İnsulinli kimyaterapiya nədir? Xərçəng müalicəsində yeri varmı?

Bu məqalədə
İnsulinli kimyaterapiya nədir?
İnsulin dəstəkli kimyaterapiya insulinin kimyaterapiya dərmanları ilə birlikdə istifadə edilərək xərçəng hüceyrələrinə daha çox kimyaterapiya dərmanının daxil olmasını təmin etmək prinsipinə əsaslanan üsuldur. KemoTermi də adlandırılır. Bu üsulda daha az kimyaterapiya dərmanı ilə daha çox təsir təmin edildiyi və yan təsirlərin də azaldığı iddia edilir. Bu üsul hər hansı yeni dərman kəşfini ehtiva etmir; mövcud kimyaterapiya dərmanlarının təsirini artırmağı hədəfləyir.
Tarixçəsi necədir və hansı hallarda istifadə edilir?
İnsulin dəstəkli müalicə üsulu ilk dəfə 1932-ci ildə meksikalı həkim Donato Perez Garcia tərəfindən irəli sürülüb. Başlanğıcda əsasən sifilis xəstəliyi üçün hazırlanan üsul sonralar artrit (oynaq iltihabı), kolit (yoğun bağırsaq iltihabı) və astmada da sınaqdan keçirilib. 1939-cu ildə Meksika Səhiyyə Nazirliyi sifilisdə insulin dəstəkli müalicəni araşdırmağa dəyər hesab etdiyini bildirib, lakin eyni dövrdə yeni kəşf olunan antibiotiklərin sifilisi çox yaxşı müalicə etməsi insulinlə müalicəni gözdən salıb. Bundan sonra özünə çıxış yolları axtaran Dr. Perez 1947-ci ildə insulinli müalicənin xərçəngdə təsirli olması iddiasını irəli sürüb. Lakin bu iddiaların sübutuna yönəlmiş klinik araşdırmalar resenziyalı jurnallarda heç dərc olunmayıb. Daha sonra başqa tədqiqat qrupları bir neçə kiçik tədqiqat dərc etsə də, bu iddiaları təsdiqləyə bilməyib.
Təsir mexanizmi nədir?
İnsulinəbənzər böyümə faktorunun (IGF-1) hüceyrələrin çoxalması, köçməsi və yapışmasında rol oynadığı məlumdur. Bəzi xərçəng növlərində hüceyrələrdə IGF-1 reseptorlarının həddən artıq fəal olduğu göstərilib. Bundan çıxış edərək xərçəng hüceyrələrinin insulin və insulinəbənzər böyümə faktoruna (IGF-1) daha həssas olduğu iddia edilir.

İnsulin qandakı şəkərin (qlükozanın) hüceyrələrə daxil olmasını təmin edən hormondur. Buna görə xaricdən insulin verildikdə insulin qandakı şəkərin hüceyrələrə keçməsini artırır. Məhz buna görə xaricdən insulin verildikdə xərçəng hüceyrələrində IGF-1 reseptorlarının stimullaşıb hüceyrə membranının keçiriciliyinin artacağı iddia edilir. Həmçinin xərçəng hüceyrələrinin şəkərə daha çox ehtiyacı olduğu, buna görə membran keçiriciliyinin daha da artdığı irəli sürülür. Membran keçiriciliyi artdıqda dərmanın xərçəng hüceyrələrinin daxilinə daha çox çatdığına inanılır. Beləliklə, adi kimyaterapiya dozalarının dörddə biri ilə onda biri verilərək eyni təsirin daha az yan təsirlə təmin edilə bildiyi iddia olunur. Lakin indiyədək bu iddiaların heç biri sübut edilməyib və elmi əsaslara söykənməyib.
Başqa fərziyyəyə görə isə insulinin hüceyrə dövrünün S fazasına təsir edərək şişi bu fazaya xüsusi təsir edən dərmanlara qarşı daha müdafiəsiz etdiyi irəli sürülür.
İnsulinli kimyaterapiyanın təsirləri barədə aparılan tədqiqatların nəticələri nələrdir?
