Fol turşusu əlavəsi mədə xərçənginin öncül dəyişikliklərini geriyə çevirə bilərmi?

Bu məqalədə
Yeni bir meta-analiz tədqiqatına görə, fol turşusu əlavəsi mədə selikli qişasının atrofiyası və bağırsaq metaplaziyası daxil olmaqla, mədədə rast gəlinən prekanseroz (xərçəngönü) zədələnmələri yaxşılaşdıra bilər.
QEYD: Qidalarda B9 vitamini şəklində olan folat hüceyrə böyüməsinə kömək edir və DNT-nin təmirində iştirak edir. Folatın sintetik forması olan fol turşusu prenatal (doğuşöncəsi) və hamiləlik dövründə körpənin beyin funksiyalarının inkişafı üçün həkim tərəfindən analara əlavə kimi tövsiyə olunur. Lakin yetkin şəxslərin fol turşusu əlavəsini düşünülmədən yüksək dozalarda qəbul etməsi sinir zədələnməsi kimi problemlərə səbəb ola bilər. Buna görə fol turşusu əlavəsindən istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək və uyğun dozanı təyin etdirmək faydalıdır. Qida ilə qəbul edilən folatın isə orqanizmə zərəri yoxdur. Ən yaxşı folat mənbələrinə nümunələr: quru paxlalılar (noxud, mərcimək, lobya), çərəzlər və yaşıl yarpaqlı tərəvəzlər ən yaxşı mənbələr arasındadır.
Fol turşusu ilə mədə zədələnmələrinə müdaxilə
Çində aparılan bu tədqiqatın baş tədqiqatçısı Jinhao Zeng, "Həkimlərin mədə xərçəngindən əvvəlki dəyişikliklərin irəliləməsini dayandırmaq və ya geriyə çevirmək üçün fol turşusundan istifadəni sınaqdan keçirə biləcəyinə və bununla mədə xərçənginin tezliyini azalda biləcəyinə inanırıq." deyə bildirib.
Tədqiqat onlayn olaraq BMC Gastroenterology jurnalında dərc edilib.
Lakin Zeng meta-analiz hazırlamaq üçün müvafiq tədqiqatların sayının "nisbətən az olduğunu və nəticələrin ehtiyatla şərh edilməli olduğunu" vurğulayıb.
Meta-analiz nədir? Meta-analiz müəyyən mövzuda aparılmış bir-birindən müstəqil bir neçə tədqiqatın nəticələrini birləşdirən və əldə edilən tapıntıları statistik təhlil edən ən genişmiqyaslı araşdırmalardır. Meta-analiz nəticələri elmi baxımdan ən güclü sübutlardır.
Ehtiyatla şərh edilməli nəticələr
Bu tədqiqatın mədənin prekanseroz zədələnmələri olan xəstələrdə fol turşusunun profilaktika və müalicəyə təsirini araşdıran ilk meta-analiz olduğu düşünülür. Analizə Çində yaşayan, mədənin prekanseroz zədələnmələri olan ümumilikdə 1252 yetkini əhatə edən 13 randomizə nəzarətli tədqiqat daxil edilib.
QEYD: Mədənin prekanseroz zədələnmələri bunları əhatə edir: qastrik displaziya, qastrik adenoma, qastrik atrofiya, intestinal metaplaziya və displaziya. Bu dəyişikliklər əksər hallarda Helicobacter pylori adlı bakteriyanın xroniki infeksiyası səbəbindən yaranır.
Zeng və həmkarlarının bildirdiyinə görə, beş tədqiqatın meta-analizi fol turşusu əlavəsinin mədə selikli qişasının atrofiyasına statistik olaraq əhəmiyyətli müsbət müalicə təsiri göstərdiyini müəyyən edib (nisbi riskin azalması 1,61 dəfə; 95% Eİ: 1,07 – 2,41).
İki tədqiqatın meta-analizində fol turşusunun bağırsaq metaplaziyasının geriyə çevrilməsinə statistik olaraq əhəmiyyətli təsiri də müəyyən edilib (riskin azalması 1,77 dəfə; 95% Eİ: 1,32 – 2,37).
Tədqiqatçılar: "Tədqiqatımız 3-6 ay ərzində gündəlik 20-30 mg fol turşusunun mədənin prekanseroz dəyişikliklərinin müalicəsində faydalı təsirə malik olduğunu göstərir" deyə yazırlar.
Bununla belə, fol turşusu əlavəsi bu dəyişikliklərlə bağlı əlamət və şikayətlərin aradan qaldırılmasında təsirli görünməyib.
Müəlliflər ayrıca bir analizdə fol turşusunun qastrin və pepsinogen səviyyələrinə təsir edərək mədənin selikli qişasında karsinogenezin inkişafının qarşısını ala biləcəyini təsdiqlədiklərini bildirirlər.
Daha çox tədqiqata ehtiyac var
Əvvəlki digər tədqiqatlar fol turşusu əlavəsinin mədə xərçəngi riskinin azalması ilə əlaqəli olub-olmadığını qiymətləndirib, lakin nəticələr "qarışıq və qeyri-müəyyən" olub.
Fol turşusu və mədə xərçəngi haqqında əvvəllər də meta-analizlər aparılsa da, bu tədqiqat hazırda dərman müalicəsi olmayan xərçəngönü zədələnmələrə fol turşusunun təsirini qiymətləndirdiyi üçün diqqətəlayiqdir.
Hazırda mədənin prekanseroz dəyişikliklərinin və mədə xərçənginin müalicəsi və ya profilaktikası üçün fol turşusu əlavəsi barədə müalicə təlimatlarına daxil edilmiş tövsiyə yoxdur. DNT zədələnməsinə qarşı potensial qoruyucu rolu nəzərə alınaraq fol turşusu kemopreventiv (xərçəngin qarşısını alan) vasitə kimi maraq doğurub, lakin randomizə nəzarətli sınaqlar bu faydaları hələ təsdiqləməyib.
Tədqiqatın kiçikmiqyaslı olması və ümumi Qərb əhalisi ilə müqayisədə xərçəngönü zədələnmələrin və mədə xərçənginin daha yüksək tezliyə malik olduğu Çin əhalisi ilə məhdudlaşması nəzərə alındıqda, mümkün yan təsirlər də hesablanaraq, yalnız mədənin prekanseroz zədələnmələrinin qarşısını almaq məqsədilə fol turşusu əlavəsindən istifadə hazırda tövsiyə edilə bilməz.
Lakin bu meta-analiz həmin əlaqəni daha geniş araşdırmaq üçün daha böyük randomizə nəzarətli klinik tədqiqatlara ehtiyacı dəstəkləyir.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.