Süd vəzi xərçəngi olan qadınlar hamiləlik üçün hormonal müalicəyə təhlükəsiz fasilə verə bilər

Bu məqalədə
Ana ola biləcək yaşda süd vəzi xərçənginə tutulan qadınların əsas suallarından biri hamilə qala bilib-bilməyəcəkləridir. Diaqnoz və müalicə zamanı bu məsələ ön planda olmasa da, müalicə bitdikdən bir-iki il sonra ən vacib suallardan birinə çevrilə bilər.
Təhlükəsiz hamiləlik mümkündür
Bir tədqiqat hormon reseptoru müsbət (HR +) süd vəzi xərçəngini geridə qoyan qadınların hormonları basqılayan müalicəyə 2 il fasilə verə biləcəyini və bunun xəstəliyin nəticələrinə təsir etmədiyini göstərir. Araşdırmaya dünyanın 20 ölkəsindən 500-dən çox premenopauzal (menopauzaya girməmiş) qadın daxil edilib. Müalicəyə fasilə residiv göstəricilərinə təsir etməyib.
POSITIVE adlı bu tədqiqat 2022 San Antonio Süd Vəzi Xərçəngi Simpoziumu (SABCS) çərçivəsində təqdim olunub.
Tədqiqata 20 ölkədən HR + süd vəzi xərçəngi üçün ən azı 18 ay hormonal müalicə almış, menopauzaya girməmiş 500-dən çox qadın daxil edilib. Sonra müalicəni davam etdirməzdən əvvəl uşaq dünyaya gətirmək və əmizdirmək üçün onlara 2 il vaxt verilib. Vurğulanmalıdır ki, müalicəyə fasilə xərçəngin təkrarlanma tezliyinə təsir etməyib. Bundan əlavə, qadınların təxminən üçdə birindən çoxunda ən azı bir hamiləlik baş verib; əksəriyyətində bu, 2 il ərzində olub və böyük əksəriyyət tədqiqatın sonunda hormonal müalicəyə yenidən başlayıb.
POSITIVE tədqiqatının təfərrüatları
POSITIVE yaşı 42-yə qədər olan menopauzaöncəsi qadınları əhatə edən təkqollu tədqiqat idi.
1-3-cü mərhələ hormon müsbət (HR +) süd vəzi xərçəngi üçün ən azı 18, ən çoxu 30 ay adjuvant (əməliyyatdan sonra qoruyucu) hormonal müalicə almış və həmin vaxtadək xərçəngi təkrarlamamış pasiyentlər daxil edilib.
Yumurtahüceyrələrin qorunması ilə fertilitenin saxlanmasından asılı olmayaraq, qadınlar əvvəllər neoadjuvant (əməliyyatdan əvvəl şişi kiçildən) kimyaterapiya da ala bilərdilər.
Əlaqəli mövzu: Xərçəngli pasiyentlər üçün embrionların dondurulması və sonsuzluğun müalicəsi haqqında məlumat
Qadınlar tədqiqata qeydiyyatdan sonrakı 1 ay ərzində hormonal müalicəni dayandırıb, daha sonra hamiləliyə cəhd, hamilə qalmaq, doğuş və körpəni əmizdirmək üçün ayrılan 2 ilə qədər müddətdən əvvəl 3 aylıq müalicəsiz dövr keçiblər.
Sonra planlaşdırılan 5-10 illik hormonal müalicəni tamamlamaq üçün müalicəyə qayıtmaları “qəti şəkildə tövsiyə edilib” və 10 ilə qədər izlənmə planlaşdırılıb.
Dörd qitədə, 20 ölkənin 116 mərkəzində ümumilikdə 518 qadın qeydiyyata alınıb; onlardan 516-sı əsas effektivlik təhlilinə uyğun olub. Süd vəzi xərçənginin diaqnozundan qeydiyyata qədər median müddət 29 ay idi.
Qeydiyyat zamanı iştirakçıların median yaşı 37 idi və 75%-i əvvəllər doğuş etməmişdi. 1 və ya 2-ci mərhələ süd vəzi xərçəngi olanların payı 93% idi.
