Süd vəzi xərçəngi yorğunluğa səbəb olurmu? Bilməli olduqlarınız

Bu məqalədə
Süd vəzi xərçəngi insanı yorğun və tükənmiş hiss etdirə bilər. Bu, xərçəngin öz əlaməti kimi və ya hormon müalicəsi, kimyaterapiya və şüa müalicəsi kimi xərçəng müalicələrinin yan təsiri olaraq yarana bilər.
Xərçəng xəstələrinin 80-100%-ündə yorğunluq var
Tükənmişlik süd vəzi xərçəngi də daxil olmaqla xərçəng xəstələrində geniş yayılır. Amerika Xərçəng Cəmiyyətinə görə xərçəng xəstələrinin 80-100%-ündə yorğunluq hissi inkişaf edir. Tükənmişlik zəifləmə, yorğunluq və ya enerjinin azalmasını əhatə edir. Müxtəlif xərçənglərlə bağlı yorğunluq gündəlik fəaliyyətlərə təsir edə və insanın həyat keyfiyyətini aşağı sala bilər. Xoşbəxtlikdən, insanın xərçənglə bağlı yorğunluğun öhdəsindən gəlmək üçün ata biləcəyi addımlar vardır.
Süd vəzi xərçəngi ilə bağlı yorğunluğun səbəbi nədir?
Süd vəzi xərçəngi ilə bağlı yorğunluq süd vəzi xərçənginin əlaməti və ya müalicənin yan təsiri kimi yaranır. 2019-cu ilə aid bir tədqiqatda mammoqrafiyaya göndərilmiş 332 qadın izlənilib və xərçəng diaqnozu qoyulanların yorğunluq səviyyələri diaqnoz qoyulmayanlarla müqayisə edilib. Yorğunluq süd vəzi xərçəngi diaqnozu qoyulan qadınlarda daha çox olub və diaqnozdan sonrakı ilk 6 ay ən güclü olduğu dövr olub.
Süd vəzi xərçəngi ilə bağlı yorğunluq aşağıdakılar da daxil olmaqla bir çox amilin nəticəsi kimi ortaya çıxa bilər:
- Xəstəliyin özü
- Xərçəng diaqnozu almağın psixoloji təsiri
- Xərçəng müalicələri ilə bağlı yan təsirlər
Süd vəzi xərçənginin müalicəsi prosesində hormonal dəyişikliklər
Süd vəzi xərçənginin müalicəsi və xərçəngin residiv (təkrar) riskinin azaldılması üçün hormon müalicəsi tövsiyə edə bilərik. Estrogen hormonu bəzi süd vəzi xərçəngi növlərini qidalandırır. Estrogenin basdırılması bu növ süd vəzi xərçənglərinin təkrarlanma riskini azalda bilər. Müalicə aşağıdakılar kimi hormonal müalicələri əhatə edə bilər:
- Tamoksifen
- Raloksifen
- Anastrozol (Arimidex) və ya eksemestan (Aromasin) kimi aromataza inhibitorları
Bununla yanaşı, hormon səviyyələrində dəyişikliklər menopauzaya bənzər əlamətlər yarada bilər. Süd vəzi xərçənginin müalicəsində istifadə olunan hormonlar aşağıdakılar da daxil olmaqla müxtəlif yan təsirlərə səbəb ola bilər:
- İsti basmalar
- Oynaq və əzələ ağrısı
- Tükənmişlik
Kimyaterapiya
Yorğunluq kimyaterapiyanın ən çox rast gəlinən yan təsirləri arasındadır. Xərçəng müalicəsi zamanı yorğunluğun səbəbi həmişə aydın olmur və bir neçə amili əhatə edə bilər.
Məsələn, kimyaterapiya qırmızı qan hüceyrələrinin, sonra isə ağ qan hüceyrələrinin səviyyəsini azalda bilər və bu da yorğunluğa səbəb ola bilər. Kimyaterapiya həmçinin susuzlaşmaya və onunla bağlı yorğunluğa səbəb ola bilən ürəkbulanma və qusmanı da tətikləyə bilər.
