Beyinə tətbiq olunan radioterapiyanın yan təsirləri hansılardır?

Bu məqalədə
Beyin şişləri üçün hərtərəfli müalicə planının bir hissəsi olan şüa müalicəsi, xərçəng hüceyrələrini hədəfləyir və onların effektiv məhv edilməsini təmin edə bilər. Şüa müalicəsi təkbaşına və ya cərrahiyyə və kimyaterapiya kimi digər müalicələrlə birlikdə istifadə oluna bilər. Bəs bununla yanaşı yan təsirlərə də səbəb ola bilərmi?
Bəli, beynin birincili (özündən qaynaqlanan) və ya ikincili (beyinə metastaz vermiş digər orqanların) xərçəngləri üçün tətbiq olunan şüa müalicəsinin yan təsirləri ola bilər. Bunlar şüanın tətbiq edildiyi nahiyə, şüa dozası və fərdi amillər daxil olmaqla müxtəlif faktorlardan asılı olaraq dəyişə bilər.
Beyin şişləri, xüsusilə birincili beyin şişləri zamanı adətən daha geniş sahə daha uzun müddət şüalanmaya məruz qala bilər. Bu, şişin ətrafındakı normal beyin toxumasına da zərər verə bilər, lakin bu risk adətən şişin özündən qaynaqlanan risklərlə balanslaşdırılır.
Bununla yanaşı, beyin metastazlarının sərhədləri adətən daha aydın olur və buna görə radioterapiya çox vaxt yalnız metastaz nahiyələrinə tətbiq edilir. Bu, ətrafdakı normal toxumaya daha az zərər dəyməsini təmin edir. Həmçinin beyin metastazları adətən digər orqanlardan yayılan xərçənglərin nəticəsidir, buna görə ümumi müalicə strategiyası adətən metastazların nəzarətə alınmasına yönəlir.
Beyin şişləri üçün şüa müalicəsinin yan təsirləri
Beyinə tətbiq olunan şüa müalicəsi ümumilikdə aşağıdakı qısamüddətli yan təsirlərə səbəb ola bilər:
- Yorğunluq
- Saç itkisi
- Ürəkbulanma və qusma
- Baş ağrısı
- Dəridə dəyişikliklər
- Yaddaş və nitq problemləri kimi koqnitiv çətinliklər
- Qıcolmalar
Qıcolma və baş ağrısı kimi yan təsirlər beyində ödem (şişkinlik) ola biləcəyinin əlaməti ola bilər. Bu, ciddi vəziyyətdir və təcili tibbi yardım tələb edir.
Yan təsirlər müalicə zamanı və ya sonra yaranmasına görə erkən və gec olmaqla iki fərqli kateqoriyada qiymətləndirilir.
Erkən yan təsirlər: Müalicə zamanı və ya sonrakı 1 ay ərzində yaranırlar. Adətən qısamüddətli, yüngül və idarəolunan olurlar:
- Yorğunluq
- Dəridə yaranan dəyişikliklər
Gec yan təsirlər: Müalicə bitdikdən 6 ay ilə bir neçə il sonra yarana bilən yan təsirlərdir:
- Yaddaş itkisi
- İnsulta (iflicə) bənzər əlamətlər
- Beyin funksiyalarının pozulması
Şüa müalicəsi ilə əlaqəli yan təsirlərin müalicəsi
Yorğunluq
Yorğunluq şüa müalicəsi də daxil olmaqla bir çox xərçəng müalicəsində rast gəlinən geniş yayılmış yan təsirdir. Beyinə radioterapiya alan xəstələrin 90%-ı kimi böyük əksəriyyəti yorğunluq yaşadığını bildirir.
Bu müddətdə kifayət qədər istirahət etmək, enerjini boş yerə sərf etməmək və yüngül fiziki fəaliyyətlə məşğul olmaq vacibdir. Balanslaşdırılmış və sağlam qidalanma, eləcə də su qəbulu diqqət edilməli məqamlardır.
Əlaqəli mövzu: Xərçəngdə halsızlıq və yorğunluq: niyə yaranır və necə müalicə edilir?
Saç tökülməsi – saç itkisi
Beyin nahiyəsinə şüa müalicəsi başlandıqdan təxminən 2 - 3 həftə sonra müvəqqəti saç itkisi yarana bilər. Bu, qaş və kirpiklərə də təsir edə bilər.