Qeydiyyatdan əvvəl hormonal müalicənin median müddəti 23,4 ay idi.
Tamoksifen kimi selektiv estrogen reseptoru modulyatorları (SERM-lər) pasiyentlərin 42%-sinə təkbaşına, 36%-sına isə yumurtalıq funksiyasının basqılanması ilə birlikdə verilib. Qadınların 16%-sı yumurtalıq funksiyasının basqılanması ilə yanaşı arimidex kimi aromataza inhibitoru alıb.
Qadınların əksəriyyəti (62%) əvvəllər neoadjuvant kimyaterapiya almışdı.
Tədqiqatın əsas sonlanma nöqtəsi “3 illik xərçəngsiz dövr” kimi müəyyən edilib və median 41 aylıq izləmədən sonra qiymətləndirilib. 3 illik xərçəngsiz dövrün uğursuzluq göstəricisi 8,9% olub və 44 hadisəyə uyğun gəlib. “3 illik uzaq xərçəngsiz dövr”ün uğursuzluq göstəricisi 22 hadisə ilə 4,5% hesablanıb. Hər iki göstərici belə müalicə fasiləsi verilməyən pasiyentlərdən ibarət tarixi nəzarət qrupu ilə oxşar olub.
İkincil sonlanma nöqtəsinin təhlili üçün komanda POSITIVE qrupundan 497 qadını araşdırıb. Onlardan 368-də (74%) ən azı bir hamiləlik baş verib və ümumilikdə 507 hamiləlik qeydə alınıb. Qadınların 64%-də, yaxud hamilə qalanların 86%-da ən azı bir diri doğuş olub.
Qadınların təxminən 43%-ü tədqiqat dövrünün müəyyən mərhələsində köməkçi reproduktiv texnologiyalardan istifadə edib.
Hamiləliklərin 11%-də ağırlaşmalar olub; ən çox rast gəlinənlər 3%-də hipertoniya/preeklampsiya və 2%-də diabet idi.
Ümumilikdə 317 qadında 335 təkdöllü və 15 əkiz doğuş olmaqla 350 diri doğuş olub. Körpələrin yalnız 8%-də aşağı doğuş çəkisi, 2%-də isə anadangəlmə qüsur qeydə alınıb. Qadınların 62%-si əmizdirdiyini bildirib.
48 aylıq izləmədə qadınların 76%-sı hormonal müalicəyə yenidən başlayıb. 8%-də müalicəyə qayıtmadan xərçəngin təkrarlanması və ya ölüm baş verib, 15% isə başqa səbəblərlə hələ müalicəyə davam etməyib.
Xəstəliyi olmayan, hormonal müalicəyə qayıtmayan qadınların 79%-u son izləmədə səbəb kimi hamiləlik cəhdini davam etdirməyi, hazırkı və ya yeni başa çatmış hamiləliyi, yaxud əmizdirməni göstərib.
Bu, hazırlanması və aparılması çətin olan tədqiqatdır; davam edən hormonal müalicəyə fasilə verib hamilə qalmağın təhlükəsizliyini həqiqətən ilk dəfə araşdırır. Hamiləlik üçün müalicənin dayandırılması “son dərəcə fərdi qərardır”.
Bu nəticələrin yalnız hormonal müalicəyə aid olduğunu və abemasiklib kimi yeni nəsil müalicə alan qadınlara şamil olunmadığını unutmamaq lazımdır.
Nəticə
Xüsusilə 40 yaşdan əvvəl süd vəzi xərçənginə tutulan, erkən mərhələli, aşağı riskli və əvvəllər övladı olmayan qadınlarla gələcəkdə uşaq sahibi olmaq barədə narahatlıqları müzakirə etmək və bunun mümkün olduğunu vurğulamaq vacibdir. Bu tədqiqat belə hormon müsbət süd vəzi xərçəngi hallarında hamiləlik və əmizdirmə üçün hormonal müalicəyə fasilə verilə biləcəyini göstərir.
Mənbələr
2. Women Can Safely Interrupt Endocrine Tx to Pursue Pregnancy - Medscape - 12 dekabr 2022.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.