Alış-veriş məlumatlarından xərçəngi əvvəlcədən proqnozlaşdırmaq üçün istifadə etmək olarmı?

Bu məqalədə
Yeni bir tədqiqat kredit kartları vasitəsilə toplanan alış-veriş məlumatlarının xərçəng riskini proqnozlaşdırmağa kömək edə biləcəyini irəli sürüb. İndi tədqiqatçılar bu məlumatlardan necə istifadə edilə biləcəyini və bunun xəstələrə təsirini araşdırmağa başlayıblar.
Tədqiqat yumurtalıq xərçəngi olan xəstələrin xərçəng diaqnozundan əvvəlki aylarda xərçəngi olmayanlara nisbətən daha çox həzmi tənzimləyən dərman və ağrıkəsici aldığını göstərib. Tədqiqat iştirakçıların Birləşmiş Krallıqdakı iki pərakəndə satıcıdan (bir aptek və bir supermarket) kredit kartı ilə alış-verişlərinə aid paylaşmağa razı olduqları məlumatlar əsasında aparılıb.
Bu tədqiqatı genişləndirmək üçün tədqiqatçılar alış-veriş məlumatlarının 10 müxtəlif xərçəng növünün diaqnozu ilə əlaqəli olub-olmadığını araşdıran daha böyük tədqiqata başlayırlar. İlkin tədqiqatın nəticələri təkrarlana bilsə, komanda istehlakçıları alış-veriş vərdişlərinin xərçəng riski ilə əlaqəli olub-olmadığı barədə məlumatlandırma yollarını nəzərdən keçirəcək.
Lakin mütəxəssislər xərçəng və ya başqa xəstəliklərin riskini proqnozlaşdırmaq üçün konkret alışların müəyyənləşdirilməsinin olduqca çətin ola biləcəyini vurğulayırlar. Bu alışları edən insanlara məlumat verib onları narahat etmək üçün alışların proqnoz gücü çox yüksək olmalıdır. Bundan əlavə, istehlakçılar və müdafiə qrupları alış-veriş məlumatlarının tədqiqatlarda istifadəsi ilə bağlı narahatlıqlarını bildiriblər; xüsusilə bu məlumatların marketinq və ya istehlakçıların razılaşmadığı başqa məqsədlərlə istifadə edilə biləcəyi narahatlıq doğurur.
Alış-veriş məlumatları və xərçəng riski: Tapıntılar və təsirlər
Birləşmiş Krallıqda aparılan və JMIR Public Health and Surveillance (İctimai sağlamlıq və nəzarət) jurnalında dərc olunan tədqiqat İngiltərə, Şotlandiya və Uelsdəki klinikalardan cəlb edilmiş yumurtalıq xərçəngli 153 qadını və yumurtalıq xərçəngi olmayan, təxminən eyni yaşlarda, onlayn qeydiyyatdan keçmiş 306 qadını əhatə edib. Bütün iştirakçılar 2 pərakəndə satıcıdan 6 ilə qədər geriyə gedən kredit kartı məlumatlarını paylaşmağa razılaşıblar.
Tədqiqatçılar həzmi tənzimləyən dərman və ağrıkəsici almaqla yumurtalıq xərçəngi diaqnozu arasında əhəmiyyətli əlaqə tapıblar və bu əlaqə diaqnozdan 8 ay əvvəl ən yüksək səviyyədə olub (şans nisbəti [OR], 2,91; 95% CI, 2,07-4,12). Həzm dərmanları bu əlaqənin əsas səbəbi olub və onların alınması diaqnozdan 9 ay əvvəl artmağa başlayıb (OR, 1,38; 95% CI 1,04-1,83).
Ən güclü əlaqə irəliləmiş mərhələdə yumurtalıq xərçəngi diaqnozu qoyulmuş qadınlarda müşahidə edilib. Bu qrupda alış-veriş tarixçəsi yumurtalıq xərçəngli xəstələrin 68%-ni proqnozlaşdıra bilib.
İrəliləmiş / gec mərhələdə xəstəliyi olanlar erkən mərhələdəkilərə nisbətən xəstəliyin gedişi daha əlverişsiz olan, əlamətlər yaşayan və həqiqətən daha erkən diaqnoz qoymalı olduğumuz xəstələrdir.
Yumurtalıq xərçənginə erkən diaqnoz qoymaq çətin ola bilər, çünki erkən mərhələdə əlamət verməyə meyilli deyil — adətən həzm problemləri, mədə və bel ağrıları — və hətta həkimlər də bunları gözdən qaçıra bilərlər.
Bu tədqiqatın son məqsədi xəstələrin həkimə daha erkən müraciət etməsini təmin etmək və ilk əlamətləri hiss etmələri ilə tibbi yardım axtarmaları arasındakı müddəti qısaltmaq idi. Lakin alış-veriş davranışı yumurtalıq xərçəngi ilə kifayət qədər güclü əlaqələndirilmir.
