Sağlamlıq üçün fərq yaradan 12 vərdiş

1- Səhər yeməyi
Səhər yeməyi yemək üçün çox mühüm səbəblər var. İlk növbədə metabolizmi sürətləndirir və günün qalan hissəsində daha az yeməyi təmin edir. Bundan əlavə, tədqiqatlar səhər yeməyi yeyən yetkinlərin daha məhsuldar işlədiyini və məktəb yaşlı uşaqların da daha uğurlu olduğunu xüsusi vurğulayır. Hər səhər mükəmməl ənənəvi türk səhər yeməyi hazırlamağınıza ehtiyac yoxdur; onun əvəzinə kiçik tost, qaynadılmış yumurta və ya bir meyvə ilə qatıqdan ibarət yüngül səhər yeməyi ola bilər. Yetər ki, bu öyünü buraxmayın.

2- Öyünləri planlaşdırmaq
Müəyyən vaxt ayıraraq öyünlərinizi məqsədinizə uyğun planlaşdırın. Arıqlamaq istəyirsiniz? Əzələ kütlənizi bir qədər artırmaq istəyirsiniz? Hansı saatlarda idman edirsiniz? kimi sualları düşünərək yağ, şəkər, karbohidrat qəbulunu azalda, zülallı və lifli qidaları artıra bilərsiniz. Həmçinin nəyi nə vaxt yeyəcəyinizə də qərar verməlisiniz. Bununla həm plansız həddindən artıq yeməkdən, həm də bunun iqtisadi yükündən qoruna bilərsiniz.
3- Bol su içmək
Su içmək gündəlik planınızın ən mühüm hissələrindən biri olmalıdır. Bütün sağlam və arıqladan pəhrizlərin ortaq xüsusiyyəti yetərli və bol su içməkdir. Susadığınızda qazlı içkilərə və ya digər sərinləşdirici içkilərə yönəlməyiniz lazımsız şəkər qəbulunu artıraraq piylənmə və tip 2 diabet riskini artırır. Adi suyun dadını sevmirsinizsə, içinə bir dilim limon, bir neçə dilim xiyar və ya nanə kimi xoşunuza gələn dadlar əlavə edə bilərsiniz. Su içmək üçün susamağı gözləməyin.
4- Hərəkət fasiləsi
Gün ərzindəki yarım saatlıq fasilənizdə oturub bir çay da içmək əvəzinə qalxın və hərəkət edin. Bu vaxt yeriyə, mümkünsə dartınma hərəkətləri edə, təmiz hava ala və ya pilləkənlə qalxıb-enə bilərsiniz. Beləliklə, həm metabolizminiz gün ərzində sürətlənər, həm enerjiniz və iş performansınız artar, həm də arıqlamağınıza kömək edər.

5- Şəbəkədən kənarda olmaq
Gündəlik işlər, elektron poçt qutusu, gələn məktublar, gedən məktublar, telefon mesajları, qrup söhbətləri və sosial media yoxlamaları ilə gündəlik həyatımızda vaxtımızın çoxu rəqəmsal ekranlara baxmaqla keçir. Hər gün müəyyən müddəti rəqəmsal ekranlardan və telefonunuzdan uzaq keçirin. Sosial medianı yoxlamayın. Bunların əvəzinə parkda qısa gəzin, bazarlığınızı edin, soyuducudakı meyvə-tərəvəzi axşam üçün yuyub hazırlayın və ya kitab oxumaq kimi sevdiyiniz bir fəaliyyətlə məşğul olun.

6- Yeni bir şey öyrənmək
Yeni bacarıqlar inkişaf etdirmək beyin sağlamlığını qorumağa kömək edir. Rəqs kursuna, yaradıcı sənət emalatxanasına və ya yeni musiqi aləti kursuna yazıla bilərsiniz. Hətta yeni dil öyrənə bilərsiniz. Bütün bu fəaliyyətlər qocalmanı ləngidir və hətta Alzheimer xəstəliyi riskini azaldır.