Şüa müalicəsi zamanı saç itkisinin qarşısını almaq mümkün olmaya bilər. Müalicə başa çatdıqdan sonra saçlar adətən 3-6 ay ərzində yenidən çıxır. Saçın yenidən çıxmasını sürətləndirmək üçün lazımi dərman müalicəsi barədə dermatoloqa müraciət etmək olar. Bundan əlavə, saç itkisi yaşanan müddətdə və sonra bunları etmək olar:
- Parik və ya rahat baş örtüyündən istifadə etmək
- Çöldə günəşdən qoruyucu krem istifadə etmək və papaq taxmaq
- Baş dərisi qaşındıqda losyon və saç kremindən istifadə etmək
Dəridə yaranan dəyişikliklər
Radioterapiya dermatitin inkişafına səbəb ola bilər. Xüsusilə şüanın tətbiq edildiyi nahiyədə dəri iltihabı, quruluq və ya qaşınma yarana bilər. Bu əlamətlər adətən şüa müalicəsi alındıqdan sonrakı 1-3 həftə ərzində meydana çıxır.
Dəridə belə dəyişikliklər olduqda həkim və ya dermatoloqlar dəriyə qulluq tövsiyələri verəcəklər. Həmçinin yumşaq, qıcıqlandırmayan sabun və nəmləndiricilərdən istifadəyə, həddindən artıq istilikdən uzaq durmağa və müalicə edilən nahiyəni günəşdən qorumağa diqqət yetirilməlidir. Bu əlamətləri yaşayanlara Amerika Dermatologiya Assosiasiyası (ADD) bunları tövsiyə edir:
- Dərini ilıq su ilə çox ehtiyatla yumaq
- Lazım gəldikdə yumşaq, aşağı pH-lı təmizləyici istifadə etmək
- Süngər, üz təmizləmə bezləri, kisə və ya lif istifadəsindən çəkinmək
- Nahiyəni qırxmaqdan çəkinmək
- Hər gün nəmləndirici tətbiq etmək (hər hansı losyon və ya krem tətbiq etməzdən əvvəl mütəxəssislə məsləhətləşmək lazımdır)
Koqnitiv dəyişikliklər
Şüa müalicəsi beyin hüceyrələrini zədələyə bilər. Bu dəyişikliklər müalicədən illər sonra yarana bilər. Bəzi insanlarda yaddaş, diqqət və ya problem həll etmə ilə bağlı koqnitiv dəyişikliklər də yaşana bilər.
Şəxs yaddaş və ya diqqəti toplama kimi koqnitiv dəyişikliklər yaşayırsa, bəzi strategiyalar vəziyyəti idarə etməyə kömək edə bilər:
- Tapşırıqları daha kiçik, idarəolunan addımlara bölmək
- Xatırladıcılar və ya təşkilatlandırma vasitələrindən istifadə etmək
- Zehni məşqlər və ya tapmacalarla məşğul olmaq
- Koqnitiv reabilitasiya üsulları təklif edə bilən erqoterapevtlərdən və ya neyropsixoloqlardan dəstək almaq
Əlaqəli mövzu: Onlayn zehni məşqlər xərçəng xəstələrinin kemo-beyin şikayətlərini azaltmağa kömək edir
Baş ağrıları
Radioterapiya müvəqqəti baş ağrılarına səbəb ola bilər. Sadə baş ağrılarında reseptsiz satılan ağrıkəsicilər rahatlamağa kömək edə bilər. Lakin hər hansı dərman qəbul etməzdən əvvəl yenə də mütəxəssislə məsləhətləşmək vacibdir.
Həmçinin baş ağrıları beyində ödemdən (şişkinlikdən) yarana bilər və bu vəziyyət sürətlə müalicə edilməlidir. Buna görə şüa müalicəsi zamanı baş ağrısı yaşayan xəstələr mütləq mütəxəssisə müraciət etməlidirlər.
Ürəkbulanma və qusma
Ürəkbulanma və qusma adətən mədə nahiyəsini əhatə edən hallarda geniş yayılsa da, müalicə nahiyəsindən asılı olmayaraq mədədə yan təsirlər müşahidə edilə bilər. Şüa müalicəsi də insanların 50-80%-ində ürəkbulanma və qusmaya səbəb ola bilən müalicədir. Bundan əlavə, iştaha itkisinə də səbəb ola bilər. Bu hallar adətən şüa müalicəsi başa çatdıqdan sonrakı bir neçə həftədə düzələ bilər. Yan təsirlər yaşanan müddətdə az-az və tez-tez yemək tövsiyə edilir. Yağlı və ya ədviyyatlı qidalardan çəkinmək də vəziyyəti idarə etməyə kömək edə bilər. Həmçinin mütəxəssislər bəzi mədə dərmanları təyin edə bilərlər.
Əlavə olaraq ürəkbulanma beyində yarana bilən ödemin də əlaməti ola bilər. Buna görə şüa müalicəsi ilə əlaqəli ürəkbulanma yaşayan şəxslərin mütəxəssisə müraciət etməsi vacibdir.
