Xərçəng reabilitasiyasında inqilab – Virtual reallıq (VR) ilə innovativ müalicə üsulları

Bu məqalədə
Xərçəngin və onun müalicələrinin səbəb olduğu ağrı, təşviş, ürəkbulanma və ya neyropatiya kimi yan təsirlər xəstələrin gündəlik fəaliyyətlərini və planlaşdırılmış məşqlərini yerinə yetirməsini çətinləşdirir. Bu yan təsirlər xəstələrin həyat keyfiyyətini aşağı salır, hərəkətsizliyə və əzələ itkisinə səbəb ola bilir.
Xərçəng reabilitasiyası (onkoloji reabilitasiya), xərçəng müalicəsi alan xəstələrin fiziki, psixoloji və sosial rifahını yaxşılaşdırmağı hədəfləyən prosesdir. Bu reabilitasiya müalicə zamanı və sonrasında xəstələrin həyat keyfiyyətini artırmaq, yan təsirləri minimuma endirmək və gündəlik fəaliyyətlərini daha rahat davam etdirmələrini təmin etmək üçün vacibdir.
Bu gün texnologiyanın inkişafı xərçəng reabilitasiyasında müalicə zamanı yarana biləcək yan təsirləri minimuma endirməkdə bizə kömək edir. Bu yeniliklərdən biri virtual reallıq (VR= virtual reality) texnologiyasıdır.
VR texnologiyası son illərdə tibb sahəsində innovativ yanaşma kimi diqqət çəkir. Xərçəng reabilitasiyasında virtual reallıqdan istifadə xəstələrin fiziki, psixoloji və sosial bərpa proseslərini dəstəkləmək üçün mühüm potensial təqdim edir.
VR tətbiqləri virtual mühitlər vasitəsilə xəstələrə
- ağrıya nəzarət,
- məşq etmək,
- stressin idarə olunması,
- yuxu problemləri və
- xəstə təhsili kimi məsələlərdə kömək edə bilir.
Bu texnologiya xərçəng müalicəsi alan insanların həyat keyfiyyətini artırmaq üçün yeni və effektiv vasitə kimi önə çıxır, müalicə prosesində qarşılaşılan çətinliklərin öhdəsindən gəlməyə töhfə verir. Məsələn, virtual mühitlər sayəsində xəstələr ənənəvi reabilitasiya üsullarının məhdudiyyətlərini aşaraq daha çox motivasiya verən reabilitasiya təcrübəsi yaşaya bilərlər. Həmçinin virtual reallığın təqdim etdiyi interaktiv və fərdiləşdirilmiş təcrübələr müalicəyə riayəti artıraraq xəstələrin bərpa prosesində fəal iştirakını təşviq edə bilər. Bu baxımdan VR-nin xərçəng reabilitasiyasındakı yeri gələcəkdə daha da əhəmiyyət qazanacaq və səhiyyə xidmətlərində inqilab yarada biləcək potensiala malikdir.
Xroniki ağrı müalicəsində virtual reallıq proqramının FDA təsdiqi

Xroniki ağrı müalicəsində istifadə olunan virtual reallıq (VR) proqramı EaseVRx-in 2021-ci ilin noyabrında FDA tərəfindən təsdiqlənməsi, bu sahəyə böyük maraq oyatdı və virtual reallıq texnologiyasının effektivliyini sübut etdi. EaseVRx xroniki bel ağrısı olan xəstələrdə koqnitiv davranış terapiyası və digər davranış üsullarından istifadə edərək ağrının azalmasına kömək edir; aparılan klinik tədqiqatlar isə bu texnologiyanın ağrının idarə olunmasında uğurlu nəticələr verdiyini göstərib. Bu təsdiq VR əsaslı müalicə üsullarının potensialını ortaya qoyaraq onların xroniki ağrı müalicəsində yeni və effektiv yanaşma kimi qəbul edilməsinə səbəb oldu.
