Ağıllı bilərzik-saat istifadəsindən ən çox kimlər faydalanır?

Bu məqalədə
Hər gün daha çox insanın qolunda müxtəlif ölçü, rəng və markada ağıllı aktivlik bilərzikləri və saatları görürük. Bu ağıllı bilərzik və saatlar yalnız vaxtı göstərmir, malik olduğu çoxsaylı sensorlar sayəsində sizi izləyən və özünüzü izləməyə imkan verən populyar elektron məhsullardır. Ağıllı bilərziklərin həkim və alimlər üçün isə fərqli mənaları vardır: xəstənin nə qədər aktiv olduğunu / fiziki məşq etdiyini izləmək və bundan nə qədər fayda gördüyünü ölçmək, hətta elmi tədqiqatlarla bunu ortaya qoymaq!
Fiziki aktivliyin beyin/zehin sağlamlığına müsbət təsirinə dair son illərdə diqqətçəkən tədqiqatlar aparılmışdır. Lakin xərçəng müalicəsi bitib normal həyatına davam edən insanlar üçün fiziki məşqin zehni sağlamlığa faydasını göstərən tədqiqat yox idi. Bu mövzuya mühüm töhfə 19 sentyabr 2017-də Cancer adlı elmi jurnalda dərc edilən “The Memory & Motion” tədqiqatı ilə ağıllı bilərziklərdən gəldi. Tədqiqatda süd vəzi xərçəngi müalicəsi bitən şəxslər ağıllı bilərziklərlə izləndi və müntəzəm fiziki məşq edənlərin unutqanlıq kimi kemo-beyin şikayətlərindən daha az təsirləndiyi göstərildi.
Tədqiqatın təfərrüatları
Süd vəzi xərçəngi müalicəsi bitən və oturaq (hərəkətsiz) yaşayan 87 qadın tədqiqata daxil edildi. Onların 43-ü fiziki məşq qoluna, 44-ü heç bir müdaxilə edilməyən nəzarət qoluna alındı. Fiziki məşq qolundakı şəxslərə davranış dəyişikliyini təmin etmək və motivasiya üçün ağıllı bilərzik verildi. Məşq planı hazırlanan bu şəxslərlə həftəlik məşq hədəfi olan 150 dəqiqəyə çatmaq üçün əlavə olaraq 2. və 6. həftələrdə telefon danışığı aparıldı. 12 həftəlik izləmə nəticəsində şəxslərin özləri tərəfindən bildirilən koqnitiv funksiyaları tədqiqatdan əvvəlki vəziyyətlə və bir-biri ilə müqayisə edildi.
Nəticələr
İştirakçılar orta yaşı 57 olan və 5 il ərzində süd vəzi xərçəngi diaqnozu almış qadınlar idi. İki qrup ümumi müqayisə edildikdə koqnitiv yaxşılaşma baxımından əhəmiyyətli fərq yox idi. Lakin alt qrup analizi aparıldıqda, süd vəzi xərçəngi müalicəsi yeni bitən (əməliyyatdan ən çox 2 il keçən) şəxslərin koqnitiv funksiyaların yaxşılaşması baxımından fiziki məşqdən aydın fayda gördüyü ortaya çıxdı.
Tədqiqat göstərir ki, müalicədən sonrakı erkən dövrdə aktiv həyat tərzini mənimsəmək həm bədən sağlamlığı, həm ideal çəkiyə çatmaq, həm də zehni funksiyalar üçün özünüzə edəcəyiniz bəlkə də ən böyük yaxşılıqdır.
Aktivlik bilərzikləri ilə sağlamlığın ölçülməsi
Tədqiqatda geyilə bilən texnologiyalar və ağıllı bilərziklər üzrə qabaqcıl şirkətlərdən Fitbit-in məhsulları istifadə edilmişdir. Əksər fitnes izləyiciləri kimi Fitbit cihazları da mükəmməl deyil. Addımları olduqca yaxşı saya, ürək sürətini və ritmini ölçə və gündəlik aktivlik səviyyəsi barədə yaxşı təsəvvür verə bilərlər. Lakin həqiqətdə nə qədər kalori yandırdığınızı göstərəcək məhsul hələ yoxdur.
Mükəmməl olmasalar da, ağıllı bilərziklər aktiv istifadəyə girdikləri 2012-ci ildən bəri çoxsaylı klinik tədqiqatlarda sınanır: oynaq iltihabı (artrit), yuxu apnesi, xərçəng xəstələrinin aktivliyinin izlənməsi, infarktların əvvəlcədən proqnozlaşdırılması kimi…
Sağlamlığın ölçülməsi üçün ən çox istifadə olunan aktivlik bilərziyi Fitbit ilə alimlər 2012-dən bəri 457 elmi tədqiqat dərc etdilər və bunların yarısı da 2017-də.
İstifadəçilərdən toplanan məlumatlar Fitbase adlı məlumat bazasında saxlanır və bu məlumatlar giriş icazəsi verilən alimlərlə paylaşılır. Fitbase məlumat bazasındakı bilik hər gün artır; belə ki, 2012-dən bəri 3.5 milyard dəqiqə Fitbit məlumatı toplanmışdır.
Sağlamlığın rəqəmsal mühitdə ölçülməsinə və bunun elmi ifadəsinə ən çox əhəmiyyət verən şirkət kimi görünsə də, rəqəmsal sağlamlığa sərmayə qoyan yeganə şirkət Fitbit deyil. Bu yaxınlarda İngiltərənin Nottingham və ABŞ-ın Stanford Universitetində aparılan tədqiqatda Apple saatının məlumatlarını qiymətləndirən süni intellekt proqramı ilə atrial fibrilyasiya adlı mühüm ürək probleminin əvvəlcədən proqnozlaşdırıla biləcəyini göstərən diqqətçəkən araşdırma da dərc edilmişdir.
Mənbələr
Randomized controlled trial of increasing physical activity on objectively measured and self-reported cognitive functioning among breast cancer survivors: The memory & motion study.
Cancer. 19 September 2017
2. Researchers help develop technique for assessing, reducing risk of future stroke.
med.stanford.edu – 28 Jun 2017
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.