Mitomisin nədir, necə istifadə olunur? Yan təsirləri hansılardır?

Bu məqalədə
Mitomisin nədir?
Mitomisin Streptomyces caespitosus adlanan torpaq göbələyi növündən əldə edilən, şişəleyhinə xüsusiyyətli, antibiotik quruluşlu kimyaterapiya dərmanıdır. Mitomisin DNA-da çarpaz bağlar yaradaraq DNA sintezini basqılayır və nəticədə hüceyrələrin çoxalmasını dayandıraraq hüceyrə ölümünə səbəb olur; alkilləşdirici kimyaterapiya sinfinə aid edilir. Xərçəng hüceyrələri ümumən sağlam hüceyrələrdən daha sürətli və daha az səhv düzəlişi ilə bölündüyünə görə bu zədəyə daha həssasdır. Bu hüceyrə zədəsi orqanizminizdəki xərçəng hüceyrələrinin böyüməsini ləngidir və ya dayandırır.
Bu dərman üçün həm “mitomisin”, həm də “mitomisin-c” təsiredici maddə adlarından istifadə olunur. Ölkəmizdə Səhiyyə Nazirliyinin ilk lisenziyasını 2012-ci ildə alıb; venadaxili tətbiq edilən MITOMYCIN-C KYOWA və MİSİNTU qutu adları ilə kimyaterapiya kimi bazarda mövcud ola bilir. ABŞ-da isə Jelmyto adı ilə gel forması da bazardadır.
UroGen məhsulu Jelmyto FDA (ABŞ Qida və Dərman İdarəsi) tərəfindən aşağı dərəcəli yuxarı sidik yolları xərçənginin birinci xətt müalicəsi kimi 15 aprel 2020-ci ildə təsdiqlənib. Jelmyto sidik kisəsinin içinə və sidik yollarına gel şəklində tətbiq olunan dərmandır. Dönüş nöqtəsi olan bu təsdiq Jelmytonun bu nadir və müalicəsi çətin xərçəngi olan xəstələr üçün effektiv, böyrəyi qoruyan seçim təqdim etdiyini göstərən faza 3 OLYMPUS klinik tədqiqatının müsbət nəticələrinə əsaslanır.
Sidik kisəsinin içinə tətbiq olunan steril hidrogeldən ibarət Jelmyto sidik yolu toxumasının mitomisinə daha uzun müddət məruz qalmasını və beləliklə şişlərin cərrahi olmayan üsullarla müalicəsini təmin etmək üçün hazırlanıb.
Aşağı dərəcəli yuxarı sidik yolları urotelial xərçəngi yuxarı sidik sistemindən, sidik axarlarından və böyrəklərin toplayıcı sistemindən yarana bilən nadir xərçəng növüdür (sidik kisəsi və böyrəklərdən kənar sidik yolları). ABŞ-da hər il təxminən 6,000 – 7,000 yeni və ya təkrarlayan aşağı dərəcəli yuxarı sidik yolları urotelial xərçəngi diaqnozu qoyulur; ölkəmiz üçün isə bu sidik yollarına xas xərçəngin statistik məlumatı yoxdur.

Sidik sisteminin mürəkkəb anatomiyasına görə müalicəsi çətin olan bu xərçəngdə hazırkı standart müalicə bir çox əməliyyatı əhatə edir. Həmçinin xəstələrin çoxu böyrək ləyəninin (böyrəyin toplayıcı sistemi), sidik axarının (böyrəklə sidik kisəsi arasındakı kanallar) və sidik kisəsi manjetinin çıxarılmasını əhatə edən radikal nefroureterektomiyaya ehtiyac duyur.
Təəssüf ki, bu xərçəng ən çox 70 yaş və yuxarı xəstələrdə aşkar edildiyindən müalicə daha da mürəkkəbləşir. Bu xəstələrdə böyrək funksiyası artıq təhlükədə ola bilər və böyük əməliyyat nəticəsində daha çox ağırlaşma yaşaya bilərlər.
Jelmyto böyrək funksiyasının azalması və digər ağırlaşmalarla əlaqəli radikal nefroureterektomiya tələb oluna bilən xəstələr üçün əməliyyatsız yeni müalicə yanaşması təqdim edir. Bu yeni minimal invaziv, böyrəyi qoruyan müalicə aşağı dərəcəli yuxarı sidik yolları urotelial xərçənginin müalicə üsulunu dəyişmək və xəstələrin əməliyyatla, böyrək itkisi ilə əlaqəli uzunmüddətli ağırlaşmalardan yayınmasına kömək etmək potensialına malikdir.
