Fotoimmunoterapiya: Xərçəngdə hədəflənmiş immunoterapiya üsulu

Bu məqalədə
Standart onkoloji müalicələr cərrahiyyə, radioterapiya və kimyaterapiyanı əhatə edir. Lakin xərçəngi müalicə etmək və ya ondan qorunmaq üçün hər gün daha çox sayda və növdə müalicə yanaşmaları hazırlanır. Xərçəng hüceyrələrində olub normal hüceyrələrimizdə olmayan bioloji xüsusiyyətlərin kəşfi hədəfə yönəlmiş müalicələrə, immun sistemimizi daha yaxşı tanımağımız isə immun müalicələrə yol açmışdır. Daha yeni yanaşma hədəfə yönəlmiş müalicələrlə immunoterapiyaların birləşdirilməsidir. Bunun ən gözəl nümunələrindən biri fotoimmunoterapiyadır.
Fotoimmunoterapiya, infraqırmızı (infrared) işıq istifadə edərək yalnız xərçəng hüceyrələrini sürətlə və sağlam hüceyrələrə zərər vermədən məhv etməyi hədəfləyən müalicə növüdür.
Xərçəng hüceyrələri səthlərində özlərinə xas bəzi reseptorlar daşıyır və ya bəzi reseptorlar xərçəng hüceyrələrində normal hüceyrələrdən daha sıx olur. Xərçəng hüceyrələrinə xas reseptorların kəşfi hədəflənmiş xərçəng müalicələrinin hazırlanmasında böyük əhəmiyyət daşıyır.
Fotoimmunoterapiyada tədqiqatçılar xərçəngə xas reseptorları tanıyan monoklonal anticisimlərə bağlanan və müəyyən dalğa uzunluğunda işığı udan molekullar hazırlamışdır. Bu molekulların xüsusiyyəti xərçəng hüceyrəsinin səthindəki hədəf reseptora bağlandıqda ucundakı işıqudan molekulun aktivləşməsidir. Fotoimmunoterapiya müalicəsinin detalları belədir;
- Xəstəyə xərçəng hüceyrələrinin səthindəki reseptorları tanıyan və işığa həssas molekul daşıyan monoklonal anticisimlər inyeksiya edilir.
- Orqanizmə inyeksiya edilmiş monoklonal anticisimlər xərçəng hüceyrələrinin səthindəki reseptorları tanıyıb bağlanır. Bu bağlanma nəticəsində işığa həssas molekul aktivləşir.
- Lazer işığı xəstəyə tətbiq edildikdə aktivləşən işığa həssas molekul xərçəng hüceyrələrinin qişa quruluşunun pozulmasına və nekroz adlanan hüceyrə ölümünə səbəb olur. Ölməkdə olan xərçəng hüceyrəsindən buraxılan zülallar kimi hüceyrə materialları şiş mikromühitinə yayılır. İmmun sistemi hüceyrələri bu molekulları “yad” tanıyıb hücuma keçir. Beləcə xərçəngə qarşı sistemik immunitet də yaradılır.
Fotoimmunoterapiyada son inkişaflar
- 2016-cı ilin aprelində Amerika Xərçəng Araşdırmaları Assosiasiyasının İllik Toplantısında dərc edilmiş tədqiqatda alimlər hazırladıqları infraqırmızı işıq yayan fotoimmunoterapiya ilə siçan modellərində şişə qarşı immun cavabı artırmağa nail olmuşlar. Araşdırmada şiş mikromühitində olub şişə qarşı immun cavabın yaranmasını əngəlləyən immun sistemi hüceyrələri fotoimmunoterapiya ilə hədəflənmişdir.
- 2016-cı ilin martında Oncotarget adlı jurnalda dərc edilmiş tədqiqata görə hüceyrə kulturası və siçan modellərində xərçəng hüceyrələri fotoimmunoterapiya ilə yüksək dəqiqliklə hədəflənmişdir. Tədqiqatda mezotelioma, mədəaltı vəzi və yumurtalıq xərçəngi hüceyrələrində fəaliyyəti yüksək olan mesothelin adlı hüceyrə səthi proteininə qarşı işıqudma xüsusiyyətli monoklonal anticisim hazırlanaraq fotoimmunoterapiya tətbiq edilmişdir. Nəticələrə görə normal toxumalara zərər vermədən xərçəng hüceyrələri sürətlə və seçici şəkildə məhv edilmişdir.
- 2016-cı ilin noyabrında faza 1 klinik tədqiqatları başlamışdır. Klinik tədqiqatlar təkrarlayan baş və boyun xərçəngi olan EGFR1 reseptoru pozitiv xəstələri əhatə edir.
Fotoimmunoterapiyanın digər fotodinamik müalicələrdən fərqi nədir?
- Fotodinamik müalicələr iki mərhələdən ibarətdir. Əvvəlcə fotosensitayzer (fotohəssaslaşdırıcı) adlanan, xərçəngli toxumalara yaxın nahiyələrdə toplanmaq üçün hazırlanmış molekullar xəstəyə inyeksiya edilir. Sonra müəyyən dalğa uzunluğunda işıq verilir. İşığı udan molekul radikal oksigen yaradaraq yaxınlıqdakı hüceyrələrin ölümünə səbəb olur. Təsirli üsul olsa da, seçiciliyi çox aşağıdır. Normal hüceyrələr də zədələnir və ciddi yan təsirlərə səbəb olur.
- Fotoimmunoterapiyada isə monoklonal anticisimlərdən istifadə edərək xərçəngli hüceyrə spesifik olaraq (daha yüksək dəqiqliklə) seçilir. Beləcə müalicənin sonunda normal hüceyrələrin zərəri minimum olur.
Fotoimmunoterapiya hələ təcrübi mərhələdə olan müalicə növüdür. Bədənin hər nahiyəsində infraqırmızı işıq istifadə etmək mümkün deyil. Həmçinin lazer toxumalara dərin nüfuz edə bilmir. Digər tərəfdən fotoimmunoterapiya sınaqları aparılan siçanlara şişlər sonradan dəri altına yerləşdirilmiş və bu siçanların immun sistemləri basqılanmışdır. Buna görə insandakı həqiqi şiş mikromühitini əks etdirmir. Fotoimmunoterapiyanın effektivliyini müəyyən etmək üçün insanlarda klinik tədqiqatların nəticələrini gözləmək lazımdır.
Xərçəngi tam müalicə etmək bu gün əksər xərçəng növləri üçün mümkün görünməsə də, bir neçə onillikdə xərçəngi idarə olunan xroniki xəstəliyə çevirməyə nail olacağımıza ümid edirik.
Mənbələr:
- Sato K. et al., Cancer Treatment by near infrared photoimmunotherapy targeting intratumoral regulatory T cells, Proceedings of the 107th Annual Meeting of American Association for Cancer Research, 2016 April 16-20.
- Nagaya, T., Nakamura, Y., Sato, K., Zhang, Y., Ni, M., Choyke, P., Ho, M., & Kobayashi, H. (2016). Near infrared photoimmunotherapy with an anti-mesothelin antibody. Oncotarget., 7(17), 23361-23369.
- Clinical trial Identifier: NCT02422979,A Phase I Multicenter, Open-Label, Dose-Escalation, Combination Study of RM-1929 and Photoimmunotherapy in Patients With Recurrent Head and Neck Cancer, Who in the Opinion of Their Physician, Cannot Be Satisfactorily Treated With Surgery, Radiation or Platinum Chemotherapy
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.