Terminal (son dövr) xərçəng nədir? Bu diaqnoz qoyulduqda nə edə bilərsiniz?

Bu məqalədə
Terminal mərhələli (son dövr) xərçəngin öhdəsindən gəlməkdə "düzgün" yanaşma yoxdur və hər kəs bunu eyni şəkildə bacarmır. Yenə də aşağıdakı qısa bələdçi kömək edə bilər.
Xərçəngdə terminal dövr nədir?
Terminal xərçəng sağaldıla və ya müalicə edilə bilməyən xərçəngi bildirir. Bəzən son mərhələli xərçəng də adlanır. Hər xərçəng növü terminal xərçəngə çevrilə bilər.
Terminal xərçəng irəliləmiş mərhələli – çox vaxt 4-cü mərhələ kimi bildiyimiz – xərçəngdən bir qədər fərqlidir. Terminal xərçəng kimi irəliləmiş mərhələli xərçəng də sağaldıla bilməz. Lakin müalicəyə cavab verir və bu, irəliləməsini yavaşlada bilər. Terminal dövr xərçəngin artıq müalicəyə cavab vermədiyini və xəstənin ümumi funksional vəziyyətinin aşağı olduğunu bildirir. Nəticədə terminal xərçəngdə məqsəd şişi kiçiltməkdən daha çox xəstəni mümkün qədər rahat etməkdir.
Terminal xərçəng diaqnozundan sonra
Bu xəbəri aldıqda sanki başqasının başına gəlirmiş kimi hissizləşə bilərsiniz. Bununla yanaşı kədər, qorxu və qəzəb hissləri də normaldır.
Greta Greer (Amerika Xərçəng Cəmiyyətinin Sağ Qalanlar Proqramlarının Direktoru) çıxışında “Bəzi xəstələr ölümcül diaqnozu heç vaxt qəbul etmir və müalicə axtararkən həyatları başa çatır. Digərləri isə diaqnoz qoyulduqda vəziyyəti qəbul edib işlərini qaydaya salmağa başlayırlar" deyir.
Narahatlıqlarınızı aradan qaldırmaq və lazım olan məlumatları almaq üçün yəqin ki, həkiminizlə bir neçə dəfə görüşməli olacaqsınız. Bu prosesdə həmçinin ikinci tibbi rəylər də mühümdür.
İnsanlar diaqnozlarını başqaları ilə necə paylaşdıqları baxımından da fərqlənirlər. Bəziləri bunu asanlıqla paylaşır və hamının görməsi üçün sosial mediada yazır, digərləri isə ətrafındakı çox az insana deyərək məlumatı əsasən gizli saxlamağı seçirlər. Xüsusilə kiçik uşaqları olanlar işləri mümkün qədər uzun müddət normal saxlamaq istəyə bilərlər.
- Əlaqəli mövzu: Xərçəngli insanın həyatının sonuna çatmasının əlamətləri və xəstə yaxınlarına tövsiyələr
Son dövrdə müalicə / qayğı seçimləri hansılardır?
Xərçənginiz müalicə edilə bilməsə də, dəstəkləyici müalicə seçimlərinizin hələ olacağını unutmayın. Nyu-York Memorial Sloan-Kettering Xərçəng Mərkəzinin psixiatriya rəhbəri William Breitbart psixiatrik pozuntuların xərçəng xəstələrinin %35-inə təsir etdiyini nəzərə alaraq, sahəsində mütəxəssis psixoloq və ya psixiatr müdaxilələrinin xəstələrə fayda verəcəyinə inanır. Xüsusilə terminal mərhələli xəstələr depressiya və/və ya anksiyeteden əziyyət çəkə bilərlər. Hər ikisində terapiya və ya dərman müalicəsi istifadə edilə bilər. Lazım olduqda iki üsul eyni vaxtda tətbiq edilə bilər.
Ağrı kimi əlamətləri yüngülləşdirməyi hədəfləyən palliativ qayğıhəyat keyfiyyətinizi artıra bilər. Həmçinin həkiminizlə məsləhətləşərək akupunktur kimi tamamlayıcı müalicə seçimlərindən yararlana bilərsiniz.
Bundan əlavə, bəzi insanlar eksperimental müalicələri araşdıran klinik sınaqlara qatılır. Klinik tədqiqatda ən yeni müalicələri ala və eyni zamanda xərçəng müalicəsində gələcək inkişaflara töhfə verdiyinizi bilə bilərsiniz.
Ölüm prosesində narahatlıq
Xəstələrin ən çox narahat olduğu mövzular bunlardır: səhiyyə komandasından təsirli dəstək almaq, ləyaqətlərini qorumaq və əziyyət çəkməmək. Bir çox xəstə onları nəyin gözlədiyi barədə müəyyən fikir sahibi olmaq istəyir.
Narahatlıqları və sualları yazmaqsizin üçün nəyin mühüm olduğunu və bunun öhdəsindən necə gələcəyinizi müəyyənləşdirməyə kömək edə bilər.
Terminal dövrdə dəstək necə olmalıdır?
Artıq şişi kiçildən müalicə almayacaq olmaq hər şeydən vaz keçmək demək deyil. Aşağıda sizi dəstəkləyə biləcək bəzi təsirli öhdəsindən gəlmə strategiyaları var.
