Xərçəngdən qorunma, risk amilləri və erkən diaqnoz sahəsində son illərdəki irəliləyişlər

2016-cı ildə xərçəng biologiyası haqqında artan fərqindəlik xərçəngə meyilliliyə səbəb olan genetik mutasiyalara baxışı dəyişib. İnsanda xərçəngə meyillilik yaradan genetik mutasiya və ya mutasiyalar olduğunu bilməyin əhəmiyyəti daha yaxşı anlaşılıb. Çünki bu, xərçəng skrininqləri və qoruyucu cərrahiyyələr ilə erkən diaqnoza və ya hələ xərçəng yaranmadan tədbir görməyə imkan verir. Həmçinin xərçəngə meyillilik yaradan amilləri müəyyən etmək ailə planlaşdırılması və müalicə qərarına birbaşa töhfə verir.
Ötən il tədqiqatçılar B vitamininin melanoma olmayan dəri xərçənglərinin riskini azaltmaqda təsirli olduğunu müəyyən ediblər. Bundan başqa ASCO insan papilloma virusuna (HPV) qarşı peyvəndlənməni artırmaq tövsiyələri üçün hesabat dərc edib. HPV peyvəndinin başda uşaqlıq boynu xərçəngi olmaqla HPV ilə əlaqəli xərçənglərdən qoruyaraq milyonlarla həyatın xilasına imkan verəcəyi vurğulanıb.
Yumurtalıq (over) xərçənginə meyilliliyi artıran yeni genlər
Yumurtalıq xərçənglərinin təxminən % 10-15-i irsidir, yəni nəsildən-nəslə ötürülən genetik mutasiyalarla əlaqəlidir. Məsələn, BRCA1 mutasiyalı qadınlarda yumurtalıq xərçənginin inkişaf riski %36, BRCA2 mutasiyalı qadınlarda %12-dir. Bunun əksinə, ümumilikdə cəmiyyətdə qadınlar arasında ömürboyu yumurtalıq xərçənginin inkişaf riski %1-2-dir.
Yaxın vaxtlarda aparılmış əhatəli tədqiqatla qadınlarda yumurtalıq xərçənginə meyilliliyə səbəb olan daha 2 gen müəyyən edilib: RAD51C və RAD51D. Bu genlərində mutasiya olan qadınların yumurtalıq xərçənginə tutulma riskinin müvafiq olaraq 5 və 12 dəfə yüksək olduğu müəyyən edilib. RAD51 genindəki mutasiyaların hər 120 yumurtalıq xərçənginin birinə cavabdeh olduğu bildirilib.
Bu mutasiyalar nisbətən nadir görülsə də, yumurtalıq xərçəngi riskini azaltmaq üçün addımlar atılması baxımından bu risk amillərini bilmək vacibdir. Belə ki, bu tədqiqatın nəticələri genetik testlə bağlı milli təlimatlarda dəyişikliyə səbəb olub. Yenilənmiş təlimatlar RAD51C və ya RAD51D genlərində mutasiya olan qadınlarda yumurtalıq xərçəngi riskini azaltmaq üçün cərrahiyyə (yumurtalıq və boruların çıxarılması) tövsiyə edir. Bu mutasiyaların aşkarlanması yumurtalıq xərçəngi yarandıqdan sonra da əhəmiyyətlidir. Çünki bəzi tədqiqatlar bu mutasiyalı qadınların PARP inhibitorları kimi tanınan yeni dərman sinfinə yaxşı cavab verə biləcəyini bildirir.
