İlk Birgə Ağciyər-Qaraciyər Transplantasiyası ilə Həyatda Qalan Xərçəngli Həkimin Hekayəsi

Dr. Gary Gibbon üçün vaxt daralırdı. 3-cü mərhələ ağciyər xərçəngi səbəbindən aldığı kimyaterapiya, radioterapiya və immunoterapiya kombinasiyası ağciyərlərini qalıcı şəkildə zədələmiş və qaraciyərinə bərpaolunmaz zərər vermişdi.
Kaliforniyanın Santa Monica şəhərindən olan 69 yaşlı ağciyər xəstəlikləri mütəxəssisi Dr. Gibbon Çikaqodakı Northwestern Medicine xəstəxanasında aparılmış birgə ağciyər-qaraciyər transplantasiyası sayəsində həyatını davam etdirə bilib. Bu uğurlu əməliyyat tibbdə mühüm dönüş nöqtəsi kimi qeydə alınıb.
Qeyd: Ümumiyyətlə, immunoterapiyalar kimyaterapiya və digər xərçəng müalicəsi üsulları ilə müqayisədə daha az yan təsirə malik hesab edilir. Lakin bu müalicələr çox nadir hallarda immun sistemini anormal və həddindən artıq şəkildə aktivləşdirə bilər. Bu həddindən artıq aktivləşmə immun sisteminin bədənin öz normal toxumalarına hücum etməsinə və ciddi toxuma zədələnməsinə səbəb ola bilər. Dr. Gibbonun yaşadığı ağciyər və qaraciyər zədələnməsi immunoterapiya ilə əlaqəli belə yan təsirlərin nümunəsi kimi qiymətləndirilə bilər (bax: immunoterapiyanın yan təsirləri).
Northwestern Medicine Canning Thoracic Institute-un baş cərrahı və torakal cərrahiyyə direktoru Dr. Ankit Bharatın açıqlamasına görə, «Bildiyimiz qədərilə bu, irəliləmiş ağciyər xərçəngi olan xəstəyə uğurla birgə ağciyər-qaraciyər transplantasiyası aparıldığı ölkədəki ilk haldır». Dr. Bharat Dr. Gibbonun ağciyər transplantasiyasını həyata keçirib.
"Onilliklərdir həkiməm və bəzən müalicə planlarımızda mühafizəkar ola bilirik. Buna görə bu prosedura daxil olan elmin miqyası məndə heyranlıq doğurur,— deyə pulmonoloq, allerqoloq və immunoloq Dr. Gibbon bildirib.
Dr. Gibbon Cənubi Afrikanın Keyptaun şəhərində doğulub, lakin xəstələnməzdən əvvəl son 33 ilini Santa Monicada özəl həkimlik fəaliyyəti ilə keçirib. 2023-cü ilin martında öskürməyə və çəki itirməyə başlayıb. Görüntüləmə müayinələri 3-cü mərhələ ağciyər xərçəngini üzə çıxarıb.
Dr. Gibbon kimyaterapiya, radioterapiya və immunoterapiya alıb, lakin iyulun ortalarında septik şok, pnevmoniya və çoxorqan çatışmazlığı ilə xəstəxanaya yerləşdirilib. İmmunoterapiya onun ağciyərlərində geridönməz çapıqlaşma yaratmışdı və onların yeniləri ilə əvəz olunması lazım idi.
"Bir pulmonoloq, yəni ağciyər xəstəlikləri mütəxəssisi olaraq, heç vaxt ağciyər transplantasiyasına ehtiyacım olacağını düşünməmişdim — xüsusilə də ağciyər xərçənginə görə,— deyə Dr. Gibbon bildirib.
Northwestern Universiteti «Hər iki ağciyərin dəyişdirilməsi və multidissiplinar qayğı» adlı öz növündə ilk klinik proqramı təqdim edir (DREAM= Double lung transplant REgistry Aimed for lung-limited Malignancies) və Dr. Gibbon həyatını xilas etmək üçün buradakı həkimlərə müraciət edib. Dr. Gibbonu qiymətləndirərkən Northwestern həkimləri immunoterapiyanın həm də qaraciyər sirrozuna səbəb olduğunu müəyyənləşdiriblər.
Dr. Gibbon 10 saat davam edən əməliyyat zamanı eyni donordan yeni ağciyərlərini və qaraciyərini almaq üçün 10 sentyabr 2023-cü ildə 4 saatlıq tibbi uçuşla Çikaqoya gətirilib və Northwestern Memorial xəstəxanasının intensiv terapiya şöbəsində donor orqanlarını gözləyib. Transplantasiya gözləmə siyahısında 12 gün keçirdikdən sonra yeni ağciyərlərini və qaraciyərini alıb.
Cərrahlar əvvəlcə yeni ağciyərləri yerləşdiriblər; donor qaraciyər isə orqana isti, oksigen və qida maddələri ilə zəngin qan ötürən aparat vasitəsilə bədən xaricində canlı saxlanılıb — həkimlərin «qutudakı qaraciyər» adlandırdığı texnologiya.
Qaraciyərin qorunması texnologiyası Dr. Bharata Dr. Gibbonun zədələnmiş ağciyərlərini və bütün xərçəngi çıxarmaq üçün kifayət qədər vaxt verib. Dr. Bharat həm xərçəngli ağciyərləri çıxarıb, həm də yeni ağciyərləri köçürməzdən əvvəl tənəffüs yollarını və döş boşluğunu yuyub. Bu proses zamanı Dr. Gibbon tam ürək-ağciyər baypasında olub.
"Bu xəstələrin ağciyərlərində milyardlarla xərçəng hüceyrəsi ola bilər. Buna görə tək bir hüceyrənin belə xəstənin döş boşluğuna və ya qan dövranına keçməsinə yol verməmək üçün son dərəcə diqqətli olmalıyıq,— deyə Dr. Bharat bildirib. «COVID-19 səbəbindən aparılan ağciyər transplantasiyalarından qazandığımız təcrübə vasitəsilə bu texnikanın təkrarlanma riskini azaltmağa kömək edə biləcəyinə inanırıq."
Həkimlərinin bildirdiyinə görə, əməliyyatdan altı ay sonra Dr. Gibbonun bədənində xərçəng əlaməti yoxdur və artıq heç bir müalicəyə ehtiyacı qalmayıb. Transplantasiya komandası onu yaxından izləyə bilsin deyə Dr. Gibbon yay boyunca Çikaqoda qalacaq.

Bu fotoda çətin və mürəkkəb halların müalicəsi ilə tanınan Northwestern Medicine xəstəxanasının bu transplantasiyada iştirak edən 20-dən çox müxtəlif ixtisasdan ibarət tibbi komandası görünür. Komanda irəliləmiş ağciyər xərçəngi olan Dr. Gary Gibbona birgə ağciyər və qaraciyər transplantasiyası apararaq onun həyatının xilas edilməsində mühüm rol oynayıb.
Dr. Gibbon belə deyib: «Bu DREAM proqramı transplantasiya üçün yeni bir sahədir və bunu yaşaya, gözəl nəticə əldə edə bildiyim üçün çox xoşbəxtəm. Bu gün burada olmağımı təmin edən Northwestern Medicine olmasaydı, mən burada olmazdım.».
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.