Hekayəsini yazan xərçəng xəstəsi daha dinc və daha az ruhdan düşmüş olur

On beş il əvvəl Wisconsin-Madison Universitetinin tədqiqatçısı Meg Wise həyatının sonuna yaxınlaşan xərçəng xəstələri ilə diaqnozlarını necə qarşıladıqları və diaqnozdan sonra yaşadıqları barədə görüşməyə başladı. Bir çoxunun bu mövzular barədə ailə və dostları ilə belə heç danışmadığını deyərək müsahibənin surətini istəməsinə xeyli təəccüblənmişdi.
Wise yaşadığı təəccübü hələ xatırlayırdı; “Səkkiz aydır 4-cü mərhələ ağciyər xərçəngi ilə yaşayırsınız və bu barədə ilk dəfə danışırsınız?!”
Palliativ tibb jurnalı The Journal of Palliative Medicine fevral 2018-ci ildə Wise-ın irəliləmiş mərhələli xərçəng xəstələrində dözümlülük barədə son tədqiqatını dərc etdi. Bu tədqiqata görə, həyatını və xərçəng hekayəsini kağıza köçürmək, hətta telefon söhbəti ilə dilə gətirmək insanları çox daha dinc və sakit edir.
İrəliləmiş mərhələli xərçəng diaqnozu almaq çox vaxt özü ilə stres və qarışıqlıq gətirir. Həkim görüşləri, ağrının öhdəsindən gəlmək, maddi vəziyyəti idarə etmək kimi bir çox məsələ ilə mübarizənin yaratdığı tükənmə xəstələri depressiyaya qarşı müdafiəsiz qoyur.
Wise-ın işlərinə əlavə olaraq, UW-Madison Əczaçılıq Fakültəsinin Sonderegger Tədqiqat Mərkəzindən bir alim xərçəngin öhdəsindən gəlməyə çalışan insanlara necə kömək edilə biləcəyini araşdırmağa başlayarkən təsadüfən bir şey kəşf etdi. “Xəstələrin bir hissəsi xərçəngin həyatlarını necə çətinləşdirdiyini danışarkən, bəziləri diaqnozdan sonra həyatlarının yaxşılaşdığını, bəzi baxımlardan həyata fərqli yanaşdıqlarını, ailənin əhəmiyyətini anladıqlarını, kiçik şeylərə ilişməməyi öyrəndiklərini danışdılar.” Bəs müəyyən dözümlülük kimi görünə biləcək bu münasibəti fərqləndirən incə xətt haradan başlayırdı?
Bu məqamdan sonra Wise irəliləmiş mərhələdə xərçəng diaqnozu almış xəstələrin, çarəsizlikdən dözümlülüyə uzanan xərçəng yolçuluqlarını öyrənmək üçün onlarla görüşməyə başladı. Məqsədi əldə etdiyi məlumatlarla onlayn özünəyardım (self-help) proqramı yaratmaq idi. Yuxarıda qeyd edildiyi kimi, iştirakçılar görüşün sonunda hekayələrinin yazılı surətini istədilər, çünki ilk dəfə xəstəlik prosesləri barədə bu qədər çox şey danışmışdılar.
Wise; “Zamanla anladım ki, sadəcə hekayələrini danışmaq belə istənilən kompüter əsaslı özünəyardım proqramından daha yaxşı müalicə vasitəsi ola bilərdi.”
Wise sonra kanadalı psixiatr Harvey Chochinov-un işlərinə yönəldi. Chochinov həyat sonu qayğı alan xəstələrlə, xüsusilə miras məsələləri və vəsiyyətnamə hazırlaya bilmələri üçün 2-3 klinisistin iştirak etdiyi, xəstələrin həyat hekayələrini ətraflı paylaşdığı ləyaqət terapiyaları aparırdı. Bu işlərin işığında Wise və həmkarları miLivingstory adlı yeni texnika hazırladılar. Bu üsulda “ləyaqət terapiyasının” bütün həyatı nəzərdən keçirmə xüsusiyyətini xəstələrin xərçəng yolçuluğu hekayələri ilə birləşdirərək işləməyi məqsəd qoydular.