Aşağı dərəcəli yuxarı sidik yolları urotelial xərçənginin müalicəsində on ildən çox müddətdə çox az irəliləyiş olub və bu yeni seçim adətən residivlə və böyrəyin götürülməsini ehtiva edən böyük əməliyyatlarla üzləşən xəstələr üçün yeni standart müalicəni təşkil edir.
İrəliləyiş yaradan müalicə – OLYMPUS tədqiqatının nəticələri
FDA təsdiqi Jelmytonun yuxarı sidik yolları urotelial xərçəngi olan yetkin xəstələrdə xəstəliyin klinik baxımdan əhəmiyyətli dərəcədə müalicəsini təmin etdiyini göstərən faza III OLYMPUS klinik tədqiqatının nəticələrinə əsaslanır.
Tədqiqat nəticələrinin təfərrüatları belədir;
- Diaqnoz zamanı cərrahi yolla çıxarıla bilməyəcəyi düşünülən xəstə alt qrupunda tam cavab 58% idi.
- Davamlılığın qiymətləndirilməsi üçün 12 aylıq müddətdə 19 xəstədə tam cavab davam etdi, 7-də xəstəlik təkrarlandı və 9 xəstə 12 aylıq cavab müddəti boyunca izlənməyə davam etdi.
- Ən çox (≥20) bildirilən yan təsirlər sidik axarının obstruksiyası, yan nahiyədə ağrı, sidik yolu infeksiyası, hematuriya, böyrək funksiyasının pozulması, yorğunluq, ürəkbulanma, qarın ağrısı, dizuriya (sidiyə çıxarkən ağrı) və qusma idi. Bu yan təsirlərin çoxu yüngül və orta dərəcəli idi və yaxşı bilinən müalicələrlə idarə oluna bilirdi. Müalicəyə bağlı heç bir ölüm baş vermədi.
Tədqiqat ABŞ və İsraildən 74 klinik xəstəni əhatə edir. Sidik yoluna yerləşdirilən standart kateter vasitəsilə verilən 6 həftəlik Jelmyto ilə müalicə olunan iştirakçılarda son müalicədən 4 ilə 6 həftə sonra tədqiqatın əsas sonlanma nöqtəsi olan tam cavab qiymətləndirildi. Bu qiymətləndirməyə ureteroskopiya və xərçəngi aşkar etmək üçün sidikdən alınan hüceyrələrin standart mikroskopik testi olan yuyuntu sitologiyası daxil idi. Tam cavab əldə edilən xəstələr sonra Jelmyto ilə cavabın davamlılığını müəyyən etmək üçün 12 ayadək izləndi.
Dərman uroloq tərəfindən birbaşa nefrostomiya borusuna və ya sidik kateterinə verilən gel formasındadır. Mavi rəngli bu dərman sidiyinizin mavi-yaşıl rəng almasına səbəb ola bilər. Bu, gözlənilən vəziyyətdir və hər dozadan sonra bir və ya iki gün davam edə bilər. Tez-tez və ya ağrılı sidiyə çıxma kimi başqa sidik əlamətləriniz də varsa, səhiyyə komandasına müraciət edin.
Venadaxili mitomisin kimyaterapiyası necə istifadə olunur?
Ölkəmizdə mövcud olan mitomisin intravenoz (IV, damar içinə) infuziya ilə verilir. Doza və cədvəl insanın boyuna-çəkisinə, xərçəng növünə və tətbiq üsuluna görə müəyyən edilir.
Mitomisin vezikant dərmandır və venadaxili tətbiq zamanı ekstravazasiya (damardan kənara sızma) riski baxımından çox diqqətli olmaq lazımdır. Təlimli personal tərəfindən diqqətlə və düzgün tətbiq edildikdə belə yanma və ağrı hissi yarada bilər. Dərmanın inyeksiya nahiyəsində damardan sızaraq ciddi ola biləcək toxuma zədəsinə səbəb olma riski var. İnyeksiya zamanı və ya sonrasında istənilən vaxt inyeksiya nahiyəsində qızartı, şişkinlik və ya ağrı olarsa, təcili olaraq tibb işçisini məlumatlandırmalısınız. Tibb işçisindən hər hansı göstəriş almadıqca nahiyəyə heç nə tətbiq etməyin.
