Peyvəndsiz xəstələr COVID-19-dan sonra təcili olmayan əməliyyat üçün 7 həftə gözləməlidir

Bu məqalədə
Amerika Anestezioloqlar Cəmiyyəti (ASA) və Anesteziyada Xəstə Təhlükəsizliyi Fondunun (APSF) dərc etdiyi yeni birgə açıqlamaya görə, peyvənd olunmamış xəstələrdə COVID-19 infeksiyasından sonra elektiv (təcili olmayan, planlı) cərrahi müdaxilələr ən azı 7 həftə təxirə salınmalıdır.
COVID-19-a qarşı tam peyvənd olunsa da COVID-19-a yoluxmuş şəxslər üçün infeksiya ilə elektiv cərrahiyyə arasındakı müddəti necə müəyyən etməyimiz barədə fikir birliyi yoxdur. Amerika Anestezioloqlar Cəmiyyətinin (ASA) prezidenti Dr. Randall M. Clark həkimlərin əməliyyatları planlamaq üçün klinik mühakimələrindən istifadə etməli olduqlarını söylədi. Bütün həkimlər, anestezioloqlar, cərrahlar və digərləri elektiv cərrahiyyəyə davam etmə qərarlarını xəstənin şikayətlərinə, əməliyyata ehtiyacına və gecikmələrin sağlamlıqlarında başqa problemlərə səbəb olub-olmayacağına əsaslandırmalıdır.
COVID-19-dan sonra əməliyyat üçün nə qədər gözləməli?
22 fevral 2022 tarixində dərc edilmiş bu yenilənmiş tövsiyələrdən əvvəl ASA və APSF xəstənin peyvənd vəziyyətindən asılı olmayaraq əlamətsiz və ya yüngül hallar üçün COVID-19 diaqnozu ilə elektiv cərrahiyyə arasında 4 həftəlik fasilə tövsiyə etmişdi.
Gözləmə müddətinin 4 həftədən 7 həftəyə uzadılması oktyabr 2020 tarixində 140.000-dən çox cərrahi xəstəni izləyən çoxmillətli tədqiqata əsaslanırdı. Əvvəllər COVID-19 infeksiyası keçirmiş xəstələr COVID-19 olmayanlarla müqayisədə diaqnozdan sonrakı 6 həftəyədək elektiv cərrahiyyədə artmış fəsad və ölüm riskinə malik idilər. ABŞ-da əlavə tədqiqatlar əməliyyatdan əvvəl COVID diaqnozu qoyulmuş xəstələrin diaqnozdan sonrakı 4 həftəyədək əməliyyat sonrası tənəffüs çatışmazlığı fəsadları və diaqnozdan sonrakı 8 həftəyədək əməliyyat sonrası pnevmoniya (sətəlcəm) fəsadları baxımından daha yüksək risk altında olduğunu tapdı.
Bu tədqiqatlar peyvənd olunmamış və ya aşağı peyvəndlənmə səviyyəsinə malik əhalidə aparıldığından və ilkin məlumatlar peyvəndli xəstələrdə infeksiyadan sonrakı fəsad və ölüm riskinin daha aşağı ola biləcəyini irəli sürdüyündən, "Yalnız peyvənd olunmamış xəstələr üçün konkret tövsiyələr verməyi ehtiyatlı yanaşma saydıq." deyə Clark əlavə etdi.
Bu qayda sübuta əsaslanan tövsiyələr vermək üçün mövcud tədqiqatları ümumiləşdirdiyindən "çox faydalı" olsa da, 7 həftəlik gözləmə müddətinin "çox ehtiyatlı təxmin" olduğu görünür. Çünki bu gün bir çox tibb mərkəzində xəstələrin peyvənd vəziyyətindən asılı olmayaraq əməliyyat ən azı 3 həftə sonra planlanır.
Bu tədqiqatın daha az ağır xəstəliyə səbəb olan Omicron variantının geniş yayılmasından əvvəl aparıldığını unutmaq olmaz. Omicron variantı hazırda ən geniş yayılmış COVID-19 variantıdır və virusun əvvəlki variantlarından az ölümcüldür. Buna görə Omicron variantı səbəbindən COVID-19-a yoluxanların mütləq 7 həftə gözləməsi lazım olmaya bilər.
Nəticə olaraq, xəstənin peyvəndli və ya peyvəndsiz olmasından asılı olmayaraq COVID-19 diaqnozundan etibarən elektiv cərrahiyyə üçün ən azı 4 həftə gözləmək tövsiyəsi hələ qüvvədədir. Bununla belə, xüsusən yanaşı xəstəlikləri olanlar, peyvəndsiz COVID-19-a yoluxanlar və peyvəndli olsa da COVID-19-u ağır keçirənlər üçün 7 həftəlik müddəti gözləmək vacibdir.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.