Tədqiqatın müəllifi Dr. James M. Flanagan və həmkarları indi kredit kartı məlumatlarını daha dərindən araşdırırlar. Onlar reseptsiz dərman alışlarının, bəlkə müəyyən qida və vitaminlərlə birlikdə, yumurtalıq xərçəngi riskinin güclü proqnozlaşdırıcısı ola biləcək alış kombinasiyaları yaradıb-yaratmadığını öyrənirlər.
Müəyyən alış kombinasiyaları yumurtalıq xərçəngi, digər xərçəng növləri və ya qıcıqlanmış bağırsaq sindromu kimi vəziyyətlərə görə davamlı köp əlamətini göstərən daha ümumi bir siqnal da ola bilər. Bu siqnal istehlakçılara həzm sistemi ilə bağlı bir vəziyyətləri ola biləcəyini və həkimləri ilə danışmaq istəyə biləcəklərini bildirən mesaj göndərməyə əsas verə bilər.
Hararinin “Homo Deus” kitabını xatırladan tədqiqat
Yuval Noah Harari tarixçi və populyar elm yazarıdır. Ən tanınmış əsərləri "Sapiens: İnsan növünün qısa tarixi", "Homo Deus: Sabahın qısa tarixi" və "21-ci əsr üçün 21 dərs" kitablarıdır. Harari kitablarında və çıxışlarında texnologiyanın, məlumatların və alqoritmlərin insan həyatına təsirini müzakirə edir.
Alqoritm problemin həllinə çatmaq üçün yaradılmış həll yoludur. Bunu “Problem + Alqoritm = Həll” kimi düşünmək olar. Tibbə xas deyil, lakin alqoritmlər ən çox tibb və mühəndislikdə istifadə olunur. Sağlamlığa xidmət edəcək süni intellekt sistemləri minlərlə, hətta məhdudiyyətsiz sayda alqoritmi biləcək şəkildə hazırlanır.
Harari alqoritmlərin və böyük verilənlərin insanların sağlamlığı haqqında proqnozlar vermək və fərdiləşdirilmiş sağlamlıq tövsiyələri təqdim etmək potensialını vurğulayır. Xüsusilə "Homo Deus" kitabında gələcəkdə hesablama texnologiyalarının sağlamlığı və həyat keyfiyyətini yaxşılaşdıra biləcəyini müdafiə edir. Buna görə alqoritmlər insanların alış-verişi, qidalanma vərdişləri, sosial media və digər fəaliyyətlərindən toplanan məlumatlara əsasən sağlamlıq vəziyyətini qiymətləndirə, xəstəliklərin qarşısının alınmasına və erkən diaqnozuna töhfə verə bilər.
Harari bu inkişafın cəmiyyətə və fərdlərə mümkün təsirlərini və etik problemləri də nəzərdən keçirir. Alqoritmlərin insan sağlamlığı haqqında proqnozlar verə bilməsi şəxsi məlumatların toplanması və təhlili sayəsində mümkün olur. Bu, insanların məxfilik hüquqlarını və məlumat təhlükəsizliyini təhdid edə bilər. Ona görə texnoloji inkişafın faydalarını qiymətləndirərkən etik və hüquqi problemlərə də diqqət yetirmək vacibdir.
Şəxsi məlumatlardan istifadə: İstehlakçı baxışları və qorunma qanunları
Dr. Flanagan və həmkarları istehlakçıların kredit kartı məlumatlarını sağlamlıq tədqiqatları üçün paylaşmaq barədə fikirlərini öyrənmək məqsədilə üzbəüz fokus qrupları və telefon müsahibələrini əhatə edən bir neçə tədqiqat aparıblar.
Bir tədqiqatda istehlakçıların 54%-ü bu məlumatları tədqiqat üçün paylaşmağa hazır olduğunu deyib. Məlumat bağışının məqsədini başa düşəndə istehlakçılar məlumatlarını bağışlamağa daha çox meyilli olublar, lakin bunu edib-etməyəcəklərini proqnozlaşdıran ən güclü amil "sosial vəzifə" olub.
Tədqiqat istehlakçıların xüsusilə məlumatların necə idarə olunacağı, xəbərləri olmadan tədqiqatdan kənar məqsədlərlə istifadə edilib-edilməyəcəyi və kimliklərini, yerlərini qorumaq üçün anonimləşdirilib-anonimləşdirilməyəcəyi barədə narahatlığını üzə çıxarıb.
Bu təminatların bəzilərini şəxsi məlumatlara dair mülkiyyət və nəzarət hüququ verən məlumatların qorunması qanunları olan Birləşmiş Krallıq və Avropa ilə müqayisədə təmin etmək daha çətin ola bilər.