EaseVRx eyni zamanda gamification (oyunlaşdırma) nümunəsidir. Bu texnologiya interaktiv və əyləncəli məzmun təqdim edərək istifadəçilərin diqqətini yayındırmağı və müalicəyə riayəti artırmağı hədəfləyir. Beləliklə, ağrının idarə olunması və reabilitasiya prosesi daha dözümlü və motivasiyaedici olur.
VR eynəklərinin ümumi iş prinsipi
VR kompüter simulyasiya sistemi vasitəsilə işləyən, istifadəçilərə virtual/süni mühitdə fəaliyyətləri təcrübədən keçirmək və yerinə yetirmək imkanı verən innovativ texnologiyadır. Onun mexanizmi səslər, görüntülər və toxunma stimulyasiyası kimi hissi stimulları üçölçülü virtual dünyaya daxil edir. Fiziki olaraq orada mövcud olma qavrayışı yaradır və beləliklə, istifadəçilərin ətraf mühitlə qarşılıqlı əlaqəsinə imkan verir.
Səhiyyə xidmətlərində VR-dən xərçəng müalicəsi ilə əlaqəli əlamət və şikayətləri idarə etmək üçün qeyri-invaziv üsul kimi istifadə olunur. VR sistemləri stereoqrafik potensialı olan başa taxılan cihazlar (HMD-lər), qulaqlıqlar, 3D eynəklər, bədən izləmə sensorları, əlcəklər və coystiklər kimi giriş cihazları da daxil olmaqla digər somatosensor cihazlar şəklində mövcuddur. Bu, real və virtual dünya arasındakı fərqi aradan qaldırmağa kömək edir və istifadəçi ilə virtual mühit arasında interaktiv əks-əlaqə üçün imkan yaradır.
Son dövrlərdə VR xərçəng müalicəsi alan xəstələri dəstəkləmək və əziyyətlərini minimuma endirmək üçün ümidverici texnoloji vasitə kimi ortaya çıxıb. Ağrı, yorğunluq, təşviş, depressiya və koqnitiv funksiya pozuntusunu yüngülləşdirmək üçün diqqəti yayındıran müdaxilə rolunu oynayır. Zehni rahatladan səhnələr göstərmək, virtual qarşılıqlı əlaqə və əks-əlaqə yaratmaq, tapşırıq əsaslı fəaliyyətə cəlb etmək və hətta musiqi terapiyası ilə birləşdirmək kimi müxtəlif yollarla istifadə oluna bilər. VR rəhbərliyi ilə seanslar zehni rahatlama və ya meditasiya üçün də istifadə edilə bilər. VR funksionallığı yaxşılaşdırmaq və gündəlik həyat fəaliyyətlərini təşviq etmək üçün fiziki reabilitasiyada mühüm tətbiq sahəsinə malikdir.

Xərçəng müalicəsinin yaratdığı funksiya pozuntuları və məşq reabilitasiyasının əhəmiyyəti
Xərçəng müalicəsinin müxtəlif dərəcələrdə funksiya pozuntularına səbəb olduğunu araşdıran tədqiqatlar pediatrik xəstələrdə funksiya pozuntusu tezliyinin 20%-yə yaxın, yetkin xəstələrdə isə 50%-dən çox olduğunu göstərib. Yayğın funksiya pozuntularına bunlar daxildir:
- kimyaterapiyanın səbəb olduğu neyropatiya,
- cinsi funksiya pozuntusu,
- xərçənglə əlaqəli yorğunluq,
- xərçənglə əlaqəli yuxu pozuntusu,
- koqnitiv pozuntu,
- süd vəzi xərçəngində əməliyyatdan sonrakı sindromlar,
- ürək-ağciyər funksiyasının pozulması.
Bu funksiya pozuntuları xəstələrin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azaldır və səhiyyə sisteminin iqtisadi yükünü artırır. Aerob, müqavimət, elastiklik və sinir-əzələ məşqlərini əhatə edən məşq reabilitasiyası müalicə üsulu kimi geniş müzakirə olunur.
