Məzmuna keç
Prof. Dr. Mustafa Özdoğan · Tibbi onkologiya mütəxəssisi

Erkən yaşda kolorektal xərçəng – Günahkar şəkərli içkilərdirmi?

Erkən yaşda kolorektal xərçəng – Günahkar şəkərli içkilərdirmi?

Yeni aparılmış analizə görə, yeniyetməlik və gənclik dövrlərində yüksək səviyyədə şəkərlə şirinləşdirilmiş içki istehlakıson dövrlərdə sürətlə artan erkən yaşda başlayan kolorektal xərçəngi qismən izah edə bilər — ən azı qadınlarda.

Tədqiqat gənc yetkinlik dövründə gündə iki və ya daha çox şəkərli içki içdiyini bildirən qadınların həftədə bir dəfə və ya daha az belə içki içənlərlə müqayisədə 50 yaşından əvvəl kolorektal xərçəng üçün 2 dəfə daha yüksək riskə malik olduğunu müəyyən etdi. Lakin mütəxəssislər nəticələrin kiçik saylara əsaslandığı və səbəb-nəticə təsirini sübut etmədiyi barədə xəbərdarlıq edirlər.

Weil Cornell Tibb şöbəsindən və Meyer Xərçəng Mərkəzindən Marcus DaSiva Goncalvesdən bu barədə şərh istənildikdə belə deyir: “Siçanlarda və insan populyasiyasını müşahidə edən dəstəkləyici tədqiqatlarda fruktoza tərkibli şəkərlərlə piylənmə, diabet və kolorektal xərçəng kimi müəyyən xərçənglər arasında əlaqə olduğunu dəstəkləyən güclü sübutlar mövcuddur.”

Kolorektal xərçəng yaşlılıq xəstəliyi hesab olunmuşdur, lakin son illərdə ABŞ və digər inkişaf etmiş ölkələrdə gənclərdə kolorektal xərçəngin insidansında (rastgəlmə tezliyində) əhəmiyyətli artım olmuşdur.

Kolorektal xərçəngin erkən yaşda başlamasına dair tapıntılar və təfərrüatlar

Gut jurnalında dərc olunmuş tədqiqatda Tibb Bacılarının Sağlamlığı Tədqiqatları II-dən (Nurses’ Health Study II – NHS-II) əldə edilmiş məlumatlar analiz edildi. Bu analizlə 25 – 42 yaşlı 95.464 qadın tibb bacısı arasında şəkərli içki istehlakı prospektiv araşdırıldı və 50 yaşından əvvəl başlayan kolorektal xərçəng kimi müəyyən edilən erkən yaş kolorektal xərçənginin inkişafı təhlil olundu. 42.272 iştirakçıdan ibarət alt qrupa 13 – 15 yaşlarında şəkərli içki istehlakı barədə suallar verildi.

Tibb bacıları hər 4 ildə alkoqolsuz içkilər, meyvəli içkilər, idmançı içkiləri və şəkərli çay kimi müəyyən edilən şəkərli içkilər haqqında suallar verən anketləri doldurdular. Həmçinin ailədə bağırsaq xərçəngi tarixçəsi, həyat tərzi, müntəzəm aspirin və ya qeyri-steroid iltihabəleyhinə dərman istifadəsi, vitamin əlavələri və kolonoskopiya / siqmoidoskopiya daxil olmaqla potensial kolorektal xərçəng risk amillərinə dair məlumatlar toplandı. İştirakçılara həmçinin çəkiləri və həyat tərzləri kimi sualları da əhatə edən yeniyetməlikdəki sağlamlıq vəziyyətləri barədə suallar verildi.  

Maksimum 24 illik (orta 14 il) izləmə müddətində tədqiqat 109 kolorektal xərçəng halını sənədləşdirdi və gündə iki və ya daha çox şəkərli içki içdiyini bildirən qadınlarda həftədə 12 unsiyadan (təxminən 340.19 gr) az şəkərli içki içən qadınlarla müqayisədə riskin 2,2 dəfə yüksək olduğu irəli sürüldü. Hər əlavə şəkərli içki miqdarı daha yüksək risklə əlaqələndirildi: gənclərdə %16 və yeniyetmələrdə %32.

