L-Triptofan faciəsi haqqında eşitmisinizmi?

Bu məqalədə
Bioloji və fizioloji baxımdan insan sağlamlığına bir çox təsiri olan amin turşusu L-Triptofan qida ilə qəbul edildikdə orqanizmdə 5-HTP-yə (5-hidroksitriptofan), sonra serotonin, melatonin və B6 vitamininə (nikotinamid) çevrilən və daha bir çox bioaktiv birləşmə üçün öncül olan birləşmədir.
Serotonin və melatonin hormonlarının insan orqanizmində psixologiyaya, yuxuya, bədən temperaturuna, qan təzyiqi tarazlığına, cinsəlliyə, immun və həzm sistemlərinə çoxsaylı təsirləri var.
L-Triptofan faciəsi
EMS (Eozinofiliya-Mialgiya Sindromu) ilk dəfə 1989-cu ildə baş verdi. EMS nadir rast gəlinən, əlilliyə səbəb olan, şiddətli əzələ və oynaq ağrısı, halsızlıq, qol və ayaqların şişməsi, hərarət, dəri səpgisi və qandakı eozinofillərin (bəzi ağ qan hüceyrələri) artması ilə özünü göstərən xəstəlikdir.
1 il ərzində ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinə 1.500-dən çox EMS halı və iyirmi səkkiz ölüm bildirildi.
5 iyul 1991-ci ildə qeydiyyata alınan halların sayının 1543-ə, ümumi ölüm sayının isə 31-ə çatdığı bildirildi.
EMS epidemiyası amerikalı istehsalçıların ən böyük təchizatçısı olan yapon topdansatış şirkəti Showa Denko K.K. tərəfindən istehsal edilən L-Triptofanın saf olmaması nəticəsində baş verdi. Toplanmış sənədlər Showa Denkonun 1988-ci ildə L-Triptofanın saf istehsal edilməməsi nəticəsində müəyyənləşdirilməyən və buna görə potensial zərərli təsirinin olduğunu anladığını, nəticədə yeni bakteriya ştamı istifadə etməyə başladığını göstərdi. Showa Denko Amerika Qida və Dərman İdarəsini (FDA) nə saf olmayan L-Triptofan istehsalı, nə də istehsal prosesindəki dəyişikliklər barədə məlumatlandırdı. Halbuki FDA biotexnoloji cəhətdən dəyişdirilmiş məhsulların satışa çıxarılmazdan əvvəl hərtərəfli yoxlanmalı olduğu barədə xəbərdarlıq etmişdi, lakin şirkət yeni istehsal olunan məhsulu yoxlamadan satışa başladı. Qısaca, Showa Denko filtrasiyanı (süzməni) artıraraq məhsulun keyfiyyətini yüksəldə bilərdi, lakin bu, əlindəki məhsulun miqdarını azaldacaqdı. Buna görə filtrasiyanı artırmaq əvəzinə bazardakı tələbi qarşılamaq üçün istehsalı sürətlə davam etdirdi və nəticədə çoxsaylı insan zərər gördü.
Geriyə baxdıqda olduqca kədərli mənzərə ilə qarşılaşırıq; L-Triptofan istehsalı nəzarətlə yoxlanılsaydı və ya onsuz da qanunsuz olan satışı dayandırılsaydı, bu can itkiləri olmazdı və 1543 hal arasında həyatına əlilliklə davam edən şəxslər qalmazdı. Məsələn, Sowa Denko saf və təhlükəsiz L-Triptofan məhsulu almaq üçün tələb olunan süzmə proseslərini ötürdüyündən yaranan məhsul lazımi “saf ağ” rəng əvəzinə ləkəli rəngdə idi, lakin ABŞ-da bu məhsulu satanlar rəng fərqini sorğulamadan satışa davam etdilər. Bu səhlənkarlıqlar nəticəsində bir çox insanın sağlamlığına mənfi təsir göstərildi.
L-Triptofan faciəsinə səbəb olan səhv tənzimləmələr nələr idi?
GMP (Good Manufacturing Practices) “Yaxşı İstehsalat Təcrübələri” kimi tanınır. ABŞ-da insan sağlamlığına birbaşa təsir edən dərman, kosmetika, qida, tibbi cihaz kimi məhsulların hansı şəraitdə istehsal edilməli olduğuna rəhbərlik edən keyfiyyət sistemidir. Adətən GMP əvəzinə CMP istifadə edilməsinin səbəbi c hərfinin “Current”, yəni cari mənasını daşımasıdır. Bu o deməkdir ki, GMP bir dəfəlik yaradılan standartlardan ibarət deyil. GMP davamlı yoxlanılan və ortaya çıxan çatışmazlıqları müasir şəraitə uyğunlaşdırılıb düzəldilən sistemdir. GMP məhsulların həm istehsal, həm də paylanma mərhələsində iştirak edir. Qısaca, GMP məhsulun keyfiyyətini qorumaq üçün hər sahədə var. İstehsala cavabdeh işçilərin təlimindən istifadə edilən xammala, qablaşdırmadan saxlanmaya qədər bütün sahələrdə tətbiq edilən sistemlər toplusudur.