Ədəbiyyatda insulin dəstəkli müalicənin xərçəng xəstələrində istifadəsinə dair yalnız bir neçə kiçik tədqiqat və klinik hal təqdimatı var.
İrəliləmiş mərhələ prostat xərçəngli 16 xəstənin qiymətləndirildiyi klinik tədqiqatda xəstələr 2 qrupa ayrılaraq müxtəlif kimyaterapiya dərmanları insulinlə birlikdə tətbiq edilib. Nəticədə 6-cı kursdan sonra xəstələrin 4-də xəstəliyin gedişini göstərən PSA səviyyəsində irəliləmənin dayandığı, 8-də qismən cavab, 4-də isə irəliləmə olduğu görülüb. Lakin bu tədqiqatda insulin hər iki qrupa tətbiq olunduğundan insulinə xas təsiri qiymətləndirmək mümkün deyil. Həmçinin tətbiqin uzunmüddətli nəticələri də bilinmir.
Çoxsaylı dərman davamlılığı olan, irəliləmiş mərhələ süd vəzi xərçəngli 30 qadının iştirakı ilə aparılan başqa tədqiqatda qadınlar bir qrupa yalnız kimyaterapiya dərmanı metotreksat, bir qrupa insulinlə birlikdə metotreksat, bir qrupa isə yalnız insulin verilməklə 3 qrupa ayrılıb. 8 həftənin sonunda qiymətləndirmədə insulinlə metotreksat verilən qrupda xəstəliyin daha az irəlilədiyi, şişin daha az böyüdüyü görülüb. Lakin bu tədqiqat aydın nəticəyə gəlmək üçün əhatəsi və metodologiyası baxımından yetərsizdir. Belə ki, tədqiqatda həyat keyfiyyəti, sağqalım müddəti kimi əsas parametrlər qiymətləndirilməyib, uzunmüddətli nəticələr bildirilməyib.
Ədəbiyyatda insulinli kimyaterapiya üsulunun istifadə olunduğu bir neçə klinik hal bildirişi də var. Bu hallarda bəzi müsbət nəticələr alınsa da, təsirin yalnız kimyaterapiya dərmanına bağlı olub-olmadığı, insulinin payının olub-olmadığı bilinmir.
Çində aparılan laboratoriya tədqiqatında insulin insanın qida borusu xərçəngi və ağciyər xərçəngi hüceyrələrində kimyaterapiya dərmanı Etoposidin təsirini artırıb. Yenə Çində aparılan başqa laboratoriya tədqiqatında insan endometrium (uşaqlıq daxili qişası) xərçəngi hüceyrələrində insulinin kimyaterapiya dərmanı Paklitaxelin xərçəng hüceyrələrini öldürücü təsirini artırdığı bildirilib. İnsan şiş hüceyrələri ilə aparılan başqa laboratoriya tədqiqatında isə insulin tətbiq edilən şiş hüceyrələrinin kimyaterapiya dərmanlarına həssaslığında yalnız kiçik fərq müşahidə olunub. Onsuz da maddə və ya üsulun laboratoriya tədqiqatlarında təsirli olması onun yalnız klinik tədqiqatlarda sınana biləcəyini göstərir; digər hüceyrələrə zərər vermədən insan bədənində də eyni təsiri göstərəcəyi demək deyil. Əksinə, laboratoriyada xərçəng hüceyrəsini öldürən bəlkə də minlərlə maddədən yalnız bir neçəsi insan bədənində də eyni təsiri yarada bilir.
Aparıcı xərçəng qurumlarından Memorial Sloan Kettering Xərçəng Mərkəzi də bu üsulun xərçəng müalicəsində müəyyən edilmiş heç bir müsbət təsiri olmadığını, əksinə qan şəkərinin həddən artıq enməsinə səbəb olaraq hətta təhlükə yarada biləcəyini bildirir.
İnsulinli kimyaterapiya tamamilə zərərsiz üsuldurmu?