Mədəaltı vəzi xərçənginə meyilliliyi artıran yeni genlər
Təxminən hər 10 mədəaltı vəzi xərçəngindən biri nəsildən-nəslə ötürülən genetik mutasiyalarla əlaqəlidir. Mədəaltı vəzi xərçəngi iki və ya daha çox birinci dərəcəli qohumda ortaya çıxanda ailəvi mədəaltı vəzi xərçəngi adlandırılır. Mədəaltı vəzi xərçənginə meyillilik BRCA1, BRCA2 kimi bəzi genlərdəki mutasiyalarla əlaqəlidir. 2015-ci ildə dərc olunan tədqiqatda mədəaltı vəzi xərçəngi xəstələrinin % 5-ində BRCA mutasiyaları aşkarlanıb. Bununla yanaşı, Aşkenazi yəhudisi mənşəli 33 xəstənin iştirakı ilə aparılmış başqa tədqiqatda BRCA mutasiyasının tezliyi %12 olub. Bu tədqiqat xəstə sayına görə kiçik görünsə də, nəticələri milli genetik test təlimatlarında dəyişikliyə səbəb olub və təlimatlara mədəaltı vəzi xərçəngi olan hər yəhudi şəxsin BRCA1, BRCA2 testindən keçirilməsi tövsiyəsi əlavə edilib. Ailəvi mutasiya daşıdığı müəyyən edilən BRCA1, BRCA2 mutasiyası daşıyıcılarının birinci dərəcəli qohumlarına da skrininq daxil uyğun profilaktik strategiyaların tövsiyə edilə biləcəyi bildirilib.
İnsanın ömürboyu mədəaltı vəzi xərçənginətutulma riski yalnız %1 olduğu üçün mədəaltı vəzi xərçəngi üçün ümumi skrininq tövsiyə edilmir. Bununla yanaşı, mədəaltı vəzi xərçəngi baxımından yüksək riskli şəxslərin skrininqiəməliyyatla tam sağalma imkanı olan erkən mərhələ xərçənglərin aşkarlanması baxımından vacib ola bilər. Yaxın vaxtlarda aparılmış tədqiqatda ailəvi mədəaltı vəzi xərçəngi və ya bilinən mədəaltı vəzi xərçənginə həssaslıq genlərində (CDKN2A, BRCA1/2, PALB2) mutasiyalar olan, lakin asimptomatik (aydın şikayəti olmayan) 411 şəxs görüntüləmə üsulları ilə yoxlanılıb. Nəticədə 178 CDKN2A mutasiyası daşıyıcısının 13-ündə (% 7) mədəaltı vəzi xərçəngi aşkarlanıb, bunların 9-na cərrahiyyə tətbiq edilib və 5 illik sağqalım nisbətinin ümumilikdə mədəaltı vəzi xərçənginə tutulanlardan 5 dəfə yüksək, %24 olduğu görülüb. Bununla yanaşı, skrininq ailəvi mədəaltı vəzi xərçəngi olan 214 şəxsin yalnız ikisində (% 0.9) və BRCA mutasiyalı 19 xəstənin birində (% 5) mədəaltı vəzi xərçəngi aşkarlayıb. Bu tədqiqat yüksək riskli xəstələrdə mədəaltı vəzi xərçəngi skrininqinin erkən mərhələ xərçəngləri aşkarlama uğurunu və həmin mərhələdə cərrahiyyənin nəticələrini göstərən ilk tədqiqatdır. Skrininqin CDKN2A mutasiyalı xəstələrdə mədəaltı vəzi xərçəngini aşkarlamaqda faydalı olduğu aydındır. Lakin ailəvi mədəaltı vəzi xərçəngi və ya BRCA mutasiyalı şəxslər kimi digər yüksək riskli qruplarda skrininqin faydasını qiymətləndirmək üçün daha çox tədqiqat lazımdır.
