İlk dəfə mədə xərçənginin müalicəsi üçün immunoterapiya dərmanı FDA təsdiqi aldı

22 sentyabr 2017 tarixində ABŞ Qida və Dərman İdarəsi FDA, şişləri PD-L1 baxımından pozitiv olan, təkrarlayan yerli irəliləmiş və ya metastatik, mədə və ya mədə-qida borusu birləşməsi xərçəngi olan xəstələr üçün xərçəng immunoterapiyası pembrolizumaba (ticarət adı Keytruda) sürətləndirilmiş təsdiq verdi. İlk dəfə mədə xərçəngi üçün immunoterapiya dərmanı FDA təsdiqi almış oldu.
Mədə (qastrik) və mədə-qida borusu (qastroezofageal) birləşməsində görülən xərçənglərin əksəriyyəti adenokarsinoma hüceyrə tipindədir. Xərçəng ən daxili qat olan selikli qişanı təşkil edən hüceyrələrdə başlayır. Daha az görülən digər mədə xərçəngi alt növləri (qastrointestinal stromal şişlər, limfoma və karsinoid şişlər kimi) mütləq öz adları ilə anılır və mədə xərçəngi deyiləndə əksi bildirilmirsə, mədə adenokarsinoması nəzərdə tutulur.
Bu qastrik və ya qastroezofageal birləşmə adenokarsinoması xəstələrində immunoterapiya istifadəsi üçün əvvəllər fluoropirimidin və platin tərkibli kimyaterapiya və uyğundursa HER2 hədəfli müalicə də daxil olmaqla iki və ya daha çox sistemli müalicə almış olmaq şərti qoyuldu.
Xərçəng immunoterapiyaları klassik kimyaterapiyalardan fərqli olaraq birbaşa xərçəngli hüceyrəni öldürmür, immun sistemini xərçənglə mübarizəyə stimullaşdırır, gücləndirir və yenidən tənzimləyir.

Təsdiq açıq etiketli, çoxmərkəzli, müqayisəsiz, çoxkohortlu tədqiqat olan və mədə və ya mədə-qida borusu birləşməsi adenokarsinoması olan 259 xəstəni əhatə edən KEYNOTE 059 tədqiqatının nəticələrinə əsaslanır. 259 xəstənin % 55-ində PD-L1 pozitiv və ya mikrosatellit sabit (MSS) və ya mikrosatellit instabilliyi (MSI) və ya uyğunsuzluq təmiri (MMR) vəziyyəti müəyyən edilə bilməyən şişlər vardı.
PD-L1 pozitiv olan və MSS və ya MSI və ya dMMR müəyyən edilməyən 143 xəstədə müalicəyə obyektiv cavab nisbəti % 13.3 idi. Xəstələrin % 1.4-ü müalicəyə tam, % 11.9-u qismən cavab verdi. Cavab verən 19 xəstənin cavab müddəti 2.8 ilə 19.4 ay arasında dəyişirdi; 11 xəstədə (% 58) 6 ay və ya daha uzun, 5 xəstədə (% 26) 12 ay və ya daha uzun cavab müddəti vardı.
KEYNOTE 059-a daxil olan 259 xəstənin 7-sində (% 3) yüksək MSI müəyyən edilən şişlər vardı. Bu 7 xəstənin 4-ündə cavab müşahidə edildi (biri tam cavab). Cavab müddəti 5.3 ilə 14.1 ay arasında dəyişirdi.
PD-1-in PD-L1 ilə qarşılıqlı təsirinin qarşısını alan və anti-PD-1 sinfindən xərçəng immunoterapiyası olan pembrolizumab verilən mədə xərçəngi xəstələrində görülən yan təsirlər əvvəllər təsvir edilmiş immunoterapiya yan təsirlərinə bənzəyirdi. Ən çox halsızlıq, əzələ-skelet sistemi ağrısı, iştahanın azalması, səpgi, ishal, ürəkbulanma, qızartı, qızdırma, öskürək, təngnəfəslik (dispnoe) və qəbizlik müşahidə edildi.
Mədə xərçəngi üçün tövsiyə olunan pembrolizumab dozası, xəstəlik irəliləyənə və ya qəbuledilməz yan təsirlər yaranana qədər hər 3 həftədə bir 30 dəqiqə ərzində venadaxili infuziya (vena yolu ilə maye şəklində) 200 mg-dır. Xərçəngi irəliləməyən xəstələrdə 24 aya qədər tətbiq olunur.
Bu təsdiqlə eyni gün FDA pembrolizumab müalicəsinə uyğun mədə xərçəngi xəstələrini seçmək üçün PD-L1 IHC 22C3 pharmDx adlı testi də təsdiqlədi. PD-L1 baxımından yoxlanmış köhnə toxuma nümunəsi pozitiv çıxmadıqda FDA mümkünsə yeni şiş biopsiyası alınmasını tövsiyə etdi.
Mənbələr
fda.gov
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.