Nomofobiya — mobil telefondan uzaq qalma qorxusu nədir?

Bu məqalədə
Səhər qalxanda ilk işiniz telefona baxmaq olurmu? Bildiriş gələndə işinizi-gücünüzü qoyub telefonunuza qaçırsınızmı? Şarjınız azalanda soyuq tər basırmı? Diqqət, nomofobiya ilə mübarizə aparır ola bilərsiniz.
Nomo - nə?
Texnologiya dövrünün bizə qazandırdığı yeni anlayışlardan biri də nomofobiyadır. Termin ingiliscə “No-Mobile-Phobia”, yəni mobil telefondan uzaq qalma qorxusunun qısaldılmış formasıdır. Qısaca mobil telefon asılılığı da deyə bilərik. Yeddidən yetmişə hər yaş qrupuna təsir edə bilən nomofobiyadan ilk dəfə 2008-ci ildə bəhs edilmişdir. Mövzu üzrə ilk tədqiqat 2012-ci ildə aparılanda nomofobiyalı şəxslərin sayı əhalinin %53-ünü təşkil edirdisə, bu gün bu say %66-ya çatmışdır. Yəni hər 3 nəfərdən 2-si nomofobiyalıdır!
Rəqəmlər qorxulu həqiqəti göz önünə sərir. Nomofobiya 18-24 yaş qrupunun %77-sində vardır. 25-34 yaş qrupunun %68-ində və 55 yaşdan yuxarı şəxslərdə mobil telefondan ayrı qalma qorxusu baş qaldırır. Həmçinin qadınlarda kişilərdən daha çox görülür. Getdikcə mobil telefonlara asılı oluruq. Bəs nomofobiyalı olduğumuzu necə anlayarıq?
Nomofobiyanın əlamətləri hansılardır?
- Telefonunuzu səhər qalxan kimi və yatmazdan dərhal əvvəl yoxlayırsınızsa,
- Yemək yeyərkən e-poçtlarınıza və ya son xəbərlərə baxmaq sizin üçün adi haldırsa,
- Telefonunuzun şarjı bitəndə və ya hər hansı səbəbdən sönəndə özünüzü stressli və ya narahat hiss edirsinizsə,
- Əhatə dairəsindən çıxanda telefonla çata biləcəyiniz hadisələri qaçırdığınızı düşünürsünüzmü,
- Instagram-da nəsə paylaşanda həyəcanlanırsınızmı?,
- Telefonunuzun bildiriş səsi sizi oyadırmı? , Bəli, bunlardan biri sizdə varsa, qorxuram ki, nomofobiya ilə mübarizə aparırsınız.
1) Vaxtımızı boş yerə sərf edirik: Əvvəla telefondan ayrı qalmamaq üçün daim ona qərq olduğumuzdan vaxtımızın böyük hissəsi telefonda keçir. Birtərəfli ünsiyyətimiz real dünyadakı obyektlər və insanlarla ünsiyyətimizə də təsir edir. Düşünək, kimsə sizinlə danışarkən e-poçtlarınızı yoxlayırsınızsa, əslində hansı işi görmüş olursunuz? Bacaracağımızı düşünsək də, vaxt itirməkdən və iş səmərəliliyimizi azaltmaqdan başqa bir şey etmirik.
2) Narahatlıqlar artır: Bir tədqiqata görə telefonundan ayrı qalan şəxslərin %51-i texnologiya təşvişi yaşayır. Narahatlığın altında telefon sönəndə dostlar arasında qurulan planlardan və ya Facebook söhbətlərindən geri qalmaq qorxusu vardır.
Başqa tədqiqatda istifadəçilər sadə tapmaca həll etməzdən əvvəl telefonlarından ayrılırlar. İştirakçıların ürək döyüntüsü sürətlərinin və təzyiqlərinin yüksəldiyi, narahatlıq hiss etdikləri müşahidə edilir.
3) Səmərəli yata bilmirik: Çoxumuz telefonlarımız başımızın yanında yatırıq. Xüsusilə 25-29 yaş aralığındakıların %80-i telefonları ilə yatır. Təhlükə yalnız bununla məhdud deyil. Ağıllı telefonlar mavi işıq yayır. Mavi işıq yuxu dövrümüzü tənzimləyən və beynimizdən ifraz olunan melatonin hormonunun ifrazını əngəlləyir və beynimizə oyanma vaxtının gəldiyini işarə edir. Bu da pozulmuş yuxu rejimimizin göstəricisidir.
