BioNTech peyvəndi hamilələrdə istifadə edilməlidirmi? Effektivdirmi?

Bu məqalədə
Dünyada yüz milyonlarla şəxs SAR-CoV-2(yeni koronavirus) tərəfindən törədilən Covid-19 xəstəliyinə yoluxdu və milyonlarla insan bu xəstəlikdən vəfat etdi. Hazırda Covid-19 peyvəndləri, SARS-CoV-2-nin səbəb olduğu pandemiyanın yayılmasına qarşı mübarizədə ən aparıcı yanaşmalardır. Mövcud peyvəndlərin ən təsirlisi isə mRNA peyvəndləridir (BioNTech və Moderna peyvəndləri). Dünyada mRNA Covid-19 peyvəndi olanların sayı artdıqca müşahidə məlumatları ilə bu peyvəndlərin real dünyadakı effektivliyini və təhlükəsizliyini qiymətləndirmək imkanı yaranmışdır. Lakin başda BioNTech kimi mRNA peyvəndləri olmaqla koronavirus peyvəndlərinin təhlükəsizliyinin və effektivliyinin qiymətləndirildiyi faza 3 klinik sınaqlarına hamilə qadınlar, ağır Covid-19 və potensial mənfi hamiləlik nəticələri baxımından risk altında olmalarına baxmayaraq, daxil edilməmişdirlər. Hamilə qadınlarda peyvəndin effektivliyinə dair məlumatlar yaxın vaxtadək təəssüf ki, məhdud idi. Buna görə dünyada və ölkəmizdə bir çox hamilə qadın koronavirus peyvəndi etdirməkdən çəkinir. Bunun əksinə, çoxlu hamilə qadın Covid-19-a yoluxmuş, mənfi nəticələr yaşamış və yaşamağa davam edir.
BioNTech peyvəndinin hamilələrin immun sisteminə təsiri
İmmun sisteminin hamiləlik dövründə dəyişikliklərə uğradığı məlumdur. Məsələn, bu dövrdə CD4+ və CD8+ limfosit səviyyələrinin və bəzi iltihabi sitokin səviyyələrinin azaldığına dair sübutlar var. mRNA əsaslı peyvəndlər hamilə qadınlarda geniş sınaqdan keçirilməmiş yeni texnologiya olduğundan bu peyvəndlərin hamilələrdə yarada biləcəyi immun cavabın ümumi əhalidən fərqli ola biləcəyi düşünülür. Bu da peyvəndin effektivliyinin xüsusilə hamilə şəxslər üçün qiymətləndirilməsinə ehtiyacı artırır.
BioNTech peyvəndinin hamilələrdə təhlükəsizliyi və effektivliyi
20 dekabr 2020 ilə 3 iyun 2021 arasında 16 və daha yuxarı yaşlı hamilə qadınları əhatə edən böyük müşahidə tədqiqatının nəticələri Nature Medicinejurnalında dərc edildi. SARS-CoV-2 virusuna yoluxma, əlamətlərin müşahidə edildiyi Covid-19 halları, Covid-19 səbəbindən xəstəxanaya yerləşdirmələr, ağır Covid-19 və Covid-19 ilə əlaqəli ölümlər izlənərək peyvəndin effektivliyinə dair hesablama əldə edilmişdir.
Tədqiqatda BioNTech mRNA Covid-19 peyvəndinin hamilə qadınlarda ümumi əhalidəki digər şəxslərdə olduğu qədər effektiv olduğu göstərilmişdir. Tədqiqatçılar həmçinin “Tapıntılarımız gələcək variantlar üçün ümumi əhalidə hesablanan peyvənd effektivliyinin, xüsusilə mRNA əsaslı peyvəndlər üçün, eyni variantlara qarşı hamilə qadınlarda effektivliyi anlamaq məqsədilə istifadə edilə biləcəyini göstərmişdir” dedilər.
Başqa tədqiqata görə hamilə qadınların peyvənd olunması yenidoğulmuş körpələrin qorunmasını təmin edə bilər. mRNA peyvəndlərindən birini almış analardan doğulan körpələrin göbək ciyəsi qanında və ana südündə bağlayıcı və neytrallaşdırıcı anticisimlər aşkarlandı. Digər tədqiqatda da süd verən anaların peyvənd olunmasının ana südündə SARS-CoV-2-yə spesifik anticisimləri sürətlə artırdığı bildirildi. Bu potensial qorunmanın böyüklüyü və müddəti hələ məlum deyil.
Nəticə
Aparılan müşahidə tədqiqatının nəticəsi olaraq BioNTech mRNA Covid-19 peyvəndinin, tədqiqat zamanı İsraildə üstünlük təşkil edən variantlar da daxil olmaqla, ümumi əhali üçün hesablananla oxşar peyvənd effektivliyi ilə hamilə qadınlarda yüksək təsirli olduğu görüldü. Lakin yenə də hamiləlik boyunca peyvənd effektivliyinin dinamikasını, peyvənd olunma vaxtı ilə doğuşdan sonra körpənin qorunması arasındakı əlaqəni, hamiləliklə bağlı və ya əlaqəsiz təhlükəsizlik nəticələrini daha yaxşı anlamaq və səciyyələndirmək üçün əlavə tədqiqatlara ehtiyac var.
Bundan əlavə, əvvəllər yüksək peyvənd effektivliyinin hamilələri Covid-19 peyvəndlərinə həvəsləndirməkdə mühüm amil olduğu bildirilmişdir. Peyvəndin effektivliyi %90-dan çox olduqda hamilə qadınların %52-si peyvənd etdirməyə istəkli olduqlarını söyləmişdilər. Tədqiqatda hamilələrdə yüksək peyvənd effektivliyi hesablamasının bu əhalidə peyvəndi qəbul göstəricilərinin artmasına təsir edə biləcəyi də vurğulandı.
*
ƏLAQƏLİ MÖVZULAR
- Covid-19 dünya və Türkiyə üzrə aktual statistikalar
- Koronavirus haqqında son xəbərlər və elmi yeniliklər
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.