Telomeri qoruyan mexanizmlərin aradan qaldırılması kimyaterapiyanın gücünü artıra bilərmi?

Xromosomlarımızın uclarında yerləşən və hüceyrənin nə qədər müddət bölünəcəyinə qərar verən ixtisaslaşmış hissələrə telomer adı verilir. Telomerlərin yaşlanma və xərçənglə əlaqəsi uzun illərdir araşdırılır. Salk İnstitutunda aparılan araşdırmaya görə telomerlərin proqramlaşdırılmış hüceyrə ölümündə mühüm rolu olduğu və bunun şiş yaranmasını əngəllədiyi kəşf edilmişdir.
Hüceyrələrimiz bölünərək çoxalır və bu prosesə mitoz adı verilir. Hər bölünmədə hüceyrələrin telomerləri qısalır. Bir müddətdən sonra telomer uzunluğu kritik səviyyəyə çatır və hüceyrə bölünməsi dayanır. Bu, xərçəngə qarşı təbii maneədir. Sabit genetik quruluşu olmayan və genetik quruluşu zədələnmiş hüceyrələrin çoxalması beləliklə əngəllənir. Xərçəng hüceyrələri telomerlərini qoruyan mexanizm inkişaf etdirdikləri üçün bu maneəni asan aşır və bölünməyə davam edir. Araşdırma qrupuna görə hüceyrələrin bölünməsi nə qədər uzun sürərsə, hüceyrə böhrana o qədər yaxınlaşır və proqramlaşdırılmış hüceyrə ölümünə gedir. Normal mitoz bölünmə müddəti 30-45 dəqiqədir və bu müddət 2 saatı keçdikdə hüceyrələr böhrana girməyə başlayır. Bu təbii böhran dövründə hüceyrənin telomerlərini qoruyan zülal fəaliyyətsizləşərək DNA zədəsi siqnalı göndərir və hüceyrələr özlərini parçalamağa başlayır. Bu tədqiqatda hüceyrələr real vaxtda görüntülənərək bölünmələri müşahidə edilmiş və nəticədə uzun mitoz müddətli hüceyrələrin böhrana girdiyi, telomerqoruyucu zülallarını itirdiyi və özlərini parçalayacaq proqramı başlatdığı müşahidə edilmişdir.
Paklitaksel kimi dərmanlar xərçəngi dayandırmaq üçün mitozu hədəfləyir. Tədqiqatçıların hipotezinə görə telomerlərin qorunmasına mane olmaq taxol kimi mitoz inhibitorlarının təsirini artıra bilər. Həmçinin telomerlərin hüceyrə ölümündə rolunun anlaşılması yeni nəsil müalicələrə yol aça bilər.
Bu tədqiqat dünyanın ən nüfuzlu elm jurnallarından Nature-da 24 iyun 2015 tarixində dərc edilmişdir. Daha ətraflı məlumat üçün mənbə bölməsindəki məqaləyə müraciət edə bilərsiniz.
Mənbələr
Cell death during crisis is mediated by mitotic telomere deprotection.
Nature, 2015
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.