Uşaqlar koronavirus infeksiyasını necə keçirir və yayırlar?

COVID-19 pandemiyası dünyada davam edərkən bir çox ölkədə məktəblər yenidən açılır – lakin alimlər uşaqlarla COVID-19 arasındakı əlaqədə hələ çoxlu naməlum məqam olduğunu vurğulayırlar.
Uşaqların koronavirusu yaymaqda rolu pandemiyanın ilk günlərindən mühüm mövzu olub. Bəzi ölkələr məktəblərin bağlanmasından həftələr sonra yenidən açılmasına icazə verdiyi üçün alimlər uşaqlar və COVID-19 arasındakı əlaqəni aydınlaşdırmağa tələsirlər. Açığı, məktəblər açılanda nə ilə qarşılaşacağımızı bilmirik.
Mühüm yenilik: Uşaqlarda COVID-19 nisbətləri artır
Amerika Pediatriya Akademiyası və Uşaq Xəstəxanaları Assosiasiyasının 12-18 mart 2021 hesabatına görə ardıcıl 8 həftə azaldıqdan sonra ABŞ-da uşaqlar arasında yeni COVID-19 halları artdı. Bunun səbəbinin koronavirusun yeni variantları olduğu düşünülür.
Bu hadisələrlə ABŞ-da bütün yeni COVID-19 halları arasında uşaq hallarının nisbəti % 18.7-yə çatdı ki, bu, bütün pandemiya üçün yeni hal yükünün ən böyük payıdır.
Pandemiyanın ilk 10 ayında uşaqlar təsdiqlənmiş COVID-19 hallarının kiçik hissəsini təşkil edirdi: ilkin məlumatlara görə Çin, İtaliya və ABŞ-da bildirilən infeksiyaların % 2-dən azı 18 yaşdan kiçik şəxslər idi.
Uşaqların xəstəliyə tutulma və virusu yayma ehtimalının yetkinlərdən az olduğu düşünülürdü. Uşaqların ağır COVID-19 üçün daha az riskli olması həqiqətdir. Lakin variantlar pandemiyada uşaqlar arasında yayılan infeksiyanın da artıq nəzərə alınmalı olduğunu düşündürür. Hazırda xəstəliyin yayılmasında ən mühüm amil uşaqlar olmasa belə, məktəblərin yenidən açılmasını dəstəkləmək mümkün deyil.
Tədqiqatçılar həmçinin simptomların (əlamətlərin) yüngül görülməsi və ya heç görülməməsi səbəbindən uşaqların yetkinlər qədər tez-tez test edilmədiyini də qeyd edirlər.
Çinin Honq Konq muxtar bölgəsində Honq Konq Universitetinin pediatrik tənəffüs mütəxəssisi Gary Wong “Uşaqların yoluxmadığına inanmaq üçün güclü bioloji və ya epidemioloji səbəb görmürəm” deyir və davam edir: “Yetkin əhali arasında yoluxma davam etdikcə, tənəffüs viruslarının məktəb və uşaq bağçalarında dövr etdiyi bilindiyindən məktəblərin açılması ehtimal ki, virusun yayılmasını asanlaşdıracaq.” O əlavə edir ki, məktəblər açılmazdan əvvəl yaxşı müşahidə və test sistemləri olmalıdır.
Uşaqlar virusun yayılmasına səbəb olursa, yəqin ki, qarşıdakı bir neçə həftədə uşaqların məktəbə qayıtdığı ölkələrdə infeksiyalar artacaq.
Lakin müzakirəyə yekun vurmaq üçün əvvəlki infeksiyanın göstəricisi kimi qanda koronavirusa qarşı anticisimlərin mövcudluğuna yönəlmiş COVID-19 testlərini əhatə edən, bəziləri hələ davam edən böyük və yüksək keyfiyyətli əhali tədqiqatları tələb olunacaq.