İnsulinli kimyaterapiyanı müdafiə edənlərin ən əsas arqumentlərindən biri üsulun tamamilə zərərsiz, istifadə edilən dərmanların uzun illərdir mövcud olan lisenziyalı dərmanlar olmasıdır. Bu üsulda istifadə edilən insulin və kimyaterapiya dərmanlarının lisenziyalı, təsdiqli olması istifadəsinin zərərsiz olduğu demək deyil. İnsulinin xərçəng dərmanlarının təsirini artırmaq məqsədli istifadə sahəsi (göstərişi) yoxdur. Bu cür istifadə həkimin təşəbbüsündədir və müəyyən şəraitdə qadağan deyil. Lakin əlbəttə bu, zərərsiz olduğu demək deyil.
İnsulinli kimyaterapiyanın əsas yan təsirlərindən biri qan şəkərinin aşağı olmasıdır (hipoqlikemiya). Diabeti (şəkər xəstəliyi) olmayan birinə insulin vermək qan şəkərini azaldaraq baş ağrısı, ürəkdöyünmə, huş itkisi kimi təsirlər yarada bilər. Eyni şəkildə qan şəkərini azaldan dərman istifadə edən diabetli xəstələrdə də qan şəkərinin istənilən səviyyədən aşağı enməsinə səbəb ola bilər.
Bu üsulda xəstələrə kimyaterapiya dərmanlarının adətən standart dozaların dörddə biri ilə onda biri qədər verilməsinə baxmayaraq insulin sayəsində eyni təsirin təmin edildiyi iddia olunur.
İndiyədək insulinin klinik tədqiqatlarla göstərilmiş belə təsiri yoxdur. Buna görə bu üsul şəxslərin yetərsiz müalicə almasına, dolayısı ilə sağalmamasına, hətta xəstəliyin irəliləməsinə səbəb ola bilər. Üstəlik, kimyaterapiya dərmanlarının belə aşağı dozalarda istifadəsi dərman davamlılığını artıra bilər.
İnsulinin xərçəng hüceyrələrinin kimyaterapiya dərmanlarına keçiriciliyini artıraraq daha aşağı dozada eyni təsiri təmin etdiyi və yan təsirləri azaltdığı iddia olunur. Lakin insulinin xərçəng hüceyrələrində keçiriciliyi artırıb normal hüceyrələrdə artırmadığına dair heç bir sübut yoxdur. Buna görə insulinin normal hüceyrələrdə də kimyaterapiya dərmanlarına keçiriciliyi artırıb yan təsirləri daha da artırması mümkündür.
Bütün bunlardan əlavə, insulinin şiş böyüməsini artırması da ehtimal olunur. Bir çox xərçəng hüceyrəsi insulin və insulinəbənzər böyümə faktoru (IGF-1) reseptorlarını çox miqdarda ehtiva edir. Bu hüceyrələrdə insulin və IGF-1-in hüceyrə bölünməsini, böyüməsini və yayılmasını birbaşa stimullaşdırması da mümkündür. 2004-cü ildə aparıcı tibb jurnallarından Lancet-də dərc olunan geniş tədqiqatda insulinəbənzər böyümə faktoru (IGF-1) və bu faktorun əsas bağlayıcı zülalı IGFBP-3-ün qandakı səviyyəsinin xərçəng riski ilə əlaqəsi qiymətləndirilib və yüksək IGF-1 səviyyəsinin prostat və süd vəzi xərçəngi, yüksək IGFBP-3 səviyyəsinin isə süd vəzi xərçəngi riskini artırdığı bildirilib.
Bəs onda nə etmək lazımdır?
Nəticə olaraq insulin dəstəkli kimyaterapiya üsulu xərçəngdə hər hansı müsbət təsirinə dair sübut olmayan, elmi əsaslara söykənməyən, əksinə ciddi risklər daşıyan üsuldur. Hazırda aparıcı onkologiya qurumlarından heç biri də bu üsulun tətbiqini dəstəkləmir. Bu məqamda haqqında heç bir məlumat olmayan, tam fərziyyələrə əsaslanan üsula müraciət şəxsin öz həyatı ilə qumar oynamasından fərqsizdir. Bəzi şəxslər haqqında yetərli məlumat və sübut olmayan bu üsulun ən azı terminal dövr xərçəng xəstələrində istifadə edilə biləcəyini irəli sürür. Lakin burada diqqət edilməlidir ki, bu üsul hər hansı yeni dərman kəşfini ehtiva etmir; əsasən mövcud kimyaterapiya dərmanlarını daha aşağı dozada verərək yan təsirləri azaltmağı hədəfləyir. Nəticə olaraq hazırda insulin dəstəkli kimyaterapiya üsulunun heç bir xərçəng növündə, heç bir mərhələ və heç bir şəraitdə istifadəsi uyğun deyil.
