Qüdrət narı nədir? Sağlamlığa təsirləri hansılardır?

Bu məqalədə
- Qüdrət narının elmi adı: Momordica charantia
Digər yayılmış adları:
- Acı qovun (ən çox işlədilən alternativ ad)
- Acı balqabaq
- Acı xiyar
- Balzam alması
- Balzam armudu
- Cüzam balqabağı
- Afrika xiyarı
Qüdrət narı nədir?
Qüdrət narı Asiya, Cənubi Amerika, Şərqi Afrika və Karib bölgəsində rast gəlinən çoxillik bitkidir. Yeməli meyvəsi həm qida kimi, həm də müxtəlif xəstəliklərə (diabet, xərçəng, virus infeksiyaları və immun pozuntuları) faydalı olduğu iddiası ilə tibbdə istifadə edilir.
Qüdrət narının tibbi təsirləri
Qüdrət narındakı bəzi fəal maddələr insulinə bənzər şəkildə təsir göstərə, yəni qan şəkərini azalda bilər. Lakin təhlükəsizliyi və effektivliyi müəyyənləşdirmək üçün yüksək keyfiyyətli tədqiqatlara ehtiyac var. Buna görə insulin və ya hipoqlikemik (qan şəkərini azaldan) dərmanların əvəzinə alternativ müalicə kimi tövsiyə edilə bilməz.
Xərçəng üzrə insan tədqiqatları da yetərsizdir. Bir tədqiqat servikal (uşaqlıq boynu) xərçəng xəstələrinin immun sisteminə heç bir təsir göstərmədiyini aşkar edib.
Qüdrət narının acı dadı alkaloidlər, momordikozidlər və momordisinlərin mövcudluğu ilə əlaqələndirilir. İn vitro (laboratoriya) və heyvan tədqiqatları xərçəngəleyhinə, antiviral, antidiabetik və lipidazaldıcı təsirlərini irəli sürür.
İnsanlardan alınmış məlumatlar məhduddur. İnsulinə davamlılıq yaranmış (diabetə meyilli) və diabetli xəstələrdə qan şəkərini azalda biləcəyinə işarələr olsa da, meta-təhlillər dəlillərin aşağı keyfiyyətli, təhlükəsizlik məlumatlarının isə az olduğu nəticəsinə gəlib və daha etibarlı tədqiqatlara ehtiyac olduğunu bildirib. Digər ilkin məlumatlar əlavənin diz osteoartriti (revmatizm) xəstələrində əlamətləri yaxşılaşdıra biləcəyini göstərir. Uşaqlıq boynu xərçəngi xəstələrində aparılan tədqiqatda qüdrət narının təbii öldürücü hüceyrə (NK-cell) fəallığına təsirinin olmadığı müşahidə edilib.
Qüdrət narı qida kimi istehlak olunsa da, toxumlarının, ekstraktlarının və çox miqdarda şirəsinin qəbulu əlavə təsirlərə səbəb ola bilər.
Təsir mexanizmi və laboratoriya tədqiqatları
Heyvan tədqiqatında qüdrət narı ekstraktının qan şəkərini tənzimləyən təsirləri müşahidə edilib. Qaraciyər fermentlərinə təsir edərək qan şəkərini azaldıb və bədənin insulinə cavabını yaxşılaşdırıb. Həmçinin insulinə davamlılığın azalmasına kömək edən bəzi genlərin fəallığını dəyişərək insulin siqnallarını gücləndirib. Bu proses hüceyrədaxili bəzi iltihab və stres yollarını tənzimləyərək insulinə davamlılığa qarşı qoruma verə bilər.
Qüdrət narı qəbul edən heyvanlarda bədəndə yağ istehsal edən fermentlərin səviyyəsi aşağı olub. O, tiroid hormonlarını və yağ hüceyrələrindən ifraz olunan bəzi hormonları artıraraq yağ və karbohidratların bədəndə necə istifadə edildiyinə də təsir göstərə bilər. Digər tədqiqat qüdrət narının qaraciyər piylənməsi xəstəliyinin irəliləməsini önləyə, hüceyrə ölümünü əngəlləyə və yağ toplanmasını azalda biləcəyini müəyyən edib.
Qüdrət narı və tərkib hissələri laboratoriyada xərçəng hüceyrələrini zədələyə bilən xüsusiyyətlər göstərib. Məsələn, prostat xərçəngi hüceyrələrində ölümə səbəb olan, süd vəzi xərçəngi hüceyrələrində də oxşar təsirlər yaradan maddələr tapılıb. Qüdrət narı şirəsinin pankreas xərçəngi hüceyrələrində hüceyrə ölümünü başlada və davamlı xərçəng hüceyrələrinin böyüməsini ləngidə biləcəyi də müəyyən edilib. Digər tədqiqatlar onun ağciyər xərçəngi hüceyrələrinin yayılmasını əngəlləyə biləcəyini və bu təsirlərin ekstraktlarda da görüldüyünü göstərib.
Bu tapıntılar qüdrət narının həm diabet, həm də xərçəng müalicəsində potensial təbii köməkçi kimi istifadəsinə dair mühüm ipucları verir. Lakin tərkibindəki maddələrin bu problemlərə təsirini daha yaxşı anlamaq üçün əlavə araşdırma lazımdır. Çünki indiyədək insan tədqiqatları laboratoriya və heyvan təcrübələrinin ilkin nəticələrini insanlarda təsdiqləyə bilməyib.
