Xərçəngin müalicə prosesinə mənfi təsir göstərən İNANCLAR

Bu məqalədə
Sosial dəstəyin zəif və ya pis olması və iqtisadi imkanların məhdudluğu xərçəng nəticələrinin daha əlverişsiz olması ilə əlaqəlidir. Bundan əlavə, çox vaxt nəzərdən qaçan başqa bir məsələ də var: xərçəng haqqında qədərçi baxışlar da – məsələn, xərçəngin birbaşa ölümlə nəticələnəcəyi və bunun qarşısını almaq üçün heç nə edilə bilməyəcəyi düşüncəsi – pis nəticələrin yaranması ilə güclü şəkildə əlaqəlidir. Belə inancları olan şəxslərin xərçəng skrininqindən keçmək, yarana biləcək problemlərə qarşı erkən tədbir görmək və müalicə tövsiyələrinə əməl etmək ehtimalı da daha aşağıdır.
15 noyabr 2022-ci ildə BMC Cancer jurnalında ilkin nəşr kimi yayımlanan bir tədqiqatda tədqiqatçılar bu iki yaxşı məlum hadisəni birlikdə araşdırdılar. Xərçənglə bağlı qədərçi inancların xərçəng nəticələrinə mənfi sosial-iqtisadi və sosial stress amilləri qədər təsir etdiyini göstərdilər.
Nəticələr müalicə nəticələrinə əvvəllər nəzərə alınmayan bir amilin təsirini ortaya qoyur və bununla mübarizə üçün yeni yanaşma təklif edir: Risk altında olan insanları maarifləndirmək onların xərçəng haqqında mənfi inancların təsiri altına düşməməsinə kömək edə bilər.
Marağınızı çəkə bilər: Xərçəng xəstələrinə nə deməli və nə deməməli?
Tədqiqatın təfərrüatları
Tədqiqatçılar Filadelfiya bölgəsindəki 859 şəxsin xərçəng haqqında biliklərini, riskli davranışlarını, skrininqdən keçib-keçmədiklərini və sosial-demoqrafik xüsusiyyətlərini araşdırdılar.
Hər iştirakçı üçün sağlamlığın sosial müəyyənediciləri göstəricisi hesablandı. Göstəricilər 0 ilə 9 bal arasında dəyişirdi. Balın artması daha əlverişsiz vəziyyəti göstərir. Qiymətləndirməyə daxil edilən amillərin hər biri 1 bal idi:
- Qida təhlükəsizliyinin olmaması
- Ağ dərili olmayan irqdən olmaq
- Heteroseksual olmamaq
- Daimi mənzilə sahib olmaq
- Sığortanın olmaması
- Universitet təhsilinin olmaması
- Tək yaşamaq
- Ayrı-seçkiliyə məruz qalmaq
- Yoxsulluq
İştirakçılardan aşağıdakı inanclara nə dərəcədə inandıqları da soruşuldu:
- Xərçəngə çox vaxt insanın davranışı və ya həyat tərzi səbəb olur
- Hər şey xərçəngə səbəb olur
- Xərçəngə tutulma riskinizi azaltmaq üçün edə biləcəyiniz çox şey yoxdur
- Xərçəngin qarşısının alınması haqqında o qədər fərqli tövsiyə var ki, hansına əməl edəcəyini bilmək çətindir
- Xərçəngi düşünəndə avtomatik olaraq ölümü düşünürəm
- Xərçəngə tutulma riskimi bilməməyə üstünlük verirəm
İştirakçıların üçdə ikisi qadın, 64%-i ağ dərili və 61%-i 41 yaşdan kiçik idi. Təxminən dörddə biri yoxsul idi, 36%-i qida təhlükəsizliyindən məhrum idi və 17%-nin daimi mənzili yox idi. Sağlamlığın sosial müəyyənedicilərinin (SSB) orta göstəricisi 2,4 bal hesablandı.
Tədqiqatın nəticələri
Tədqiqatçılar orta SSB göstəricisi ilə həyatı təhdid edən altı xərçəng inancından beşi arasında statistik baxımdan əhəmiyyətli əlaqə tapdılar. Məsələn, "Xərçəng haqqında düşünəndə avtomatik olaraq ölümü düşünürəm" fikri ilə tam razılaşanların orta SSB göstəricisi 3,1, qətiyyən razılaşmayanlarınkı isə 2,3 idi. 2-dən yüksək bal alan iştirakçıların xərçəng risklərini bilmək istəməmək, xərçəngin birbaşa ölümlə nəticələndiyi və xərçəng riskini azaltmaq üçün edə biləcəkləri çox şey olmadığı fikirləri ilə razılaşmaq ehtimalı daha yüksək idi.
Yoxsulluq içində yaşayan iştirakçıların "Xərçəng ən çox insanın davranışından və ya həyat tərzindən qaynaqlanır" fikri ilə qətiyyən razılaşmamaq və "Hər şeyin xərçəngə səbəb olduğu görünür", "Xərçəngi düşünəndə avtomatik olaraq ölümü düşünürəm" və "Xərçəngə tutulma riskimi bilməməyə üstünlük verirəm" fikirləri ilə razılaşmaq ehtimalı daha yüksək idi.
Qida və mənzil təminatından məhrum olan insanların “Hər şeyin xərçəngə səbəb olduğu”, “Xərçəngə tutulma riskinizi azaltmaq üçün edə biləcəyiniz çox şey olmadığı” və “Xərçəngin birbaşa ölümlə nəticələndiyi” fikirləri ilə razılaşmaq ehtimalı nəzərəçarpacaq dərəcədə daha yüksək idi.
Qaradərili və ispanmənşəli (Latın Amerikası və ya İspaniya mənşəli amerikalı) iştirakçılar “Hər şeyin xərçəngə səbəb olduğuna” və “Xərçəngin birbaşa ölümlə nəticələndiyi mənasına gəldiyinə” daha çox inanırlar.
Lakin tədqiqatın məhdudiyyətlərindən biri nəticələrin bütün ABŞ-a və əlbəttə, digər ölkələrə ümumiləşdirilə bilməməsidir. Bundan əlavə, SSB qiymətləndirməsində bütün amillərə eyni dəyər verilib ki, bu da bəzi sosial müəyyənedicilərin daha güclü təsirini nəzərə almır.
Nəticə olaraq xərçəng haqqında əvvəlcədən formalaşmış mənfi və müasir nailiyyətlərlə uzlaşmayan, qədərçi baxışlar da adlandırıla bilən inanclar xəstəliyin daha əlverişsiz nəticələri ilə güclü şəkildə əlaqəli tapıldı. Bu, xərçəngin nə olduğu və müasir müalicələrin nəticələri haqqında cəmiyyətin məlumatlandırılması ehtiyacını vurğulayır.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.