Qida zəhərlənməsi, əlamətləri və qorunma yolları - yay aylarında daha diqqətli olmalıyıq

Bu məqalədə
Qida zəhərlənməsi istehlak etdiyimiz qidaların zərərli mikroorqanizmlərlə çirklənməsi nəticəsində yaranan, tez-tez görülən, lakin qarşısı alına bilən sağlamlıq problemidir. Bu patogen mikroorqanizmlər bəzi viruslar, bakteriyalar və parazitlərdir. Bunlar adətən həzm sistemində (mədə və bağırsaqlar) şikayətlər yaradır. Xüsusilə yay aylarında yüksək temperatur zərərli mikroorqanizmlərin daha asan çoxala biləcəyi mühit yaradır və qida zəhərlənmələri isti mövsümlərdə daha çox, hətta bəzən epidemiya şəklində görülür. Qidaların istehsalı, daşınması və ya saxlanması səbəbindən yarana bilər.
Qida zəhərlənməsinə ən çox səbəb olan patogenlər hansılardır?
1. Escherichia coli (E. coli)
Bağırsaq çöpü kimi də tanınan E. coli bakteriyaları qida zəhərlənmələrinin və yay ishallarının ən mühüm səbəblərindəndir. Çoxlu alt növü vardır və normal bağırsaq floramızın üzvləridir. Normalda bağırsaqda yaşadığı üçün ətraf sularda E. coli olması suyun nəcislə çirklənməsinin əlamətidir. Bəzi E. coli növləri insana yoluxduqda xəstəlik yarada bilər. E. coli qram-mənfi bakteriya olduğuna görə endospor yaratmır, buna görə pasterizasiya və ya qaynatma ilə ölür. Məməli heyvanların bağırsaqlarında böyüməyə uyğunlaşdığına görə ən yaxşı bədən temperaturunda çoxalır.
Qida, su və ya insanlarla təmas zamanı bu infeksiyaya səbəb olan növləri yoluxa bilər.
3 - 4 gün ərzində görülən əlamətlər:
- İshal
- Qanlı ishal
- Qızdırma
- Susuzlaşma
- Qarın sancıları
- Sidik yolu infeksiyası
- Tənəffüs yolu infeksiyası
2. Norovirus
Norovirus su və ya qidanın nəcislə çirklənməsi yolu ilə insanlara və ya səthlərə təmasdan yoluxur. Norovirus dünyanın bir çox ölkəsində geniş görülən virusdur. Xüsusilə otellərdən, açıqda satılan qidalardan, restoranlardan və ya əyləncə mərkəzlərindən tez-tez yoluxur.
Norovirus infeksiyasında 24 - 48 saatda görülən əlamətlər:
- Ürəkbulanma
- Qusma
- Qızdırma
- Baş ağrısı
- Mədə ağrısı
- Həddindən artıq halsızlıq
- Bədən və əzələ ağrısı
Bədənin müqavimətinə görə sağalma dəyişə bilər. Xəstəxanaya getmək və müdaxilə lazım ola bilər. Daha davamlı şəxslər isə bol maye qəbul edib dincəlməklə də sağala bilər.
3. Salmonella (tif olmayan)
Salmonella bakterial ishalların ən mühüm səbəblərindəndir. Tədqiqatlara görə salmonella ilə ildə təxminən 94 milyon insan zəhərlənir və bunların 115.000-i həyat itkisi ilə nəticələnir. Dezinfeksiya edilməmiş su, qida və ya infeksiyanı daşıyan insanlarla, yaxud heyvanlarla təmasda yoluxur.
Salmonella infeksiyasının əlamətləri 6-72 saat aralığında görülür:
- Qızdırma
- Qarın ağrısı
Bol maye qəbul edib yaxşı dincəlməklə 4 ilə 7 gün ərzində sağalmaq mümkündür. Lazım gələrsə, xəstəxanada müdaxilə edilməlidir.
4. Clostridium perfringes
Clostridium perfringens insan və heyvanların bağırsaqlarına mənfi təsir edən bakteriya növüdür. Bu bakteriya insanlarla təmasdan yoluxmur. Əsasən çiy ət və quş məhsullarında olur. Ət məhsulları bişirildikdən sonra süfrəyə verilmək üçün isti saxlanarkən yayılır.
Zəhərlənmənin əlamətləri dərhal görülür və adətən 24 saatda keçir:
- İshal
- Qarın ağrısı
Bol maye qəbul etmək və evdə istirahət etmək lazımdır.