7- Tütün və tütün məhsullarından uzaq durmaq
Siqaret çəkirsinizsə, sağlam həyat üçün ən böyük addımlardan birini siqareti tərgitməklə ata bilərsiniz. Siqaretin sağlamlığa nə qədər zərərli olduğu artıq mübahisəolunmazdır. Siz də tərgitmək qərarı vermisinizsə və bəzi çətinliklər yaşayırsınızsa, müvafiq qurumlardan dəstək ala bilərsiniz.
8- Yetərli yuxu
Müntəzəm və yetərli yuxu sağlam həyatın digər mühüm açarıdır. Yaxşı yataraq bədəninizi və zehninizi dincəldə, yaddaşınızı gücləndirə, daha çox yeni şey öyrənə və özünüzü daha xoşbəxt hiss edə bilərsiniz. Ürək sağlamlığınızı qorumağa da kömək edir. Gündəlik 7-9 saatlıq yuxu üçün plan qurun; hər gün eyni saatlarda yatmağa və oyanmağa diqqət edin.
9- Aktiv və sağlam əzələlər
Məşq proqramınıza əzələlərinizi gücləndirəcək hərəkətlər əlavə etmək daha çox kalori sərf edərək yağ yandırmağınıza kömək edə bilər. Əzələ kütlənizin artmasını da təmin edir. Ürək sağlamlığınız və sümüklərinizin möhkəmlənməsi üçün də ağırlıqla məşqin töhfəsi böyükdür.

10- Açıq hava
Açıq havada fəaliyyətlər planlaşdırıb günəşli havalarda bir qədər vaxt keçirərək bədəninizdəki D vitaminini artıra, sümük, ürək və psixi sağlamlığınıza töhfə verə bilərsiniz. İmkanınız varsa, şəhərdən uzaqda təbiət qoynunda gəzintilər edin. Təbiətdə aktiv keçirilən vaxtın fiziki və psixi sağlamlığa faydaları olduqca çoxdur.
11- Müvazinətinizi qorumaq
Gənc və aktivsinizsə, yaxşı müvazinət sizi zədələnmələrdən qoruyur. Daha yaşlısınızsa, sizi daha uzun müddət aktiv saxlayır və müvazinətinizi gücləndirərək yıxılmağınızın və ya zədələnməyinizin qarşısını alır. Yaşdan asılı olmayaraq müvazinət məşqləri əzələlərinizi gücləndirməyə, ürək sağlamlığınızı yaxşılaşdırmağa və özünəinamınıza töhfə verir. Müvazinət məşqi deyildikdə ilk ağıla yoqa gəlir.

12- Fərqindəlik
Bir an dayanıb çiçək qoxulayın. Göyə baxın. İstəsəniz, bir qədər də vaxt ayırıb meditasiya edin və ya dua edin. Özünüzü dinləyin və fərqindəliyinizi artırın. Tədqiqatlara görə seçdiyiniz hər hansı yolla istirahətə və fərqindəliyə vaxt ayırmağın əhvalı yüksəltdiyi, stressi azaltdığı və ağrıları yüngülləşdirdiyi məlumdur. Tədqiqatlardan birində 8 həftəlik müntəzəm meditasiyanın beynin öyrənmə, duyğu və yaddaşla bağlı hissələrini müsbət istiqamətdə dəyişdirdiyi tapılıb. Hisslərinizi dərk edib gördüyünüz işə diqqət yetirmək şərtilə istənilən fəaliyyətlə məşğul ola bilərsiniz.
Sağlam həyat üçün olan bütün bu tövsiyələrin davamlılığı olduqca vacibdir. Müntəzəm qidalanma, məşq, xoşbəxt olduğunuz fəaliyyətlər və zəruri sağlamlıq müayinələrinin hamısı bütövlükdə fiziki və zehni sağlamlığınıza təsir edir. Düzgün vərdişlər qazanmaq üçün gec deyil; bunun üçün ilk addımı elə bu gün ata bilərsiniz.
Marağınızı çəkə bilər:
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.