Başqa tədqiqatçılar uşaqların yoluxduqda niyə yetkinlərdən yüngül simptomlarının olduğunu və bunun potensial müalicələrə ipucu verib-vermədiyini öyrənmək üçün uşaqların immun sistemi cavablarını araşdırırlar.
Uşaqlar da aydın şəkildə yoluxa bilir, lakin həssaslıqlar fərqlidir
27 aprel 2020-ci ildə Lancet İnfeksion Xəstəliklər jurnalında dərc edilmiş tədqiqat Çinin Shenzhen şəhərində təsdiqlənmiş COVID-19 halları olan evləri təhlil etdi. On yaşdan kiçik uşaqların yoluxma ehtimalının yüksək, lakin ağır simptomlara malik olma ehtimalının aşağı olduğu tapıldı.
Bu nəticə həqiqətən hamını qorxutdu, çünki uşaqların heç diqqət çəkmədən infeksiyanı yaya biləcəyinidüşündürür. Yeni növ koronavirusun ən yoluxucu dövrünün simptomlar başlamazdan əvvəl və yeni başlayanda olduğunu göstərən tədqiqatlar var.
Lakin testlərin daha geniş tətbiq olunduğu Cənubi Koreya, İtaliya və İslandiyadan bəzi araşdırmalar da daxil olmaqla digər tədqiqatlar uşaqlar arasında daha aşağı infeksiya nisbətləri müşahidə edib. Çindəki bəzi tədqiqatlar uşaqların infeksiyaya daha az həssas olması fikrini dəstəkləyir (yəni uşaqlara daha az yoluxma). 29 aprel 2020-ci ildə Scienceda dərc edilmiş başqa tədqiqatda məlum infeksiyası olanların təmaslarının izlənildiyi və virus üçün test edildiyi Hunan məlumatları təhlil edildi. Müəlliflər 15 yaşdan kiçik hər yoluxmuş uşağa qarşı 20 və 64 yaş arasında 3-ə yaxın şəxsin yoluxduğunu müəyyən etdilər. Yəni uşaqlara yeni koronavirusun yoluxma ehtimalı 3-də bir qədər aşağı ola bilər. Lakin yeni variantlarla bu yoluxuculuğun artdığı düşünülür.
Körpələr COVID-19-dan necə təsirlənir?
Nadir olsa da, 1 yaşdan kiçik uşaqların COVID-19 ilə ağır xəstəlik riski 1 yaşdan böyüklərə nisbətən daha yüksəkdir. Bu, çox güman onların hələ yetişməmiş immun sistemləri və tənəffüs yolları ilə əlaqəlidir və tənəffüs yolu infeksiyalarına bağlı tənəffüs problemlərini daha böyük ehtimalla yaradır.
Yenidoğulmuşlar doğuş zamanı və ya doğuşdan sonra xəstə baxıcının təması ilə COVID-19 ola bilər. Həmçinin tədqiqatlar doğuşa yaxın vaxtda və ya doğuşdan sonrakı günlərdə testi müsbət olan COVID-19-lu qadınların körpələrinin yalnız %2 ilə %5-nin virusa yoluxduğunu göstərir. Buna görə belə hal olarsa, yeni doğmuş qadının doğuşdan sonra müəyyən müddət körpəsindən ayrı qalması lazım gələ bilər.
COVID-19-lu körpələr, test edilə bilməyən və ya heç bir əlaməti olmayan körpələr müəyyən şərtlərlə xəstəxanadan evə buraxıla bilər.
Bu müddətdə yenidoğulmuşlar şöbəsində çalışan baxıcıların və ya yenidoğulmuşlarla məşğul olan bütün tibb işçilərinin maska taxması və körpələrə toxunmaqdan çəkinməsi tövsiyə edilir.
