Olaparib və durvalumab BRCA-mutant süd vəzi xərçəngində əhəmiyyətli aktivlik göstərdi

Müxtəlif xərçənglərin müalicəsi üçün hər gün təsirli yeni dərmanlar barədə eşidirik, hətta son illərdə bu yeni dərmanların kombinasiyalarını yoxlayan ümidverici klinik tədqiqat nəticələri də dərc edilməyə başladı. Süd vəzi xərçənginin müalicəsinə son 5 ildə 2 yeni dərman sinfi daxil olmuşdu: PARP-ı basdıran dərmanlar və immunoterapiyalar.
DNA təmir fermentlərindən olan PARP-ın basdırılmasının digər DNA təmir mexanizmi BRCA-ları mutasiyalı olan şəxslərdə olduqca təsirli xərçəng əleyhinə nəticələr verdiyini bilirik. Bu tapıntıdan çıxış edərək hazırlanmış PARP inhibitoru / basdırıcı dərmanlar indiyədək yumurtalıq, prostat, süd vəzi və mədəaltı vəzi xərçəngində ABŞ Qida və Dərman İdarəsi (FDA) təsdiqi almışdır. Süd vəzi xərçəngi üçün əvvəlcə yanvar 2018-də PARP inhibitoru olaparib, daha sonra oktyabr 2018-də talazoparib, germline (irsi) BRCA mutasiyalı irəliləmiş mərhələli xəstələrdə istifadə üçün FDA təsdiqi almışdı.
Süd vəzi xərçəngində immunoterapiyalara gəlincə, mart 2019-da atezolizumab adlı immunoterapiya, PD-L1 müsbət üçlü mənfi süd vəzi xərçəngində kimyaterapiya ilə birlikdə istifadə üçün FDA təsdiqi almışdı. Həmçinin, hormon müsbət və HER2 mənfi erkən mərhələ süd vəzi xərçənglərinin neoadjuvant (əməliyyatdan əvvəl kiçildici) müalicəsinə digər immunoterapiya pembrolizumabın əlavə edilməsinin patoloji tam cavab nisbətlərini xeyli artırdığını, lakin hələ FDA təsdiqi almadığını bilirik.
Belə olduqda, müəyyən süd vəzi xərçənglərində təsirli görünən bu iki dərman sinfinin birləşdirilməsi fikri yarandı. Bu məqsədlə Dr. Susan M. Domchek və həmkarları tərəfindən The Lancet Oncologyjurnalında bildirilən bir faza I / II basket tipli klinik tədqiqatda olaparib və durvalumab kombinasiyasının germline BRCA mutasiyalı, HER2 mənfi metastatik süd vəzi xərçəngli bir xəstə qrupunda aktivlik göstərdiyini gördük.
MEDIOLA tədqiqatı
Bu beynəlxalq tədqiqatda iyun 2016 ilə may 2017 arasında qeydiyyata alınan 34 xəstə 4 həftə ərzində gündə iki dəfə 300 mg olaparib, sonra xəstəlik irəliləyən və ya qəbuledilməz yan təsir yarananadək 4 həftədən bir infuziya ilə 1.5 gr durvalumab və gündə iki dəfə 300 mg olaparib kombinasiyası aldı. Xəstələr əvvəllər metastatik süd vəzi xərçəngi üçün iki xətdən çox kimyaterapiya almamışdılar. Tədqiqatın birincili sonlanma nöqtələri təhlükəsizlik / dözümlülük və 12 həftəlik xəstəlik nəzarət nisbəti idi.
Müalicənin effektivliyi
- 12-ci həftədə xəstəlik nəzarət nisbəti %80,0 idi.
- Xəstələrin %63,3-ündə obyektiv cavab müşahidə edildi.
12-ci həftədə qiymətləndirilə bilən 30 xəstənin 24-ündə (% 80.0) xəstəlik nəzarəti təmin edildi. 1 xəstədə tam cavab daxil olmaqla 19 xəstədə (% 63.3) obyektiv cavab müşahidə edildi, əlavə 5 xəstədə (% 17) 11 həftə stabil xəstəlik görüldü. 28-ci həftədə xəstəlik nəzarət nisbəti % 50.0 idi.
Median cavab müddəti 9,2 ay idi. Orta 6,7 aylıq izləmədə median proqressiyasız (irəliləməsiz) sağqalım 8.2 ay idi. Median 19,8 aylıq izləmədə median ümumi sağqalım 21,5 ay idi.
Yan təsirlər
Dərəcə 3 arzuolunmaz hadisələr (ciddi yan təsirlər) 11 xəstədə (% 32) yarandı, ən çox anemiya (%12), neytropeniya (%9) və pankreatit (%6) idi. Dörd xəstədə (%12) cəmi altı ciddi yan təsir yarandı və bunlar anemiya, hemoliz, hiperkalsemiya, təngnəfəslik, pankreatit və hidronefroz idi. Yan təsirlərə görə altı xəstədə (%18) olaparib dozası azaldıldı. Arzuolunmaz hadisələr anemiya, artralgiya və nəfəs darlığı səbəbləri ilə üç xəstədə müalicənin dayandırılmasına gətirdi. Müalicəyə bağlı ölüm bildirilmədi.
Nəticə
BRCA mutant süd vəzi xərçəngində olaparibin təsirli olduğunu bilirdik; bu tədqiqatda olaparibə durvalumab əlavə edilməsinin, hətta əvvəllər çoxxətli müalicə almış xəstələrdə belə müalicə effektivliyini xeyli artıra biləcəyini düşündürən ümidverici nəticələr gördük. Ciddi yan təsir hər 3 xəstədən birində müşahidə edilsə də, yan təsirlərə bağlı həyat itkisi bildirilməməsi bu kombinasiyaya bağlı arzuolunmaz hadisələrin idarə edilə biləcəyini düşündürür. PARP inhibitoru və immunoterapiya kombinasiyasının germline BRCA mutant irəliləmiş mərhələ süd vəzi xərçəngində effektivliyini sübut etmək üçün xəstələrin təsadüfi daxil edildiyi daha geniş faza-III tədqiqata ehtiyac var.
Mənbələr
Olaparib and durvalumab in patients with germline BRCA-mutated metastatic breast cancer (MEDIOLA): an open-label, multicentre, phase 1/2, basket study.
The LANCET Oncology, 6 August 2020.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.