Məşq reabilitasiyasının xərçənglə əlaqəli funksiya pozuntularını əhəmiyyətli dərəcədə yaxşılaşdıra bildiyi göstərilib. Tədqiqatlarda çanaq dibi əzələlərinin məşqləri kimi reabilitasiya məşqlərinin cinsi funksiyanı yaxşılaşdıra biləcəyi; dözümlülük, müqavimət və tarazlıq təlimlərini əhatə edən 8 həftəlik məşq reabilitasiyası proqramından sonra kimyaterapiyadan qaynaqlanan neyropatiyada əhəmiyyətli yaxşılaşma olduğu bildirilib.
Virtual reallıq əsaslı məşq reabilitasiyası (VR-ER)
Virtual reallıq əsaslı məşq reabilitasiyası (VR-ER) VR ilə məşq reabilitasiyasını birləşdirən ümidverici müdaxilədir. VR-ER təhlükəsiz və realistik səhnələr təqdim etmək üçün bədənin izlənməsi ilə birlikdə üçölçülü mühit yaratmaq məqsədilə virtual reallıqdan istifadə edir. Tədqiqatlar VR-ER-in müxtəlif xəstəliklərdən yaranan funksiya pozuntularını effektiv yaxşılaşdırdığını irəli sürüb. Tarazlıq və koordinasiya problemi olan xəstələrdə VR texnologiyası fizioterapiyanın faydalarına əlavə olaraq çoxhissli virtual reallıq əsaslı məşq reabilitasiyası proqramı sayəsində yeriş və tarazlıq reabilitasiyasını virtual ssenari ilə təmin edir. Ənənəvi reabilitasiya üsullarının yetərsiz qaldığı hallarda bu cür virtual reallıq əsaslı məşqlər ümidvericidir.
Onkologiyada VR tədqiqatları

Virtual reallıq eynəklərinin xərçəng xəstələrinin reabilitasiyasında istifadəsinə dair müxtəlif tədqiqat və məqalələr var. Bu texnologiya xəstələrin reabilitasiya təcrübəsini müxtəlif yollarla yaxşılaşdırmaq potensialına malikdir:
-
Fiziki reabilitasiya: VR əsaslı məşq proqramları reabilitasiya məşqlərini daha maraqlı və effektiv etmək üçün istifadə olunur. Məsələn, VR seansları virtual raftinq, kross qaçışı və digər interaktiv oyunlar kimi fəaliyyətləri əhatə edə bilər (gamification). Bu məşqlər adətən fizioterapevtlərin nəzarəti altında keçirilir, təhlükəsizlik və effektivlik təmin olunur. Belə məşqlər vasitəsilə xəstələrin əzələ gücü, tarazlığı və ümumi fiziki dözümlülüyü artırıla bilər. Xroniki Obstruktiv Ağciyər Xəstəliyi (KOAH) olan xəstələr üzərində aparılan tədqiqatlar bu cür reabilitasiyanın ağciyər xərçəngi reabilitasiyasında da oxşar fayda verə biləcəyini göstərib.
-
Psixoloji faydalar: VR xərçəng müalicəsi alan xəstələrin təşvişini azaltmağa və ümumi psixoloji rifahını yaxşılaşdırmağa kömək edə bilər. Ağrı və stressdən uzaqlaşdıran təcrübələr təqdim edərək xəstələrin xəstəliyin psixoloji yükünü idarə etməsinə kömək edir. Cancer Research UK tərəfindən aparılan bir tədqiqat, VR təcrübəsinin xərçəng müalicəsi alan insanların stress və təşvişini azaltmağa kömək edib-etmədiyini araşdırıb. Nəticələr VR-nin iştirakçıların stressinə, təşvişinə, yorğunluğuna və ümumi həyat keyfiyyətinə müsbət təsir etdiyini göstərib.