Xərçəngə genetik meyillilik yaradan mutasiyaların aşkarlanmasında genişmiqyaslı testlər
Lynch sindromuolan şəxslərdə yoğun bağırsaq, uşaqlıq, yumurtalıq, mədə, mədəaltı vəzi, sidik sistemi və digər xərçənglərin inkişaf riski aydın artır. Bu sindrom MLH1, MSH2, MSH6, PMS2, EPCAM genlərində mutasiyaya səbəb olur. Standart Lynch sindromu testləri yalnız bu 5 genin mutasiyalarını yoxlayır. Lakin Lynch sindromundan şübhələnilən xəstələrin təxminən yarısında bu testlər mənfi olur. Bunun səbəbi bu testlərlə aşkarlanmayan başqa genetik dəyişikliklərin də Lynch sindromu riskini artırması ola bilər. Məhz bu naməlumluğu aydınlaşdırmaq üçün yaxın vaxtlarda tədqiqatçılar çoxsaylı xərçəngə meyillilik genini sürətlə təhlil edə bilən, multigenetik panel testi adlandırılan yeni texnologiya hazırlayıblar. Tədqiqatda Lynch sindromundan şübhələnilərək standart Lynch sindromu testi aparılması uyğun görülən 1260 şəxsdə xərçəngə meyillilik yaradan 25 gen qiymətləndirilib. Nəticədə iştirakçıların 114-ündə (% 9) standart Lynch sindromu testlərində qiymətləndirilən genlərdən birində mutasiya aşkarlanarkən, 71-ində (% 6) digər xərçəngə meyillilik genlərində mutasiyalar olduğu görülüb. Məsələn, 15 şəxsdə BRCA1 və ya BRCA2 genlərində (süd vəzi, yumurtalıq və digər xərçənglərə həssaslığı artıran genlər), 9 şəxsdə yoğun bağırsaq xərçənginə həssaslıq genində mutasiya müəyyən edilib. Bu tədqiqat multigenetik panel testinin klassik Lynch sindromu testinin qaçırdığı genetik dəyişiklikləri aşkarlamaq baxımından faydalı məlumat verə biləcəyini göstərir. Digər tərəfdən bu geniş genetik test klinik əhəmiyyəti qeyri-müəyyən genetik mutasiyaları da aşkarlayaraq xəstələrdə lazımsız narahatlığa səbəb ola bilər. Belə ki, bu tədqiqatda şəxslərin %38-ində bu cür əhəmiyyəti qeyri-müəyyən nəticələr aşkarlanıb.
Uşaqlıq xərçənglərində irsi gen mutasiyaları
Uşaqlarda xərçəngin inkişaf səbəbləri yaxşı aydınlaşdırılmayıb. Xərçəngə meyillilik yaradan genlərdə geniş yayılmış irsi mutasiyaların uşaqlarda necə ortaya çıxdığı tam bilinmir. Halbuki uşaqlıq xərçənginə meyilliliyin genetik əsasının daha yaxşı anlaşılması həm müalicə seçimləri, həm də genetik məsləhət baxımından çox vacibdir.
Bu boşluğu doldurmaq üçün tədqiqatçılar 20 yaşdan əvvəl xərçəng diaqnozu qoyulmuş uşaqların genişmiqyaslı genomik tədqiqatını apardılar. Təhlil 60-ı xərçəngə meyillilik sindromları ilə əlaqəli 565 gen üzərində cəmləşdi.
Xərçəngli 1,120 uşağın % 8,5-ində artmış xərçəng riski ilə əlaqəli olduğu düşünülən genlərdə mutasiya aşkarlanıb. Bu nisbət xərçəng olmayan 1000 şəxsdən ibarət nəzarət qrupunda (% 1.1) müşahidə olunandan çox yüksək idi. Maraqlıdır ki, irsi xərçəngə meyillilik mutasiyası daşıyan uşaqların çoxunda (% 60) ailədə xərçəng tarixçəsi yox idi.
Bu nəticələr xərçəngli uşaqlarda irsi meyillilik üçün hətta ailədə xərçəng tarixçəsi olmadıqda da daha çox skrininq aparılmalı olduğunu vurğulayır. Xəstə üçün irsi mutasiyaların müəyyən edilməsi müalicə seçiminə təsir edə və ailə planlaşdırılmasına yol göstərə bilər. Xəstənin qohumlarının bu məlumatı bilməsi öz genetik testlərini istəmələrinə və/və ya xərçəngdən qorunma tədbirlərini düşünmələrinə səbəb ola bilər.
