Peyvəndləmə mübarizəsi üçün tütün mübarizəsindən çıxarılan dərslər

Bu məqalədə
Covid-19 xəstəliyi bütün dünyaya təsir etməyə başladığı 2019-cu ildən bəri çoxsaylı insanın həyatını itirməsinə səbəb olub. 19 aprel 2022 tarixinə görə yeni tip SARS-CoV-2 virusunun yaratdığı bu xəstəlik dünyada rəsmi rəqəmlərlə 6,2 milyon insanın həyatına son qoyub; bununla yanaşı, effektiv peyvəndlər istifadəyə verilməsəydi, rəqəm bundan çox daha yüksək olardı.
İlk peyvəndlərin ortaya çıxdığı 2020-ci ilin sonlarında tədqiqatlar yetkin ABŞ vətəndaşlarının təxminən 3-də 1-inin peyvənd olunmaq istədiyini, 15%-inin (xeyli sabit qalan göstərici) peyvənd olunmağa ciddi müqavimət göstərdiyini, qalanların isə güclü ideoloji müqavimətinin olmadığını göstərmişdi. Hazırda ABŞ-dakı yetkinlərin təxminən 27%-si hələ peyvənd olunmayıb. Gələcək pandemiyalar və bütün peyvəndlər üçün problem olan tərəddüd vəziyyəti və insanların əlavə dozaları almaması mühüm çətinlikdir.
Əksəriyyəti nifrət və yalanlarla dolu, tamamilə siyasi olan çaşdırıcı səs-küyün içində ictimai səhiyyə sisteminin səsinin itməməsi lazımdır. Bu göstəricilər səhiyyə baxımından inkişaf etmiş bir çox qərb cəmiyyətində oxşardır.
Oxşar mübarizə: tütün savaşları
İçində olduğumuz pandemiya dövrü üçün tütün mübarizəsindən çıxarılan dərslər bizə perspektiv verə bilər. Tütündən söhbət gedəndə məhsullarından istifadənin cəlbedici və normal olduğu mesajları ilə milyonlarla insana təsir edən siqaret sənayesi təəssüf ki, “qarşısı alına bilən ölümləri” körükləyirdi.
1960-cı illərdə ABŞ-dakı yetkinlərin demək olar yarısı siqaret çəkirdi. Hazırda təxminən 12,5% olan bu göstərici tütün istifadəsini cazibədar göstərməyən, normallaşdırmayan və sosial baxımdan daha az qəbuledilən edən onilliklərlə davam etmiş çoxşaxəli ictimai sağlamlıq səylərinin nəticəsidir.
Tütünün zərərləri barədə elmi tədqiqatlar əvvəlcə 1964-cü ildə siqaret və sağlamlıq haqqında ilk ABŞ Baş Cərrahının hesabatında ümumiləşdirilib; tütün sənayesi isə bu məlumatlara hücum edib. Təəssüf ki, hesabatın təsiri az olub. Böyük epidemioloji və bioloji məlumat icmalı olan C. Everett Koop-un 1986-cı il hesabatı isə çətinlikləri aşaraq tütün istifadəsinin xərçəng və ölümlərin qarşısı alına bilən böyük səbəbi olduğunu göstərib və ən əhəmiyyətlisi siqaret tüstüsünə məruz qalmanın zərərlərini vurğulayıb.
Tütün sənayesinin müqaviməti
Koop və oxşar tədqiqatçılara siqaretlə sağlamlıq arasındakı elmi sübutlara aqressiv şübhə yaradan, siqaret çəkmə barədə yanlış məlumat yayan, tütünün iqtisadi əhəmiyyətini vurğulayan və fərdi azadlığın məhdudlaşdırıldığı barədə guya xəbərdarlıqlar edən kampaniyalar başladıb davam etdirən tütün sənayesi böhtan atıb. Sənaye rəhbərləri nikotinin asılılıq yaratdığı və tütün istifadəsinin ölümcül ola biləcəyi barədə çoxdan məlum olan biliklərin əksinə olaraq hökumət orqanı ABŞ Konqresinə və xalqa yalan deyiblər.
Siqaret çəkmək yalnız sizə zərər vermir! Peyvənd olunmamağın da yalnız sizə zərər verməyəcəyi kimi
Tütünə nəzarət barədə ilk müzakirələr insanın öz seçimlərinə yönəlsə də, 1981-ci ildə aparılmış iki tədqiqat siqaret çəkənlərin siqaret çəkməyən həyat yoldaşlarının siqaret çəkməyənlərin yenə siqaret çəkməyən həyat yoldaşlarından daha yüksək ağciyər xərçəngi riski daşıdığını bildirib və bununla fərdi seçimlərə yönələn müzakirələr istiqamət dəyişib. Sonrakı bir neçə ildə ən azı on iki başqa tədqiqat da passiv siqaret çəkmənin təhlükələrini sübut edib. Əvvəldə siqaret çəkənlər üçün duyulan narahatlıq bir insanın davranışının başqalarının həyatını necə təhlükəyə atdığı anlaşılınca hamı üçün problemə çevrilib.