Aşağıda vezikant potensialına görə kimyaterapiyalar sadalanıb:

IV mitomisinin tətbiq dozası nədir?
Mitomisin üçün tövsiyə olunan doza aralığı 4-10 mg (0.06- 0.15 mg/kg) olub digər dərmanlarla kombinasiya şəklində və ya sümük iliyinin bərpasından asılı olaraq 1-6 həftəlik intervalla tətbiq olunur.
Kombinasiya müalicəsində ümumi doza sxemi 10 mg /m2 bədən səthi sahəsi şəklindədir və doza ehtiyac olduqda təkrarlanır. Təkbaşına və ya kombinasiya müalicəsində dozanın 40-80 mg (0.58- 1.2 mg/kg) kimi tətbiqi ilə yetərli cavab əldə edilmişdir. Daha yüksək doza rejimi 2 mg/ kg olaraq ümumi kumulyativ doza şəklində təkbaşına və ya kombinasiya kimi də tətbiq edilə bilər.
IV mitomisinin ən yayğın yan təsirlərindən bəziləri
İnfeksiya və ağ qan hüceyrələrinin sayının azalması (leykopeniya və ya neytropeniya)
Dərman ağ qan hüceyrələrinin sayı azalsa da, azalmasa da, həyati təhlükəli infeksiyalara səbəb ola bilər. Ağ qan hüceyrələri (BKH) infeksiyaya qarşı mübarizə üçün vacibdir. Müalicə zamanı BKH sayı azala bilər və bu da infeksiyaya yoluxma riskini artıra bilər. Hərarətiniz yüksəkdirsə (38 °C-dən çox), boğaz ağrınız və ya soyuqdəyməniz varsa, nəfəs darlığı, öskürək, sidiyə çıxarkən yanma və ya keçməyən ağrı kimi şikayətləriniz varsa, dərhal mütəxəssisə müraciət edin.
İnfeksiyanın qarşısını almaq üçün tövsiyələr
- Həm dərmanı istifadə edən şəxsin, həm də ziyarətçilərinin əllərini yuması infeksiyanın yayılmasının qarşısını almağın ən yaxşı yoludur.
- Böyük izdihamlardan və xəstə insanlardan çəkinmək də bu prosesdə çox vacibdir (məsələn, soyuqdəyməsi, hərarəti və ya öskürəyi olanlardan və ya bu əlamətləri yaşayanlardan).
- Bağınızda işləyərkən uzun şalvar və əlcək də daxil olmaqla qoruyucu geyimlər geyinin.
- Ev heyvanlarının tullantılarına toxunmayın.
- Bədəninizdəki bütün kəsik və cızıqları təmiz saxlayın.
- Hər gün duş qəbul edin və ya çimin, ağız qulluğunu aksatmayın.
- Manikür və ya pedikür etdirməyin. Süni dırnaq taxmayın. Dırnaq boyasından istifadə edə bilərsiniz.
- Diş müalicəsi üçün görüş və ya prosedur təfərrüatlarını planlaşdırmazdan əvvəl onkoloqla məsləhətləşin.
- Peyvənd olunmazdan və ya sizinlə yaşayan biri peyvənd olunmazdan əvvəl onkoloqla məsləhətləşin.
Qırmızı qan hüceyrələrinin sayının azalması (anemiya)
Qırmızı qan hüceyrələri orqanizmdə toxumalara oksigen daşımaqdan məsuldur. Qırmızı hüceyrələrin sayı az olduqda insan özünü yorğun və ya zəif hiss edə bilər. Hər hansı nəfəs darlığı, nəfəs almaqda çətinlik və ya döş qəfəsində ağrı hiss etsəniz, dərhal mütəxəssisə müraciət edin. Qırmızı qan hüceyrələrinin sayının çox azalması nəticəsində qan köçürülməsinə ehtiyacınız ola bilər.
Trombosit sayının azalması (trombositopeniya)
Trombositlər qanın laxtalanmasına kömək edir; buna görə trombosit sayının azalması qanaxma riskini artırır. Burun və diş əti qanaxması, sidikdə və ya nəcisdə qan olması ilə yanaşı, həddindən artıq göyərmə kimi problemlər yaşayırsınızsa, dərhal mütəxəssisə müraciət edin. Trombosit sayının çox azalması halında trombosit köçürülməsinə ehtiyacınız ola bilər.
