Filləri xərçəngə qarşı qoruyan zombi genlər aşkar edildi

Bu məqalədə
Fillərdə xərçəng göstəricisinin çox aşağı olması elm dünyasındakı ən maraqlı paradokslardan biridir. Dünyada insanların % 17-si xərçəngdən həyatını itirdiyi halda, fillərdə bu göstərici % 5-dən azdır. Fillərdə insanlarla müqayisədə 100 dəfə çox potensial xərçəng hüceyrəsi var. Lakin filləri xərçəngdən qoruyan çoxlu mexanizm mövcuddur. Ötən illərdə aparılan araşdırmalarda fillərdə şiş basqılayıcı p53 geninin nüsxə sayının 20 dəfə çox olduğu və buna görə fillərin xərçəngə daha az tutulduğu aşkar edilmişdi. Avqust 2018-ci ildə Cell Reports-da dərc olunan araşdırmada filləri xərçəngdən qoruyan daha bir amil aşkar edildi. Araşdırmaya görə «ölü / zombi» şiş basqılayıcı genin təkamül prosesində aktivləşməsi filləri xərçəngdən qoruyur.
Əlaqəli mövzu:
Məlum olduğu kimi, genlərimiz davamlı surətdə kopyalanır. Bu kopyalanma zamanı bəzi genlərdə səhvlər yığılır və yanlış versiyaları yaranır. Bu genlərə pseudogene (yalançı gen) deyilir. Başqa sözlə, bu genlərə «ölü genlər» deyə bilərik. Tədqiqatçılar fillərdə p53 geni üzərində işləyərkən LIF6 (Leukemia Inhibitory Factor 6) adlı psevdogen aşkar etdilər. Tədqiqatçılara görə bu gen əvvəllər «ölü» vəziyyətdə idi və təkamül prosesində yenidən aktivləşdi. LIF6 geni p53 geni tərəfindən idarə olunur. Hüceyrədə DNT zədəsi yarandıqda LIF6 aktivləşərək apoptoz (proqramlaşdırılmış hüceyrə ölümü) ilə hüceyrənin aradan qaldırılmasını təmin edir. Bu genlərə eyni zamanda zombi genləri deyilir. Əvvəllər aktiv olmayan gen aktivləşir və xərçəngləşmənin qarşısını alacaq şəkildə işləyir. Fillərdə bu genin 25-30 milyon il əvvəl yenidən «həyata» qayıtdığı düşünülür.
Bəs bu araşdırma bizə nə ifadə edir?
- Fil kimi uzun yaşayan böyük heyvanlarda xərçəngləşmənin az olmasının altında yatan daha bir səbəb aşkar edilmiş oldu.
- Böyük heyvanlarda hüceyrə sayı çoxdur və adətən uzun ömürlüdürlər. Zamanla bu heyvanların hüceyrələrində mutasiya yığılması başlayır və bu mutasiyalar xərçəngləşməyə yol açacaq formadadır. Təkamül prosesində şiş basqılayıcı genlərdə nüsxə sayının artması və bəzi «ölü» genlərin aktivləşməsi xərçəng riskini xeyli azaldır.
- Psevdogenlərin insan xərçənglərində əhəmiyyəti hələ araşdırılan mövzudur. Son araşdırmalar insan xərçənglərində bu növ genlərin aktivliyinin yüksək olduğunu ortaya qoyur.
Mənbələr
A Zombie LIF Gene in Elephants Is Upregulated by TP53 to Induce Apoptosis in Response to DNA Damage.
Cell Reports, 14 Aug 2018
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.