Bəs bütün bu tətbiqlərə baxmayaraq ABŞ-da L-Triptofan faciəsi necə yaşandı?
L-Triptofan ABŞ-da sərbəst və reseptsiz şəkildə istehlakçıya necə çatdı?
ABŞ Federal Qida, Dərman və Kosmetika Qanununa görə dərmanlar insanlar və heyvanlar üçün:
- Xəstəliyi müalicə edən, yüngülləşdirən və ya qarşısını alan təsirə malik maddələr,
- Bədənin quruluşunu və funksiyasını dəyişdirən (məsələn, çəki itkisini sürətləndirən və ya saç uzanmasına kömək edən) maddələr (qida olmayan) kimi müəyyən edilir.
FDA-ya görə maddənin istifadə məqsədi onun dərman olub-olmadığını müəyyən edir. Buna görə qida və kosmetik məhsullar da sağlamlığa bu təsirləri göstərdikdə dərman kimi təsnif edilir.
İstifadə məqsədinə görə L-Triptofan bodibildinq edənlər tərəfindən əzələ inkişafı üçün istifadə edildikdə “QİDA”; menstruasiyaöncəsi sindromda depressiya, yuxusuzluq və ağrı kimi narahatlıqları müalicə etmək, yüngülləşdirmək və qarşısını almaq üçün yaxud iştahanı basqılayaraq yağ kütləsini azaldıb bədən quruluşunu dəyişdirmək üçün istifadə edildikdə isə “DƏRMAN” kimi təsnif edilir.
L-Triptofanın necə təsnif edilməli olduğu “istifadə məqsədi” testi ilə müəyyən edilə bilərdi, lakin FDA bunu tətbiq etmədi və 1960-cı illərdə FDA L-Triptofan əlavələrini “Generally Regarded as Safe” (Təhlükəsiz Hesab Edilən) siyahısına daxil etdi. GRAS siyahısındakı maddələr mütəxəssislər tərəfindən təhlükəsiz sayılır və buna görə Federal Qida, Dərman və Kosmetika Qanunundakı tolerans tələblərindən azad edilir.
Bu qərarın verilməsində ən mühüm amil L-Triptofanın qəbul edilən zülal mənbələrində də təbii olması idi. Orta hesabla hər insanın zülal mənbələrindən gündə 1-2 g qədər L-Triptofan qəbul etməsi və təbii yolla qəbulun orqanizmə zərər verməməsi idi. Bu qərarın nəticəsində L-Triptofan məhsulları FDA təsdiqi olmadan istehsal edilməyə və satılmağa başladı.
İllər ərzində dəyişən L-Triptofan gerçəyi
L-Triptofanın yuxuya, əhvala və iştahaya təsirləri və dərman kimi istifadə edilə biləcəyi ilk dəfə 1970-ci ildə M.I.T və Harvard Tibb Məktəbində çalışan neyroelm professoru və komandası tərəfindən aşkar edildi. O illərdə L-Triptofanın yuxu rejimi, iştahaya nəzarət və ağrını yüngülləşdirən dərman kimi istifadə edilə biləcəyini düşündülər, lakin dərman şirkətləri L-Triptofanın dərman kimi satılması üçün tələb olunan təhlükəsizlik və effektivlik klinik tədqiqatlarına pul qoymaq istəmirdilər; onsuz da L-Triptofan artıq qida əlavəsi kimi istehsal edilir və satılırdı.
Bir müddət də GRAS siyahısında qala bilən L-Triptofanla bağlı 1970-ci illərin əvvəlində heyvanlar üzərində tədqiqatlar həddindən artıq istifadənin sağlamlığa mənfi təsirlərini göstərdikdən sonra FDA L-Triptofan əlavəsinin təhlükəsizliyini yenidən qiymətləndirmək qərarına gəldi. 1972-ci ildə FDA Federal Reyestrdə L-Triptofanın ehtiyacdan artıq istifadəsinin insan sağlamlığına potensial mənfi təsir göstərə biləcəyini bildirən yazı paylaşdı. Həmçinin bütün amin turşularının GRAS siyahısından çıxarılmasını və amin turşusu əlavəsi istehsal edən şirkətlər üçün yalnız sağlamlığa zərər vermədiyini sübut etməyin kifayət etməyəcəyini, onun qida əlavəsi kimi satılmalı olduğunu və istehsalçının amin turşusunu necə istehsal etdiyini və satdığını da açıqlamalı olduğunu bildirdi. Lakin FDA bu qaydaları tətbiq edə bilmədi və L-Triptofan GRAS siyahısından çıxarılmadı.