Tədqiqatçılar həmçinin şəkərli içkilərlə yanaşı süni şirinləşdiricilərlə şirinləşdirilmiş içkilərin, az südlü və ya südlü qəhvənində təsirini araşdırdılar və kolorektal xərçəng riskinin %17 – %36 daha aşağı olduğunu tapdılar.

- Əlaqəli mövzu: Şəkərli və şirinləşdirilmiş pəhriz içkiləri bizə düşündüyümüzdən çox daha artıq zərər verir

Washington Universitetinin Tibb Məktəbindən Yin Cao nəticələrin “Daha yaxşı sağlamlıq nəticələri üçün şəkərli içki istehlakını məhdudlaşdırmağın ictimai sağlamlıq baxımından əhəmiyyətini gücləndirdiyini” vurğulayır. Bir açıqlamasında da “Nümunə ölçümüz məhdud olsa və bu nəticələr daha çox təsdiq tələb etsə də, ABŞ-dakı uşaq və yeniyetmələrin %30-unun gündə 1,5 porsiyadan çox şəkərli içki içdiyini qeyd etmək vacibdir. Yeniyetmə və gənclər arasında şəkərli içki istehlakını azaltmaq və / və ya bu içkiləri başqa sağlam içki formaları ilə əvəzləmək erkən yaş kolorektal xərçənginin artan riskini azaltmaq üçün mühüm və həyata keçirilə bilən strategiya ola bilər” deyir.

Lakin bu tədqiqata etiraz edən mütəxəssislər də var. Oxford Universitetinin İlkin Səhiyyə Elmləri şöbəsindən tədqiqatçı və qidalanma mütəxəssisi Carmen Piernas “Ümumiyyətlə bu nəticələr başqa populyasiyalarda daha böyük tədqiqatlar aparılanadək ilkin və istiqamətverici iş kimi düşünülməlidir” deyir. Piernas analizin mühüm məhdudiyyətinin statistik güc çatışmazlığı olduğunu deyir.

“Bu nəticə iki və ya daha çox şəkərli içki içən qrupda 138.469 şəxs arasında ildə 16 kolorektal xərçəng halı mənasına gəlir. Mütləq risk çox aşağıdır.”

Piernas yenə də şəkərli içki istehlakının çəki artımı və diabet riskini artırdığına dair güclü sübutların olduğunu və hər kəsin belə içkilərin istehlakını minimuma endirməyi hədəfləməli olduğunu bildirir. Bu analizin həmin faktı dəyişdirməyəcəyini də əlavə edir.

- Əlaqəli mövzu: Diabet xəstələrinin içə biləcəyi və uzaq durmalı olduğu 10 içki

The Open Universitetindən Prof. Dr. Kevin McConway şərhini bu sözlərlə ifadə edir: “Şəkərli içkilərlə 50 yaşdan aşağı bağırsaq xərçəngi arasında müşahidə olunan əlaqənin səbəb-nəticə əlaqəsi olub-olmadığından əmin deyilik. Az şəkərli içki içən qadınlarla çox şəkərli içki içən qadınlar arasında bir çox fərq var… Bəlkə də tədqiqatçılar bəzi mühüm amillərə görə düzəliş etməyiblər.”

Premier Tədqiqatının biostatistika rəhbəri Adam Jocabs da bunları deyir: “Qırmızı ət istehlakı kimi qarışdırıcı amillərin çoxu düzgün ölçülməsi çətin həyat tərzi amilləridir. Qarışdırıcı dəyişənlərin ölçülməsində hər hansı yanlışlıq, xüsusilə əlaqələr ilk növbədə kifayət qədər sərhəddə nəticələr olduqda, nəticələrlə bağlı asanlıqla qərəz yarada bilər.”

Siçanlardan əldə edilən güclü sübut

Bu xüsusi tədqiqatın məhdudiyyətlərinə baxmayaraq, Goncalves digər epidemioloji tədqiqatların da bu siqnalı gördüyünə və siçanlarda güclü sübutların əldə edildiyinə diqqət çəkir.

