Piylənmə ilə xərçəngin əlaqəsi

Bu məqalədə
Piylənmə ən böyük sağlamlıq problemimiz olmağa namizəddir!
Bu gün xərçəng yaratma qabiliyyəti ən yüksək ətraf mühit amili siqaretdir, sonra piylənmə gəlir. Lakin 2020-ci ildən sonra piylənmənin bütün dünyada əsas xərçəng amili olacağı proqnozlaşdırılır.
- Aşağıdakı şəkildə, piylənmənin hesablanmasında ən çox istifadə olunan üsul olan bədən kütlə indeksi (BKİ) hesablaması göstərilir.

Piylənmənin tezliyi son 40 ildə ciddi artmışdır və bu artımın davam edəcəyi görünür. Dünyada 600 milyondan çox yetkinin bədən kütlə indeksi (BKİ) piylənmə ilə uyğundur, yəni ən azı 30 kg / m2 və ya daha yüksəkdir.
- Aşağıdakı videoda, son 40 ildə dünyada piylənmə göstəricilərinin epidemiya kimi necə artdığı görünə bilər.
Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) artıq piylənmənin ən azı 13 xərçəng növü üçün kanserogen (xərçəngyaradıcı) təsirə malik olduğunu göstərən kifayət qədər sübut olduğunu bildirir. Eyni şəkildə piylənmədən qaçmaq bu xərçənglərdən qoruyur.
- Aşağıdakı şəkildə, “piylənmə ilə birbaşa əlaqəli xərçənglər” görünə bilər:

- Əlaqəli mövzu: İdman və riskini azaltdığı 14 xərçəng növü
Piylənmə necə xərçəng yaradır?
Böyümə faktorları və cinsiyyət hormonları arasındakı fərqlər daxil olmaqla piylənməsi olan şəxslərdə xərçəngə səbəb olduğu irəli sürülən çoxsaylı mexanizmlər var. Piylənmənin necə xərçəng yaratdığı barədə ən çox qəbul olunan 4 nəzəriyyə belədir:
- Böyümə (hüceyrə həcminin və tərkibinin artması),
- İmmun sistemi və şişi tənzimləyən funksiyalara təsir edən artmış adipositokin (piy hüceyrələrindən qaynaqlanan bəzi maddələr) səviyyələri;
- Struktur iltihab və oksidativ stres (hüceyrə səviyyəsində zərərli maddələrin yığılması),
- Dəyişmiş mikrobiom.
- Yeni inkişaf: Piylənmənin immun sisteminin xərçənglə mübarizəsinə necə mane olduğu aşkarlandı
Uzun illərdir aparılan tədqiqatlar artıq çəki ilə birlikdə bədənimizdə bəzi arzuolunmaz və xərçəngi tətikləyən maddələrin səviyyəsinin artdığını sübut etmişdir. Bunlar hormonlar ola bildiyi kimi, sitokin adlandırılan hüceyrə stimullaşdırıcıları da ola bilər. İnsulin böyümə faktoru, estrogen və testosteron kimi hormonlar nümunə verilə bilər. Bu maddələrin uzunmüddətli artımı bədəndə xroniki iltihabı tətikləyir və xərçəngin yaranma prosesini başladır. Qarında piy yığılması, başqa sözlə bel-omba nisbətinin artması xərçəng prosesi ilə əlaqələndirilə bilər. Buna görə bu nisbətin ideal səviyyədə olması sağlam insanlar üçün hədəf olmalıdır.
Artıq çəkili, yəni piylənməsi olan olmaq xərçənglə bağlı ölümə təxminən % 20 töhfə verir. Artıq çəkinin kişilərdə kolon və düz bağırsaq (yoğun bağırsaq), böyrək və ezofaqus (qida borusu) xərçəngi, mədəaltı vəzi xərçəngi daxil olmaqla bir çox xərçəngin inkişaf riskini artırdığı müşahidə edilmişdir. Həmçinin öd kisəsi və qaraciyərdə xərçəng riskini artıra, Non-Hodgkin limfoması, çoxsaylı mieloma və prostat xərçəngi riskində fəal rol oynaya bilər.
Son tədqiqatlara görə piylənməsi olan qadınlarda xərçəng görülmə ehtimalı normal çəkililərə nisbətən % 40 daha çoxdur. Qadınlarda piylənmə ilə əlaqəli xərçənglər bağırsaq, sidik kisəsi, uşaqlıq, böyrək, mədəaltı vəzi, qida borusu və xüsusilə menopauzadan sonra görülən süd vəzi xərçəngləridir.
Çoxsaylı klinik araşdırma xərçəng və balanssız/qeyri-sağlam qidalanmaya yönəlmişdir. Artıq çəkili şəxslərin düzgün qidalanma və idmanla arıqladıqda xərçəng risklərinin azaldığı göstərilmişdir. Çəki artımı ilə xərçəng əlaqəsində günahlandırılan əsas mexanizm insulin müqaviməti və insulinəbənzər maddənin həddən artıq ifrazıdır. Arıqlayıb sağlam həyata addım atanlarda bu mexanizm tərsinə dönür. Həyati risk daşıyan bir çox xəstəliyi tətiklədiyi bilinən artıq çəki və ya piylənmənin qarşısını almaq üçün insanlar arıqlamağa həvəsləndirilməli və dəstəklənməlidirlər. Bununla yanaşı saflaşdırılmış və emal edilmiş qidalar, yüksək qlisemik indeks və fast-food ilə səciyyələnən Qərb tərzli pəhriz, xərçəng üçün piylənmədən asılı olmayan risk amilidir.
- Əlaqəli mövzu: Ən sağlam qidalanma proqramları siyahısı 2018 – adı tez-tez eşidilən pəhrizlər haradadır?
Qidalanma tərzinizə və nə yediyinizə diqqət həm bədəninizin lazımi mineral və vitaminləri almasını təmin edəcək, həm də artıq kökəlməyə mane olaraq piylənmənin qarşısını alacaq. Tərəvəz, meyvə və tam taxıllı qidaların üstün olduğu qidalanmaya diqqət edin. Yediklərinizin dondurulmuş, həddən artıq yağlı, duzlu, şəkərli və ya əlavəli olmaması vacibdir. Günün ən mühüm yeməyi olan səhər yeməyini buraxmayaraq həm özünüzə yaxşılıq edin, həm uşağınıza yaxşı nümunə olun. Qırmızı əti yandırmadan bişirib kanserogen maddələrin sağlamlığınıza zərər verməsinə mane olun və həftədə bir dəfə ət yeməyə diqqət edin. Həmçinin həftədə 2-3 dəfə balıq və toyuq əti yemək omeqa-3 və vitamin ehtiyacını qarşılamağa töhfə verəcək.
- Əlaqəli mövzu: Manqalda ət bişirməyin xərçənglə əlaqəsi
Müntəzəm və sağlam qidalanan uşaqlarınız artıq çəki almayacaq. Lazımsız qəlyanaltı, şokolad, çips, yağ və şəkər ehtiva edən yemək-içkilərə məhdudiyyət qoyun. Mümkünsə bol təbii meyvə, tərəvəz və müəyyən miqdarda ət, toyuq və balıq yemələrini təmin edin. Artıq kökələn uşaqlarda xəstəliklərin inkişaf riski daha yüksəkdir. Artıq çəkili yetkinlərdə də xərçəng inkişaf riskinin yüksək olduğu unudulmamalı mühüm məqamdır. Deməli, hər yaşda sağlam çəkidə qalmağa diqqət edilməlidir.
Əlaqəli mövzular
- Yeniyetməlikdə piylənmə mədəaltı vəzi xərçəngi riskini 4 dəfə artırır
- Piylənmənin mənfi təsirlərindən biri: qaraciyər piylənməsi kiçik uşaqlarda da görülür
- Piylənmə müalicəsində istifadə olunan cihazlar barədə bilinməli olanlar
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.