4-cü mərhələ xərçəngdə palliativ qulluğun (dəstək müalicəsinin) erkən başlanmasının əhəmiyyəti və palliativ qulluğun incəlikləri

Bu məqalədə
Palliativ qulluq xərçəng və digər ağır xəstəliklərdə xəstəliyin yaratdığı, həyatı çətinləşdirən hallara həll tapmağa çalışan yanaşmaların məcmusudur. Əvvəlki yazımızda xərçəngdə palliativ qulluğun əhəmiyyətindən, xəstə və xəstə yaxını üçün müxtəlif palliativ qulluq yanaşmalarından danışmışdıq. Tibb sahəsinə aid hər yanaşmanın öz daxilində çox geniş açılımları olduğu məlum həqiqətdir. Xərçəngli xəstədə palliativ qulluq prosesi üçün də belədir. Palliativ qulluq xərçəng tədqiqatçılarının əhəmiyyətlə üzərində dayandığı mövzulardandır. Tədqiqatçılar standart səhiyyə xidmətləri əvəzinə palliativ qulluğun müalicələrə erkən dövrdə inteqrasiyasına diqqət yetirirlər.
Dekabr 2016-cı ildə nüfuzlu onkologiya jurnalı Journal of Clinical Oncology-də dərc olunan, 4-cü mərhələ (metastatik) ağciyər xərçəngi və həzm sistemi xərçəngi diaqnozlu xəstələrdə aparılan tədqiqatda palliativ qulluq prosesinin erkən başlanmasının həyat keyfiyyətini artırdığı və depressiyanı azaltdığı göstərilib.
Tədqiqatın təfərrüatları
Tədqiqata daxil edilən 350 xəstənin 175-nə erkən palliativ qulluq yanaşması tətbiq edildiyi halda, digər 175 xəstəlik qrupa adi müalicə yanaşması tətbiq edilib. Erkən palliativ qulluq qrupundakı xəstələr ayda ən azı bir dəfə palliativ qulluq mütəxəssisi ilə görüşüb. Adi müalicə qrupundakı xəstələr isə öz tələbləri əsasında palliativ qulluq mütəxəssisi ilə görüşüb.
Nəticələr
Tədqiqatdakı bütün xərçəngli xəstələr qiymətləndirildikdə erkən palliativ qulluq qrupunda 12-ci həftənin sonunda qiymətləndirilən həyat keyfiyyəti balında başlanğıca nisbətən artım, adi qulluq qrupunda isə bu balda başlanğıca nisbətən azalma görülüb. Həmçinin 24-cü həftənin sonunda depressiyanın qiymətləndirilməsində erkən palliativ qulluq qrupunun depressiya balları daha aşağı olub. Bundan başqa, erkən palliativ qulluq alan xəstələrin onkoloqları ilə ölüm prosesi haqqında danışmasının daha mümkün olduğu görülüb.
Tədqiqatın nəticələri ağciyər xərçəngli və həzm sistemi xərçəngli xəstələr üçün ayrılıqda da qiymətləndirilib. Ağciyər xərçəngli xəstələrdə 12-ci və 24-cü həftələrdə aparılan həyat keyfiyyəti və depressiya qiymətləndirmələrinin nəticələri erkən palliativ qrupda daha yaxşı olub. Həzm sistemi xərçəngli xəstələr üçün müqayisədə isə erkən palliativ və adi qulluq qrupları arasında həyat keyfiyyəti və depressiya balları baxımından əhəmiyyətli fərq tapılmayıb.
Bu tədqiqatın nəticələrini belə şərh etmək olar: Tam sağalma (kür) şansı olmayan yeni diaqnozlu xəstələrdə erkən palliativ qulluq tətbiqlərinin müsbət nəticələri olsa da, xərçəngin növünə görə nəticələr dəyişə bilər. Buna görə erkən palliativ qulluq yanaşması ayrı xərçəng növlərinə malik xəstələr üçün xüsusi planlaşdırılarsa, daha müsbət nəticələr əldə edilə bilər.
Erkən palliativ qulluğun xəstəlik prosesində əhəmiyyətini bu tədqiqatda da görürük. Lakin bu tədqiqatda daha bir diqqətçəkən nəticə ortaya çıxır: müxtəlif xərçəng növlərinə görə fərqli palliativ yanaşmaların tətbiqi zərurəti diqqətimizi çəkir. Tibb sahəsinə aid yanaşmaların geniş açılımları olması məqamına qayıdırıq. Belə olduqda palliativ qulluq sahəsində inkişaf etmiş və inkişafa açıq səhiyyə mütəxəssislərinə ehtiyac var. Bu sahədə ixtisaslaşmanın əhəmiyyətinə dair maariflənmə ölkəmizdə formalaşır.
Mənbələr
Effects of Early Integrated Palliative Care in Patients With Lung and GI Cancer: A Randomized Clinical Trial.
J Clin Oncol. 2016 Dec 28:JCO2016705046.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.