Konqres heç vaxt federal siqaret qadağası tətbiq etməyib. FDA-nın (ABŞ Qida və Dərman İdarəsi) keçmiş rəhbəri David Kessler və digər vəzifəlilərin FDA-nın nikotin və tütün məhsullarını məhdudlaşdırmaq səyləri Ali Məhkəmə tərəfindən 2000-ci ildə rədd edilib.
Tütünə qarşı mübarizə başladı
Xoşbəxtlikdən Konqres 2009-cu ildə gənclərə yönələn marketinq və satışları məhdudlaşdırmaq və tütün məhsullarında xəbərdarlıq etiketlərini məcburi etmək üçün FDA-ya tütünü tənzimləmək üzrə məhdud səlahiyyət verib. Beləliklə, səhiyyə mütəxəssislərinin siqareti tərgitmək mesajları cəmiyyətin bütün təbəqələrinə çatıb. Bundan əlavə, ictimai yerlərdə, iş yerlərində, məktəblərdə, restoranlarda, barlarda və təyyarələrdə siqaret çəkməyi məhdudlaşdıran siyasətlər tətbiq edilib. Bu səylər sosial normanı genişləndirmək məqsədinin mesajının bir hissəsi kimi yalnız siqaret çəkməni azaltmayıb, həm də təmiz havanın əhəmiyyətini ortaya qoyub.
Həmçinin idmançılar, sənətçilər və aktyorların ictimai məlumatlandırma mesajları ilə yanaşı tütün istifadəsindən zəifləmiş, siqaret çəkdiyinə peşman olduğunu deyən və insanları siqaretə başlamamaq üçün xəbərdar edən şəxslərlə reklamlar hazırlanıb. 2012-ci ildə başlayan və hələ televiziyada yayımlanan ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (US-CDC) Keçmiş Siqaret Çəkənlərin Məsləhətləri kampaniyası siqareti tərgitmə xətlərinə daha çox zəngi təşviq edib və siqareti tərgitmə göstəricilərini artırıb.
Tütün məhsullarının vergiyə cəlb edilməsi, təşviqedici reklamlarının məhdudlaşdırılması və tütün sənayesinin məhsullarını istifadə etmələri üçün daha çox gənci cəlb etməsinə qarşı mühüm tədbirlər də siqaret çəkənlərin sayının azalmasına töhfə verib. Tütün şirkətlərinin məsul tutulması və siqaretdən zərər görən insanlar üçün sığorta xərclərini dövlətlərə ödəməsinə yönələn hüquqi mübarizələr başlanıb və bunların hamısı ABŞ tarixində ən böyük hüquqi məsuliyyət sazişi olan 1998-ci il Baş Razılaşma Sazişi ilə nəticələnib.
Covid-19 peyvəndinə müqavimətlə mübarizə
Tam yeni olmayan, lakin Covid-19 pandemiyası zamanı böyüyən peyvənd əleyhinə hərəkatların səyləri tütün savaşlarında istifadə edilən strategiyalarla çox oxşardır. Tək bir sənaye tərəfindən maliyyələşməsə də, bu hərəkatları müəyyən siyasi şəxslər, bəzi həkimlər və media şirkətləri yaxşı dəstəkləyir. Təəssüf ki, bu əks baxışlar elmə və dövlətə şübhə və etimadsızlıq yaradır. Peyvəndlərin təhlükəsizliyi və effektivliyi barədə çoxsaylı yanlış məlumat internet və digər vasitələrlə hər kəsə asanlıqla çatır.
Əvvəldə tütün savaşları böyük reklam və ictimaiyyətlə əlaqə kampaniyalarını əhatə edirdi, lakin indi peyvənd əleyhinə sosial media və mürtəce media kanalları peyvəndlərdə insanların davranışını idarə edən mikroçiplər olduğu, peyvəndlərin sonsuzluğa və ya döllərə zərərə səbəb olduğu kimi mənasız sui-qəsd nəzəriyyələri yaradır və dəstəkləyir. ABŞ Prezidentinin baş tibbi məsləhətçisi Anthony Fauci kimi elmi rəhbərlərin qaralanması Koop və digərlərinə hücumların kədərli təkrarıdır. Yenə ictimai sağlamlığa təsir edən mühüm qərarları səhiyyə mütəxəssisləri deyil, Ali Məhkəmə də daxil olmaqla məhkəmələr verir.