-
Xəstə təhsili və iştirakı: VR həmçinin xəstələrin vəziyyətləri və müalicələri barədə təhsil almasına imkan verir. Məsələn, xəstələr ağciyərlərini vizuallaşdıraraq şüa müalicəsi kimi müalicələrin şişlərinə necə təsir etdiyini anlaya bilərlər. Bu tədris aspekti xəstələrin müalicə prosesləri barədə daha məlumatlı olmasını və prosesdə daha çox iştirakını təmin edərək riayəti və nəticələri yaxşılaşdıra bilər. ACCC (Association of Community Cancer Centers) tərəfindən yayımlanan bir bloq yazısı, VR-nin xəstə təhsilində innovativ vasitə kimi necə istifadə olunduğunu araşdırıb. VR xəstələrin diaqnozlarını daha yaxşı anlamasına və səhiyyə mütəxəssisləri ilə birgə qərarvermə proseslərində iştirakına kömək edir. Practical Radiation Oncology jurnalında dərc olunan bir tədqiqat, münasib qiymətli smartfon əsaslı VR xəstə təhsili platformasının hazırlanmasını və effektivliyinin qiymətləndirilməsini hədəfləyib. Tədqiqatda süd vəzi, çanaq və baş-boyun nahiyələrinə aid VR videoları xəstənin standart radioterapiya seanslarını birinci şəxsin baxış bucağından göstərmək üçün 360 dərəcəlik kamera ilə çəkilib. VR videolarının müalicə alan xəstələrin təşviş səviyyəsini azaltmaqda və müalicə prosesi ilə tanışlığı artırmaqda effektiv olduğu müəyyən edilib.
-
Ağrının idarə olunması: VR texnologiyası ağrının idarə olunmasında da mühüm rol oynayır. Xüsusilə kimyaterapiya və radioterapiya kimi ağrılı müalicə proseslərində xəstələrin ağrı qavrayışını azaldaraq müalicə ilə bağlı narahatlıqlarını yüngülləşdirə bilər. VR ağrılı tibbi prosedurlar zamanı kəskin ağrını azaltmaq və palliativ qulluqda terminal xəstələrin simptomlarını yüngülləşdirmək üçün də istifadə olunur. J Clin Med jurnalında dərc olunan bir tədqiqat, VR-nin kolonoskopiyadan qaynaqlanan təşviş və ağrını azaltmağa təsirini qiymətləndirməyi hədəfləyib. Tədqiqatda klinik sınaqlar sistematik nəzərdən keçirilib və VR-nin ənənəvi sedasiya qədər effektiv olduğu, sedasiya istifadə olunmayan xəstələrdə isə statistik baxımdan əhəmiyyətli azalma təmin etdiyi müəyyən edilib. Həmçinin VR ilə xəstə təhsili kolonoskopiyadan əvvəl xəstələrin təşvişini azaltmaqda və bağırsaq hazırlığının keyfiyyətini artırmaqda effektiv olub.
-
Ümumi həyat keyfiyyəti: VR-nin təqdim etdiyi müxtəlif fəaliyyətlər və rahatladıcı mühitlər xəstələrin ümumi həyat keyfiyyətini artırır. Xəstələr virtual mühitlərdə stressdən uzaqlaşa, əylənə və beləliklə, müalicə prosesində əhval və motivasiyalarını yüksək saxlaya bilərlər.
Nəticə olaraq, VR eynəklərinin xərçəng reabilitasiyasında çoxşaxəli faydaları var. Fiziki, psixoloji və təhsil sahələrində verdiyi töhfələr bu texnologiyanın xərçəng müalicəsinin mühüm hissəsinə çevrilməsini təmin edir. Bu faydalara əlavə olaraq radioterapiya prosesində düzgün mövqeləndirməni və müalicə hədəflərini müəyyənləşdirmək üçün, xüsusilə prostat və süd vəzi xərçəngi kimi radioterapiya tələb edən xərçəng növlərində istifadə oluna bilər.
Xərçəngin səbəb olduğu yuxu problemlərində VR istifadəsi
Xərçəng xəstələrində tez-tez rast gəlinən digər problem yuxu problemidir. Kimyaterapiya, radioterapiya və digər xərçəng müalicələri ürəkbulanma, yorğunluq və hormonal tarazlığın pozulması kimi yan təsirlərə səbəb ola bilər. Bu təsirlər də yuxu rejimini poza bilər. Bunlardan əlavə xəstənin yaşadığı stress, təşviş, ağrı və narahatlıq da yuxu problemlərinə gətirib çıxarır.
