ESR1 mutasiyalı süd vəzi xərçəngi üçün elacestrant FDA təsdiqi aldı

Bu məqalədə
Hormon-müsbət, HER2-mənfi, ESR1-mutasiyalı irəliləmiş və ya metastatik süd vəzi xərçəngi olan, əvvəllər ən azı bir xətt hormonal müalicədən sonra xəstəliyi irəliləyən menopoz sonrası qadınlar və ya yetkin kişilər üçün elacestrant (Orserdu, Stemline Therapeutics) adlı dərman 27 yanvar 2023-cü ildə FDA (ABŞ Qida və Dərman İdarəsi) təsdiqi aldı.
Elacestrant ağızdan həb şəklində qəbul edilən SERD (selektiv estrogen reseptoru parçalayıcısı) sinfinə aid dərmandır. Bu, oral SERD dərmanının ilk FDA təsdiqidir. Bu sinifdən geniş istifadə etdiyimiz digər dərman fulvestrant (Faslodex) sağrı nahiyəsindən əzələdaxili verilir.
FDA həmçinin Guardant360 CDx testini süd vəzi xərçəngi xəstələrində ESR1 mutasiyasını müəyyənləşdirmək üçün təsdiqlədi. Beləliklə, ilk dəfə ESR1 hədəfli müalicə FDA təsdiqi aldı.
ESR1 mutasiyası nədir?
ESR1 estrogen reseptorunu kodlaşdıran gendir. Metastatik hormon reseptoru müsbət süd vəzi xərçəngində hormonal müalicələrə bağlı olaraq tez-tez ESR1 genində mutasiyalar yaranır. ESR1 mutasiyaları ən çox aromataza inhibitorları altında irəliləyən süd vəzi xərçənglərində görülür.
EMERALD tədqiqatı ilə gələn FDA təsdiqi
Elecestrant təxminən yarısında ESR1 mutasiyası olan, hormon-müsbət, HER2-mənfi irəliləmiş və ya metastatik süd vəzi xərçəngli 478 menopoz sonrası qadın və kişini əhatə edən faza 3 EMERALD tədqiqatına əsasən təsdiqləndi.
ESR1 vəziyyəti qanda dövr edən şiş DNA-sı (ctDNA) ilə müəyyənləşdirildi və liqand bağlanma sahəsindəki ESR1 missens (yanlış mənalı) mutasiyaları ilə məhdud idi.
Xəstələr əvvəllər bir və ya iki xətt hormonal müalicə almışdılar; buraya bir CDK4/6 inhibitoru daxil idi. İştirakçılar irəliləmiş və ya metastatik xəstəlik üçün əvvəllər bir xətt kimyaterapiya da almış ola bilərdilər.
Sınaq qoluna 239 iştirakçı gündə bir dəfə ağızdan 345 mg elacestrant, nəzarət qoluna isə 239 iştirakçı fulvestrant və ya aromataza inhibitorundan ibarət, tədqiqatçının seçdiyi hormonal müalicə almaq üçün 1:1 nisbətində təsadüfi bölüşdürüldü.
Nəticələr
Xəstələrin 62%-si 1 xətt hormonal müalicə almışdı. Hamısı əvvəllər CDK4/6 inhibitoru ilə müalicə olunmuşdu, 24%-ü fulvestrant, 25%-i isə kimyaterapiya almışdı.
- ESR1 mutasiyası olan 228 xəstədə (48%) median proqressiyasız (irəliləməsiz) sağqalma elacestrant ilə 3,8 ay olduğu halda, fulvestrant və ya aromataza inhibitoru qolunda 1,9 ay idi (təhlükə nisbəti, 0,55; P = 0,0005).
Tədqiqatçılar mutasiyası olmayan xəstələrdə müalicə qolları arasında statistik baxımdan əhəmiyyətli proqressiyasız sağqalma fərqi müşahidə etmədilər.
Vacib qeyd: Hazırda hormonal müalicələr çox vaxt təkbaşına istifadə edilmir. Lakin bu tədqiqatın məqsədi süd vəzi xərçənginin hormonal müalicəsində ən yaxşı kombinasiyanı müəyyən etmək deyil, "hazırda mövcud hormonal müalicələrlə yeni hormonal müalicəni müqayisə etmək" idi. Elecestrantın bu tədqiqatda fulvestrant və digər aromataza inhibitorlarından daha təsirli çıxması gələcək klinik tədqiqatlarda elacestrantın daha erkən xətlərdə, ehtimal ki, CDK4/6 inhibitoru ilə birlikdə istifadə ediləcəyinə işarə edir.
Qan yağları izlənməlidir
Elacestrant ilə xəstələrin 10% və ya daha çoxunda yaranan ən geniş yayılmış yan təsirlər əzələ-skelet ağrısı, ürəkbulanma, xolesterinin artması, AST artması, triqliseridlərin artması, yorğunluq, hemoqlobinin azalması, qusma, ALT artması, natriumun azalması, kreatininin artması, iştahanın azalması, ishal, baş ağrısı, qəbizlik, qarın ağrısı, istilik basmaları və dispepsiyadır (mədədə narahatlıq hissi).
Dərman etiketində elacetsrantın "hiperxolesterolemiya və hipertriqliseridemiya" adlanan qan yağlarının yüksəlməsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edilir. Müalicədən əvvəl və sonra müntəzəm olaraq qanın lipid (yağ) profili izlənməlidir.
Tövsiyə olunan elacestrant dozası xəstəlik irəliləyənədək və ya qəbuledilməz yan təsir yarananadək gündə bir dəfə qida ilə ağızdan bir 345 mg tabletdir.
Elacestrantın təsir mexanizmi necədir?

Elacestrant SERD (Selective Estrogen Receptor Degrader) sinfindən hormonları basqılayan dərman növüdür və estrogen reseptorlarına bağlanaraq onların parçalanmasını hədəfləyir. Bu, estrogen reseptorunun nəzarət etdiyi hüceyrə proseslərini azaldır və beləliklə xərçəng hüceyrələrinin böyüməsini, inkişafını əngəlləməyi məqsəd qoyur.
Elacestrantın fulvestranta nisbətən ağızdan qəbul olunma və estrogen reseptorunu daha güclü basqılama üstünlükləri var. Qan-beyin baryerindən də daha asan keçə bilir; bu da beyin metastazlı süd vəzi xərçəngi xəstələri üçün uyğun müalicə seçimi ola biləcəyini düşündürür.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.