Ağciyər xərçəngi üçün əməliyyatdan əvvəl və sonra pembrolizumab FDA təsdiqi aldı

Bu məqalədə
16 oktyabr 2023-cü ildə ABŞ Qida və Dərman İdarəsi (FDA) cərrahi yolla çıxarıla bilən kiçik hüceyrəli olmayan ağciyər xərçəngi (şişin diametri ≥4 cm və ya limfa düyünü müsbət) olan xəstələrin müalicəsi üçün pembrolizumab (Keytruda) adlı immunoterapiyanı platin tərkibli kimyaterapiya ilə birlikdə neoadjuvant (əməliyyatdan əvvəl), əməliyyatdan sonra isə adjuvant (dəstəkləyici) tək preparat kimi təsdiqlədi.
Bu təsdiq erkən mərhələli ağciyər xərçəngində immunoterapiya üçün 4-cü FDA təsdiqidir . Bununla yanaşı, ağciyər xərçənginin müalicəsi üçün ilk perioperativ (neoadjuvant + adjuvant) immunoterapiya təsdiqidir.
Erkən mərhələli ağciyər xərçəngində əvvəlki immunoterapiya təsdiqləri belədir:
- 15.10.2021-ci ildə Atezolizumab (Tecentriq): PD-L1 ≥ 1% olan II – IIIA mərhələli KHDAK-da platin əsaslı kimyaterapiyadan sonra adjuvant müalicə kimi. 1005 xəstənin iştirak etdiyi IMpower010 tədqiqatında adjuvant atezolizumabın xərçəngin təkrarlanma riskini 44% azaltdığı görüldü.
- 04.03.2022-ci ildə Nivolumab (Opdivo): Əməliyyat edilə bilən IB – IIIA mərhələli KHDAK-da neoadjuvant müalicə kimi kimyaterapiya ilə birlikdə təsdiqləndi. Nivolumab qrupunda patoloji tam cavab 24%, yalnız kimyaterapiya ilə isə 2,2% idi.
- 26.02.2023-cü ildə Pembrolizumab (Keytruda): IB (T2a ≥4 cm), II və ya IIIA mərhələli KHDAK-da əməliyyat və platin əsaslı kimyaterapiyadan sonra adjuvant müalicə kimi təsdiqləndi. Kimyaterapiya alanlarda xəstəliksiz sağqalma 58,7 ay, müqayisə qrupunda isə 34,9 ay idi (HR=0,73). Adjuvant kimyaterapiya almayanlar fayda görmədilər.
KEYNOTE-671 tədqiqatı ilə gələn FDA təsdiqi
Perioperativ pembrolizumabın effektivliyi əvvəllər müalicə almamış, cərrahi yolla çıxarıla bilən II, IIIA və ya IIIB (N2) mərhələli kiçik hüceyrəli olmayan ağciyər xərçəngi (KHDAK) olan 797 xəstəni əhatə edən KEYNOTE-671 adlı çoxmərkəzli, randomizə edilmiş, ikiqat kor, plasebo nəzarətli faza-3 klinik tədqiqatda qiymətləndirildi.
Xəstələr platin əsaslı kimyaterapiya ilə birlikdə pembrolizumab və ya plasebo alacaq qruplara ayrıldılar və hər 3 həftədən bir 4 dövr müalicə aldılar (bu mərhələ neoadjuvant müalicə adlanır). Bu müalicədən sonra xəstələr əməliyyat olundular. Sonra onlar hər 3 həftədən bir, cəmi 13 dövrədək yalnız pembrolizumab və ya plasebo alaraq müalicəni davam etdirdilər (bu mərhələ adjuvant müalicə adlanır).
Nəticələr
Əsas effektivlik nəticə meyarları ümumi sağqalma (Overall Survival= OS) və tədqiqatçının qiymətləndirdiyi hadisəsiz sağqalma (Event Free Survival= EFS) idi.

- Pembrolizumabın perioperativ (neoadjuvant + adjuvant) müalicə kimi istifadəsinin xərçəngin irəliləməsi, təkrarlanması və ya ölüm riskini 42% azaltdığı müəyyən edildi.
- Pembrolizumab qrupunda median ümumi sağqalmaya çatılmadı (95% GA: təxmin edilə bilməz [NE], NE). Plasebo alanlarda bu müddət 52,4 ay (95% GA: 45,7, NE) idi (hazard nisbəti [HR] 0,72 [95% GA: 0,56, 0,93]; p-dəyəri=0,0103).
- Pembrolizumab qrupunda median EFS-ə çatılmadı (95% GA: 34,1 ay, NE), plasebo qrupunda isə 17 ay (95% GA: 14,3, 22,0) oldu (HR 0,58 [95% GA: 0,46, 0,72]; p-dəyəri=<0,0001).
KEYNOTE-671-də xəstələrin 20%-dən çoxunda bildirilən ən geniş yayılmış arzuolunmaz reaksiyalar ürəkbulanma, yorğunluq, neytropeniya, anemiya, qəbizlik, iştahanın azalması, ağ qan hüceyrələrinin sayının azalması, əzələ-skelet ağrısı, səpki, öskürək, qusma, ishal və təngnəfəslik idi. Pembrolizumab qrupunda neoadjuvant müalicə alan xəstələrin 6%-i arzuolunmaz reaksiyalar səbəbindən əməliyyat edilə bilmədi; plasebo qrupunda bu göstərici 4,3% idi. Həmçinin pembrolizumab qrupunda neoadjuvant müalicə və əməliyyat olunan xəstələrin 3,1%-i, plasebo qrupunda isə 2,5%-i arzuolunmaz reaksiyalar səbəbindən əməliyyatda gecikmə yaşadı.
Pembrolizumabın tövsiyə edilən dozası hər 3 həftədən bir 200 mg və ya hər 6 həftədən bir 400 mg-dir. Eyni gündə verildikdə pembrolizumabı kimyaterapiyadan əvvəl tətbiq edin.
Mənbələr
2. Wakelee H, Liberman M, Kato T, Tsuboi M, Lee SH, Gao S, Chen KN, Dooms C, Majem M, Eigendorff E, Martinengo GL, Bylicki O, Rodríguez-Abreu D, Chaft JE, Novello S, Yang J, Keller SM, Samkari A, Spicer JD; KEYNOTE-671 Investigators. Perioperative Pembrolizumab for Early-Stage Non-Small-Cell Lung Cancer. N Engl J Med. 2023 Aug 10;389(6):491-503. doi: 10.1056/NEJMoa2302983. Elektron nəşr: 3 iyun 2023. PMID: 37272513.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.