Yoğun bağırsaq xərçənginin erkən diaqnozu üçün süni intellektdən istifadə edən ilk cihazı FDA təsdiqlədi

Bu məqalədə
Bu yeni tibbi cihaz yoğun bağırsaq xərçənginin skrininqi və izlənməsi zamanı mümkün nizamsızlıqları aşkarlamaqda həkimlərə kömək edir.
9 aprel 2021-ci ildə FDA (ABŞ Qida və Dərman İdarəsi) həkimlərin kolondakı (yoğun bağırsaq) lezyonları (poliplər və ya şübhəli şişlər kimi) kolonoskopiya zamanı real vaxtda aşkarlamasına kömək etmək üçün süni intellektdən istifadə edən ilk cihaz olan GI Geniusun satışına icazə verdi.
Süni intellekt səhiyyə xidməti göstərənlərə daha yaxşı kömək etmək və xəstəyə qulluğu yaxşılaşdırmaq üçün səhiyyə xidmətlərini dəyişdirmək potensialına malikdir. Süni intellekt ənənəvi skrininqlər və ya izləmə üsulları ilə birləşdirildikdə erkən mərhələdə daha asan müalicə oluna bilən problemləri tapmağa kömək edə bilər. Tədqiqatlar kolorektal xərçəng skrininqi zamanı gözdən qaçan lezyonların hətta yaxşı təlimli həkimlər / qastroenteroloqlar üçün də problem ola biləcəyini göstərir. FDA-nın bu gün bu cihazı təsdiqləməsi ilə həkimlər artıq başqa cür gözdən qaçıra biləcəkləri mədə-bağırsaq lezyonlarını aşkarlamaq bacarıqlarını yaxşılaşdırmağa kömək edə bilən alətə malikdirlər.
Kolorektal xərçəng dünyada və ölkəmizdə xərçəngdən həyat itkisinin üçüncü aparıcı səbəbidir. Kolorektal xərçəng adətən poliplərdən və ya düz bağırsaq, yaxud kolondakı (yoğun bağırsaq) digər xərçəngönü böyümələrdən başlayır. Kolorektal xərçəng skrininqi və izləmə planının bir hissəsi kimi həkimlər kolon və düz bağırsağın daxili səthindəki dəyişiklikləri və ya anormallıqları aşkarlamaq üçün kolonoskopiya aparırlar. Kolonoskopiya endoskopun (ucunda kamera olan nazik, elastik boru) düz bağırsaqdan və kolonun bütün uzunluğu boyunca keçirilməsini əhatə edir və klinisistin xərçəng və ya xərçəngönü lezyonların əlamətlərini görməsinə imkan verir.
Kolonoskopiya zamanı süni intellekt necə kömək edir?
GI Genius cihazın potensial lezyon aşkarladığı kolon hissələrini vurğulamaq üçün hazırlanmış avadanlıq və proqram təminatından ibarətdir. Proqram maraq doğuran bölgələri müəyyən etmək üçün süni intellekt alqoritmi üsullarından istifadə edir. Kolonoskopiya zamanı GI Genius sistemi yaşıl kvadratlar kimi görünən və qısa, alçaq səsin müşayiət etdiyi işarələr yaradır və potensial lezyon müəyyən etdikdə bunları endoskop kamerasından alınan videonun üzərinə yerləşdirir. Bu işarələr həkimə daha yaxından vizual müayinə, toxuma nümunəsi götürülməsi, test, çıxarılma və ya lezyonun ablasiyası (yandırılması) kimi əlavə qiymətləndirməyə ehtiyac ola biləcəyini bildirir. GI Genius bir çox FDA təsdiqli standart videoendoskopiya sistemi ilə uyğun olacaq şəkildə hazırlanmışdır.
FDA GI Geniusun təhlükəsizliyini və effektivliyini İtaliyada kolorektal xərçəng skrininqi, izləmə, əvvəlki nəcisdə gizli qan aşkarlanması və ya mümkün kolorektal xərçəngin mədə-bağırsaq simptomları üçün kolonoskopiya aparılan 40-80 yaşlarında 700 iştirakçı ilə çoxmərkəzli, prospektiv, randomizə edilmiş, nəzarətli tədqiqat vasitəsilə qiymətləndirdi.
Tədqiqatın ilkin təhlilləri hər 3 ildən bir və ya daha çox skrininq edilən və ya müşahidə olunan 263 xəstədən ibarət altqrupa əsaslanırdı. Tədqiqat iştirakçılarına GI Genius ilə (136 xəstə) standart ağ işıq kolonoskopiyası və ya tək standart ağ işıq kolonoskopiyası (127 xəstə) tətbiq olundu.
Tədqiqatın əsas sonlanma nöqtəsi kolonoskopiya üstəgəl GI Geniusun ən azı bir laboratoriyada təsdiqlənmiş adenoması (xərçəngönü şiş) və ya karsinoması (xərçəngli şiş) olan xəstəni hansı tezliklə aşkarladığını və standart kolonoskopiyanın eyni aşkarlamaları hansı tezliklə etdiyini müqayisə etdi.
Tədqiqatda kolonoskopiya üstəgəl GI Genius xəstələrin % 55.1-ində laboratoriyada təsdiqlənmiş adenomaları və ya karsinomaları aşkarladığı halda, standart kolonoskopiya xəstələrin % 42-sini aşkarladı və % 13 fərq müşahidə edildi.
Bu cihazdan istifadə daha çox biopsiya aparılmasına səbəb olsa da, əlavə biopsiyalarla birlikdə perforasiya (bağırsağın deşilməsi), infeksiya və ya qanaxma kimi hər hansı arzuolunmaz hadisə / yan təsir bildirilməmişdir. Bununla yanaşı, biopsiya edilən və adenoma olmayan lezyonların sayında yüngül artım var idi.
GI Geniusun lezyonu (törəməni) xarakterizə etməsi və ya təsnif etməsi, yaxud diaqnostik vasitə kimi laboratoriya nümunələməsini əvəz etməsi nəzərdə tutulmayıb. Cihaz kolorektal polip patologiyasına hər hansı diaqnostik qiymət vermədiyi kimi, həkimə şübhəli poliplərin necə idarə olunmasını da tövsiyə etmir. GI Genius yalnız endoskopun görmə sahəsində kolorektal polipin ola biləcəyi bölgələri müəyyən edir və kolonoskopiya zamanı real vaxtda daha geniş müayinəyə imkan yaradır. Müəyyən edilmiş bölgənin həqiqətən şübhəli lezyon ehtiva edib-etmədiyinə və lezyonun standart klinik təcrübə və təlimatlara görə necə idarə və emal edilməli olduğuna qərar vermək həkimdən asılıdır.
FDA GI Geniusun satış icazəsini Cosmo Artificial Intelligence, Ltd.-yə verdi.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.