İstifadə edilməməli hallar
- Hamiləsinizsə qüdrət narından çəkinməlisiniz, çünki heyvan tədqiqatları inkişaf qüsurlarına səbəb ola biləcəyini göstərir.
- Mədə-bağırsaq problemlərinə səbəb ola bilər.
Zərərləri barədə klinik hal hesabatları
-
Qulaqcıqların fibrilyasiyası: 22 yaşlı kişidə acı qovun şirəsi içdikdən və mədə şikayətləri ilə xəstəxanaya müraciət etdikdən bir neçə gün sonra qulaqcıqların fibrilyasiyası (ürəyin nizamsız döyünməsi) yaranıb və ürək ritmini tənzimləmək üçün antiaritmik dərmanlar alması lazım olub.
-
Kəskin mədə xorası: 40 yaşlı kişidə evdə hazırlanmış qüdrət narı ekstraktından yarım litr içdikdən sonra ağır mədə xorası yaranıb. Vəziyyət venadaxili maye, rabeprazol (mədə turşusunu azaldan dərman) və qan köçürülməsi tələb edəcək qədər ciddi olub.
-
Kəskin interstisial nefrit: Diabeti və yüksək təzyiqi olan 60 yaşlı kişidə Ayurveda tərkibində qüdrət narı qəbulundan sonra, həmçinin 60 yaşlı qadında qüdrət narı ekstraktı içdikdən sonra böyrəklərdə iltihabi vəziyyət olan kəskin interstisial nefrit yaranıb.
-
Toksiklik: Qüdrət narı toxumlarından hazırlanan visin adlı ekstraktın qəbulu baş ağrısı, qızdırma, qarın ağrısı, hətta koma kimi ciddi əlavə təsirlər yarada bilən favizmə səbəb ola bilər. Bu vəziyyət müəyyən ferment çatışmazlığı olan şəxslərin toxumlardakı zərərli maddələri emal etməsində problem yaradır.
Bitki-dərman qarşılıqlı təsirləri
- P-gp substratları: Qüdrət narı P-qlikoprotein adlı maddəni zəiflədə bilər. Bu maddə hüceyrələrin bəzi dərmanları xaric etməsinə kömək edir. Qüdrət narı bu mexanizmi əngəlləyəndə vinblastin və paklitaksel kimi dərmanların hüceyrədə toplanmasına və toksiklik (zəhərlilik) səviyyəsinin artmasına səbəb ola bilər. Lakin xəstənin sağlamlığına təsiri hələ aydın anlaşılmayıb.
- CYP450 substratları: Qüdrət narı ekstraktı dərmanların bədəndə emalını idarə edən CYP2C9 fermentini inhibə edə bilər. Bu, dərmanların metabolizmini, yəni bədəndə parçalanıb emal edilməsini dəyişə bilər. Lakin qarşılıqlı təsirin klinik nəticələri, yəni xəstənin sağlamlığına təsirləri hələ bilinmir.
- İnsulin: Qüdrət narı insulinlə birlikdə istifadə edildikdə onun qan şəkərini azaldan təsirini gücləndirə bilər. Bu, diabetin müalicəsində nəzərə alınmalı qarşılıqlı təsirdir.
- Hipoqlikemiklər: Qüdrət narı qan şəkərini azaldan digər dərmanlarla birlikdə istifadə edildikdə onların təsirini artıra bilər. Bu da diabetin müalicəsində mühüm qarşılıqlı təsir ola bilər.
- Kimyaterapiya dərmanları: Laboratoriya tədqiqatlarına görə acı qovun ekstraktları xərçəng müalicəsindəki bəzi dərmanların bədəndə sorulmasını və təsirini artıra bilər. Lakin xərçəng müalicəsinə klinik təsiri hələ dəqiq müəyyənləşdirilməyib. Bunlar qüdrət narının dərmanlarla qarşılıqlı təsirinə ehtiyatla yanaşmaq və daha çox araşdırma aparmaq lazım olduğunu göstərir.
Mənbələr
2. Soo May L, Sanip Z, Ahmed Shokri A, Abdul Kadir A, Md Lazin MR. The effects of Momordica charantia (bitter melon) supplementation in patients with primary knee osteoarthritis: A single-blinded, randomized controlled trial. Complement Ther Clin Pract. 2018 Aug;32:181-186.
3. Waiyaput W, Payungporn S, Issara-Amphorn J, et al. Inhibitory effects of crude extracts from some edible Thai plants against replication of hepatitis B virus and human liver cancer cells. BMC Complement Altern Med. 2012;12:246.
4. Ooi CP, Yassin Z, Hamid TA. Momordica charantia for type 2 diabetes mellitus. Cochrane Database Syst Rev. 2012;8:CD007845.
5. Wang HY, Kan WC, Cheng TJ, Yu SH, Chang LH, Chuu JJ. Differential anti-diabetic effects and mechanism of action of charantin-rich extract of Taiwanese Momordica charantia between type 1 and type 2 diabetic mice. Food Chem Toxicol. 2014 Jul;69:347-56.
6. Krawinkel MB, Ludwig C, Swai ME, Yang RY, Chun KP, Habicht SD. Bitter gourd reduces elevated fasting plasma glucose levels in an intervention study among prediabetics in Tanzania. J Ethnopharmacol. 2018 Apr 24;216:1-7.
7. Bae W, Kim S, Choi J, et al. Acute interstitial nephritis associated with ingesting a Momordica charantia extract: A case report. Medicine (Baltimore). Jul 9 2021;100(27):e26606.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.