Qıcolmalar
Beynin birincili şişləri, beyin metastazları və şüa müalicəsi qıcolma riskini artıra bilər. Qıcolma beyin ödeminin əlaməti ola bilər. Buna görə şəxs qıcolma keçirərsə, vaxt itirmədən mütəxəssisə müraciət etməsi vacibdir. Mütəxəssislər adətən vəziyyəti idarə etmək üçün dərman təyin edəcəklər.
Beyin ödemi
Radioterapiya beyində qısamüddətli ödemə (şişkinliyə) və təzyiqin artmasına səbəb ola bilər. Bu, adətən müalicədən sonrakı bir neçə gün və ya həftə ərzində baş verə bilər. Beyin ödemində yaşana bilən əlamətlər:
- Baş ağrısı
- Ürəkbulanma
- Qıcolmalar
Bu əlamətləri yaşayan şəxslərdə beyin ödemi riski olduğundan yan təsirləri görməzdən gəlməməli, sadə dərmanlarla vəziyyəti idarə etməyə çalışmamalı və bunun əvəzinə mütləq mütəxəssisə müraciət etməlidirlər.
Xəstədə beyin ödemi əlamətləri olduqda adətən xəstəxanada müşahidə altına alınır. Beyin ödemini azaltmaq məqsədilə kortikosteroidlər və mannitol kimi dərmanlarla təxminən 3-4 gün davam edən ödemə qarşı müalicə tətbiq olunur.
Stereotaktik radioterapiya və radiocərrahiyyə nədir – yan təsirləri hansılardır?
Stereotaktik radioterapiya və radiocərrahiyyə yüksək dozalı şüanın müəyyən hədəflərə yönəldilməsini əhatə edən ixtisaslaşmış şüa müalicəsi üsullarıdır. Hədəfə daha çox yönəldiklərinə görə adətən standart şüa müalicəsi ilə müqayisədə daha az yan təsirə səbəb ola bilirlər. Lakin stereotaktik radioterapiya və radiocərrahiyyə müalicə nahiyəsindən asılı olaraq müəyyən yan təsirlər yarada bilər. Məsələn, beyin şişlərində istifadə olunduqda ətraf beyin toxumasında ödemin yaranmasına səbəb ola bilərlər.
Xəstələr müalicə müddətinin istənilən dövründə yan təsir yaşaya bilərlər. Yan təsirlərin çoxu müalicə başa çatdıqdan sonrakı bir neçə həftədə düzələ bilər və ya bu, 2 ay çəkə bilər. Digər yan təsirlər isə sağlam hüceyrələrin bərpa müddətindən asılı olaraq daha uzun davam edə bilər.
Gec yan təsirlər zamanla düzələ bilər, lakin bəziləri qalıcı ola bilər.
Beyinə tətbiq olunan radioterapiyanın yan təsirlərini azaltmaq üçün:
- Mümkündürsə müntəzəm fiziki məşq etmək, lakin mütəxəssislə məsləhətləşmədən yeni və intensiv məşq proqramına başlamamaq
- İstirahətə diqqət yetirmək və üstünlük vermək
- Ailə və dostlardan dəstək almaq
- Alkoqol, tütün və kofein istehlakını məhdudlaşdırmaq
- Bol maye qəbul etmək
- Balanslaşdırılmış və sağlam qidalanmaq
- İştaha problemi varsa, qidalanma mütəxəssisi ilə birlikdə yemək planı hazırlamaq
Beyin şişində şüa müalicəsinin yan təsirləri və onların idarə olunmasının xülasəsi
Beynin birincili şişləri və ya beyinə metastaz vermiş şişlər üçün şüa müalicəsi istifadə olunan xüsusi müalicə üsullarından və fərdi amillərdən asılı olaraq yan təsirlərə səbəb ola bilər. Gec yan təsirlər müalicədən aylar və ya illər sonra da yarana bilər. Bununla yanaşı, müalicə zamanı və ya dərhal sonra erkən yan təsirlər də müşahidə oluna bilər.
Yan təsirlər idarə oluna bilər və müalicənin planlaşdırılmasında, stereotaktik radioterapiya kimi dəqiq üsullarda irəliləyişlər standart şüa müalicəsi ilə müqayisədə yan təsirləri minimuma endirməyə kömək edir.
Bəzi yan təsirlər müalicə ilə əlaqəli yarana bilən ciddi vəziyyətlərdən xəbər verə bilər. Buna görə xəstələrin mümkün yan təsir yaşadıqları halda mütəxəssisə müraciət etməsi vacibdir. Mütəxəssislər yan təsirləri idarə etmək üçün optimallaşdırılmış seçimlər və strategiyalar təqdim edəcəklər.
Əlaqəli mövzu: Radioterapiya texnologiyalarında başgicəlləndirici irəliləyişlər
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.