Süd vəzi xərçənginin müalicəsindən sonra hansı müayinələr lazımdır? Yalnız USG kifayətdirmi?

Bu məqalədə
Süd vəzi xərçənginin müalicəsini tamamlamaq bir çox qadın üçün həm böyük rahatlıq, həm də yeni qeyri-müəyyənlik mənbəyi ola bilər. Müalicə boyu yaxından izlənən xəstələr müalicədən sonra daha seyrək keçirilən izləmə qəbulları səbəbindən özlərini itmiş kimi hiss edə bilərlər. Bu məqamda müalicədən sonrakı yoxlamaların əhəmiyyəti böyükdür. Bu yazıda süd vəzi xərçənginin müalicəsindən sonra sizi nələrin gözlədiyini, izləmə müayinələrinizin məzmununu və bu prosesin niyə vacib olduğunu ətraflı nəzərdən keçirəcəyik.
Müalicədən sonrakı izləmə planı?
Süd vəzi xərçənginin müalicəsini tamamladıqdan sonra xərçəngin təkrarlanması ilə bağlı narahatlıq yaşamaq geniş yayılıb. Bəzi xəstələr irəliləmiş süd vəzi xərçəngi səbəbindən müalicənin tam bitmədiyi vəziyyətlə də qarşılaşa bilərlər. Bu xəstələr xərçəngi nəzarətdə saxlamaq və əlamətləri yüngülləşdirmək üçün müalicəni davam etdirə bilərlər. Bu vəziyyət xəstələr üçün fərqli stress və qeyri-müəyyənlik yarada bilər.
Müalicədən sonrakı dövrdə həkimləriniz sizi yaxından izləməyə davam edəcəklər. Bu qəbullarda həkiminiz hər hansı probleminiz olub-olmadığını öyrənmək üçün sizi müayinə edir, bəzən laborator analizlər və ya görüntüləmə müayinələri aparılır.
Müalicədən sonrakı yoxlamalarda hansı müayinələr aparılır?
İzləmə planınız süd vəzi xərçənginin növü, mərhələsi və necə müalicə edildiyi kimi bir çox amildən asılı olaraq dəyişə bilər:
-
Həkim qəbulları: Müalicəni tamamladıqdan sonra ilk 2 il ərzində izləmə qəbullarınız adətən hər 3 aydan bir keçiriləcək. Müalicədən daha çox vaxt keçdikcə bu görüşlərin tezliyi azalır və 5 ildən sonra adətən ildə bir dəfə olur.
-
Süd vəzinin görüntülənməsi (mammoqrafiya və USG): Süd vəzini qoruyan cərrahiyyə (lumpektomiya və ya parsial mastektomiya) keçirmisinizsə, əməliyyat və şüa müalicəsindən təxminən 6-12 ay sonra, daha sonra isə hər il mammoqrafiya etdirməyiniz lazım gələ bilər. Mammoqrafiya ilə yanaşı süd vəzinin ultrasəs müayinəsi (USG) də tövsiyə oluna bilər. Xüsusilə sıx süd vəzi toxuması olan qadınlarda bu əlavə müayinə mümkün anomaliyaları aşkar etməyə kömək edə bilər. Mastektomiya (bütün süd vəzinin çıxarılması) keçirmiş qadınlara adətən həmin tərəfin mammoqrafiyası lazım olmur, lakin digər süd vəzi üçün illik mammoqrafiya və zərurət olduqda USG lazım ola bilər.
-
Süd vəzinin maqnit-rezonans görüntülənməsi (MRG) isə yüksək risk qrupundakı qadınlara tövsiyə olunur. Xüsusilə BRCA1 və ya BRCA2 kimi genetik mutasiyaları olanlarda, süd vəzi xərçəngi tarixçəsi olanlarda və ya sıx süd vəzi toxuması olanlarda MRG mammoqrafiya və USG ilə birlikdə daha ətraflı qiymətləndirmə verə bilər. MRG xərçəngin erkən mərhələdə aşkar edilməsinə kömək edə bilər və buna görə bəzi qadınların müalicədən sonrakı izlənməsində istifadə oluna bilər.
