Sacituzumab Govitecan hormon-müsbət süd vəzi xərçəngi üçün FDA təsdiqi aldı

Bu məqalədə
Əməliyyatla çıxarıla bilməyən yerli irəliləmiş və ya 4-cü mərhələli (metastatik), hormon reseptoru (HR) müsbət, insan epidermal böyümə amili reseptoru 2 (HER2 IHK 0, IHK 1+ və ya IHK 2+/ISH-) mənfi, əvvəllər hormonal müalicə və metastatik xəstəlik üçün ən azı 2 xətt sistemik müalicə almış süd vəzi xərçəngi xəstələri üçün sacituzumab govitecan-hziy (Trodelvy, Gilead Sciences, Inc.) adlı dərman 3 fevral 2022-ci ildə FDA təsdiqi aldı.
Sacituzumab govitekan təsiredici maddəli Trodelvy anticisim-dərman konyuqatı quruluşlu, yeni nəsil, qabaqcıl biotexnologiya məhsulu xərçəng dərmanlarından biridir. Bu dərman ilk dəfə 2020-ci ilin aprelində irəliləmiş üçlü mənfi süd vəzi xərçəngi üçün FDA təsdiqi almışdı. 2021-ci ilin aprelində irəliləmiş urotelial (sidik kisəsi və sidik yolları) xərçəng üçün FDA təsdiqi aldı. Bugünkü təsdiq dərmanın 3-cü FDA təsdiqidir.
TROPiCS-02 tədqiqatı ilə gələn FDA təsdiqi
Əvvəllər TROPiCS-02 klinik tədqiqatının təfərrüatlarını "ESMO 2022 Konqresinin ən diqqətçəkən təqdimatı" kimi paylaşmış və müalicənin təsdiq ala biləcəyini demişdik.
HR-müsbət/HER2-mənfi xəstələr üçün, məsələn, CDK4/6 inhibitorları ilə birlikdə ümumi sağqalmada əhəmiyyətli yaxşılaşma göstərən təsirli endokrin müalicələrimiz var. Lakin bunlar uğursuz olduqda kimyaterapiyadan istifadə edirik və mövcud dərmanların effektivliyi sonrakı müalicə xətlərində azalır.
Sacituzumab govitekanın effektivliyi çoxmərkəzli, açıq etiketli, randomizə edilmiş TROPiCS-02 tədqiqatında qiymətləndirildi. Buraya əməliyyat edilə bilməyən yerli irəliləmiş və ya metastatik HR-müsbət, HER2-mənfi süd vəzi xərçəngli 543 xəstə daxil edildi. Xəstələrdə bir CDK 4 /6 inhibitoru, endokrin müalicə və taksandan sonra xərçəng irəliləmişdi. Xəstələr metastatik şəraitdə əvvəllər ən azı iki kimyaterapiya almışdılar (12 ay ərzində təkrarlanma baş veribsə, bunlardan biri neoadjuvant və ya adjuvant şəraitdə ola bilərdi).
Xəstələr 21 günlük siklin 1-ci və 8-ci günlərində venadaxili infuziya ilə 10 mg/kg sacituzumab govitecan-hziy (272 xəstə) və ya tək preparatlı kimyaterapiya (271 xəstə) almaq üçün 1:1 nisbətində randomizə edildi. Tək preparatlı kimyaterapiya randomizasiyadan əvvəl tədqiqatçı tərəfindən bu seçimlərdən biri kimi müəyyənləşdirildi: eribulin (130 xəstə), vinorelbin (63 xəstə), gemsitabin (56 xəstə) və ya kapesitabin (22 xəstə). Randomizasiya bu amillərə görə təbəqələşdirildi: metastatik xəstəlik üçün əvvəlki kimyaterapiya rejimləri (2 ilə 3-4), daxili orqan metastazı (Bəli və ya Xeyr) və metastatik şəraitdə ən azı 6 aylıq endokrin müalicə (Bəli və ya Xeyr). Xəstələr xəstəlik irəliləyənədək və ya qəbuledilməz yan təsir yarananadək müalicə olundu.
Tədqiqatın əsas effektivlik nəticə göstəricisi proqressiyasız sağqalma (PFS) idi. Mühüm ikinci effektivlik göstəricisi ümumi sağqalma idi.
Nəticələr
- Əvvəllər çoxsaylı müalicələr almış hormon reseptoru müsbət / HER2-mənfi metastatik süd vəzi xərçəngi xəstələrində həkimin seçdiyi müalicə ilə müqayisədə sacituzumab üçün ümumi sağqalmada statistik baxımdan əhəmiyyətli yaxşılaşma müşahidə edildi (median 11,2 aya qarşı 14,4 ay; təhlükə nisbəti [HR] 0,79 [95% etibar intervalı (GA) 0,65-0,96; p=0,02).
- Müalicəyə cavab nisbətində və həyat keyfiyyətində də mühüm yaxşılaşmalar bildirildi; yan təsirlər idarə oluna bilirdi.
- TROPICS-02-nin əvvəlki təhlili statistik baxımdan əhəmiyyətli proqressiyasız sağqalma (PFS) faydası göstərmişdi: median 4 aya qarşı 5,5 ay.
- 12-ci ayda PFS nisbətləri 21%-ə qarşı 7% idi.

Şəkil. HR-müsbət/HER2-mənfi metastatik süd vəzi xərçəngi olan, əvvəllər intensiv müalicə almış xəstələrdə sacituzumab govitecan ilə həkimin seçdiyi müalicəyə qarşı ümumi sağqalma
TROPiCS-02-də sacituzumab govitecan alan xəstələrdə laborator anormallıqlar da daxil olmaqla ən çox rast gəlinən (≥25%) yan təsirlər leykosit sayının azalması (88%), neytrofil sayının azalması (83%), hemoqlobinin azalması (73%), limfosit sayının azalması (65%), ishal (62%), yorğunluq (60%), ürəkbulanma (59%), alopesiya (48%), qlükozanın artması (37%), qəbizlik (34%) və albuminin azalması (32) % idi.
Sacituzumab govitecan üçün tövsiyə olunan doza qəbuledilməz yan təsir və ya xərçəngin irəliləməsinə qədər 21 günlük müalicə sikllərinin 1-ci və 8-ci günlərində həftədə bir dəfə venadaxili infuziya ilə verilən 10 mg/kg-dır.
Nəticə olaraq TROPiCS-02-də göstərilən fayda üçlü mənfi süd vəzi xərçəngində sacituzumab ilə göstərilən faydadan daha zəif olsa da, TROPiCS-02 sınağının nəticələri bu xəstələr üçün klinik baxımdan mənalı təsir göstərir. Hormon-müsbət / HER2-mənfi irəliləmiş süd vəzi xərçəngi xəstələrinin sonrakı müalicə xətləri üçün artıq sacituzumab-ı nəzərə almalıyıq.
Mənbələr
02/03/2023 fda.gov
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.