5. Campylobacter növləri
Campylobacter növləri mədə və nazik bağırsaqların iltihabına səbəb olur. İstiqanlı heyvanların, xüsusilə mal-qara və ev quşlarının bağırsaqlarında olur. Ət və toyuq məhsullarının istehlakı ilə yoluxur. Yoluxmuş heyvanlarla birbaşa təmasdan da keçir.
Campylobacter infeksiyasında 1 - 10 gün arasında görülən əlamətlər:
- İshal
- Qusma
- Ürəkbulanma
- Qarın ağrısı və ya sancı
- Qızdırma
- Baş ağrısı
- Yorğunluq
- Susuzlaşma
İmmun sisteminə çox pis təsir edə bilər. Bol maye qəbulu və istirahətə baxmayaraq keçmirsə, tibbi müalicə lazım ola bilər.
6. Parazitlər
Çirklənmiş və ya xarab qidalarla yoluxur. Adətən nəcislə çirklənmiş sular vasitəsilə çiy ət-balıq və çiy tərəvəzlərlə təmas və onların istehlakı nəticəsində zəhərlənmə olur.
Parazit növünə görə dəyişə bilən əlamətlər
- Həzm sistemi
- Öskürək
- Dəri zədələri
- Sinir sistemi problemləri
7. Listeria monocytogenes
Listeria monocytogenes infeksiyası olan listerioz nəticəsində zəhərlənmələr adətən sağlamlığa ciddi təsir edir və dərhal xəstəxanaya getmək lazımdır. Listeria infeksiyasının ağırlığı immun sisteminə görə dəyişir və ən çox körpələrdə, hamilələrdə və yaşlılarda görülür.
Listeria infeksiyasının 1 ilə 4 saatda görülən əlamətləri:
- Qızdırma
- Əzələ ağrısı
- Tarazlığın itməsi
- Xüsusilə boyun bölgəsində əzələlərin sərtləşməsi
- Qıcolmalar
Hamilələrdə qızdırma və ya qrip infeksiyası kimi əlamətlər olarsa, təcili tibbi müdaxilə lazım ola bilər.
Qida zəhərlənmələrindən qorunma yolları
- Şəxsi gigiyenaya diqqət etmək lazımdır. Əllər tez-tez yuyulmalıdır. Dırnaq yeyilməməlidir. Əllər yuyulmadan heç bir qida yeyilməməlidir. Antibakterial sabunları daha çox qoruma təmin etmədiyi və dəri florasını pozduğu üçün tövsiyə etmirik. Adi sabun əl təmizliyi üçün kifayətdir.
- Qidaların təmizliyi çox mühümdür. Xüsusilə çiy yeyiləcək tərəvəz və meyvələr yaxşı yuyulmalıdır.
- Ət, toyuq və balıq kimi heyvani qidalar yaxşı bişirilməlidir. Etibarlı yerlərdən alınmalıdır.
- Dondurulmuş məhsullar diqqətlə seçilməlidir. Dondurulmuş qida vasitəsilə də qida zəhərlənmələri tez-tez baş verir.
- Yemək hazırlayarkən mühit təmiz olmalıdır. Tualet, pişik qumu və ya it nəcisi kimi təmizlənməli işlər yemək hazırlığı zamanı edilməməlidir.
- Qidalar yenidən qızdırılarkən bişirmə temperaturunda saxlanmalıdır.
- Kənd, ferma və ya zoopark kimi yerlərdə heyvanla təmasdan sonra əllər mütləq sabun və su ilə yaxşı yuyulmalıdır.
Nəticə etibarilə, tətil mövsümü olan yay aylarında qida zəhərlənmələri daha çox görülür. Adətən evdə hazırlanmış qidalarda riski daha az olan qida zəhərlənmələrinə qarşı çöldə yeyəcəyiniz yeməklərin seçiminə diqqət edə bilərsiniz. Məsələn, çiy tərəvəzlər əvəzinə yaxşı bişmiş qidalar. Bununla yanaşı, şəxsi təmizliyimiz və yaşadığımız mühitin təmiz olması bizi qida zəhərlənmələrindən yüksək dərəcədə qoruya bilər. Yuxarıdakı əlamət və şikayətlərlə qida zəhərlənməsi yaşadığınızdan şübhələnirsinizsə, digər insanlarla fiziki təmasdan və onlara yemək hazırlamaqdan çəkinin, ən qısa zamanda həkiminizə müraciət edin.
Mənbələr
Food poisoning duration: how long do symptoms last?
medicalnewstoday-com. June 2017
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.