9 Sualda Nə Qədər Sağlam Olduğunuzu Görün

Günümüzdə insanlar kalorilərdən addımlarına qədər hər şeyi sayırlar. Sağlamlıq geniş yayılmış və sadə bir şəkildə nə qədər çəkili olduğumuzla ölçülür, lakin bu, yeganə göstərici deyil.
Aşağıdakı göstəriciləri izləmək qidalanma və sağlamlıq hədəflərinizə çatıb-çatmadığınızı müəyyənləşdirməyə kömək edə bilər.
Sağlamlığınızı daha yaxşı ölçmək üçün yalnız çəkiyə baxmaq əvəzinə həyatınızın digər tərəflərinə baxa bilərsiniz. Bilməli olduğunuz 9 şey:
1. Bel Çevrəsi
Birinin ümumi sağlamlıq vəziyyətinə baxmaq üçün bel çevrəsini ölçə bilərsiniz. Bel çevrəsinin ölçülməsi insult (beyin iflici), yuxu apnesi və ürək-damar xəstəlikləri riskinin qiymətləndirilməsinə kömək edə bilər. Bu ölçü həmçinin xəstəlik riskinin qiymətləndirilməsi baxımından çəkidən daha çox şey deyə bilər.
Bel çevrəsində piylənmə daxili orqanları əhatə edən visseral piyin göstəricisidir. Visseral piy piylənmə ilə bağlı xəstəlik riskinin ümumi bədən piyindən çox daha dəqiq göstəricisidir.
2. Nə Qədər Su İçirsiniz?
Mütəxəssislər insanların bədənlərinin nə qədər suya ehtiyac duyduğunu bilməməsindən narahatdırlar. Hər kəsin gündə 8 stəkan su içməli olduğu kimi ümumi bir məlumat var.
Lakin su ehtiyacı insandan insana dəyişir. İnsanın yaşına, yaşadığı bölgəyə, iqlimə, mövsümə və fəaliyyət səviyyəsinə görə dəyişə bilər. Buna görə içdiyiniz suyun kifayət edib-etmədiyini görmək üçün sidiyinizi yoxlaya bilərsiniz. Qoxusu və rəngi sizə düzgün ipucu verir. Sidiyin rənginin tünd olması kifayət qədər su içmədiyiniz deməkdir.
3. Qan Təzyiqi
Qan təzyiqi diqqət yetirməli olduğumuz və ümumi sağlamlığımızı qorumaq üçün nəzarət etməli olduğumuz bir göstəricidir. Ən düzgün şəkildə bir tibb işçisi tərəfindən ölçülür.
Hipertoniya nəzarət altına alınmadıqda ateroskleroz (arteriyada daralma/tıxanma) kimi ciddi bir ağırlaşma yarada bilər. Əsasən yüksək təzyiq bədəninizdəki mühüm damarların zədələnməsinə səbəb ola bilər. Eyni zamanda insult və ya infarkt riskini artıra bilər. Amerika Ürək Assosiasiyası (AHA) 20 yaşdan yuxarı normal təzyiqi olan şəxslərin belə hər iki ildən bir yoxlanılmasını tövsiyə edir.
4. Yediyiniz Tərəvəz
Pəhrizdən danışarkən insanın hər gün yediyi meyvə və tərəvəzlərin sayına, emal olunmuş qida miqdarına və yüksək qlisemik indeksli qida məhsullarının orta porsiya sayına baxılmalıdır. Bəzi tədqiqatlar yüksək qlisemik indeksli pəhrizlərin diabet riskini artırdığını və aşağı qlisemik indeksli pəhrizlərin arıqlamağa kömək edə biləcəyini göstərir.
Daha müxtəlif qidalanaraq eyni zamanda qənaətli şəkildə qidalanmış olursunuz. Bundan əlavə, meyvə və tərəvəzlər kalorilərinə nisbətən daha çox vitamin və mineral kimi sağlam mikroelementlər ehtiva edir. Amerika Pəhriz Təlimatı, boşqabınızın yarısını tərəvəz və meyvə ilə doldurmağı tövsiyə edir.
5. Xolesterin Səviyyəsi
Yaxşı (HDL) və pis (LDL) xolesterin səviyyələrini bilməyin klinik əhəmiyyəti var. 20 yaşdan yuxarı şəxslərdə xolesterin səviyyələri 5 ildən bir yoxlanılmalıdır. Başqa sağlamlıq riskləri varsa daha tez-tez yoxlanılmalıdır. Xolesterin səviyyələri ürək xəstəliyi üçün yüksək risk daşıyır.