Üstəlik, zaman və işçi qüvvəsi itkisini önləyərək üsulun ABŞ Səhiyyə Sistemi tərəfindən ödənilməsini asanlaşdırmaq üçün hekayələri telefonla toplayıb qeydə almağı seçdilər. Bundan başqa, xəstələr üçün hekayələrini nəzərdən keçirib düzəldə və paylaşa biləcəkləri onlayn sistemlər hazırladılar. Milli Xərçəng İnstitutunun dəstəklədiyi çox yeni tədqiqat da bu texnikanın irəliləmiş mərhələli xərçəng xəstələrində effektivliyini dərc etdi.
Bu tədqiqatda 3-cü və 4-cü mərhələ xərçəng diaqnozu almış 80-dən çox insan 2 fərqli qrupa ayrıldı. Bir qrupa onlayn yardım (dəstək qrupları, Milli Xərçəng İnstitutu və Amerika Xərçəng Cəmiyyətinin ədəbiyyat məlumatları) təqdim edilərkən digər qrup miLivingStory qoluna yerləşdirildi. miLivingStory qolundakı xəstələrə onlayn mənbələrlə yanaşı, Wise ilə iki telefon görüşü planlaşdırıldı. Bu görüşlərdə insanların mühüm uğurları, öhdəsindən gəldikləri çətinliklər, xərçəngin özlərinin və ailələrinin həyatına təsirləri, 20-30 il sonra necə xatırlanmaq istədikləri kimi vacib mövzular müzakirə edildi.
Wise; “Bir çox insan başqalarına necə davrandığı ilə xatırlanmaq istəyirdi”. Yaşadıqları macəraları, çox özəl şəxsi xatirələrini, uğurlarını paylaşdılar. Tədqiqatçılar xəstələrin duyğularını, düşüncələrini və paylaşdıqları xatirələri onların öz ifadələri ilə yazıya köçürdülər, xəstələr də bunları ailə üzvləri və dostları ilə paylaşdılar. Wise: “Xərçəng yolçuluğunda yaşadığınız həyata dönüb baxmaq üçün vaxt ayırmaq — və bunu edərkən sevdiklərinizə yük olduğunuz hissini yaşamamaq çox dolğun, məmnunedici təcrübəyə çevrildi.”
Xroniki xəstəliyi olan insanların rifah halını qiymətləndirən standart tədqiqat, miLivingStory iştirakçılarının hekayələrini danışdıqdan sonrakı 4 ayda daha dinc hiss etdiklərini, yalnız onlayn mənbələr təqdim edilən qrupdakılara nisbətən daha az ruhdan düşdüklərini ortaya qoydu.
miLivingStory qrupunda hekayəsini danışanlar yalnız daha dinc hiss etməklə qalmadı, psixoloji sıxıntı və ruh düşkünlüyünə qarşı da daha qorunan oldular.
Wise-a görə, klinisist olmayan biri ilə telefon görüşü və hekayələrini onlayn paylaşmaq yanaşmasının faydaları gələcək üçün ümid vəd edir.
Wise; “İnsanlar çox vaxt dayanıb yaşadıqları barədə düşünmək və danışmaq ehtiyacı duymur. Lakin xəstəlik prosesində bunu etməyə davam etməlidirlər… Bir dəfə xəstəmiz, ürəyinizdən keçənləri danışa biləcəyiniz başqa vaxt yoxdur, demişdi.”
Əziz xəstələrimiz, istəsəniz siz də həyat, xəstəlik hekayənizi və hisslərinizi bizimlə paylaşa bilərsiniz. Elektron poçt ünvanımız [email protected]
Mənbələr
Suffering in Advanced Cancer: A Randomized Control Trial of a Narrative Intervention
Journal of Palliative Medicine.Feb 2018.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.