Xərçəng Müalicəsinin Gizli Xərci – Vaxt Toksikliyi

Bu məqalədə
Xərçəng müalicəsi saatlarınızı ala bilər. Müalicə mərkəzinə getmək, gözləmə otaqlarında növbənizi gözləmək, müalicələrin yan təsirləri ilə məşğul olmaq və bir çox başqa şey dəyərli vaxtınızı alacaq; bu müddətlər xərçəngə və onun mərhələsinə görə daha uzun və ya daha qısa da ola bilər.
Bu vəziyyət vaxt toksikliyi kimi ifadə olunur və bir çox onkoloq xəstə ilə müalicə barədə danışarkən bu məsələnin də nəzərdən keçirilməsini tövsiyə edir.
Xərçəng müalicəsində itirilən vaxt əhəmiyyətli ola bilər. Xüsusilə də terminal/son mərhələ xərçəng xəstələri üçün narahatlıq doğurur. Minneapolis-də Minnesota Universitetindən qastrointestinal onkoloq Dr. Arjun Gupta, məsələn, irəliləmiş mədə-bağırsaq xərçəngi olan insanların müalicədən kənarda qalan 4 günün 1-ni xəstəxanaya gedib-gəlməyə sərf edə bildiyini söylədi. O dedi ki, bu, irəliləmiş solid (orqan/toxuma mənşəli) xərçəngi olan xəstələrin ən yeni müalicələrlə gözlədikləri sağqalım yaxşılaşmasını (adətən təxminən 2 – 3 əlavə ay) tarazlaşdırmağa kifayətdir.
Məlumat Çatışmazlığı
Xəstələrin müalicə alarkən vaxtlarını necə keçirdiyi kardiologiyada və bəzi digər sahələrdə kifayət qədər yaxşı araşdırılıb, lakin onkologiyaya gəldikdə bu vəziyyət yalnız son vaxtlarda diqqət çəkməyə başlayıb.
Dr. Gupta bu çatışmazlıq barədə belə şərh edir: “bəlkə də onkologiya sahəsi qeyd etmələrdən, son inkişaflardan əldə edilən cüzi sağqalım qazanclarından, xərçəng müalicələrinin gündəlik tələblərinədək bir çox mövzuya daha çox diqqət yetirməklə məşğul idi.”
Eyni şəkildə həmkarları, Journal of Clinical Oncology (JCO) adlı jurnalda ümumi olaraq, "onkologiya mütəxəssisləri vaxt toksikliyinin təsirini qəbul etmək, ölçmək və ya dəyərləndirməkdə yaxşı iş görmürlər" deyə yazır və əlavə edirlər: “bu dəyişməlidir.”
Sağqalım faydaları, yan təsirlər və xəstənin öz cibindən ödədiyi xərclər barədə danışmaqla yanaşı, xəstələrin seçimləri ən yaxşı şəkildə dəyərləndirə bilməsi üçün müxtəlif müalicələrdən gözləyə biləcəkləri vaxt tələbləri haqqında da əvvəlcədən məlumat verilməlidir. Daha əhatəli müalicəni seçmək həmişə yanlış deyil; əksinə, Philadelphia-da Pennsylvania Universitetindən hematologiya/onkologiya mütəxəssisi Dr. Tim Brown xəstələrin "vaxtlarını uyğun gördükləri şəkildə keçirmək seçiminə malik olmalı olduqlarını" söylədi.
Onkologiyadakı problem xərçəng müalicəsinin vaxt yükünü ölçmək üçün çox az araşdırma aparılmasıdır; buna görə şəxsi təcrübələrindən başqa onkoloqların xəstələrə çatdıracaq çox məlumatı yoxdur.
Gupta "nəticədə vaxt toksikliyi xərçəng müalicəsinin çox gizli xərci olaraq qalır" dedi.
Vaxt Toksikliyi Ölçülməlidir
Hazırda xərçəngdə vaxt toksikliyi haqqında məlumat boşluğunu doldurmaq üçün addım atılır. Gupta-nın heyəti xəstələrin müalicə ilə bağlı fəaliyyətlərə nə qədər vaxt sərf etdiyini qiymətləndirmək üçün tamamlanmış klinik tədqiqatları təhlil edir. İlk tədqiqatın təhlili tezliklə Journal of Clinical Oncology-də dərc olunacaq.
Heyətin növbəti addımı vaxt toksikliyini gələcək tədqiqatlarda mümkün sonlanım/hədəf nöqtəsi kimi daxil etmək üçün mövzu ilə maraqlanan qruplarla əlaqə yaratmaqdır.
Nəticədə Gupta FDA-nın (ABŞ Qida və Dərman İdarəsi) xərçəng üzrə klinik tədqiqatlarda vaxt toksikliyinin ölçülməsini şərt qoyduğunu görmək istəyir. Heyəti göstərici kimi "evdə keçirilən günlərin" ölçülməsinin və başa düşülməsinin asan olacağını irəli sürür.