Mənbələr
Insulin, chemotherapy, and the mechanisms of malignancy: the design and the demise of cancer.
Med Hypotheses. 2000; 55:330-4.
2. Ayre SG, Perez Garcia y Bellon D, Perez Garcia D Jr.
Insulin potentiation therapy: a new concept in the management of chronic degenerative disease.
Med. Hypotheses. 1986; 20:199-210.
3. Holdaway IM, Friesen HG.
Hormone binding by human mammary carcinoma.
Cancer Res. 1977; 37:1946-52.
4. Leroith D, Roberts C.
The insulin-like growth factor system and cancer.
Cancer Lett. 2003; 195:127-37.
5. Memorial Sloan Kettering Cancer Center, Integrative Medicine, About Herbs, Botanicals & Other Products, Insulin Potentiation Therapy. (Accessed october 4, 2017) Available at:
https://www.mskcc.org
6. Benini S, Manara MC, Baldini N.
Inhibition of insulin-like growth factor I receptor increases the antitumor activity of doxorubicin and vincristine against Ewing sarcoma cells.
Clin Cancer Res. 2001; 7:1790-7.
7. Damyanov C, Gerasimova D, Maslev I, Gavrilov V.
Low-dose chemotherapy with insulin (insulin potentiation therapy) in combination with hormone therapy for treatment of castration-resistant prostate cancer.
ISRN Urol. 2012;2012:140182.
8. Lasalvia-Prisco E, Cucchi S, Vázquez J, Lasalvia-Galante E, Golomar W, Gordon W.
Insulin-induced enhancement of antitumoral response to methotrexate in breast cancer patients.
Cancer Chemother. Pharmacol. 2004; 53:220-224.
9. Renehan AG, Zwahlen M, Minder C, O'Dwyer ST, Shalet SM, Egger M.
Insulin-like growth factor (IGF)-I, IGF binding protein-3, and cancer risk: systematic review and meta-regression analysis.
Lancet. 2004; 263:1346-53.
10. Damyanov C, Radoslavova M, Gavrilov V, Stoeva D.
Low dose chemotherapy in combination with insulin for the treatment of advanced metastatic tumors. Preliminary experience.
J. BUON. 2009; 14:711–715.
11. Ayre SG, Perez Garcia y Bellon D, Perez Garcia D Jr.
Neoadjuvant low-dose chemotherapy with insulin in breast carcinomas.
Eur. J. Cancer. 1990; 26:1262-1263.
12. Kern DH, Chien FW, Morton DL.
Selective effects of insulin and hydrocortisone on colony formation and chemosensitivity of human tumors in soft agar.
Int. J. Cancer. 1984; 33:807-812.
13. Vigneri P, Frasca F, Sciacca L, Pandini G, Vigneri R.
Diabetes and cancer.
Endocr. Relat. Cancer. 2009; 16:1103-1123.
14. Goodwin PJ, Ennis M, Pritchard KI et al.
Fasting insulin and outcome in early-stage breast cancer: results of a prospective cohort study.
J. Clin. Oncol. 2002; 20:42-51.
15. Dr. Alberto P. Leon.
English translation of Mexican official document signed September 21, 1939.
(Accessed october 4, 2017) Available at: https://iptq.com
16. Jiao SC, Huang J, Sun Y, Lu SX.
The effect of insulin on chemotherapeutic drug sensitivity in human esophageal and lung cancer cells.
Zhonghua Yi Xue Za Zhi. 2003; 83:195-7.
17. Sha H, Li Y, Du X, Wang H.
Insulin in endometrial carcinoma chemotherapy: a beneficial addition and not a problem.
J Huazhong Univ Sci Technolog Med Sci. 2010; 30:631-7.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.