Servikal (uşaqlıq boynu) displaziya nədir?

Bu məqalədə
Servikal displaziya nədir?
Servikal displaziya serviksin (uşaqlıq boynunun) səthində yaranan hüceyrələrin anormal böyüməsi olan prekanseroz (xərçəngönü) vəziyyətdir.
İnsan papillomavirusu (HPV) infeksiyası servikal displaziyaya səbəb olur. Mütəxəssislər xərçəng olmasa da, bunu serviks xərçənginin xəbərçisi kimi təsvir edirlər. Müntəzəm Pap Smear və servikal xərçəng skrininqi displaziyanın aşkarlanmasına kömək edir. Diaqnozdan sonra konizasiya kimi üsullarla müalicə aparıla və xəstəliyin irəliləməsi önlənə bilər.
Təkcə ABŞ-da hər il 250 min ilə 1 milyon arasında qadının bu vəziyyətdən təsirləndiyi hesablanır.
Servikal displaziyanın əlamətləri nələrdir?
Servikal displaziya adətən əlamət yaratmır. HPV-li insanların çoxunda da sağlamlıq problemi və ya əlamət olmur. Servikal displaziya diaqnozu adətən rutin Pap smear sonrası qoyulur.
Servikal displaziya serviks xərçənginə gətirərsə, əlamətlər yarana bilər. Erkən mərhələdə serviks xərçənginin əlamətlərlə üzə çıxmaya biləcəyini unutmamaq lazımdır. Lakin irəliləmiş servikal xərçəng anormal qanaxma və ifrazata səbəb ola bilər. Buraya cinsi fəaliyyətdən sonra qanaxma da daxildir.
Servikal displaziyanın səbəbləri nələrdir?
2021-ci ildə dərc edilmiş məqaləyə görə servikal displaziya HPV infeksiyasının nəticəsidir. HPV 200-dən çox virusdan ibarət qrupu bildirir. Bunlardan HPV 16 servikal xərçəng hallarının 50%-sinin səbəbidir.
HPV cinsi yolla keçən ən geniş yayılmış infeksiyadır
Cinsi fəal insanların çoxu bu virusa məruz qalır və halların 90%-ında immun sistemi 2 il ərzində virusu bədəndən təmizləyir.
Lakin bəzi insanlarda HPV qalıcı infeksiyaya çevrilə bilər. Bu zaman infeksiya servikal displaziyaya səbəb ola bilər və müalicə edilməzsə, serviks xərçəngi yarana bilər.
Aşağıda uşaqlıq boynunda HPV infeksiyasından sağalmaya, displaziyaya və ya xərçəngə aparan proses təsvir edilib.