-
Mama-ginekoloq müayinələri: Tamoksifen kimi hormonal dərmanlar qəbul edirsinizsə və uşaqlığınız varsa, onkoloqunuz hər il çanaq / ginekoloji müayinə tövsiyə edə bilər. Bu dərmanlar uşaqlıq divarının qalınlaşmasına səbəb ola bilər. Buna görə süd vəzi xərçənginin müalicəsindən sonra illik mama-ginekoloq müayinəsi vacibdir.
-
Sümük sıxlığı müayinələri: Erkən mərhələli süd vəzi xərçəngi üçün aromataza inhibitoru (anastrozol, letrozol və ya eksemestan kimi) qəbul edirsinizsə və ya müalicə sizi menopauzaya salıbsa, həkiminiz sümük sağlamlığınızı yaxından izləmək və sümük sıxlığınızı ölçmək istəyə bilər. Bu məqsədlə aparılan müayinə DEXA adlanır.
- Qan analizləri: Bir çox xərçəng mərkəzi müalicədən sonra müntəzəm qan analizləri aparmağı tövsiyə edir. Bu analizlərə ümumi sağlamlığınızın izlənməsi, vitamin və mineral səviyyələrinin yoxlanılması, lazım gəldikdə düzəldilməsi daxildir. Şiş markerləri də (məsələn, CA-15-3, CA-125 və ya CEA) ölçülə bilər. Bu markerlərin səviyyələri xərçəngin qayıdıb-qayıtmadığını və ya irəliləyib-irəliləmədiyini anlamağa kömək edə bilər. Lakin bu markerlər hər xəstədə yüksəlmir və əlaməti olmayan xəstələrdə rutin istifadə edilmir.
-
Digər müayinələr: Sümük skanları, kompüter tomografiyası (BT) və ya PET-BT skanları süd vəzi xərçəngi müalicəsi almış qadınların çoxu üçün standart izləmə müayinələrinin bir hissəsi deyil. Lakin əlamətlər, şikayətlər və ya fiziki müayinə tapıntıları xərçəngin təkrarlanmasını düşündürürsə, bu müayinələr aparıla bilər.
-
Minimal qalıq xəstəlik testləri: Artıq müalicəsi tamamlanmış bəzi şəxslərdə minimal qalıq xəstəlik (MRD= minimal residual disease) testləri ilə izləmə də başlanıb. Bu testlər qanda xərçəng DNA fraqmentlərini ölçərək xərçəngin təkrarlanma ehtimalını qiymətləndirməyə çalışır. Bununla belə, bu testlərin planlaşdırılması hələ diaqnoz mərhələsində aparılmalıdır. Həmçinin hələ FDA (ABŞ Qida və Dərman İdarəsi) və ya bənzər təsdiqləyici səhiyyə orqanının təsdiqini almamasına baxmayaraq, bu testlər xərçəngin izlənməsində ümidverici üsul sayılır. Süd vəzi xərçənginin müalicəsindən sonra belə testlərdən istifadə xərçəngin erkən təkrarlanma əlamətlərini aşkar etmək üçün perspektivli yanaşmadır.
Xərçəng təkrarlandıqda
Xərçəngin təkrarlandığı müəyyən edilərsə, müalicə seçimləriniz xərçəngin harada yarandığından, əvvəllər aldığınız müalicələrdən və hazırkı sağlamlıq vəziyyətinizdən asılı olacaq. Xərçəngin təkrarlanmasına şübhə olduqda PET-BT skanı da tövsiyə edilə bilər.
Kontrol planı hazırlayın
Həkiminizlə birlikdə xərçəngdən sonra sizin üçün qayğı planının hazırlanmasını müzakirə edin. Bu plana aşağıdakılar daxil ola bilər:
-
Diaqnozunuzun, aparılmış müayinələrin və aldığınız müalicənin xülasəsi
-
İzləmə müayinələri və analizləri üçün tövsiyə olunan cədvəl
-
Digər xərçəng növlərinin erkən diaqnostika testləri və ya müalicəyə bağlı uzunmüddətli sağlamlıq təsirlərini araşdırmaq üçün müayinələrin cədvəli
-
Müalicənizdən qaynaqlana biləcək gec və ya uzunmüddətli yan təsirlərin siyahısı və onlara diqqət yetirməli olduğunuz vaxtlar
-
Qidalanma, fiziki aktivlik və digər həyat tərzi dəyişikliklərinə dair tövsiyələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.