"Ümumilikdə bütün maraqlı tərəflərdən, ən əsası xəstələrdən və onların səsini çatdıranlardan bu fikir üçün çox ruhlandırıcı reaksiyalar aldıq. Hələ erkən mərhələdəyik, lakin ümumilikdə vaxt toksikliyini ölçməyin mümkün olduğunu göstərən bir işçi qrupda fikir birliyi yaradırıq. Bunu daha rəsmi hala gətiririk... Beləliklə elm irəliləyə bilər."
Sevilən Birini İtirməkdən Alınan Dərslər
Digər qruplar da elmi irəli aparır. Bu yaxınlarda San Francisco Kaliforniya Universitetindən Vinay Prasad-ın rəhbərlik etdiyi tədqiqatçılar FDA-nın 2009 – 2022-ci illərdə təsdiqlədiyi 13 metastatik xərçəng dərmanının əsas tədqiqatlarını araşdırdılar. Tədqiqatçılar ən yaxşı dəstəkləyici müalicə alan xəstələrlə müqayisədə tədqiqat qollarındakı xəstələrin tədqiqatla bağlı fəaliyyətlərə əlavə olaraq ayda median 16 saat sərf etdiklərini aşkar etdilər. Bu vaxtın 5,3 saatı yollarda keçir. Bu əlavə vaxt ayda ən az 4- 5 günə uyğun gəlir; üstəlik hesablamaya infuziya ilə verilən dərmanlara və yan təsirlərə sərf olunan vaxt daxil edilməyib.
Gupta-nın heyətinin dediklərinə bənzər şəkildə Prasad və heyəti gələcək tədqiqatların "müalicədə keçirilən vaxtı prospektiv olaraq qiymətləndirməli və qazanılan real ev günlərini hesablamalı olduğunu” deyirlər.
Bənzər şəkildə North Carolina-da East Carolina Universitetindən bir heyət yaxın vaxtlarda sağaltma məqsədilə müalicə olunan erkən mərhələ mədəaltı vəzi xərçəngi xəstələrini əhatə edən araşdırma apardı. Orta ümumi sağqalım 17,5 ay idi, lakin təhlil xəstələrin vaxtlarının 11%-ni klinikada keçirdiyini göstərdi. Bu nəticələr əvvəlki metastatik mədəaltı vəzi xərçəngi xəstələrinin qalan günlərinin təxminən 10%-nu səhiyyə xidmətinin göstərildiyi yerlərdə keçirdiyini müəyyən edən başqa tədqiqatla oxşar idi. Bu vaxtın böyük hissəsi yollarda və gözləmə otaqlarında keçir.
Bəzi xəstələr üçün vaxt yükü daha da çoxdur. Carolina Universitetindəki araşdırmanın tədqiqatçısı və pankreas cərrahı Dr. Rebecca Snyder xərçəngdən başqa yanaşı xəstəlikləri olan xəstələrin tibb işçiləri ilə əlaqə saxlamağa daha çox vaxt sərf etdiyini deyir.
Snyder-ə görə vaxt toksikliyi şəxsi məsələdir. Anasını irəliləmiş ağciyər xərçəngindən itirən Synder JAMA-da xəstəliyin necə sürətlə irəlilədiyini çox təsirli şəkildə ifadə edir.
“Çox qısa müddət yaşadı.” Snyder anasının həyat keyfiyyətinə sahib ola bilmədiyini xatırlayır, çünki sonradan peşman olduğu müalicələr onu ciddi şəkildə xəstələndirmişdi. "Bu, mənə həqiqətən təsir etdi. Həmin vəziyyət bu mövzu haqqında necə düşündüyümün çərçivəsini təşkil edir."
“Vaxt toksikliyi tamamilə xəstələrlə bağlı olan nəticə ölçüsüdür. Xəstələrin qərar verərkən bilməli olduğu məlumatlardandır.”
Proaktiv Yanaşma
Philadelphia-da yerləşən bir həkim qrupu vaxt toksikliyi barədə fərqli yol tutur – xərçəng xəstələrinə vaxt qazandırmaq üçün mətn mesajı tətbiqindən istifadə edirlər.
Pennsylvania Universitetinin Penn Xərçəng Müalicəsi İnnovasiya Mərkəzindən tədqiqatçı Timothy Brown tətbiqi immunoterapiya alan xəstələrin yaşadığı yan təsirləri araşdırmaq üçün istifadə etdiklərini açıqladı. Xəstələr yaxşı olduqlarını bildirsələr, tətbiq adi müayinələrdən birini keçməməyə imkan verir.
Heyət yaxın vaxtlarda JAMA Network Open'da yanaşmanın 0% yanlış mənfi nəticə göstəricisi ilə təhlükəsiz olduğunu bildirdi. Növbəti addım isə xəstələrin tətbiqdən istifadə edərək nə qədər vaxt qazandığını araşdırmaqdır.
Brown vaxt toksikliyi barədə bunları deyir: "Məncə, bir addım geri çəkilib xəstələr üçün tövsiyə etdiklərimizin və təyin etdiklərimizin həddən artıq ağır yük yaratmadığından və müalicə məqsədlərinə uyğun olduğundan əmin olmaq həqiqətən vacibdir. Məncə, vaxt toksikliyini anlamaq bunu etmək üçün bizə daha bir vasitə verir."
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.