Quşların cəh-cəhinə qulaq asın! Sizi təşviş və paranoyadan xilas edə bilərlər

Bu məqalədə
Yeni araşdırmalara görə, quşların cəh-cəhi psixi sağlamlığa və əhval-ruhiyyəyə müsbət və əhəmiyyətli təsir göstərir.
Tədqiqatçılar quşların cəh-cəhinə qulaq asan şəxslərdə təşvişin və paranoyanın (həddindən artıq şübhəçiliyin) əhəmiyyətli dərəcədə azaldığını müəyyən ediblər. Əksinə, avtomobil, mühərrik, siren və tikinti səsləri də daxil olmaqla nəqliyyat kimi səs-küylü səslərin depressiv vəziyyətləri artırdığını görüblər.
Almaniyanın Berlin şəhərindəki Max Planck İnsan İnkişafı İnstitutundan Dr. Emil Stoble Scientific Reports adlı jurnalda 13 Oktyabr 2022-də dərc olunmuş tədqiqatları barədə belə deyir:
"Nəticələr klinik şəraitdə – məsələn, xəstəxanaların gözləmə otaqlarında və ya psixiatriya mühitlərində – quş səsi kimi təbii səslərin məqsədli istifadəsinin araşdırılmasının faydalı ola biləcəyini göstərir. Sıxıntısını azaltmaq üçün asan əldə edilən müdaxilə axtaran şəxs üçün quş cəh-cəhi olan səs yazısına qulaq asmaq əla seçim olardı.”
Təbiətin sakitləşdirici təsiri
Stobbe araşdırmanın məqsədinin “fiziki mühitin beyinə və psixi sağlamlığa necə təsir etdiyini araşdırmaq” olduğunu bildirib. O, fiziki mühitin vizual xüsusiyyətlərini araşdıran çoxlu tədqiqat olsa da, eşitmə sahəsinin kifayət qədər araşdırılmadığını da deyib.
Bir çox insanın yaşadığı vəziyyətlər onların fərqinə varmasalar da narahatlıq və paranoya yaşaya biləcəkləri hallar kimi qeyd edilib.
"Təbiətin faydalı təsirlərinin bu vəziyyətlərə də təsir edib-etmədiyini araşdırmaq istədik. Nəzəri olaraq quşlar təbii və həyati mühiti təmsil edə bilər və beləliklə təbiətin müsbət təsirlərini quş səsinə qulaq asanlara ötürə bilər."
Əvvəlki tədqiqatda təbiət və şəhər səsi şəraitləri müqayisə edilmiş, təbiət səslərinin iştirakçıların koqnitiv fəaliyyətini yaxşılaşdırdığı, lakin əhvalını yaxşılaşdırmadığı göstərilmişdi. Hazırkı tədqiqat səslərə müxtəliflik əlavə edib və yalnız koqnitiv fəaliyyətə və ümumi əhvala deyil, həm də "dəyişikliyə həssas şəkildə ölçülə bilən" və "nəqliyyat səs-küyünə cavab olaraq artdığı göstərilən" situativ paranoyaya diqqət yetirib.
Tədqiqatçılar quş cəh-cəhinin nəqliyyat səs-küyü ilə müqayisədə əhvala, paranoyaya və koqnitiv fəaliyyətə daha faydalı təsir göstərəcəyi fərziyyəsini irəli sürüblər. Həmçinin səslərdəki quş növlərinin və ya səs-küy mənbələrinin müxtəlifliyinin az və ya çox olmasının "təsirləri dəyişdirən amil olub-olmadığını" araşdırıblar.
Tədqiqatın təfərrüatları
259 nəfərin daxil edildiyi və əksəriyyətinin kişi olduğu tədqiqatda orta yaş 20 olub. İştirakçıların heç birində psixoloji xəstəlik tarixçəsi, eşitmə çətinliyi, maddə/dərman qəbulu və ya intihar düşüncəsi/meyli olmayıb.
Maraq doğuran nəticələr səs mühitinə məruz qalmadan əvvəl və sonra ölçülüb. Hər səs mühitinin yüksək və aşağı olmaqla iki versiyası olub. Beləliklə, iki səs növünü (quş səsləri və nəqliyyat səs-küyü) x iki səviyyəni (aşağı və yüksək) və iki vaxt nöqtəsini (məruz qalmadan əvvəl və sonra) müqayisə edən bir neçə analiz aparılıb.