6. Qan Şəkəri Səviyyəsi
Aclıq qan qlükozası testi səkkiz saat ac qaldıqdan sonra aparılan testdir. Normalda yemək yedikdən sonra qan şəkəri yüksəlir. Hüceyrələriniz mədəaltı vəzin istehsal etdiyi insulin adlı hormonun köməyi ilə həmin şəkəri qan dövranından götürür və enerji sərf etmək üçün istifadə edir. Diabetdə bədən kifayət qədər insulin istehsal edə bilmir və ya ondan effektiv istifadə edə bilmir. Qan şəkərinin yüksəkliyi zamanla gözlərə, böyrəklərə, sinirlərə və ürəyə zərər verə bilər. AHA-ya görə normal qan şəkəri olan şəxslər 3 ildən bir qan şəkərini yoxlatmalıdır. Bununla belə artıq çəkili və ya risk daşıyan şəxslər daha tez-tez yoxlanılmalıdır.
7. Hərəkətə Ayrılan Vaxt
İdman etmək, tərləmək fiziki və ruhi sağlamlığa kömək edir. Fiziki hərəkət diabet riskini azaldır, sümüklərin möhkəmliyini qoruyur və əhvalınızı yaxşılaşdırır. Addımları saymaq sizi idman zalına getməkdən daha çox həvəsləndirə bilər. Etdiyiniz hər məşqdən zövq almalı və bunu gündəlik həyatınızın bir hissəsinə çevirməlisiniz.
Tədqiqatlar gündəlik 30 dəqiqə məşqlə erkən ölüm riskinin azalması arasında əlaqə tapdı. Neçə addım atmalı olduğunuza gəlincə, addım sayı fiziki fəallıq səviyyəsinə görə dəyişir. Atdığınız addımların sizi tərlətməsi yaxşı göstəricidir.
8. Alkoqollu İçki İstehlakı
Alkoqol içmək sağlamlığa zərər verir. Bəs nə qədər alkoqol həddindən artıqdır? ABŞ-da həddindən artıq içmə belə tərif edilir:
- Qadınlar üçün bir dəfəyə dörd və ya daha çox içki
- Kişilər üçün bir dəfəyə beş və ya daha çox içki
- Qadınlar üçün həftədə 8 və ya daha çox içki
- Kişilər üçün həftədə 15 və ya daha çox içki
ABŞ-da standart bir qədəh alkoqol; pivə üçün 350 ml, likör üçün 236 ml, şərab üçün 147 ml və tünd likör üçün 45 ml-dir.
Bununla belə, söhbət xərçəng -dən getdikdə, mülayim / az miqdarda alkoqol qəbulunun belə xərçəng riskini artırdığı yaxın tarixli tədqiqatlarla göstərilmişdir.
Əksər insanlar həddindən artıq içmənin zədələnmə, alkoqol zəhərlənməsi və riskli cinsi davranış kimi problemlərə səbəb ola biləcəyini bilir. Lakin zamanla bəzi xərçənglərə, ürək xəstəliklərinə, yüksək təzyiqə, qaraciyər xəstəliyinə, yaddaş və koqnitiv problemlərə, ruhi sağlamlıq problemlərinə və alkoqol asılılığına yol aça biləcəyi də aşkarlandı.
Alkoqol içirsinizsə dozanı xeyli azaltmalısınız (həftədə 1-2 qədəh), içmirsinizsə başlamaq üçün də heç bir səbəb yoxdur.
9. Yuxuya Sərf Edilən Vaxt
Keyfiyyətli yuxu sağlam olmaq üçün çox vacibdir. Bir çox tədqiqat 18 yaşdan yuxarı yetkinlər üçün gündə 7-8 saat yuxunu tövsiyə edir. Yeni tədqiqatlar yuxusuzluğu ürək problemləri ilə əlaqələndirməyə davam edir. Bir tədqiqatda yuxusuzluq infarkt və insult riskini siqaretlə eyni miqdarda artırdı.
Səhiyyə mütəxəssisləri birinin ümumi sağlamlığı haqqında daha çox məlumat əldə etmək üçün biomarkerlərin kombinasiyasına baxır.
Sayılacaq çox şey var. Bununla belə, başqa bir xüsusi bioloji göstərici olan stressi təbii şəkildə azaldacaq davranışlar mənimsəməkdir (hobbi, müsbət sosial mühit, bədii fəaliyyətlər və s.). Hamısının daha sağlam həyat tərzinə gedən yolda sizə kömək edə biləcəyini bilin.
Mənbələr
These 9 numbers tell you how healthy you are — and they have nothing to do with your weight.
insider.com - 28 Aug 2018
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.