Darçın – sağlamlıq faydaları və riskləri

Bu məqalədə
- Elmi adı: Cinnamomum zeylanicum -
Ənənəvi şirniyyatlarımızdan südlü aş və aşurə, qış içkilərimizdən bitki çayları və ya səhləb kimi dadların əvəzolunmazı olan ətirli darçın Cənub-Şərqi Asiyaya xas Cinnamomum cinsinə aid bitkilərdən biridir. Darçın zəngin ətrinə görə efir yağlarında və ədviyyat kimi də istifadə edilir.
Darçının bitki mənşəli dərman kimi istifadə məqsədlərinin uzun tarixi var. Qan yağlarını (xolesterin, triqliserid) və qan şəkərini aşağı saldığına dair müxtəlif sübutlar var. Laboratoriya tədqiqatlarına görə darçının antimikrob, iltihabəleyhinə, şişəleyhinə və antioksidant xüsusiyyətləri var. Həmçinin iştahaçıcı, həzmsizliyi aradan qaldıran və tip-2 diabetli xəstələrdə qan qlükoza səviyyəsini aşağı salan təsirləri göstərilib, lakin bu təsirləri təsdiqləmək üçün daha çox tədqiqata ehtiyac var.
Darçın hansı xəstəliklərin müalicəsində sınaqdan keçirilir?
Diabet
Sübutlar qarışıqdır: Bəzi klinik tədqiqatlar darçının qan şəkərini, qan yağlarını və insulin səviyyələrini aşağı salmaqda faydalı olduğunu göstərib. Bəzi tədqiqatlarda isə belə təsir göstərilməyib.
Mədə xorası
Bir klinik tədqiqatda darçın ekstraktının iddia edilənin əksinə H. pylori infeksiyasının aradan qaldırılmasında təsirsiz olduğu sübut edilib.
İnflamasiya – İltihab
Laboratoriya tədqiqatları darçının iltihabı azalda biləcəyini göstərib. Bu mövzuda insanlarda aparılmış klinik tədqiqat məlumatları yoxdur.
Artrit – oynaq iltihabı
Darçın artrit üçün ənənəvi tibbdə istifadə edilir, lakin bu iddianı dəstəkləyən heç bir elmi sübut yoxdur.
Xəstələrə xəbərdarlıq
Bəzi darçın məhsulları yüksək səviyyədə kumarin (coumarin) ehtiva edir. Cassian darçınının kumarin miqdarı yüksək olduğu halda, ceylon darçınının kumarin miqdarı çox aşağıdır. Bu maddənin qaraciyər zədələnməsinə səbəb olduğu məlumdur.
Bu hallarda istifadə etməyin
- Sitoxrom P450 ferment sisteminə təsir edən dərmanlar istifadə edirsinizsə: Darçın bu dərmanların yan təsir riskini artıra bilər.
- Hipoqlikemiya (qan şəkərinin anormal dərəcədə aşağı olması): Darçın ekstraktı qan şəkərini aşağı salan dərmanların təsirini artıra bilər.
- Antikoaqulyantlar: Darçında kumarin olduğundan qan durulaşdırıcı dərmanlarla istifadə edildikdə əlavə təsir yarada bilər.
- Statinlər: Darçının xolesterini aşağı salan statinlərlə birlikdə qəbul edildikdə hepatitə (qaraciyər iltihabına) səbəb olduğu bildirilib.
- Darçın tərkibli bitki mənşəli diş məcunu və saqqız istifadəsi ağız yaraları ilə əlaqələndirilib.
Nəticə olaraq görünür ki, darçın gözəl dadlandırıcı və ədviyyat kimi həyatımızdakı yerini qorumalı, lakin şəfa vasitəsi kimi düşünülməməlidir.
Mənbələr
Effect of cinnamon on glucose and lipid levels in non insulin-dependent type 2 diabetes.
Diabetes Care. Sep 2007
2. Vanschoonbeek K, Thomassen BJ, Senden JM, et al.
Cinnamon supplementation does not improve glycemic control in postmenopausal type 2 diabetes patients.
J Nutr. Apr 2006
3. Anil S.
Plasma cell gingivitis among herbal toothpaste users: a report of three cases.
J Contemp Dent Pract. 2007
4. Lungarini S, Aureli F, Coni E.
Coumarin and cinnamaldehyde in cinnamon marketed in Italy: a natural chemical hazard?
Food Addit Contam Part A Chem Anal Control Expo Risk Assess. Nov 2008
5. Abraham K, Wohrlin F, Lindtner O, et al.
Toxicology and risk assessment of coumarin: focus on human data.
Mol Nutr Food Res. Feb 2010
6. Brancheau D, Patel B, Zughaib M.
Do cinnamon supplements cause acute hepatitis?
Am J Case Rep. 2015
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.