İmmunoterapiya mədə xərçəngində əməliyyatı əvəz edə bilərmi?

Bu məqalədə
Fransada aparılmış yeni tədqiqat immunoterapiyanın bəzi mədə xərçəngi xəstələrinə əməliyyatdan yayınmağa kömək edə biləcəyini göstərir.
GERCOR NEONIPIGA adlı faza II klinik tədqiqat müqayisə qrupu olmayan və yalnız 32 xəstəni əhatə edən araşdırma idi, lakin buna baxmayaraq 6 kurs nivolumab (Opdivo) və ipilimumab (Yervoy) kombinə immunoterapiyasından sonra əməliyyat olunan 29 xəstənin 17-sində (%59) şiş əlaməti yox idi; yəni yüzdə altmışa çatan patoloji tam cavab göstəricisi!
Həqiqətən, iki xəstə əməliyyatdan əvvəl endoskopik mədə biopsiyaları şiş hüceyrəsi olmadığını göstərdikdən sonra əməliyyatdan imtina etdi. Əvvəldən metastaz inkişaf etmiş üçüncü xəstədə isə əməliyyat ləğv edildi.
Median 12 aylıq izləmədən sonra 30 xəstədə (%94) residiv (xərçəngin təkrarı) və ya proqressiya (xərçəngdə irəliləmə) olmadı. Qalan iki xəstədə əməliyyatdan əvvəl metastaz inkişaf etdi və bir xəstə əməliyyatdan 3 gün sonra ürək-damar fəsadına görə həyatını itirdi.
Bu nəticələr əlavə tədqiqatlarla təsdiqlənsə, kombinə immunoterapiyaya cavab verən mədə xərçəngi xəstələri üçün böyük imkan ola bilər. Parisin Sorbonne Universitetində tibbi onkologiya professoru, baş tədqiqatçı Dr. Thierry Adnre, Amerika Klinik Onkologiya Cəmiyyətinin (ASCO) 2022 Mədə-bağırsaq Xərçəngləri Simpoziumunda nəticələri təqdim edəndə "Əməliyyatdan yayınmaq bu xəstələr üçün arzudur" dedi.
Bu klinik tədqiqat "Lokalizə (erkən mərhələ) mədə xərçəngi olan bəzi xəstələrdə əməliyyatın təxirə salına və ya qarşısının alına biləcəyi sualını gündəmə gətirir." Nəticələri nəzərə aldıqda "bütün erkən mərhələ mədə xərçəngi xəstələri üçün deyil, yəqin ki, yarısı, bəlkə daha çoxu üçün əməliyyatsız müalicə mümkün görünür." Əməliyyatdan vaz keçən iki iştirakçıda olduğu kimi əməliyyatönü endoskopik biopsiyaların sonra aktiv müşahidə ilə tam cavab verənləri müəyyən etmək üçün istifadə edilə biləcəyini söylədi.
Tədqiqata mədə xərçəngli 16 və ezofaqoqastrik (qida borusu-mədə birləşməsi) adenokarsinomalı 16 xəstə daxil edildi. Hamısının şişində MSI-H və ya dMMR adlı DNA təmir mexanizmi problemləri vardı; bu, immunoterapiyaya cavabı proqnozlaşdırmaqda istifadə etdiyimiz biomarkerdir (mədə xərçənglərinin təxminən %20-sində bu genetik vəziyyət mövcuddur).
Başlanğıcda xəstələrin;
- 22-sində T3 mərhələ (şişin mədəni örtən seroz qişaya çatması, lakin periton adlanan qarın pərdəsinə çatmaması) mədə xərçəngi,
- 4-ündə T2 mərhələ (şişin mədənin əzələ qatına çatması) vardı və
- 6 xəstədə mərhələ endoskopiya ilə qiymətləndirilə bilmirdi.
Xərçəngin mədəətrafı limfa düyünlərinə yayılıb-yayılmadığı bilinmirdi, lakin başlanğıcda metastaz yox idi.
Xəstələrə 12 həftə ərzində 6 kurs 240 mg nivolumab və 2 kurs 1 mg/kg dozada ipilimumab verildi, son nivolumab inyeksiyasından median 5 həftə sonra R0 rezeksiya (geniş mədə xərçəngi əməliyyatı) aparıldı.
Nəticələr
- 17 xəstənin cərrahi nümunələri (bütün xəstələrin %59-u) neoadyuvant (əməliyyatdan əvvəl kiçildici) immunoterapiyaya tam patoloji cavab göstərdi [Becker şiş reqressiya dərəcəsi (TRD) 1a= ypT0N0]
- 4 xəstədə şiş yatağında %10-dan az qalıq şiş hüceyrəsi vardı (TRD 1b)
Şiş cavabına əsasən 25 xəstəyə əməliyyatdan sonra ayda 480 mg dozalarda 9 əlavə nivolumab tətbiqi verildi.
Dr. Andre çətinliyinə və əlavə təsirlərinə görə xəstələrin əməliyyatdan yayınmaq istədiyini, həmçinin xəstələrin %54-ündə anastomoz sızmaları, pankreatit, pnevmoniya və digər problemlər daxil müxtəlif fəsadlar olduğunu açıqladı.
İkili immunoterapiya əvvəl bildirilənlərə oxşar əlavə təsirlər yaratdı; xəstələrin %25-ində 3. və ya 4. dərəcəli əlavə təsirlər vardı.
Tədqiqat Fransada 10 mərkəzdə aparıldı. Xəstələrin təxminən dörddə üçü kişi idi və median yaş 65 idi.
Mənbələr
2. Can Immunotherapy Replace Surgery for Stomach Cancer? - Medscape - Jan 27, 2022.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.