“[ABŞ-da] hazırda bir çox halda [pərakəndə mağazasının] kredit proqramı vasitəsilə topladığı məlumatlardan necə istifadə edə biləcəyini və başlanğıcda nələri açıqlamalı olduğunu çox zəif tənzimləyən ştat və sahə qanunlarından ibarət bir mozaika var,” — deyə EPIC adlı qeyri-kommersiya tədqiqat və hüquq müdafiə qrupunun baş hüquqşünası və məhkəmə işləri direktoru John Davisson bildirib.
Lakin o, pərakəndə mağazalarının tədqiqatlardan fərqləndiyini qeyd edib. Tədqiqatlar adətən məlumatların təhlükəsiz idarə olunmasını təmin etmək üçün ciddi nəzarət göstərən institusional etik komitələrə tabedir. Məsələn, bir ərzaq mağazası kredit kartı məlumatlarını tədqiqat qrupu kimi üçüncü tərəfə verməkdə sərbəst olsa belə, tədqiqatçılar çox güman ki, istehlakçıların razılığını almalı olacaqlar.
Növbəti addımlar: Daha çox tədqiqat və real həyatda tətbiqlər
Mövcud tədqiqatlar kredit kartı proqramları vasitəsilə hər hansı xərçəng xəbərdarlığı sistemi tətbiq etmək üçün yetərli sübut təqdim etməkdən çox uzaqdır.
Tədqiqat bu şəxsi məlumatların faydalı olub-olmadığına dair konsepsiyanın sübutu idi. Onların faydalı olduğuna qərar versək, bu məlumatlara əsasən hərəkət edə biləcək sistemlərin qurulması tamamilə başqa məsələ olacaq.
Dr. Flanagan və həmkarları ilkin tədqiqatın nəticələrini təsdiqləyə bilsələr, istehlakçılara xəbərdarlıq etməyin ən məqbul yolları üzrə tədqiqatlar aparmağa ümid edirlər. Tədqiqatçılar, xəstələr və ilkin tibbi yardım həkimləri ilə müsahibələrdə bunun necə işləyə biləcəyinə dair bəzi yollar müəyyənləşdirilib. Məsələn, kredit kartı sistemləri alqoritmin müəyyən etdiyi potensial risk haqqında istehlakçılara və ya onların həkimlərinə məktub göndərə, yaxud istehlakçılar üçün diaqnostika mərkəzində avtomatik görüş təyin edə bilər.
Real həyat şəraitində alış-veriş məlumatlarından alqoritm vasitəsilə xərçəng riskini müəyyənləşdirmək üçün istifadə edilərsə, kredit kartı sisteminin əhalinin mühüm qruplarını əhatə etməyə biləcəyini də nəzərə almaq vacibdir.
Real həyatda sağlamlıq bildirişi sistemi üçün alış-veriş məlumatlarından istifadə tədqiqat mühiti ilə müqayisədə “əlavə mürəkkəblik yaradır”. Məlumatlara kimin çıxış əldə edə biləcəyi və onlardan necə istifadə edəcəyi barədə eyni təminatlar da olmalıdır.
İstehlakçılar məlumatlarını paylaşmaqla maraqlanırlarsa, onlara məlumatlarının necə istifadə olunduğunu izah etməkdə və istifadə etdiyiniz alqoritmin nəticələrini çatdırmaqda çox diqqətli olmalısınız.
Yekun olaraq, kredit kartı ilə alış-veriş məlumatlarından xərçəng riskini proqnozlaşdırmaq üçün istifadə potensialına dair bu yeni tədqiqat gələcək tətbiqlər üçün mühüm fikirlər təqdim edir. Bununla belə, belə məlumatlardan istifadənin etik və hüquqi çətinlikləri də nəzərə alınmalıdır. İstehlakçıların məxfiliyi və məlumatlarının necə istifadə ediləcəyi barədə narahatlıqlarını aradan qaldırmaq, onların razılığını almaq bu prosesin mühüm hissəsi olacaq. Bundan əlavə, real həyatda uğurlu tətbiq üçün alış-veriş məlumatları ilə xərçəng riskini proqnozlaşdıran alqoritmlərin dəqiqliyi və etibarlılığı barədə daha çox tədqiqat aparılmalıdır. Gələcək addımlar bu sahədəki tədqiqatları inkişaf etdirərək insanların həyatını xilas etməyə kömək edə biləcək erkən diaqnoz və profilaktika üsullarının tapılmasına töhfə verə bilər.
Mənbələr
2. Carina Storrs, PhD. Could Shopping Data Be Used to Predict Cancer and Diagnose It Earlier? 21 aprel 2023 cancertherapyadvisor.com
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.