Səslərə məruz qalma müddəti 6 dəqiqə olub, sonra iştirakçılardan səs mühitini nə qədər müxtəlif/monoton, gözəl və xoş qəbul etdiklərini (0 – 100 vizual şkalada) bildirmələri istənilib.
Depressiv əlamətlərin azalması
İştirakçılar dörd qrupa bölünüb:
- Müxtəlifliyi az olan nəqliyyat səs-küyü mühiti (83 nəfər)
- Müxtəlifliyi çox olan nəqliyyat səs-küyü mühiti (60 nəfər)
- Müxtəlifliyi az olan quş səsi mühiti (63 nəfər)
- Müxtəlifliyi çox olan quş səsi mühiti (80 nəfər)
İştirakçılar səslərə qulaq asmaqla yanaşı əhval və paranoyanı (depressiya-təşviş) ölçən anketlər doldurub, həmçinin rəqəm sırası üzrə koqnitiv fəaliyyət testi keçiriblər (həm irəli, həm geri istiqamətdə).
Növ, müxtəliflik və növ × müxtəliflik amillərinin hamısı əhəmiyyətli təsir ölçüləri göstərib. “Bütün bu amillərin və onların qarşılıqlı təsirinin səs mühitlərinin qavranmasına (yəni monotonluq/müxtəliflik, gözəllik və xoşluq dərəcələrinə) əhəmiyyətli təsiri olduğunu göstərib."
Əlavə analiz depressiv əlamətlərin aşağı və yüksək səviyyəli şəhər səsi mühitlərində əhəmiyyətli dərəcədə artdığını, yüksək səviyyəli quş cəh-cəhi mühitində isə əhəmiyyətli dərəcədə azaldığını göstərib.
Təşviş üçün əlavə analizlər aşağı və yüksək səviyyəli nəqliyyat səs-küyü şəraitində təsir aşkar etməyib. Əksinə, hər iki quş səsi şəraitində əhəmiyyətli azalmalar olub.
Eyni şəkildə, aşağı və ya yüksək səviyyəli nəqliyyat səs-küyünə qulaq asdıqda paranoyası olan iştirakçılarda dəyişiklik olmayıb. Digər tərəfdən, hər iki quş səsi mühiti paranoyanı azaldıb.
Səs mühitlərinin heç biri koqnitiv fəaliyyətə təsir göstərməyib.
Stobbe nəticələr barədə belə deyib:
"Nəzəri olaraq quşlar təbiətin müsbət təsirlərini quş səsinə qulaq asanlara ötürən təbii və həyati mühiti təmsil edə bilər. Birlikdə qiymətləndirdikdə hazırkı tədqiqatın nəticələri təbiətlə qarşılıqlı əlaqənin psixi sağlamlığımız üçün niyə faydalı ola biləcəyinə və təbiəti qorumağın niyə çox vacib olduğuna başqa bir baxış təqdim edir."
Stobbe həmçinin gələcək araşdırmaların şəhər mühitində təbii səslərin nəqliyyat səs-küyü kimi stress amillərini azaldıb-azaltmadığını yoxlamaq da daxil olmaqla qarışıq səs mənzərələrinə yönəlməli olduğunu əlavə edib.
Araşdırılmalı sahə
Psixi Xəstəliklər üzrə Milli Alyansdan Ken Duckworth "təbiətin faydalarının kifayət qədər araşdırılmadığını" bildirib və psixiatriya müəssisələrində quş cəh-cəhindən istifadənin araşdırılmasının potensial olaraq vacib olması barədə tədqiqatçılarla razılaşıb.
"Gələcək tədqiqatlar quş cəh-cəhinin rolunu müəyyən təsiri olduğu göstərilmiş 'təbiətdə olmağın' psixi sağlamlıq faydaları/aspektləri ilə əlaqələndirə bilər."
Mənbələr
2. Listen Up: Birdsong May Calm Anxiety, Paranoia - Medscape - Oct 27, 2022.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.