Servikal displaziyanın risk amilləri nələrdir?
Servikal displaziya servikal xərçəngin inkişafının xəbərçisidir. Servikal xərçəngin yaranma ehtimalını artıran amillər bunlardır;
- HPV
- Gənc yaşda, xüsusən 18 yaşdan əvvəl cinsi fəal olmaq
- Birdən çox şəxslə cinsi əlaqədə olmaq
- Siqaret
- Zəif immun sistemi
- Xlamidiya (xlamidiya bakteriyasının yaratdığı cinsi yolla keçən xəstəlik)
- Uzun müddət hamiləliyə qarşı həblərdən istifadə
- Çox doğuş etmək
- 20 yaşdan gənc yaşda hamiləlik
- Dietilstilbestrola məruzqalma (qadın hormonu estrogenin sintetik forması)
- Ailədə serviks xərçəngi tarixçəsi
2021-ci ildə dərc edilmiş məqalədə gənc yaşda HPV-yə məruzqalmanın HPV infeksiyasının qalıcı olma ehtimalını artıra biləcəyi bildirilib.
Servikal displaziya və xəstəliyin irəliləməsi
ABŞ Milli Xərçəng İnstitutu servikal displaziyanın yüngül, orta və ağır ola biləcəyini bildirib.
Mütəxəssislər servikal displaziyanı belə təsnif edirlər:
- Aşağı dərəcəli yastıhüceyrəli interepitelial zədələnmə (LSIL): Mütəxəssislərin həmçinin CIN-1 adlandırdığı displaziyanın yüngül formasıdır. Serviks səthində aşağı dərəcədə anormal hüceyrələr olur. Bu zədələnmələr adətən müalicəsiz keçir. Lakin yaxın toxumalara yayılsa, xərçəngli ola bilərlər.
- Yüksək dərəcəli yastıhüceyrəli interepitelial zədələnmə (HSIL): Mütəxəssislərin CIN-2 və ya CIN-3 adlandırdığı displaziyanın orta və ya ağır formasıdır. CIN-2-də serviks səthində orta dərəcədə anormal hüceyrələr, CIN-3-də isə daha yüksək payda anormal hüceyrələr görünür.
Servikal displaziyanın hər iki forması xərçəngə irəliləyə bilər.
Servikal displaziyanın serviks xərçənginə keçməsi 10 ilə 30 il arasında müddəti əhatə edə bilər. Buna görə mütəxəssislər servikal displaziya yarananların çoxunun HPV-yə gənc yaşda məruz qalmış ola biləcəyini irəli sürürlər.
Servikal displaziya diaqnozu necə qoyulur?
Rutin Pap smear testi ilə servikal displaziya diaqnozu qoyula bilər. Nəticələr LSIL göstərirsə, dəyişikliklərin daha ciddi olmadığına əmin olmaq üçün əlavə testlər istənir. HSIL göstərirsə, kolposkopiya lazım gələ bilər. Kolposkopiya xəstəlik əlamətləri üçün serviksin (uşaqlıq), vaginanın və vulvanın yaxından müayinəsidir.
Mütəxəssislər həmçinin serviks toxumasından kiçik parça götürülən biopsiya istəyə bilərlər. Laboratoriya nəticələri hüceyrələrin xərçəngli olub-olmadığını göstərə bilər. Buna uyğun müalicə tövsiyə edilir.
Servikal displaziya necə müalicə edilir?
2021-ci ildə dərc edilmiş məqaləyə görə yüngül hallarda gözlə və izlə yanaşması qəbul edilə bilər. Bir ildən sonra mütəxəssislər ehtimalən Pap smear tövsiyə edirlər. Orta və ağır hallarda böyümənin cərrahi götürülməsini təklif edirlər.
Mümkün seçimlər;
- Servikal konizasiya və ya konus biopsiyası kimi tanınan serviksin bir hissəsinin cərrahi çıxarılması
- Konsentrə edilmiş işıqla hüceyrələri zədələyən lazer terapiyası
- Anormal hüceyrələrin elektrikli məftillə götürüldüyü ilgək elektrocərrahi eksiziya
- Kriokoterizasiya və ya kriocərrahiyyə kimi tanınan anormal sahənin həddindən artıq soyuqla dondurulması
Servikal displaziyanın həmişə serviks xərçənginə keçmədiyini unutmamaq lazımdır. Xərçəng yaranmadan əvvəl anormal hüceyrələrin götürülməsini əhatə edən müalicə seçimləri var.
Servikal displaziyaya qarşı tədbirlər
Servikal displaziyanın qarşısını almaq üçün HPV peyvəndi olmaq mümkündür. 11 – 12 yaşlı uşaqlar və 26 yaşdan kiçik, cinsi fəal şəxslər üçün peyvənd tövsiyə edilir. Həmçinin Pap smear daxil olmaqla müntəzəm servikal xərçəng skrininqi aparılmalıdır. 2018-ci ilin oktyabrında FDA (ABŞ Qida və Dərman İdarəsi) 9-valent insan papillomavirusu (HPV) peyvəndi Gardasil 9 üçün 27 ilə 45 yaş arasındakı qadın və kişiləri əhatə edən əlavə tətbiqi təsdiqləyib. Lakin 9-valent peyvənd hələ ölkəmizə gəlməyib.

Başqa profilaktika üsulu təhlükəsiz cinsi fəaliyyətdir. Prezervativ kimi qoruyucu üsullardan istifadə edilməlidir. Beləliklə HPV-yə yoluxma ehtimalı azaldıla bilər.
Həkimə veriləcək suallar
Servikal displaziya diaqnozu qoyulanda insanların çox sualı ola bilər. Diaqnozdan əvvəl və ya sonra şəxsə görə dəyişə bilən, həkiminizə verə biləcəyiniz suallardan bəziləri bunlardır:
- Pap smear nəticəm nə deməkdir?
- Növbəti addım nədir?
- HPV peyvəndi ola bilərəmmi?
- Növbəti Pap smear testini nə vaxt etdirməliyəm?
- Vəziyyətim üçün tövsiyə olunan müalicə nədir?
- Müalicədən sonra nə gözləməliyəm?
- Onkoloqla görüşməliyəmmi?
Xülasə
Servikal displaziya xərçəng deyil, lakin serviks səthində anormal hüceyrələri əhatə edən xərçəngönü böyümələrdir. Qalıcı HPV infeksiyasının nəticəsində yaranır. Bu vəziyyətdə insanların əlamətləri olmur. Pap smear kimi skrininqlər erkən mərhələdə diaqnoza kömək edə bilər.
Servikal displaziyanın qarşısını almaq üçün HPV peyvəndi olmaq və cinsi həyatda qoruyucu üsullara əl atmaq mümkündür. Bu, HPV-yə yoluxma riskini azalda, bununla da servikal displaziyanın yaranma riskini aşağı sala bilər.
Mənbələr
2. Medically reviewed by Stacy A. Henigsman, DO — Written by Jenna Fletcher. What is cervical dysplasia? medicalnewstoday.com March 18, 2022
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.