Kimyaterapiya və digər xərçəng müalicələri aşağıdakı yollarla da yorğunluğa səbəb ola bilər:
- İltihaba gətirib çıxara biləcək şəkildə hormon və zülal səviyyələrini dəyişdirərək
- Bədəndə hüceyrələrin işləmə formasını dəyişdirən toksik maddələr yaradaraq
- Bədənin uzaqlaşdırmaq üçün çox çalışmalı olduğu ölü hüceyrələrin yığılmasını tətikləyərək
- Bədənin bərpa etmək üçün çox çalışmalı olduğu toxumaları zədələyərək
Şüa müalicəsi
Süd vəzi xərçəngi üçün şüa müalicəsi alan şəxslərdə hüceyrələrin radioaktiv şüa alması səbəbindən müəyyən fizioloji dəyişikliklər baş verə bilər və bu da yorğunluğa səbəb ola bilər. 2021-ci ildə aparılmış meta-analiz tədqiqatına görə şüalanmanın yaratdığı yorğunluğun gücü aşağıdakılardan asılıdır:
- Şüa müalicəsinin növündən
- Şüalanma dozasından
- Şüalanan toxumanın miqdarından
- Şəxsin əlavə xərçəng müalicəsi alıb-almamasından
Bundan əlavə, şüa müalicəsi adətən həftədə 5 gün aparılır. Hər gün müalicəyə getmək yorğunluq və əldən düşməyə səbəb ola bilər.
Mental – ruhi sağlamlıq
İnsanlar xərçəng diaqnozunu müxtəlif şəkildə qəbul etsələr də, təşviş və depressiya yaşamaları geniş yayılmış haldır. Bu hisslər insanın enerjisini tükədə bilər, həmçinin yorğunluq və əldən düşməyə səbəb ola bilən yetərsiz yuxuya da gətirib çıxara bilər.
2020-ci ildə tədqiqatların icmalı şəklində aparılmış bir işdə yorğunluq bildirən süd vəzi xərçəngindən sağ çıxmış qadınların eyni zamanda tez-tez depressiya, yuxusuzluq və koqnitiv funksiya pozuntusu yaşadıqları bildirilib.
Yorğunluğu idarə etmək üçün məsləhətlər
Xərçənglə bağlı yorğunluğu idarə etməyə kömək üçün insanın sınaya biləcəyi müxtəlif üsullar vardır:
- Mütəxəssislə görüşmək:
Yorğunluğun mümkün səbəblərini müəyyən etmək üçün xərçəng sahəsində bir mütəxəssislə görüşmək olar. Bu vəziyyətlə mübarizənizdə mütəxəssislər mövcud dərmanın və ya dərmanların dozasını azaldaraq, qidalanma məsləhətinə yönləndirərək və ya ruhi sağlamlıq üçün dəstək almağınızı təmin edərək kömək edə bilərlər.
- Məşq etmək:
Fiziki fəaliyyətlərin yorğunluğu daha da ağırlaşdıracağı düşünülə bilər. Lakin tədqiqatlar məşqin həm xərçəng müalicəsi zamanı, həm də sonrasında yorğunluğun gücünü azaltmağa kömək edə biləcəyini düşünür. 2017-ci ilə aid meta-analiz tədqiqatında xərçənglə bağlı yorğunluqla mübarizə üçün müxtəlif müdaxilə üsulları müqayisə edilib. Nəticə olaraq, məşq və fizioloji müdaxilələrin dərman müalicəsi ilə müqayisədə yorğunluğu azaltmaqda daha effektiv olduğu görülüb. Bununla belə, xəstələr məşq proqramına başlamazdan əvvəl ən uyğun proqramı müəyyən etmək üçün həkimlərinə müraciət etməlidirlər.
- Bol-bol su içmək:
Kimyaterapiya və ya radioterapiya alan şəxslər ürəkbulanma, qusma və ishal kimi şikayətlərlə qarşılaşa bilər və bütün bunlar susuzlaşmaya (maye itkisinə) səbəb ola bilər. Susuzlaşma da yorğunluğa gətirib çıxara bilər. Buna görə xərçəng müalicəsi alan insan susuzlaşmanın və onunla bağlı yorğunluğun qarşısını almaq üçün bol maye qəbul etməyə diqqət yetirməlidir.