- Ülgüc istifadə etməyin (elektrikli ülgüc daha yaxşı seçimdir).
- Zədələnmə və ya qanaxma ilə nəticələnə biləcək idman və fəaliyyətlərdən çəkinin.
- Motrin/Advil (ibuprofen), Aleve (naproxen), Celebrex (celecoxib) kimi iltihabəleyhinə dərmanları (NSAID-lər), Aspirin (salisil turşusu), qeyri-steroid və s. dərmanları qanaxma riskini artırdığı üçün istifadə etməyin. Müalicə zamanı bu agentlərin və reseptsiz satılan bütün dərman və əlavələrin istifadəsi barədə mütləq tibb işçisi ilə məsləhətləşin.
- Diş sapı və ya diş çöpündən istifadə etməyin, dişlərinizi fırçalamaq üçün yumşaq tüklü diş fırçası seçin.
Hemolitik uremik sindrom (HÜS)
Mitomisin həmçinin qırmızı qan hüceyrələrini məhv edən, qan damarlarını zədələyən və böyrək çatışmazlığına gətirə bilən hemolitik uremik sindrom (HUS) adlanan nadir sindroma da səbəb ola bilər. Tibb işçiləri mitomisinlə müalicə aldığınız müddətdə sizi HÜS əlamətləri baxımından izləyəcəklər. Qeyri-adi göyərmə və ya qanaxmanız varsa, yaxud sidik ifrazınızın azaldığını görsəniz, dərhal mütəxəssisə müraciət edin.
Daha az rast gəlinən yan təsirlər
Mitomisinlə müalicə zamanı daha az meydana çıxan yan təsirlər də var, lakin bunlar da mühüm yan təsirlərdir.
Ağciyərlərdə anormallıqlar
Nadir hallarda dərman ağciyər problemlərinə səbəb ola bilər; bu vəziyyət müalicə zamanı və ya müalicədən aylar, illər sonra inkişaf edə bilər. Nəfəs darlığı, quru və bəlğəmsiz öskürək, hərarət, xırıltılı tənəffüs və ya nəfəs almaqda çətinlik yaşayırsınızsa, dərhal səhiyyə mütəxəssisinə müraciət etməlisiniz.
Ürək problemləri
Mitomisin durğunluqlu ürək çatışmazlığı, restriktiv kardiomiopatiya, ürək funksiyasının azalması və infarkt kimi əvvəlcədən mövcud ürək problemlərinə səbəb ola və ya bu halları ağırlaşdıra bilər. Ani çəki artımı və ya topuq, ayaqlarda şişkinlik müşahidə etsəniz, dərhal tibb işçisinə müraciət etməlisiniz. Döş qəfəsində ağrı və ya təzyiq, sol qolda, kürəkdə və ya çənədə ağrı, tərləmə, nəfəs darlığı, soyuq tər, ürəkbulanma və ya başgicəllənmə zamanı dərhal təcili yardım şöbəsinə müraciət edin.
Reproduksiya ilə bağlı narahatlıqlar
Doğulmamış uşağın bu dərmana məruz qalması anadangəlmə qüsurlara səbəb ola bilər. Buna görə siz və ya həyat yoldaşınız bu dərmanla müalicə aldığınız müddətdə uşaq sahibi olmağınız tövsiyə edilmir. Müalicə zamanı effektiv kontrasepsiya tətbiq edilməlidir. Qadınlar menopauzaya daxil olsa və ya kişilər sperm istehsal etmədiyinə inansa belə, hamiləliyin yenə mümkün ola biləcəyi unudulmamalıdır. Dərman istifadəsi zamanı ana südü ilə qidalandırma barədə isə əmizdirmədən əvvəl mütəxəssislə məsləhətləşməyiniz tövsiyə olunur.
Mənbələr
2. FDA Approves Jelmyto. (2020). Drugs.com: https://www.drugs.com/newdrugs/fda-approves-jelmyto-mitomycin-low-grade-upper-tract-urothelial-cancer-5204.html
3. Browne BM, Stensland KD, Moynihan MJ, Canes D. An Analysis of Staging and Treatment Trends for Upper Tract Urothelial Carcinoma in the National Cancer Database. Clin Genitourin Cancer 2018;16:e743-e50.
4. Lerner, Seth. Primary Chemoablation for the treatment of Low-Grade Upper Tract Urothelial Carcinoma: The Olympus Trial. 2020 by American Urological Association Education and Research, Inc.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.