Xərçəng xəstələrinin yuxu problemini idarə etmək üçün VR texnologiyasından istifadə olunan bəzi tədqiqatlar var. Bir tədqiqatda metastatik süd vəzi xərçəngi olan qadınlar üzərində aparılan pilot sınaqda VR müalicələrinin təşviş və depressiya simptomlarını azaltmaqla xəstələrin yuxu keyfiyyətini yaxşılaşdırdığı müşahidə edilib. Bu tədqiqatda iştirakçılar VR təcrübələrindən ev şəraitində müntəzəm istifadə edib və nəticələr VR-nin simptomların idarə olunmasında effektiv olduğunu göstərib.
Digər bir tədqiqat isə terminal mərhələdəki xərçəng xəstələrində VR-nin ağrı və stress kimi fiziki və emosional simptomları idarə etmək üçün istifadə oluna biləcəyini və beləliklə, xəstələrin daha rahat yuxu təcrübəsi yaşaya biləcəyini bildirir.
Bu cür tədqiqatlar VR texnologiyasının xərçəng xəstələrinin yuxu problemlərini idarə etmək üçün potensial faydalı vasitə ola biləcəyini göstərir. Lakin bu texnologiyadan daha uyğun istifadə barədə əlavə məlumat almaq və fərdi vəziyyətinizə uyğun müalicə planı hazırlamaq üçün səhiyyə mütəxəssisləri ilə məsləhətləşməyiniz tövsiyə olunur.
Süd vəzi xərçəngi xəstələrində VR istifadəsi
Xərçəngdə VR istifadəsi ən çox süd vəzi xərçəngində araşdırılıb. Xərçəngdə VR istifadəsinin ən çox süd vəzi xərçəngində araşdırılmasının səbəbi bu xərçəngin yayğınlığı və müalicə prosesinin uzunluğu ilə əlaqədar xəstələrin fiziki və psixoloji dəstəyə ehtiyacının yüksək olmasıdır.
Süd vəzi xərçəngi xəstələrində reabilitasiya tədbirləri əsasən ənənəvi fizioterapiya, kinezioterapiya və masaj texnikaları kimi müxtəlif üsullarla təmin edilə bilən yuxarı ətraf hərəkətliliyini yaxşılaşdırmağı hədəfləyir. Digər tərəfdən, müxtəlif tapşırıqlara yönələn proqramlar gündəlik həyat fəaliyyətlərinə uyğunlaşma imkanı verir və ənənəvi təkrarlanan hərəkət məşqlərindən daha yaxşı nəticələr göstərir. Texnologiyanın son inkişafları reabilitasiyanı dəyişdirməyə və xərçənglə əlaqəli əlamət və şikayətləri idarə etmək üçün qeyri-invaziv üsullar təqdim etməyə böyük töhfə verib. Virtual reallıq süd vəzi xərçəngi müalicəsinin həm psixoloji, həm də fiziki nəticələrini minimuma endirmək üçün effektiv üsul rolunu oynayan belə vasitələrdən biridir. Yuxarı ətrafın funksionallığını və gündəlik həyat fəaliyyətlərini yaxşılaşdırmaqda ənənəvi fizioterapiya qədər effektivdir.
VR əsaslı müdaxilələr süd vəzi xərçənginin reabilitasiya baxımından idarə edilməsinə yeni baxış gətirib. Ağrı, yorğunluq, təşviş, depressiya, koqnitiv funksiya pozuntusu və gündəlik həyat fəaliyyətlərinə mane olan oynaq hərəkət amplitudası məhdudiyyətləri də daxil olmaqla, süd vəzi xərçəngi müalicəsindən sonra yaranan simptomların çətinliklərini aşmaq üçün əla qeyri-invaziv yanaşma olduğu sübut edilib. Kompüterlər, TV və mobil telefonlar da daxil olmaqla çoxlu VR əsaslı reabilitasiya vasitəsi və cihazı mövcuddur. Bununla belə, bəzi məhdudiyyətlər VR-nin geniş əlçatanlığına və istifadəsinə hələ də mane olur. Bunlara kiberxəstəlik, narahat qulaqlıqlar, istifadəçi narahatlığı və istəksizliyi, eləcə də avadanlığın yüksək qiyməti daxildir.