- Tamamlayıcı müalicə almaq:
ABŞ Milli Xərçəng İnstitutuna görə tamamlayıcı tibb xərçəng müalicəsi ilə əlaqəli yorğunluğun azaldılmasına kömək edə bilər. Tamamlayıcı müalicələrin süd vəzi xərçəngi ilə bağlı yorğunluğa təsirinə dair çox az tədqiqat olsa da, ümumilikdə bu vəziyyətin öhdəsindən gəlmək üçün bəzi tövsiyələr vardır. Bəs xəstələrə kömək edə biləcək tamamlayıcı tibb nümunələri hansılardır? Hipnoz/ meditasiya, masaj, akupunktur, reiki, yoqa, Tai Chi...
Süd vəzi xərçəngi xəstələrində aparılmış bir tədqiqata görə tamamlayıcı müalicə yanaşmalarından sübut səviyyəsi güclü (A və B) olanlar aşağıdakı cədvəldə sıralanıb.

- İstirahət və aktivlik vəziyyətini tarazlamaq:
Həddindən artıq istirahət bədəni zəiflətdiyi halda, həddindən artıq aktiv olmaq da yorğunluğa səbəb ola bilər. Əhəmiyyətli olan ikisi arasındakı tarazlığı qorumaqdır. Ehtiyac olduqda gün ərzində qısa fasilələr vermək və ya mürgüləmə kimi qısa yuxulardan sonra fiziki cəhətdən aktiv olmaq bu tarazlığın qorunmasına kömək edəcək.
- Dəstək almaq:
Enerjini qorumağın bir yolu gündəlik işlər və məsuliyyətlər üçün başqalarının köməyini qəbul etməkdir. İnsanlar təmizlik və ya alış-veriş işləri kimi məsələlərdə ailə üzvlərindən və dostlarından kömək istəyə bilməlidirlər. Eyni zamanda dəstək almaq peşəkar məsləhətləşməni də əhatə edə bilər. Davranış terapiyası və şüurlu fərqindəlik əsasında stressin azaldılması bəzi insanlarda xərçənglə bağlı yorğunluğun azaldılmasına kömək edə bilər.
Həkimə nə zaman müraciət etməlisiniz?
Süd vəzi xərçəngi ilə bağlı yorğunluq geniş yayılmış hal olsa da, yenə də bu vəziyyət barədə mütəxəssisə müraciət edilməlidir. Mütəxəssislərə süd vəzi xərçəngi ilə bağlı yorğunluğun dəqiq səbəbini müəyyən etmək və uyğun müalicə planı hazırlamaq üçün araşdırma aparmaq lazım gələ bilər. İnsanlar həkimləri ilə nə qədər erkən danışsalar, enerjini qorumağa yönələn müalicəyə o qədər tez başlana bilər. Bu hallarda həkiminizə müraciət edə bilərsiniz:
- Yataqdan qalxa bilməmək
- Həddindən artıq gücsüzlük hissi
- Yatmaqda çətinlik
- Motivasiya çatışmazlığı
- Diqqəti cəmləməklə bağlı problemlər
Nəticə
Süd vəzi xərçəngi və onun müalicəsi yorğunluğun artmasına gətirib çıxara bilər. Süd vəzi xərçəngi ilə bağlı yorğunluq ümumilikdə xərçəngin növündən, əlamətlərindən, müalicənin növündən və müddətindən asılı olaraq dəyişə bilər. İnsanın yaşı, ümumi sağlamlığı və müalicəyə cavabı kimi fərdi amillər də rol oynaya bilər.
Çox vaxt enerji səviyyələri xərçəng müalicəsi tamamlandıqdan bir neçə ay sonra yaxşılaşır. Lakin yorğunluğun tam aradan qalxması bir neçə ay çəkə bilər.
Xoşbəxtlikdən müalicələr və həyat tərzi dəyişiklikləri ilə yorğunluq azaldıla və enerji səviyyələri yaxşılaşdırıla bilər. Xərçənglə bağlı yorğunluqla necə mübarizə aparmaq barədə mütəxəssisə müraciət edə bilərsiniz.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.