Xəstəliyi yayma riski
Anlaşılması daha çətin mövzulardan biri yoluxmuş uşaqların virusu yetkinlər kimi yayıb-yaymamasıdır. Bir tədqiqatda Fransa Alplərində hallar qrupuna daxil olan, üç məktəbin şagirdləri ilə təmas etmiş və xizək dərslərinə qatılmış, COVID-19 əlamətləri göstərən 9 yaşlı uşağın bir nəfəri belə yoluxdurmadığı hal var. Yetkin insanın bu qədər şəxslə qarşılıqlı təmasda olub heç kəsi yoluxdurmaması demək olar ki, qeyri-mümkün olardı.
Avstraliyanın Brisbane şəhərində Queensland Universitetinin virusoloqu Kirsty Short xəstəliyin yayılma müddətində Sinqapur kimi məktəbləri bağlamayan ölkələr də daxil olmaqla çoxsaylı ailə hallarının meta-analizini aparıb. Uşaqların nadir hallarda infeksiyanı evə gətirən ilk şəxs olduğunu tapıb; ailələrdə ilk halların yalnız %8-i uşaqlar idi. Bunun əksinə, ailədə ilk halların təxminən %50-sinin uşaqlar olduğu əvvəlki H5N1 quş qripi epidemiyalarına görə bu nəticələr fərqlidir.
Ailə tədqiqatları uşaqların koronavirusu yayması ilə bağlı narahatlığı azaldır, çünki çoxlu yoluxmuş uşaq olsa belə, evlərinə gedib başqalarını yoluxdurma riskləri daha az görünür.
Lakin belə araşdırmaların qərəzli olduğunu müdafiə edən alimlər də var: çünki tədqiqatlarda ailə üzvləri təsadüfi deyil, artıq məlum yoluxmuş yetkin olduğuna görə seçilib. Buna görə virusu kimin gətirdiyini müəyyənləşdirmək də çox çətindir. Məktəb və bağçaların bağlanması da uşaqların niyə SARS-CoV-2-nin (yeni koronavirusun elmi adı) əsas infeksiya mənbəyi olmadığını izah edə bilər. Başqa tənəffüs virusları yetkinlərdən uşaqlara qarşılıqlı yoluxa bilir, buna görə “bu virusun istisna olduğuna inanmaq çətindir".
Hətta çapa hazır iki tədqiqat COVID-19 simptomlu uşaqların yetkinlərə bənzər viral RNA səviyyələrinə (virus yükü) malik ola biləcəyini bildirib (koronavirus RNA virusudur). Tədqiqat müəlliflərindən biri “Bu nəticələrə əsasən hazırkı vəziyyətdə məktəb və uşaq bağçalarının məhdudiyyətsiz yenidən açılmasına qarşı ehtiyatlı olmalıyıq. Uşaqlar xəstəliyi yoluxdurmaqda yetkinlər qədər effektiv ola bilər” deyir. Lakin İngiltərənin Edinburq Universitetinin epidemioloqu Harish Nair əlavə edir: yüksək viral RNA səviyyəsinin insanın nə qədər yoluxucu olduğunu göstərib-göstərmədiyi hələ dəqiqləşməyib.
COVID-19-un məktəblərdən cəmiyyətə yayılması barədə tədqiqatlar çox azdır, lakin Avstraliyada davam edən araşdırma bu yayılmanın məhdud və qrip kimi digər tənəffüs viruslarından daha aşağı olduğunu göstərir.
Lakin məktəblərin açılması normal həyata qayıdış demək deyil. Yoluxma riskini azaltmaq üçün şagird partaları arasındakı məsafənin artırılması və oyun meydançalarının bağlanması kimi bir çox məhdudiyyət və dəyişiklik olacaq. Məktəblər açılanda xəstəliyin yayılması üzrə tədqiqatlar da əhəmiyyət qazanacaq. Niderlanddakı tədqiqatçılar qarşıdakı həftələrdə məktəblər mərhələli açıldıqca hadisələri yaxından izləməyi planlaşdırırlar.
