdur.
Həqiqi risklər süni yaradılmış və ya daha kiçik risklərin kölgəsində qalır
Bu arada hətta qərb cəmiyyətlərində əhalinin % 50-dən azı piylənmənin xərçənglə əlaqəsindən xəbərdardır və həkimlərin neçə faizinin bundan xəbərdar olduğuna dair əhəmiyyətli tədqiqat yoxdur. Cəmiyyət daim müxtəlif pəhrizlərin və ya kimyəvi maddələrin xərçəng yaratma və ya ondan qoruma potensialı ilə məşğul edilir; lakin hansı pəhriz olursa olsun, xərçəng riski baxımından piylənmənin özü hər hansı qidalanma tərzinin tərkibindən çox vacibdir.
Cəmiyyət piylənmənin ürək-damar xəstəlikləri ilə, diabetlə, hətta diz oynağının sağlamlığı ilə əlaqəli olduğunu bilir, lakin piylənmənin xərçəng inkişafını sürətləndirən və xərçəngi təşviq edən təsirləri barədə hələ məlumatlılıq formalaşmayıb.
Artıq çəki və piylənmə aşağıdakı xərçəng növləri ilə əlaqəlidir.

Piylənmə göstəriciləri artdıqca onunla əlaqəli bu xərçənglərin gənc yetkinlərdə riskinin artdığı görüldü: kolon və düz bağırsaq, qalxanabənzər vəzi, qida borusu, mədəaltı vəzi, böyrək, süd vəzi, uşaqlıq (endometrium) və öd kisəsi xərçəngləri. Yeniyetməlik dövründə piylənməsi olanlarda ən çox görülən xərçənglərdən kolon xərçəngi riskinin 48 yaşa qədər 1.5 dəfə artdığı aşkarlandı.
Tədqiqatçılar piylənmə-xərçəng əlaqəsini ortaya qoymaq üçün PubMed və Google məlumat bazalarını araşdırdı və gənc yetkinlərdə xərçənglə birlikdə bədən kütlə indeksi ≥ 30 kimi müəyyən edilən piylənməni əlaqələndirən 100-dən çox nəşrdən sübutlar tapdı.
Piylənmə xərçəng riskini necə artırır?
Bu icmal tədqiqatı piylənmənin xərçəng inkişafını bu yollarla sürətləndirdiyini qeyd edir:
- Piylənmə ilə artan iltihabyaradıcı sitokin səviyyələri, xroniki iltihabı və oksidləşdirici stressi stimullaşdırır.
- Metabolik sindrom və insulin müqaviməti ilə əlaqəli olaraq artan insulin və insulinəbənzər böyümə amilinin böyüməni artıran təsirləri.
- Piylənməsi olan şəxslərdə artmış yağ toxuması aromataza fermenti istehsal edərək cinsi steroid hormonlarını dəyişdirir (androgenlərin estrogenlərə çevrilməsini artırır).
- Adipositokin zülallarını dəyişdirir, leptin, retinolbağlayıcı zülal 4, resistin və visfatin kimi böyüməni dəstəkləyən və iltihabyaradıcı komponentləri artırır, adiponektin kimi böyüməyə nəzarət edən adipokinləri azaldır.
- Fusobacterium kimi şişi dəstəkləyən orqanizmlərin sayını artıraraq bağırsaq mikrobiomunu (flora) dəyişdirir.
- Bundan başqa piylənmə qida borusu xərçənginə meyl yarada bilən hiatal yırtığa (diafraqma yırtığına) və qastroezofageal reflü xəstəliyinə səbəb ola bilər.
Açığı bu tədqiqat uşaqların sağlam çəkidə qalması üçün başqa bir hərəkətverici qüvvə olmalıdır. Əvvəllər “onlar hələ balaca uşaqlardır, gənclikdə böyümə sıçrayışı olanda çəkilərini itirəcəklər” deyilirdi; artıq bunun yaxşı olmadığını bilirik. Xüsusilə pediatrlar normal çəkinin bütün həyat boyunca vacib olduğunu bilməlidirlər.
Piylənmə xərçəngi eyni vaxtda birdən çox yolla dəstəkləyir.
Bir yol uğurla əngəlləndikdə piylənmənin səbəb olduğu xərçəng başqa yol seçir. Buna görə piylənmənin nəticələrindən çox birbaşa onun özü ilə mübarizə aparılmalıdır.
Piylənmə ilə mübarizədə uşaqlarımızı qorumaq üçün reklam qadağası
Çox müsbət yenilik olaraq 2018 ilinin əvvəlindən qidalanma baxımından uyğun olmayan məhsullara reklam qadağası gətirildi. Bu məhsullara qazlı və şəkərli içkilər, çipslər, şirniyyat məhsulları və hətta oyun xəmirləri daxildir... Uşaq kanallarında və 12 yaşdan aşağı uşaqlara yönəlmiş televiziya proqramlarında artıq bu məhsulların reklamı edilməyəcək.
Gömrük və Ticarət Nazirliyi piylənmə ilə təsirli mübarizə üçün Türkiyənin ən böyük 12 qida şirkəti ilə bir araya gəldi. Milli Qida və İçki İttifaqı Türkiyə Öhdəliyi yaradılaraq qida məhsullarının reklam daxil olmaqla bütün marketinq ünsiyyəti üçün yeni siyasətlər qəbul edildi.
Digər vasitələrdəki reklamlarda isə yetərli və balanslı qidalanma ilə fiziki fəallıq təşviq ediləcək.
Əlaqəli mövzu:
Mənbələr
Young Adult Cancer: Influence of the Obesity Pandemic.
Obesity, 23 March 2018.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.