1977-ci ildə FDA L-Triptofanın reseptsiz satışının qarşısını almaq üçün yenidən addım atdı, lakin bu addım da əvvəlki kimi uğursuz oldu. Məhkəmə müddətində çoxsaylı çətinlik yarandı və nəticədə iş bağlandı. FDA istədiyi tənzimləmələri həyata keçirə bilmədi və L-Triptofan əlavəsi istehsalçılarının reseptsiz satışını əngəlləməkdə tam uğursuz oldu. L-Triptofan satışı qanunsuz olsa da, FDA EMS (Eozinofiliya-Mialgiya Sindromu) baş verənə qədər başqa addım atmadı. FDA-nın mübarizəni davam etdirməməsi L-Triptofanın satışını sürətləndirdi. Kitablar, jurnal məqalələri və çoxsaylı istehsalçılar bu məqsədlərdən heç biri üçün təhlükəsizliyi və effektivliyi sübut edilməsə də, yuxusuzluğa, ağrıya, depressiyaya, PMS-ə və artıq çəkiyə faydalı olduğu iddiaları ilə L-Triptofanı satmağa davam etdilər.
Əslində L-Triptofan nədir və hansı qidalarda var?
İnsan orqanizmində əhəmiyyətli miqdarda zülal var. Zülalların əsas quruluş vahidləri olan amin turşuları bir-birinə peptid rabitələri ilə bağlanır. Müəyyən zülalın yaranması onun quruluşundakı amin turşularının ardıcıllığından asılıdır və kodlaşdırma ilə tənzimlənir. Zülalın yaranmasında 20 amin turşusu iştirak edir və 2 qrupa ayrılır: essensial (əvəzolunmaz) və əvəzolunan amin turşuları. Əvəzolunmaz amin turşuları orqanizmdə sintez edilməyən (istehsal olunmayan) və qida ilə orqanizmə daxil olmalı amin turşularıdır. Əvəzolunan amin turşuları isə orqanizmdə sintez edilə bilir. Əvəzolunmaz amin turşuları orqanizm tərəfindən istehsal edilə bilmədiyi üçün həyati əhəmiyyətli zülal sintezinin davam etməsi üçün xaricdən qida ilə alınmalıdır.

L-Triptofan olan qidalar hansılardır?
L-Triptofan essensial (əvəzolunmaz) amin turşusudur və ən çox yumurta, toyuq, hinduşka, qırmızı ət, pendir, soya, çərəzlər və quru paxlalılarda olur.
Balanslı qidalanma modeli ilə orqanizmin ehtiyacı olan bütün əvəzolunmaz amin turşuları təmin edilə bilərmi? Əlavə zülala ehtiyacımız varmı?
Balanslı və sağlam qidalanma modeli ilə insanlar orqanizmlərinin ehtiyacı olan bütün əvəzolunmaz amin turşularını heç bir əlavəyə ehtiyac olmadan təmin edə bilərlər!
Amin turşuları zülalların quruluş vahidləridir. Təcrid olunmuş / tək amin turşusunun çatışmazlığı gözlənilən hal deyil. İnsanın orqanizmində amin turşusu çatışmazlığı varsa, ehtimal ki, qeyri-sağlam qidalanma nəticəsində yaranıb və tək amin turşusu əlavəsi qəbul etmək mənasız olacaq. Bunun əvəzinə sağlam və balanslı qidalanma planı ilə bütün əvəzolunmaz amin turşularını, yəni zülalların quruluş vahidlərini alacaqlar. Buna görə tək amin turşusunun əlavə kimi satılması və fayda verəcəyinə dair aparılan marketinq istehlakçını yanıltmaqdan ibarətdir.
- Əlaqədar mövzu: Vitamin və mineral əlavələri – həkimlər və istifadəçilər bunları bilməlidir
L-Triptofan faciəsi necə nəticələndi?
Showa Denko yalnız L-Triptofan qurbanlarına vurulan zərərə görə məsul olmayacağını, həmçinin amerikalı istehsalçılara qarşı qaldırılan hüquqi proseslərin xərclərini ödəməli olacağını anladı və nəticədə bütün xərcləri üzərinə götürməyə razı oldu. L-Triptofan zərərçəkənləri Showa Denkoya qarşı iddia qaldırdı və ya barışıq yolunu seçdi. İddiaların çoxu barışıq şərtlərini açıqlamamaq qərarı ilə aparıldı və Showa Denkonun ödədiyi ümumi məbləğ bir milyard dollara yaxınlaşsa da, xəbər mediası məhkəmələri xəbər dəyərli mövzu saymadı və bu hadisə mediada çox yer almadı.
FDA L-Triptofan satışını qadağan etdikdən sonra EMS tezliyi sürətlə azaldı. 2005-ci ildə isə FDA L-Triptofan qadağasını götürdü və L-Triptofan olan məhsulların yenidən qida əlavəsi kimi istifadəsinə icazə verdi. 2005-ci ildə FDA qadağasının götürülməsindən bəri yeni halın dərc edilməməsi bu faciə nəticəsində daha ehtiyatlı istehsal və satış prosesinin başladığını göstərir.
Mənbələr
Post-epidemic eosinophilia myalgia syndrome associated with L-Tryptophan.
Arthritis Rheum. 2011.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.