Digər tərəfdən yaya daxil oluruq, buna görə onsuz da məktəblərin normal bağlanmasına az qaldığından bu qədər qeyri-müəyyənlik olan şəraitdə məktəbləri açmamaq yerində qərar görünür və ölkəmizdə də artıq bu istiqamətdə meyil var kimi görünür...
Uşaqlarda koronavirusa qarşı immun cavab
Tədqiqatçılar uşaqların COVID-19-un öhdəsindən gəlməkdə yetkinlərdən daha yaxşı olduğunuqəbul edirlər. Yoluxmuş uşaqların çoxunda yüngül əlamət olub və ya heç əlamət olmayıb, lakin bəziləri çox xəstələnir, hətta həyatını itirir. Yaşadığımız COVID-19 dövründə London və Nyu-Yorkda azsaylı uşaqda nadir uşaqlıq xəstəliyi olan Kawasaki xəstəliyinə bənzər iltihabi cavab inkişaf etdiyi bildirilib.
COVID-19-un Kawasaki xəstəliyi ilə əlaqəli olması əslində təəccüblü deyil, çünki Kawasaki bir çox başqa virus infeksiyası ilə əlaqələndirilən xəstəlikdir. Koronavirus və Kawasaki əlaqəsi həqiqi olduğu sübut edilərsə, Çin, Yaponiya və Cənubi Koreyada bu hal gözdən qaçmış ola bilər, çünki Kawasaki xəstəliyi Asiyada daha geniş yayılıb.
Uşaqların çoxunda simptomların daha yüngül olmasına dair bir nəzəriyyə odur ki, uşaq ağciyərlərində SARS-CoV-2 virusunun hüceyrəyə daxil olmaq üçün istifadə etdiyi zülallardan daha az və ya daha az yetişmiş ACE2 reseptorları ola bilər. Lakin bunu təsdiqləmək üçün tədqiqatçılar uşaqların toxuma nümunələrini araşdırmalıdırlar və bunları əldə etmək çox çətindir.
Uşaqların infeksiyaya daha uyğun / düzgün immun cavab verə bilməsi də ehtimal olunur; yəni virusla mübarizə üçün yetərincə güclü, lakin orqanlarına böyük zərər vuracaq qədər güclü deyil. COVID-19-a yoluxmuş 300 nəfərin ilkin təhlili uşaqların immun sisteminin ifraz etdiyi zülalların daha aşağı səviyyədə sitokin istehsal etdiyini tapıb. İmmun sisteminin vasitəçi molekulları olan sitokinlərin ağır COVID-19 infeksiyasında ağciyərlərə və digər orqanlara vurulan zərərin əsas səbəbkarı olduğu düşünülür. COVID-19-u ağır keçirən hər yaşda xəstə daha yüksək sitokin səviyyəsinə meyillidir. Lakin yenə bu halın səbəb və nəticəsi aşkar edilməlidir: sitokin səviyyələri yüksək olduğuna görəmi daha xəstədirlər, yoxsa daha xəstə olduqlarına görə sitokinləri yüksəkdir?
Xülasə
- Məktəblər demək olar ki, hər ölkədə bağlı olduğu üçün uşaqlar virusa daha az məruz qaldı.
- Uşaqlar indiyədək yetkinlər qədər tez-tez test edilmədi.
- Uşaqların da yoluxduğuna və hətta nadir olsa da COVID-19 səbəbindən həyatını itirdiyinə dair aydın sübutlar var.
- Uşaqlar COVID-19-u daha yüngül keçirir.
- Yeni variantlarla uşaqların da yetkinlər qədər COVID-19-a yoluxduğu düşünülür.
- Uşaqlarda ağciyərlərin daha az təsirlənməsinin və xəstəliyin yüngül və ya əlamətsiz keçməsinin səbəblərindən biri ACE2 reseptorlarının az yetişməsi ola bilər.
- Uşaqların immun sistemi koronavirus infeksiyasına daha uyğun cavab verə bilər.
Mənbələr
How do children spread the coronavirus? The science still isn’t clear.
Nature News, 7 May 2020
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.