- Anı yaşayaraq indiki zamana diqqət yetirmək
- Yaxşı və pis günlərin olacağını anlamaq
- Normallıq və gündəlik rejim hissini qorumağa çalışmaq
- Baş verə biləcək (və ya verməyəcək) pis şeyləri proqnozlaşdırmaqdan çəkinmək
- Zövq aldığınız şeyləri etmək; yalnız ölüm fikrinə cəmlənməmək
Bu prosesdə emosional dəstək mühümdür, lakin ailədən gəlməyə bilər. Greer "Ölümcül diaqnozdan sonra bəzi ailələr yaxınlaşır, bəziləri isə daha gərgin və məsafəli olur." deyir. Bu nöqtədə cütlüklərin və ailələrin dəstək alması mühümdür. Bir çox xəstəxana cütlüklər və ailələr üçün məsləhət xidməti göstərir.
Dost və qohumlarınızdan uşağa baxmaq, yemək hazırlamaq və ya avtomobil idarə etmək kimi praktik işlərdə kömək istəməklə başlasanız, sizin üçün daha asan ola bilər.
Qayğının planlaşdırılması
Qayğını əvvəlcədən planlaşdırmaq ailə üzvləri arasında qarışıqlıq və ya fikir ayrılıqlarını önləmək üçün istək və seçimlərinizi qaydaya salmağa imkan verir. Bu planlama sağlamlıq, hüquqi və maliyyə mövzularını əhatə edə bilər. Terminal xərçəng diaqnozunun öhdəsindən gələrkən özünüzə verə biləcəyiniz və planlaşdırmağa kömək edəcək bəzi suallar hazırladıq.
Sağlamlıq məsələləri
- Bu prosesi xəstəxananın palliativ qayğı klinikasında keçirmək istəyirsinizmi?
- İstəmədiyiniz müəyyən şeylər varmı? Məsələn, qidalanma boruları və ya kardiopulmonar reanimasiya (dayanmış qan dövranı və tənəffüs sistemini yenidən işə salmaq üçün tətbiq edilən üsullar toplusu).
- Özünüzə baxa bilmədikdə qayğınıza istiqamət verəcək səhiyyə xidmətlərindən olan evdə qayğı istəyirsinizmi? (qayğı tibb bacıları və ya xüsusi təlimli səhiyyə işçiləri tərəfindən göstərilir)
Hüquqi və maliyyə məsələləri
- Maliyyə işləriniz qaydaya salınıbmı?
- Vacib sənədlərinizin harada olduğunu kimsə bilirmi?
- Vəsiyyətnaməniz varmı? Və aktualdırmı?
- Həyat sığortanız varmı? Hansı vəziyyətdə necə istifadə edə biləcəyinizi bilirsinizmi?
Nəhayət;
- Yaxınlarınıza veriləcək xatirələr və ya nəsildən-nəslə keçən qiymətli əşyalar varmı?
- Onlar üçün məktub və ya video hazırlamaq istəyirsinizmi?
- Dəfn mərasiminizin harada keçirilməsini istəyirsiniz?
- Əlaqəli mövzu: Xərçəng xəstələrinə qayğı göstərənlər unudulmamalıdır – müşayiətçilərə dəstəyin 4 yolu
Prioritetlərinizi müəyyənləşdirmək də bu yolçuluqda sizə istiqamət verə bilər.
Hər şeydən əvvəl qalan vaxtda nə edəcəyinizə qərar verməli olacaqsınız. Həll etmək istədiyiniz problemlər varmı? Köhnə həyatınıza mümkün qədər uzun davam etmək istəyirsinizmi? Həmişə görmək istədiyiniz yerə səyahət etmək istəyirsinizmi? Bu suallar prioritetlərinizi müəyyənləşdirməyə kömək edə bilər. Kiçik uşaqlarınız və ya nəvələriniz varsa, onlarla vaxt keçirmək ən böyük prioritetiniz ola bilər.
Bu prosesdə bəzi insanlar eyni problemi yaşayanlara dəstəkçi olur. Carnegie Mellon Universitetinin professoru Randy Pausch 2008-ci ildə pankreas xərçəngindən ölməzdən əvvəl ən çox satılan kitab və məşhur YouTube videosuna çevrilən "son dərsi" verdi. Randy özünü pankreas xərçəngi barədə məlumatlılığı artırmaq üçün mümkün olan hər şeyi etməyə həsr etdi.
Nə seçsəniz də, nə qədər vaxtınız olduğu barədə (illər, aylar, günlər) fikir sahibi olmalısınız. Həkiminiz belə hesablamaların fərziyyədən bir qədər artıq olduğunu deyə bilər, lakin bu vaxt çərçivəsi həyati əhəmiyyət daşıyır.
Ümidli qalmaq…
Hər kəsin gələcəyi üçün müəyyən ümid hissi olmalıdır. Bu prosesdə ümid sevdiyiniz yerə səfər etmək ola bilər. Yaxud ailəniz və dostlarınızla bir müddət birlikdə olmaqdan zövq alacağınıza ümid edə bilərsiniz.
Bəziləri ölümdən sonra həyat olduğuna inanır və bunun onlara ümid verdiyini söyləyir. Ümidlərinizi başqaları ilə paylaşmaq onları həyata keçirməyə kömək edə bilər. Bir çox insan son günlərində ətrafındakı rahatlıq, dostluq və sevgini hiss etməyi gözləyir.
- Əlaqəli mövzu: Xərçəngdə ölüm prosesini danışmaq – artıq vaxtı gəlməyibmi?
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.