Gündəlik B3 vitamini dəri xərçəngi riskini azalda bilər
Həddindən artıq günəşə məruzqalma dəri xərçəngi üçün ən mühüm risk amilidir. Günəşdən qorunma kampaniyalarına baxmayaraq dəri xərçəngi nisbətləri dünya miqyasında artmağa davam edir. Dəri xərçəngləri melanoma və melanoma olmayan olmaqla ikiyə bölünür. Melanoma dəri xərçənglərinin təxminən %5-ini təşkil etsə də, çox aqressiv xərçəng növüdür; bunun əksinə, melanoma olmayan dəri xərçəngləri çox rast gəlinir və əsasən yaxşı gedişlidir. Dəri xərçəngi dünya miqyasında açıq dərili əhali qruplarında ən geniş yayılan xərçəng növüdür. Hər iki avstraliyalıdan birdən çoxunda ömürboyu melanoma olmayan dəri xərçəngi inkişaf edəcək (məşhur avstraliyalı aktyor Hugh Jackman burun üstündə təkrarlayan dəri xərçəngi ilə gündəmə gəlib və günəşdən qorunma üzrə fərqindəlik kampaniyalarına qatılmışdı). ABŞ-da hər il 5 milyon insan dəri xərçənginə görə müalicə alır. Melanoma olmayan dəri xərçəngi nadirən ölümə səbəb olsa da, müalicəsi səhiyyə sisteminə mühüm yük yaradır.
Son on ildə tədqiqatçılar xərçəngdən qorunmaq üçün geniş diapazonda vitamin və əlavələri araşdırdılar. Lakin bu günə qədər xərçəngdən qoruyucu xüsusiyyətlərə malik yalnız bir neçə maddə ( kimyəvi profilaktika mövzusu) müəyyən edilib. Bunlardan biri yüksək riskli insanlarda dəri xərçənginin inkişaf ehtimalını azalda bilən nikotinamid adlı bir növ B3 vitaminidir.
Serviks və baş-boyun xərçənglərindən qorunmaq üçün həm qız, həm oğlan uşaqlarımız peyvəndlənməlidir
Dünya miqyasındakı tədqiqatlara görə HPV peyvəndi başda serviks (uşaqlıq boynu) və baş-boyun xərçəngləri olmaqla insan papilloma virusu infeksiyası ilə əlaqəli bir çox xərçəngin qarşısını almaqda təsirli olduğunu göstərib. İnsanlarda müşahidə edilən bütün xərçənglərin %5-inin bu virusla əlaqəli olduğuna dair tədqiqatlar var. İnsan papilloma virusu (HPV) bir-biri ilə əlaqəli 100-dən çox virus qrupundan ibarətdir. Bunların bəziləri papilloma kimi tanınan növdə inkişaf etdiyi üçün papilloma virusları adlandırılır və adətən ziyil kimi tanınır. HPV-nin bəzi növləri uşaqlıq boynu, vagina, anus, vulva və ya penis xərçənglərinə səbəb ola bilər. Həmçinin HPV aşağı udlaq, badamcıq və qırtlaq xərçəngləri kimi bəzi baş-boyun xərçəngləri üçün risk amili kimi görünür. HPV infeksiyası cəmiyyətimizdə baş-boyun xərçənglərinin nadir risk amili olsa da, Qərb cəmiyyətlərində HPV-yə bağlı baş-boyun xərçənginin tezliyi artır. Hətta son tədqiqatlar gələcəkdə baş-boyun xərçənginin ən mühüm səbəbinin HPV infeksiyası olma ehtimalının yüksək olduğunu göstərib. Davam edən tədqiqatlar serviks və baş-boyun xərçənglərinin qarşısını almağa yönəlmiş HPV peyvəndlərinin ictimai sağlamlığa faydasını təsdiqləyir.
Mənbələr
Clinical Cancer Advances 2017: Annual Report on Progress Against Cancer From the American Society of Clinical Oncology.
J Clin Oncol 35. 2017 by American Society of Clinical Oncology
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.