“Pəhrizlə qəbul edilən münasib miqdarda fruktozanın siçan şiş modellərində hətta piylənmə olmadıqda belə bağırsaq xərçənginin böyüməsinitəşviq etdiyini tapdıq.”

Goncalves bu prosesin fruktozanı fruktoza-1-fosfata çevirən, şiş hüceyrəsinin metabolizmini dəyişən və hüceyrə böyüməsinin artmasına gətirən ketoheksokinaza adlı ferment tələb etdiyini açıqladı.

“Hətta Nature-da nəzərdən keçirilən və bu nəticələri daha da dəstəkləyəcək yeni məlumatlarımız da var.”

“Fruktoza istehlakını kolorektal xərçəng riski və kolorektal xərçəngə məxsus mortalite (ölüm göstəricisi) ilə əlaqələndirən bir neçə geniş və prospektiv kohort tədqiqatı mövcuddur. Fruktoza ilə kolorektal xərçəng arasındakı əlaqənin qidalanma epidemiologiyası tədqiqatlarında ardıcıl müşahidə edilmədiyi və əhəmiyyətinin ümumiyyətlə kiçik olduğu doğru olsa da, bu yanaşmaların dəqiqliyini məhdudlaşdıran özünəməxsus çətinliklər var. Məsələn, orqanizmin metabolizmininvə şişin molekulyar heterogenliyinin fruktozanın kolona çatmasına və şiş tərəfindən mənimsənilməsinə təsir etdiyi düşünülür. Lakin bu amillər epidemioloji tədqiqatlarda qiymətləndirilməyib və bu da nəticələrin şərhində potensial çaşqınlıq yaradır. Eyni şəkildə şəkər istehlakını izləmək üçün istifadə edilən anketlər xəstələrdə xərçəngin inkişaf etdiyi illər ərzində və ya onların həyatını itirdiyi zaman istehlakı təxmin etmək üçün lazım olan dəqiqlik və əhatədən məhrumdur.”

- Əlaqəli mövzu: 2021-ci il üçün 21 sağlam həyat tövsiyəsi

Mənbələr

1. Kate Johnson. Early-Onset Colorectal Cancer — Are Sugary Drinks to Blame? - Medscape - May 07, 2021. https://www.medscape.com

2. Goncalves, M. D. ve ark. (2019, Mar 22). High-fructose corn syrup enhances intestinal tumor growth in mice. Science: https://science.sciencemag.org/

Görüş sorğusu

DROZDOGAN SÜNİ İNTELLEKT

Bu məqaləni birlikdə araşdıraq

Məqalə haqqında sual verin və cavabları saytımızdakı yayımlanmış mənbələrlə birlikdə oxuyun.

DROZDOGAN SÜNİ İNTELLEKT

Drozdogan Köməkçisi

Erkən yaşda kolorektal xərçəng – Günahkar şəkərli içkilərdirmi?

Məqalə haqqında sual verin və cavabları saytımızdakı yayımlanmış mənbələrlə birlikdə oxuyun.

Söhbət və məxfilik məlumatı

Bu söhbətə Drozdogan Köməkçisi cavab verir. Səlahiyyətli sayt idarəçiləri onu keyfiyyət üçün nəzərdən keçirə bilər. Şəxsi məlumat paylaşmayın.

Cavablar OpenAI infrastrukturu ilə hazırlanır. Suallar və cavablar həmin xidmət tərəfindən işlənir; söhbət qeydləri saytımızda saxlanılır. Şəxsiyyət, əlaqə və ya şəxsi sağlamlıq məlumatlarını paylaşmayın.

0 / 1000

Yalnız məlumat üçündür; fərdi diaqnoz və ya müalicə məsləhəti verilmir.

Əlaqəli məqalələr

Bu mövzuda digər məqalələrə baxın.

Yeniliklərdən xəbərdar olun

Yeni məqalələri və elmi yenilikləri e-poçtla alın.

Google Analytics ümumi səhifələrdə bu pəncərədən asılı olmadan işləyir və analitik kukilərdən istifadə edə bilər. Buradakı seçiminiz yalnız xarici xidmətləri idarə edir.