Peyvənd olunmaq epidemiyanı azaldır
Əlbəttə, tütünə nəzarətlə peyvəndləmə arasında mühüm fərqlər vardır; məsələn, siqaretə başlamağı və xroniki xəstəlikləri önləyən müdaxilələrin təsiri onilliklər çəkə bilər, peyvənd isə xəstəxanaya yatışları və kəskin virus xəstəliklərini günlər və ya həftələr ərzində azalda bilər. CDC məlumatları təsdiqlənmiş Covid-19 peyvəndi alanların sayının ABŞ-da xəstəxanaya yatışları və Covid ilə bağlı ölümləri azaltdığını göstərib. Ev və ailədaxili yoluxmanı araşdıran tədqiqatlar da peyvənd proqramlarının SARS-CoV-2 yayılmasını azaltdığını göstərib. Həmçinin peyvənd olunmaq səhiyyə sisteminə dolayı zərərin də qarşısını alır.
Doğru məlumat üçün kampaniya
Tütün savaşlarının uğurlarını nümunə götürən inandırıcı ictimai məlumatlandırma kampaniyalarının – Covid-19-un zərərini və peyvəndlərin gücünü göstərən afişa kimi – peyvəndlərlə bağlı yanlış məlumatların qarşısını almaq üçün lazım olduğuna inanırıq. Hər hansı pandemiyada peyvənd və əlavə doza almaq qəbul olunan sosial norma olmalıdır. Peyvənd üçün məsləhətlər kimi kampaniyaların uyğunlaşdırılmış formaları intubasiyadan dərhal əvvəl peyvənd olunmadıqları üçün bir çox insanın peşmanlıq sözlərini əhatə edə bilər. Bu xəstələr yalnız o zaman peyvəndə ehtiyac duyduqlarını deyir və artıq çox gec olduğunu əlavə edirlər.
Peyvənd olun, səhiyyə işçilərinin yükünü azaldın!
Peyvənd olunmayan insanlar xəstələndikdə həkim və xəstəxanaların həmişə əlçatan olacağını düşünürlər. Buna görə məlumatlandırıcı mesajlarda Covid-19-un hər hansı vəziyyət üçün müalicəyə ehtiyacı olan xəstələrə və həkimlərə gətirdiyi yükü göstərən səhiyyə işçiləri də yer ala bilər.
Məcburi peyvənd kartları
Peyvənd məcburiyyətləri təhlükəsizlik kəməri və hava limanındakı təhlükəsizlik yoxlamaları kimi bəzi yerlərdə peyvənd olunanların artmasına kömək edib. İctimai yerlərə girmək və yerli iş fəaliyyətini davam etdirmək üçün peyvənd olunduğunu sübut edən sənədin (peyvənd kartı və s.) istənməsi kimi yerli və icma səviyyəli qaydalar hətta federal məcburiyyətlərdən daha effektiv ola bilər.
Ən etibarlı mənbə: həkimlər
Etibarlı həkimlər sağlamlıq məlumatını ən effektiv çatdırmaq üçün ən yaxşı mənbə olmağa davam edirlər. Lakin pandemiyada əksər həkimlərin fövqəladə səylərinə baxmayaraq hər həkim doğru məlumat vermir. Hökumətlər də zərərli və yanlış məlumat yayan səhiyyə işçilərinin fəaliyyət lisenziyalarını etibarsız edir və ya etməlidirlər.
Peyvənd olunmamaq yalnız sizə deyil, bütün cəmiyyətə zərər verir
İctimai sağlamlıq mütəxəssisləri tütünün xərçəngə səbəb olduğunu illərdir bilirlər, lakin təəssüf ki, elmi bilik təkbaşına siqaret çəkmə davranışına çox az təsir edir. Siqaret çəkənlərin başqalarını təhlükəyə atdıqlarını bilməsi tütünə nəzarətdə dönüş nöqtəsi olduğu kimi, peyvənd olunmayanların ailə üzvlərini, ətrafını, cəmiyyəti və səhiyyə sistemini təhlükəyə atdığı da aydındır. Belə məlumat və xəbərdarlıqları olan mesajlar peyvənd olunmaqda təsirli ola bilər. Bununla yanaşı, hələ tərəddüd edənlərin davranışını dəyişmək üçün yaxşı maliyyələşdirilən çoxşaxəli ünsiyyət səyi lazım olacaq.
İnsanlar seçim etməkdə hələ azaddırlar və azad qalacaqlar: siqaret çəkmək və ya peyvənd olunmamaq hələ seçimdir. Lakin tütünə nəzarət səylərinin çəkdiyi yol xəritəsi ictimai düşüncənin ictimai sağlamlığa və sosial faydaya yönələ biləcəyini göstərib. Peyvəndlə bu iş onilliklər çəkə bilər, buna görə tez başlamaq yaxşı olar.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.