VR istifadəsində nəzərə alınmalı məqamlar – Mümkün yan təsirlər
Xərçəng reabilitasiyasında VR texnologiyasının istifadəsi xəstələrin fiziki, emosional və psixoloji bərpasını dəstəkləyən innovativ və effektiv üsul kimi önə çıxır. Lakin bu texnologiyanın tətbiqində nəzərə alınmalı bəzi mühüm məqamlar var.
- Mümkün yan təsirlər: Virtual reallıq istifadəsinin mümkün yan təsirləri arasında yer alan kiberxəstəlik (cybersickness), ədəbiyyatda Virtual Reality Symptom Questionnaire vasitəsilə ölçülüb. Bu yan təsirlər başgicəllənmə, ürəkbulanma və tarazlıq problemləri kimi simptomları əhatə edə bilər.
- Xəstə təhlükəsizliyi: VR tətbiqlərinin xəstələr üçün təhlükəsiz olduğuna əmin olmaq lazımdır. Xüsusilə başgicəllənmə, ürəkbulanma və ya tarazlıq problemlərinə səbəb ola bilən VR təcrübələrində bu məqam çox vacibdir. Həmçinin VR cihazlarının (eynək və ya qulaqlıq) təmizliyinə və gigiyenasına diqqət yetirilməlidir.
- Fərdiləşdirilmiş tətbiqlər: Hər xəstənin reabilitasiya ehtiyacları fərqlidir. Buna görə VR proqramları xəstələrin spesifik ehtiyaclarına və sağlamlıq vəziyyətinə uyğunlaşdırılmalıdır. Xəstələrdən müntəzəm rəy alınaraq VR tətbiqlərinin effektivliyi və xəstəyə uyğunluğu davamlı qiymətləndirilməlidir.
- Mütəxəssis nəzarəti: VR müalicələri mütləq bu sahədə ixtisaslaşmış səhiyyə mütəxəssisləri tərəfindən yönləndirilməlidir. Fizioterapevtlər, psixoloqlar və ya onkoloqlar kimi mütəxəssislər xəstələrin VR müalicələrindən düzgün və effektiv faydalanmasını təmin edir. Reabilitasiya müddətində xəstələrin vəziyyəti yaxından izlənməli və lazım gəldikdə müdaxilə edilməlidir.
Bu məqamlara diqqət yetirməklə VR texnologiyasının xərçəng reabilitasiyasında ən effektiv və təhlükəsiz şəkildə istifadəsini təmin etmək mümkündür.
Mənbələr
2. FDA Authorizes Marketing of Virtual Reality System for Chronic Pain Reduction. FDA: https://www.fda.gov/news-events/press-announcements/fda-authorizes-marketing-virtual-reality-system-chronic-pain-reduction (16.11.2021)
3. Gökhan VATANSEVER, Tarık KEÇELİ, Önder KIRCA, Ali Cem BAŞARIR, Mustafa ÖZDOĞAN. Gamification as a Solution for Cancer-Induced Cognitive Impairment. J Oncol Sci. 2021 Doi: 10.37047/jos.2020-78809
4. National Center for Biotechnology Information (NCBI). https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC10928524/
5. BMC Cancer. https://doi.org/10.1186/s12885-021-09081-z
6. BMJ Open. https://bmjopen.bmj.com/content/13/2/e068532
7. Dove Medical Press. https://www.dovepress.com/virtual-reality-rehabilitation-in-patients-with-chronic-obstructive-pu-peer-reviewed-fulltext-article-COPD
8. Dove Medical Press. https://www.dovepress.com/virtual-reality-rehabilitation-in-patients-with-chronic-obstructive-pu-peer-reviewed-fulltext-article-COPD
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.




Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.