4) Uşaqlarımız davranışlarımızı təkrarlayır: Uşaqlar böyümə və inkişaf zamanı ana-atalarının davranışlarından böyük ölçüdə təsirlənirlər. Məsələn, valideynlərdə televizora baxmaq vərdişi varsa, uşağın da baxmasından təbii heç nə yoxdur. Daha ifrat nümunə versək, yalnız kartof qızartması ilə qidalanan ananın qızının tərəvəzləri tanımaması çox normaldır. Biz bunu yetərincə fərq etmirik, lakin uşaqlar böyük öyrənmə prosesində olduqları üçün ətraflarındakı şəxslərin davranışlarını təkrarlayırlar (bu halda ən çox ətraflarında olanlar valideynləri olduğu üçün). Uşaqların insan-insan münasibətlərini və real dünyanı öyrənməsi çətinləşir. Telefon asılılığını tərgitmək yalnız bizim deyil, gələcəyimizin də sağlam yetişməsi üçün vacibdir.
Marağınızı çəkə bilər:
Hansı tədbirləri görə bilərik?
Problemimizi həll etməyin ilk addımı problemimiz olduğunu qəbul etməkdir. Problemimiz olduğunu düşünməsək, həll etmək üçün də səy göstərmərik. Telefon asılılığını tərgitmək üçün tövsiyə edə biləcəyimiz bir neçə şey vardır:
- Telefonunuzu yatmazdan saat əvvəl söndürün. Telefonunuzu söndürmədiyiniz müddətdə bildiriş səsləri və işıqları sizi narahat etməyə davam edəcəkdir. Özünüzə və beyninizə sakitlik haqqını tanıyın. Facebook-dakı pişik videosuna baxmamağınız və ya instagram-da son paylaşımları görməməyiniz sizə heç nə itirməyəcək (təcili vəziyyət, gözlədiyiniz mühüm mesaj varsa, sizə ən az təsir edəcək şəkildə telefonunuzla əlaqənizi azalda bilərsiniz). Bunun mümkün olmadığı hallar da vardır: məsələn, həkimlik peşəsi!
- Telefonunuzu zəngli saat kimi istifadə edirsinizsə, özünüzə zəngli, həqiqi saat almağı tövsiyə edə bilərik.
- Telefona baxmaq üçün müəyyən vaxtlar ayıra bilərsiniz. Gün ərzində telefonumuzu nə qədər tez-tez yoxladığımızı fərq etmədiyimizdən bu, fərqindəliyimizi artıracaq hal olacaqdır. Telefon bizi deyil, biz telefonu idarə etməliyik.
- Telefonunuzun olmadığı və ya sizi narahat etməyəcəyi zaman aralığı və yer müəyyən edə bilərsiniz. Beləcə həmin an və yerdə özünüzə, hətta sevdiklərinizə keyfiyyətli vaxt ayıra bilərsiniz.
Uşaqlarınızla daha çox ünsiyyətdə qalaraq onların böyüməsini telefon üzündən qaçırmamış olacaqsınız. Sosial canlılar olduğumuz üçün hər şeydən çox ünsiyyətə ehtiyacımız var, lakin burada üz-üzə, real dünyaya addım ataraq qurulan ünsiyyətdən danışırıq. Bəlkə dostunuzla qəhvə içmək və ya ailənizlə lunaparka getmək ola bilər. Seçim sizindir. Bu cür vaxt mobil telefonların təkrarlaya bilməyəcəyi şeydir. Mobil telefon gündəmi izləmək və sürətli ünsiyyət qurmaq üçün yaxşı vasitədir, lakin nəzarəti itirdikdə özümüzə yönəltdiyimiz silahdan fərqsizdir. Ehtiyatla istifadə edib özümüzü qorumaq əlimizdədir.
Nomofobiya ilə bağlı həssaslığı və xəbərdarlığı əsasında araşdırıb yazdığımız bu məqalə üçün həyat yoldaşım Sibel Özdoğan-a təşəkkür edirəm.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.